Aygün Kazımovadan ötrü ağlayan kişilər kimdir?

Aygün Kazımovadan ötrü ağlayan kişilər kimdir?
4 sentyabr 2026
# 13:10

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Öz-özümə deyirəm ki, daha məni heç nə heyrətləndirə bilməz. Amma məmləkətimin "maralları" haqqında hərdən elə videogörüntülər yayılır ki, heyrətə də düşürəm, dəhşətə də.

Yenə gözəlim sosial şəbəkələrdə qarşıma absurd kadrlar çıxdı.... Təsəvvür edin, hansısa konsertə Xalq artisti Aygün Kazımova gəlir, avtomobildən cangüdənlərin əhatəsində ayağını yerə qoyar-qoymaz kişilər "Aygün! Aygün!" deyib fəryad qoparıb ağlamağa başlayırlar. Bəli, düz oxudunuz, yekə-yekə kişilər səs-səsə vermişdilər...

Kadrlara baxanda bilmədim güləm, ya ağlayam...

Əvvəlcə bunu dürüstcə yazaq. Aygün Kazımova öz sahəsinin peşəkarıdır, illərini bu sənətə qoymuş, yaxşı mahnıları, hitləri olan, vaxtaşırı zövqlə dinlədiyimiz sənətçidir.

Problem heç də Aygün Kazımovada deyil. Problem həmin o səhnə parıltısı qarşısında özünü itirən, mənəvi deqradasiyaya uğrayıb isterikaya qapılan kütlənin reaksiyasındadır.

Bəli "fanat xəstəliyi" adlanan psixoloji sindrom var, amma bu, adətən yeniyetmələrə, gənclərə xas olan və onların yaşı artdıqca zamanla sakitləşən bir anlayışdır. Amma burada bu kişilərin ağlaması cəmiyyətimizin əsl tragikomik psixoloji mənzərəsi kimi ortaya çıxır.

Ortada elə bir bayağılaşma dərdi var ki, adamın ürəyi ağrıyır. İllərdir sənətin, ədəbiyyatın, həqiqi dəyərin yeri boş qalıb. İntellekt, oxumaq, düşünmək arxa plana keçib.

İnsanlar indi ya sosial şəbəkələrin saniyəlik qısa videolarında, ya da müğənnilərin konsertində "ağlaşaraq" vaxt öldürürlər.

İstənilən sənətkarı, o cümlədən Aygün Kazımovanı da sadəcə gözəl mahnıları ilə, sənəti ilə dəyərləndirmək olar, amma sanballı, ağır, urvatlı şəkildə. Daha bu cür ucuz isterikalarla yox...

Dünyada da şöhrətli ulduzlara fanatlıq edirlər, amma dediyim kimi müəyyən bir yaş kateqoriyasında olanlar...

Bu ağlaşan, zarıyan, şüvən qoparan kişilərə baxıram və düşünürəm: İlahi, bunlar niyə belə edirlər, Aygün Kazımovadan ötrü ağlayan bu kişilər kimdir axı?

Ən acınacaqlısı da odur ki, cəmiyyəti həqiqətən irəliyə aparan adamlar – alimlər, müəllimlər, yazıçılar, ziyalılar qalır bir kənarda, pop-mədəniyyət simalarının adi bir hərəkəti milli miqyasda beləcə dramatik şouya çevrilir.

Mahnılarına qulaq asmaq, sənətini sevmək başqa şeydir, amma reallıqdan qopub özünü bu cür itirmək, tam başqa.

Belə getsə, bizim elmə, kitaba, ədəbiyyata, sanballı incəsənətə qarşı kar, kor və səssiz qalan "üç meymun"u oynamağımız davam etdikcə, amma buna rəğmən belə şoularda hönkürə-hönkürə ağlayan bığıburma kişilərimiz olduqca, biz hələ çox ağlayıb fəryad qoparacağıq: "Aygün! Aygün!"

# 3305 dəfə oxunub

Oxşar xəbərlər

Milli Kitabxanada “Xalq rəssamı Kamil Əliyev – 105”  adlı sərgi açıldı

Milli Kitabxanada “Xalq rəssamı Kamil Əliyev – 105” adlı sərgi açıldı

16:30 22 oktyabr 2026
Məşhur gənclik serialı ekranlara qayıdacaq

Məşhur gənclik serialı ekranlara qayıdacaq

16:00 22 oktyabr 2026
Tom Kruza  "Ömürlük uğur mükafatı" təqdim olunacaq

Tom Kruza "Ömürlük uğur mükafatı" təqdim olunacaq

15:30 22 oktyabr 2026
300 yazıçı Meta-nı məhkəməyə verdi -  Süni intellekt kitabları icazəsiz mənimsəyib?

300 yazıçı Meta-nı məhkəməyə verdi - Süni intellekt kitabları icazəsiz mənimsəyib?

15:00 22 oktyabr 2026
Mikroskop altında görünən möcüzə -  İlin ən yaxşı elmi fotoları seçildi

Mikroskop altında görünən möcüzə - İlin ən yaxşı elmi fotoları seçildi

14:30 22 oktyabr 2026
Mərkəzi Asiyanın köçəri mədəniyyəti nüfuzlu müasir sənət yarmarkasında

Mərkəzi Asiyanın köçəri mədəniyyəti nüfuzlu müasir sənət yarmarkasında

13:30 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər