Əməkdar mədəniyyət işçisi vəfat etdi

Əməkdar mədəniyyət işçisi vəfat etdi
27 iyul 2021
# 13:52

Azərbaycan mətbuatına ağır itki üz verib. Peşəkar milli jurnalistikamızın tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Şamil Məmməd oğlu Şahməmmədov ömrünün 86-ci ilində əbədiyyətə qovuşub.

Kulis.az xəbər verir ki, sayılıb-seçilən jurnalistlərimizdən olan, mənalı ömür yolu keçən Şamil Şahməmmədovun mətbuat sahəsində yarım əsrə çatan ciddi və fədakar fəaliyyəti çağdaş media işçiləri üçün sözün əsl mənasında örnəkdir. Müxtəlif janrlarda saysız-hesabsız yazıları illər boyu onun imzasını peşəkar qələm sahibi kimi tanıdıb. Həmkarları Şamil müəllimi mətbuatımızın yorulmaz, tələbkar, təəssübkeş təşkilatçılarından biri, milli jurnalistika məktəbinin yüksək nailiyyətlər əldə etmiş yetirməsi kimi dəyərləndirirlər.

Şamil Şahməmmədov fəal jurnalist yaradıcılığı ilə ötən əsrin 50-ci illərində Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi ikən məşğul olmağa başlayıb. Dördüncü kurs tələbəsi olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti "Bakı"nın redaksiyasında işə götürülüb. Burada Şamil Şahməmmədov milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi ilə zəngin təcrübə məktəbi keçib. Jurnalistika sahəsindəki 45 illik fəaliyyətinin 32 ilini “Bakı” və “Baku” qəzetlərinin redaksiyasında keçirən istedadlı qələm sahibi burada müxbirlikdən baş redaktor vəzifəsinədək yüksəlib. Sonradan “Kommunist” qəzetində (indiki Xalq qəzeti) baş redaktor müavini, uzun müddət AZƏRTAC-da baş direktorun müavini və baş direktor vəzifələrində çalışıb.

Ş.Şahməmmədovun həmkarları onun haqqında xatirələrini bölüşüblər.

Müxtəlif redaksiyalarda onunla çiyin-çiyinə çalışan həmkarları vurğulayırlar ki, Şamil Şahməmmədov gənc jurnalistlər üçün əsl məktəb idi. O, jurnalistikanın sirlərini dərindən bilməklə yanaşı, onu gənc həmkarlarına öyrətməkdən də yorulmurdu. Hazırladıqları yazılarda onun dəst-xətti özünü göstərirdi. Peşəsinə məsuliyyəti, jurnalistika sənətinə qəlbən bağlılığı, yazdığı mövzulara dərindən bələdliyi onu daim həmkarlarına da, oxuculara da sevdirirdi. Bunun nəticəsi idi ki, peşəkar jurnalistin yazdıqları həyatın bir parçası kimi canlı təsir bağışlayırdı. Böyük həyat məktəbi keçən ustad sənətkarla hər söhbət olduqca maraqlı və unudulmaz idi. İndi onun haqqında keçmiş zamanda danışmaq çətin olsa da, Şamil müəllim həmkarları və dostları üçün həmişə canlı olaraq qalacaqdır.

Xatırlamaq yerinə düşər ki, ötən əsrin 60-70-ci illərinin Bakısında ən möhtəşəm obyektlərindən olan metro, funikulyor, Yaşıl Teatr, Mərkəzi Univermağın inşası barədə ilk reportajları məhz Şamil Şahməmmədov yazıb. Onun Bakı şin zavodunun tikintisindən və Suraxanı neftçilərinin fəaliyyətindən bəhs edən oçerkləri Yazıçılar İttifaqının “Azərbaycan” ədəbi-bədii jurnalında dərc olunub.

Azərbaycan futbolundan yazmaq, onun inkişafına kömək edən təhlillər aparmaq peşəkar jurnalist kimi Şamil Şahməmmədovu daim düşündürüb. Onun iyirmi il ərzində “idman jurnalisti” kimi “Kommunist”, “Ədəbiyyat və incəsənət”, Moskvanın, Kiyevin axşam qəzetlərində, habelə “Ulduz” jurnalında onlarla futbol icmalı dərc olunub. “İşıq” nəşriyyatında onun “Neftçi” futbol komandasından bəhs edən “Neftçi” kitabı işıq üzü görüb. Şamil Şahməmmədov həm də ədəbi-bədii tərcümələri ilə oxucuların diqqətini cəlb edib.

Jurnalistin ömrü yazdığı məqalələrdə, kitablarda yaşayır. Unudulmaz həmkarımız Şamil Şahməmmədovun hazırladığı və uzun illər mütəmadi olaraq dövri mətbuatda çap edilən yazıları ona əbədiyaşarlıq qazandırıb. Hər dəfə bu yazıları oxuyanda tanınmış qələm sahibinin unudulmaz siması, yüksək sənətkarlıq keyfiyyəti bir daha gözlərimiz önündə canlanacaq və xatirəsini yaşadacaqdır.

Allah rəhmət eləsin!

# 2024 dəfə oxunub

Oxşar xəbərlər

Şair Həsən Kürün vəziyyəti açıqlandı

Şair Həsən Kürün vəziyyəti açıqlandı

22:43 23 fevral 2025
Ermənistanın futbol klubuna qaçan "neftçili" - Banişevski və itirilmiş yaddaş

Ermənistanın futbol klubuna qaçan "neftçili" - Banişevski və itirilmiş yaddaş

12:00 23 fevral 2025
Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV

Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV

22:47 22 fevral 2025
Gənc şair Həsən Kür intihara cəhd etdi - Foto

Gənc şair Həsən Kür intihara cəhd etdi - Foto

21:03 22 fevral 2025
Mətbəə 60 ildən sonra muzeyə çevrildi

Mətbəə 60 ildən sonra muzeyə çevrildi

14:22 22 fevral 2025
Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısında

Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısında

13:00 22 fevral 2025
#
#
# # #