İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən, İran şahının sevimlisi olan Xalq artisti

İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən, İran şahının sevimlisi olan Xalq artisti
12 may 2023
# 12:00

Bu gün böyük sənətkar, Xalq artisti Sara Qədimovanın anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olsa da, hər kəs onu qarabağlı kimi tanıyıb. Əslən Ağdamın Abdal-Gülablı kəndindən idi.

***

Atası Bəbiş kişinin böyük qızı idi Sara. Uşaqlıq illəri Abdal-Gülablıda keçib. Usta sənətkarların səslərinə heyran qalan Sara Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin ecazkar ifalarını da ilk dəfə orda dinləyib. Atası onu Gülablıda qurulan musiqi məclislərinə aparırdı. O məclislərdə xanəndələr yalnız muğamlar, xalq mahnıları oxumurdular, həm də musiqidən danışırdılar.

Anası qızına musiqini sevdirib, muğamların, mahnıların sözlərini öyrədib. Bu baxımdan ata-ana sarıdan bəxti gətirən Saranın xoşbəxtliyi qısa çəkib. Əvvəl anasını, iki il sonra isə atasını itirib. Dörd bacı, iki qardaş başsız qalıblar.

***

1938-ci ildə özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilirdi. Sara Qədimova da bu müsabiqədə iştirak edirdi. İlk dəfə nəhəng sənətkarların qarşısında çıxış edirdi. “Qatar”ı oxumağa başlayıb. Ardınca “Gəlmə-gəlmə” xalq mahnısını ifa edəndən sonra Üzeyir Hacıbəyov heyrətdən donub qalıb.

Gallery

Sara xanımın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi nəhəng ustadların təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

***

1941-ci ildə Üzeyir bəyin təklifi ilə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna, Hüseynqulu Sarabskinin muğam sinfinə qəbul olunub. Hüseynqulu Sarabskidən musiqi sənətinin sirlərini öyrənib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi işə başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınmağa, sevilməyə başlayıb.

22 yaşında növbəti konsertlərinin birində həyatının axarını dəyişən bir təklif alıb. Sonralar Sara Qədimova xatırlayırdı: “Qədir müəllim Tibb Texnikumunun direktoru idi. Mən mamalıq şöbəsində oxuyurdum. 1944-cü ildə bir gün konsertdən sonra Qədir müəllim mənə yaxınlaşıb ciddi şəkildə "Səninlə ailə qurmaq istəyirəm", - dedi. Sara xanım ilk öncələr tərəddüd edib, buna səbəb Qədir İslamzadənin Saradan 24 yaş böyük olması idi. Ancaq Sara xanım onunla evlənib. Lakin 8 il sonra cütlük ayrılıb.

***

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl prezident seçilməmişdən əvvəl Bakıda səfərdə olarkən Sara Qədimovanın ifasını dinləyib. Sara xanım o zaman Abbas Səhhətin məşhur “Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim” qəzəlini muğam üstündə ifa edərkən Dəmirəlin çox xoşuna gəlib. Dəmirəl prezident seçiləndən sonra Sara xanımla görüşüb.

1944-cü ildə Xan Şuşinski ilə Sara xanım Rza şahın dəvəti ilə İrana dəvət alıb. Şahın qarşısında çıxış edən Sara xanımın ifası şahı necə valeh edibsə, ona orden bağışlayıb.

***

Sara Qədimova opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yaddaşlarda dərin iz qoyub. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.

Sara xanım 50-ci illərdə ən çox dinləyicisi olan, sevilən sənətkarlardan olub.

"Nə vaxta qaldı", "Ay işığında", "Pıçıldaşan ləpələr", "Ürəkdir sevən səni" və daha neçə-neçə mahnısı dillər əzbəri olub. 1954-cü ildə Əməkdar artist adına da layiq görülüb.

***

Sara xanım 1969-cu ildə İrəvana qastrol səfərinə yollanıb. Gecə Canəli Əkbərovla Güldüzü kəndində kolxoz sədrinin evində söhbət edəndə qəfildən qapı açılıb və bir kişi içəri keçib. Konsertin hansı dildə olacağını soruşub. Sara xanım da cavab verib ki, afişada yazılıb, gedin oxuyun. Bu kişi də erməni imiş. Sabahsı günü konsertdə işıqları söndürüblər. Telefonlar kəsilib, aləm dəyib bir-birinə. Bu qarmaqarışıqlıqda Sara xanımla Canəli Əkbərov yük maşınına minib aradan çıxıblar.

Gallery

Xalq şairi Məmməd Araz onun səsinin vurğunu olub. Sara xanıma ünvanlanmış şeir də yazıb. Onu Azərbaycan musiqisinin “ağ çiçəyi” adlandırıb.

***

Sara Qədimova 2003-cü ilin 12 mayında uzun sürən xəstəlikdən sonra vəfat edib.

# 97764 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #