İsveçli yazıçı: Nobel mükafatının Bakı neftinin pulu ilə verilməsi fikri doğrudur - Müsahibə

İsveçli yazıçı:  Nobel mükafatının Bakı neftinin pulu ilə verilməsi fikri doğrudur - Müsahibə
30 noyabr 2023
# 15:00

Kulis.az “Nobel qardaşları” kitabının müəllifi, isveçli tarixçi-yazıçı Bengt Jangfeldtin APA-ya müsahibəsini təqdim edir.

– Cənab Jangfeldt, Nobel qardaşları haqqında yazmağa, araşdırmağa sizi nə vadar elədi?

– Əslində, bu çox uzun hekayədir. Mən artıq 1990-cı illərdən bu layihə üzərində işləməyə başlamışam. Sankt-Peterburq və İsveç arasındakı əlaqələri araşdırırdım. Bununla bağlı kitab da yazmışam: “Sankt-Peterburqda İsveç kökləri”.

O zaman Sankt-Peterburqa çox sayda isveçli çalışırdı, onlardan ən məşhurları isə, sözsüz ki, Nobel qardaşları olub. Mənim yazdığım kitabda bu məsələlərə ayrı-ayrı fəsillərdə geniş yer verilib. Nobel qardaşları, adətən, müəyyən zavodlarda, xüsusilə maşın zavodlarında işləyiblər. Bakıda isə onlar neft sektorunda çalışıblar.

Sözügedən kitabım ilk dəfə 1998-ci ildə çap olundu və geniş şəkildə yayılmağa başladı. 2003-də isə rus dilinə tərcümə olundu. Daha sonra mən müxtəlif layihələr üzərində çalışdım: məsələn, İsveçdə Nobel qardaşlarının arxivlərini araşdırdım. Təxminən, 6-7 il bundan qabaq isə mənə müraciət olundu ki, Nobel qardaşlarının Azərbaycan arxivləri ilə bağlı komissiyanın tərkibində olum. Mən Azərbaycan arxivlərindəki Nobel qardaşlarına dair sənədlərin araşdırılma prosesində iştirak edəcəkdim. Bu araşdırmanı Biznes Tarixi Mərkəzi təşkil edirdi. Onlar məndən Nobel qardaşlarının Bakı şəhərindəki fəaliyyəti barədə araşdırma yazmağımı istədilər. Nəticədə, mən bu kitabı yazdım. Yəni belə deyə bilərəm ki, Nobel qardaşları ilə bağlı hekayəmin başlanğıcı 25 il bundan əvvələ gedib çıxır.

– Nobel qardaşlarının həyatının hansı hissəsi Bakı ilə bağlıdır və ümumiyyətlə, kitabda bizim onlar haqqında bilmədiyimiz hansı faktlar var?

– Nobel qardaşları arasında, şübhəsiz, ən məşhur olanı Alfred Nobeldir, bu da mükafatla bağlıdır. Lakin onlar 3 qardaş olublar: Alfred, Lüdviq və Robert. Alfred heç vaxt Bakıda olmayıb. Lakin onun burada biznesi mövcud idi. Deyə bilərəm ki, digər iki qardaş Robert və Lüdviq üçün Bakı daha maraqlı olub.

Kitabda Nobel qardaşları ilə bağlı bir sıra məqamlar var ki, oxucular üçün çox maraqlı sayıla bilər. Birincisi, kitab faktlara, ən əsası isə, qardaşlar arasındakı məktublara əsaslanır. Qardaşlar Bakıya necə gəldilər, neft olan ərazini necə tapdılar, bizneslərini burada necə inkişaf etdirdilər və sair. Bütün bunlar hər biri detallı şəkildə faktlara söykənir, ona görə də kitab azərbaycanlı üçün də, hər hansısa bir rus üçün də, isveçli üçün də yenidir, maraqlıdır. Onu da deyim ki, bu hekayənin əsasında dayanan bəzi məqamlar kitab xaricində heç yerdə heç vaxt danışılmayıb.

– Aydın məsələdir ki, kitaba qədər sözügedən mövzunu geniş şəkildə araşdırmısınız. Maraqlıdır, Bakı Nobel qardaşlarına nə verib və eynilə Nobel qardaşlarının Bakıya faydası nələrdir?

– Onlar ilk dəfə 1873-cü ildə Bakıya gəliblər. Nobel qardaşlarından biri Bakını məktubda təsvir edərkən belə bir ifadə işlədir: bura Peterburqdan fərqlidir. Yəni Bakı Amerika kimi, Amerika şəhərləri kimi hamıya açıqdır, burada asanlıqla öz biznesini qura bilərsən.

Sualınıza gəlincə, deyim ki, Bakı Nobel qardaşlarına çox şey verib. Təsəvvür edin ki, onlar dövr üçün bütün dünyada neft sektorundakı ən böyük bizneslərdən birini qurublar. Məhz Bakıda. Sualın ikinci hissəsinə baxası olsaq, yəni onlar Bakıya nə veriblər? O zaman deyə bilərəm ki, qardaşlar da, öz növbələrində Bakıya çox şey veriblər. Təbii ki, o vaxt Bakıda neft biznesində çalışanların hamısının Bakıya müəyyən töhfəsi olub. Nobel qardaşları burada məktəblər, xəstəxanalar tikib, Bakıda neft sənayesini inkişaf etdiriblər. Ən əsası isə, qardaşlar Bakını dünyada məşhurlaşdırıblar.

– Azərbaycanda belə düşünürlər ki, Nobel qardaşlarının varlanmasında əsas rolu Bakı nefti oynayıb. Hətta deyirlər, Nobel mükafatının Bakı neftinin pulu ilə verilir? Bu məntiq sizin üçün necə görünür?

– Bu fikir müəyyən mənada doğrudur. Çünki 1896-cı ildə Alfred Nobel öləndə Avropada ən zəngin adamlardan biri idi. Və bu pulun böyük bir qismi Bakıdakı neft biznesindən gələn gəlir əsasında formalaşmışdı. Biz, əlbəttə, deyə bilərik ki, onun sahib olduğu maliyyənin müəyyən bir qismi neftdən gələn pullar idi. Nobel mükafatının da büdcəsinə qoyulan vəsaitin böyük bir qismi məhz neft pullarından ayrılırdı.

– Cənab Jangfeldt, Azərbaycan sovet yazıçılarınızdan, tarixçilərdən tanıdıqlarınız varmı?

– Bildiyiniz kimi, mən rus ədəbiyyatı üzrə professoram. Azərbaycan tarixi və ədəbiyyatı haqqında çox şey bildiyimi deyə bilmərəm. Amma, sözsüz, müəyyən bilgilərim var, məsələn, Ziya Bünyadov. Onun haqqında çox eşitmişəm, bir sıra tarixi araşdırmaları ilə uzaqdan-uzağa tanışlığım var. Təəssüf ki, bu mövzuda sizin üçün geniş informasiya verə bilməyəcəyəm, çünki yoxumdur.

– Nobel qardaşlarının məktublaşması məsələsinə toxundunuz. Sırf məktublaşma prosesində digər diqqətçəkən məqam kimi nələri qeyd etmək olar?

– Araşdırmaçı kimi əsaslanacağınız faktın, materialın tapılması həmişə sevindirici məqamdır. Dediyiniz məktubları daha əvvəl heç kim araşdırmayıb. Bu məktublar vasitəsilə siz prosesin necə inkişaf etdiyinin şahidi olursunuz. Robert Azərbaycana necə gəldi, o Bakı haqqında qardaşlarına ilk təəssüratlarında nələri ifadə etdi və digər bu kimi onlarla maraqlı məqam məktublar vasitəsilə açılır. Robert Bakıda nefti kəşf etməsindən, öz bizneslərinin yaratma potensialı və vacibliyindən, burada neft kəmərləri çəkə biləcəklərindən, gəmi inşa edə biləcəklərindən, nəhayət, bu sektorda, bir növ, monopoliya yarada biləcəklərindən bəhs edirdi.

Demək istədiyim odur ki, məktublar vasitəsilə prosesin başlaması, davam etməsi, neft biznesinin böyüməsinin şahidi olmaq mümkündür.

– Əvvəllər Bakıda olmusunuzmu? Ümumiyyətlə, Bakı haqqında nə düşünürdünüz? Gəlib gördünüz, hansı fikirləriniz dəyişdi və ya formalaşdı?

– Bakı haqqında əvvəllər çox şey bilmirdim. Kitab üzərində işləməyə başlayan zaman, haradasa, beş il qabaq ilk dəfə Bakıya səfər etdim. Lakin oxuduqlarım, həmçinin, məktublardakı fikirlər əsasında özüm üçün nəticəm o idi ki, Bakı Rusiya İmperiyasının tərkibində ən multietnik ölkədir. Burada azərbaycanlılar, yəhudilər, farslar, ingilislər, isveçlilər və digər xalqlar yaşayır. Bu mənada, Bakı məni təsirləndirmişdi. Mənim üçün Bakı dünyanın liberal şəhərlərdin biri idi. O çox da inkişaf etməmişdi, kasıb idi. Şəhərdə banklar, məktəblər olmasa da, hamıya açıq bir şəhər idi.

Dünyanın bu regionu şəxsən mənim çox da informasiyaya malik olduğum məkan deyildi. Öyrəndikdən sonra bu region və Bakı mənim üçün çox təsirli oldu. Mən çox şadam ki, bu gün Bakı varlı şəhərə çevrilib.

Qeyd etdiyim kimi, ilk dəfə 5 il bundan qabaq paytaxtınızda olmuşam. O zaman mən öz həyat yoldaşımı da gətirmişdim. Bura, həqiqətən də, çox gözəl şəhərdir. Mənim həyat yoldaşım 48 il əvvəl Moskvadan İsveçə köçüb. O, əvvəllər, yəni Bakı Sovet İttifaqı daxilində olarkən heç vaxt burada olmayıb, çünki imkanı yox idi. Buna görə də mən onu Bakı ilə tanış eləmək istəyirdim.

Bakı üçün onu demək olar ki, cənubda yerləşən zəngin bir şəhərdir, dostcanlı insanları, qonaqpərvər mühiti var. Qısacası, bura çox möhtəşəmdir. Mən yenə də Bakıya səfər etmək istəyərdim.

– Müəllifi olduğunuz kitabın motivləri əsasında Nobel qardaşları barəsində sənədli film çəkilib. Ümumiyyətlə, filmin çəkiliş prosesinə töhfəniz nə dərəcədə idi? Çəkilişlər harada aparılıb?

– Düzü, mən filmin çəkilişlərində birbaşa iştirak etməmişəm. Amma filmin çəkilişlərinin müəyyən hissəsinin Bakıda, daha dəqiq desək, Balaxanıda, Sabunçuda aparıldığını bilirəm. Eləcə də bizim indi olduğumuz bu binada – Nobel qardaşlarının ev muzeyində də çəkilişlər baş tutub. Prosesin digər tərəfləri ilə o qədər də tanış deyiləm.

– Siz bayaq Azərbaycan mətbəxi barədə də danışdınız. Bu haqda da bir az fikirlərinizi bölüşün, müsahibəni yekunlaşdıraq.

– Mən Qafqaz mətbəxinin heyranıyam. Bakı elədir ki, siz təyyarədən düşüb şəhərə gələndə küçədə artıq yeməklərin qoxusunu hiss edirsiniz. Bu mənim üçün çox maraqlıdır. Şimal ölkəsindən olan biri kimi Qafqaz yeməkləri, Azərbaycan yeməkləri mənim üçün yeni daddır və çox ləzzətlidir.

# 1543 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən məşhur 7 kitab sərgisi - Siyahı

Dünyanın ən məşhur 7 kitab sərgisi - Siyahı

12:00 12 oktyabr 2024
Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

10:26 12 oktyabr 2024
Fədakarlıq həzz almaqdır - Loğman

Fədakarlıq həzz almaqdır - Loğman

10:00 12 oktyabr 2024
Təbrizli şairin Azərbaycanda ilk kitabı çap olundu

Təbrizli şairin Azərbaycanda ilk kitabı çap olundu

17:45 11 oktyabr 2024
Aktyor onu tənqid edən şəxsin mesajlarını paylaşdı

Aktyor onu tənqid edən şəxsin mesajlarını paylaşdı

17:11 11 oktyabr 2024
Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən

Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən

14:46 11 oktyabr 2024
# # #