Könül Əbilova: "Qadın qısqanıb heyfini ərindən yox, məndən çıxmışdı" - Müsahibə

Könül Əbilova:  "Qadın qısqanıb heyfini ərindən yox, məndən çıxmışdı" - Müsahibə
18 yanvar 2024
# 21:00

Kulis.az Gənc Tamaşaçılar teatrının aktrisası, Prezident mükafatçısı Könül Əbilovanın Lent.az-a müsahibəsini təqdim edir.

- Könül, öncə istərdim sizi oxucularımıza yaxından tanıdaq.

- 36 yaşım var, 11 ildir aktrisa kimi fəaliyyət göstərirəm. Müxtəlif tamaşalarda, seriallarda, qısa filmlərdə rollar alıram. Gürcüstanın Bolnisi rayonunda doğulub, Bakıda böyümüşəm. Aktrisa olmaq uşaqlıq arzum idi. Anam narazı olsa da, bu yolu tutdum. Mədəniyyət və İncəsənət Universitetinin Dram teatr və kino aktyorluğu fakültəsinin bakalavr və magistr dərəcəsini bitirmişəm. Həmişə “Azdrama”nın (Azərbaycan Dövlət Akademik Dram Teatrı) yanından keçəndə deyirdim ki, bir gün mütləq bu divarlar arasında səhnəyə çıxacam. Arzum gerçəkləşdi. Karyerama İrəvan Teatrında başladım, oynadığımız tamaşalardan birinin məşqləri “Azdrama”da oldu və orda səhnəyə çıxdım. Amma indi, “Azdrama”dan təklif gəlsə, qonaq kimi gedərəm, tamamilə orada işləmək istəməzdim. Gənc Tamaşaçılar Teatrının kollektivini çox sevirəm. İrəvan Teatrını tərk etdim. Çünki İrəvan teatrı daha çox kompozisiyalar hazırlayırdı. Mən rollar oynamaq istəyirdim. Necə deyərlər, dəlləkliyi bu teatrın başında öyrəndim. Səhnəyə addımı burada atdım. Gənc Tamaşaçılar Teatrına müraciət etdim və bu kollektivin üzvü oldum. Özümü bir cümlə ilə ifadə etsəm, “teatra aşiq biriyəm” deyərdim.

- Komediya yoxsa dram? Hansı ruhunuza yaxındır?

- Dram ruhuma daha yaxındır. Amma komediya da oynamışam. Uşaq tamaşalarında rol alıram. Son tamaşam “Tıq-Tıq xanım” əsərində pişik roludur. Baxmayaraq ki, heyvandır, sözləri yoxdur, rolumu çox sevdim.

- Böyük sənətkarlardan kimisə özünüzə kumir hesab edirsiniz?

- Kumirim olmayıb. Amma teatrımızın istedadlı aktrisaları var, yaşda məndən böyükdürlər və mən onların hərəsindən özümə nəsə götürmüşəm, püxtələşməmdə rol oynayıblar. Kəmalə Müzəffər, Naibə Allahverdiyeva, Nəsibə Eldarova, Zemfira Əbdülsəmədova, Şəfəq Əliyevanın rollarına baxıb özümü püxtələşdirmişəm.

- Bəzən aktyorlar deyirlər teatr bataqlıqdır. Siz nə fikirdəsiniz?

- Bu sözü tələbə ikən mənə müəllimim gözəl pedaqoq və aktrisa Gülşad Baxşıyeva da demişdi. Amma, məncə, yox. Teatr bataqlıq deyil, eyni sahədə işləyən insanlar arasında rəqabət hər sahədə var, o cümlədən teatrda. Mən teatrda həmkarlarımdan özümə daha çox dəstək görmüşəm. Anamı 1 il öncə itirmişəm. Xərçəng xəstəliyinə tutulmuşdu. Rejissorumuz Bəhram Osmanov o ərəfələrdə “Ünvansız qatar” tamaşasını hazırlayırdı, mənə rus qızı obrazı vermişdi. Özümü toplaya bilmirdim. Bəhram müəllim bir gün dedi ki, sən özündə deyilsən. Obrazı yox, özünü oynayırsan. Problemini teatrın qapılarından çöldə qoy. Çox dəstək verdi. Teatrın direktoru Naidə İsmayılzadənin dəstəyini ömür boyu unutmaram. Böyük qayğı ilə yanaşdı. Mehriban Ələkbərzadə teatrımıza baş rejissor kimi gəldiyi ilk gün mən ona yaxınlaşıb icazə istədim. Nə o məni, nə mən onu tanımırdıq. Anamı Ankaraya aparmalı idim. O qədər həssas yanaşdı ki... Mehriban Ələkbərzadənin mənə elədiklərini ömrüm boyu unutmayacam. Ankaradan 2 ay sonra gəldim, anam onda bir az yaxşılaşmışdı, inanın ki, məndən “sağ ol” sözünü belə eşitmək istəmirdi, qarşıma bir kağız atıb dedi ki, sənə “Kod adı V.X.A” tamaşasında rol ayırmışam, məşğul ol.

Anamı itirdim. Bu mənim üçün təsəvvürə gəlməz dərəcədə ağır idi. Biz onunla ikimiz yaşayırdıq. 2 bacım ailə qurub, atamı biz uşaq olanda itirmişik. Anam mənim hər şeyim idi. Onun acısını, ağrısının təsəllisini teatrda tapdım. Təsəvvür edin, o vəfat edəndən 5 gün sonra mən teatra gəldim, məşqlərə başladım. Mehriban xanımın verdiyi rolun məsuliyyəti var idi üstümdə. Həm də bir tək burda özümü ovunmuş kimi hiss edirdim. Roluma fokuslana bilmirdim, kövrəlirdim, pərdə arxasında tez-tez ağlayırdım. Lakin hamılıqla dəstək oldular. Bu rola görə, mənə Prezident mükafatı verildi. Allaha şükür edirəm ki, qarşıma həmişə yaxşı adamlar çıxarıb.

- Yəni heç sizi incidən, könülünüzü qıran, uğurlarınıza qıcıqlanan olmayıb?

- Olmayıb desəm, yalan olar. Olub. Prezident mükafatı aldığım gün aktrisalardan biri mənə səsli mesaj yazıb dişinin dibindən çıxanı demişdi. “Sən buna layiq deyilsən, mən almalıydım-filan. Mən ona cavab vermədim. Hətta səhəri gün teatrda görəndə mehribanlıqla görüşdüm. Bir dəfə də tamaşa bitib, alqışlar, çiçəklər... Rolum çox bəyənilmişdi. Pərdə bağlanar-bağlanmaz arxadan bir aktrisa mənə qışqırdı: “Ey, sən məni rolumu oynamağıma imkan vermədin. Sənə görə mənim işim pozuldu” . Sadəcə dönüb dedim ki, adım ey deyil, Könüldür, sizi də təbrik edirəm, əla oynadınız. Ondan da küsmədim. Ümumiyyətlə, teatrda küsmək doğru deyil, biz kollektiv sənət nümayiş etdiririk. Mən onu mehribanlığımla utandırmışam. Aktyor var məşq zamanı deyir dublyorum gəlib mənə baxmasın, birdən məndən yaxşı oynayar.

- Sənətinizi çox sevməniz gözlərinizdən yağır. Subaysınız. Bir gün ailə və iş arasında seçim edəcək olsanız, teatrı tərk edərsiniz?

- Məncə, qadınlar ilk növbədə karyeralarını düşünməlidirlər. Lakin elə bir insan olsa ki, onu itirmək olmaz, o, əsl ömür-gün yoldaşı olacaq, lakin müəyyən səbəblərlə xanımın aktrisa olmasını istəmir, o zaman universitetdə dərs deyə bilərəm, bəlkə, Mədəniyyət Nazirliyində işləyərəm. Magistr təhsili gələcəyim üçün bir yatırımdır.

- Necə bir insan olmalıdır sizin ömür yoldaşınız?

- Məndən güclü. Maddi anlamda olmasa belə, sözü keçərli, sözünün dəyəri olan, başqalarından hörmət görən, güclü xarakter sahibi olmalıdır. Güclü adamın maddi imkanları da olur. Həyatımda biri var idi. O dövrlərdə anam xəstə olduğu üçün mən bütün diqqətimi anama yönəltmişdim. Sevgi isə zaman ayrılmasını, diqqət tələb edir. O bunu anlaya bilmədi. Anam deyirdi ki, sən ömrünün baharını, o payızını yaşayır, sizinki tutmaz. Düz deyirmiş. Yaxşı ki, alınmadı. Ərə getmək xətrinə ailə qurmağın tərəfdarı deyiləm.

- Səhnədə fövqəladə hallar yaşamısınız?

- Olub. Tamaşa zamanı yıxılıb, dizlərimi əzmişəm. Gah olub tamaşadan öncə rekvizitimi tapa bilməmişəm. Bir dəfə də öz səhnəmi gözləyə-gözləyə pərdə arxasında oturub kitab oxuyurdum. Bir qulağım səhnədəydi. Necə dalmışamsa, dedilər, tez ol, sənin növbəndir. Özümü səhnəyə atdım, düzdür, problem yaranmadı, tamaşaçı hiss etmədi. Amma özüm adaptasiya olana qədər təlaş keçirdim.


- Adaptasiya demiş, çox zaman aktyorlar deyirlər rolun içinə necə daxil oldumsa, günlərlə özümə gəlmədim. Müxtəlif insanların taleyini, problemini, emosiyalarını yaşayırsınız. Bir gün dəli olmaqdan qorxmursunuz?

- Qorxuram. Aktyorlarda görürəm. Az olmayıb bu səbəblə psixoloji problem yaşayan aktyorlar. Xüsusən, yaşa dolduqca. Aktyor bir ömürdə yüz tale yaşayan insandır. Asan deyil. Amma biz teatrı seçmirik, teatr bizi seçir. Səhnə səni sevməlidir ki, uğur qazanasan. Məncə ,məni sevib. Özümü səhnə ilə xoşbəxt hiss edirəm.

- Sənət, çiçəklər, güllər, alqışlar... Bunun pərdə arxasında hansı çətinliklər var?

- Çətinliklər də olur. Səhnədə səni görüb izləyən insanlar bəzən problem də yarada bilirlər. Bir dəfə bir pərəstişkarım məni qorxudub az qala dəli eləmişdi. Gecə tamaşadan çıxıb binamızdan içəri girəndə qaranlıqda qəfildən əlində gül qarşıma çıxdı. Möhkəm qorxmuşdum. Sevgi etirafı eləməklə qalmayıb, özünü də, məni də öldürəcəyini demişdi. Yəqin psixoloji problemləri varmış. Ağıllı adam niyə belə eləsin ki? Bir neçə gün küçədə yol gedəndə gözüm dörd olurdu. Elə bilirdim, kimsə arxadan məni vuracaq. Bir dəfə də bir xanım tamaşaçımız zəng edib ağzına gələni demişdi mənə.

- Niyə?

- Ər-arvad tamaşaya gəliblərmiş. Gedəndən sonra evdə əri bir neçə dəfə məni tərifləyib. Qadın da qısqanıb, heyfini ərindən yox, məndən çıxmışdı. Bir təhər başa saldım ki, onun ərini tanımıram, tanımaq niyyətim də yoxdur.

- Teatrda xoşbəxtsiniz. Şəxsi həyatınızda necə?

- Deməzdim xoşbəxt deyiləm. Çox şey əldə eləmişəm. Güclü insanam. Bir dəfə tanınmış aktrisa Nübar Novruzova demişdi ki, səhnədən düşüb gəlirsən evə, qapını açırsan, qaranlıq, soyuq otaq və sən artıq təksən. O zaman bunu təsəvvür edib qorxdum. Ailə lazımdır. Bəlkə də qadına kişi, kişiyə qadın lazım deyil, amma həyat üçün motivasiya verən övlad mütləq lazımdır.

# 1702 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan caz musiqisi Berlində

Azərbaycan caz musiqisi Berlində

09:41 29 noyabr 2024
Azərbaycan Mərakeşdə beynəlxalq film festivalında

Azərbaycan Mərakeşdə beynəlxalq film festivalında

09:21 29 noyabr 2024
Əməkdar artist:  "Muğamı sevməyən insanların yanında oxumaq..."

Əməkdar artist: "Muğamı sevməyən insanların yanında oxumaq..."

09:11 29 noyabr 2024
Bəstəkar:  "Efirdə erməni musiqisindən istifadə olunur..." - Müsahibə

Bəstəkar: "Efirdə erməni musiqisindən istifadə olunur..." - Müsahibə

09:00 29 noyabr 2024
Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
# # #