"Bu məhkəmə zalından da zərər çəkib gedirəm…" - İfadəmdə olmayanlar

"Bu məhkəmə zalından da zərər çəkib gedirəm…" - İfadəmdə olmayanlar
28 aprel 2025
# 15:00

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin növbəti məhkəməsində tanınmış jurnalist, Şuşa sakini Hikmət Sabiroğlu Zeynalov da ifadə verib.

Kulis.az Hikmət Sabiroğlunun "İfadəmdə olmayanlar" yazısını təqdim edir.


Arkadi Qukasyan və qeyrilərinin məhkəməsindəki ifadəmin kölgəsində qalanlar var.

Əvvəl-əvvəl Qukasyana üz tutub danışmağı düşünürdüm. Jurnalistdir Arkadi. Əzəl gündən bizə qarşı öndə gedib, amma oxumuş adamdır, qaniçənlərə baxanda mülayim görünməyə çalışıb hər vaxt.

Arkadiyə xitab etməkdən daşındım. Məhkəmə iclasıdır. Təqsirləndirilənlər içindən birini seçsən, ona yüklənmiş olursan. Dəymədim Qukasyana. Bu qanlı çarx çox baş yeyib…

Nəzərdə tutduğum bir məsələni unutdum. Şuşa azad olunandan iki dəfə getmişəm ora. Üst-üstə üç günün tən yarısını Mirzə Həsəndə dolaşsam da, babamın və atamın məzarlarının uçuqlarını da tapa bilməmişəm, o dərəcədə viran qoyulub qəbiristanlıq.

Yadımdan çıxdı bunu demək…

David İşxanyan (Qarabağ rejimində “parlament sədri”, “prezident səlahiyyətlərinin icraçısı” olub) dostum Elxanın ifadəsi zamanı “Allaha and içə bilərsənmi ki, düz danışırsan?” demişdi. Hakim sualı yersiz sayıb ələmişdi.

Mənə növbə çatanda istədim deyəm, David, bayaq Elxana sarı xaç çevirdin, biz Şuşada kilsəni məsciddən ayrı tutmadıq, ikisinə də Allahın evi kimi baxdıq, o imanlı camaatı nə günlərə qoydunuz…

Dinc illərdən bir hadisəni nəql eləmək keçirdi ağlımdan. 1970-ci illərdə Şuşaya qonaq gələn iki aranlı (biri milis) erməni qıza söz atır. Bizim cavanların biri bunu götürmür, ikisini də salır təpiyin altına, milisin poqonlarını sökür. Tutulur, içəridə xəta törədib yenə iş alır, sağlamlığını itirir, həyatı puç olur…

Məndən əvvəl ifadə verən qonşum İlham Şuşada itkin düşmüş qardaşı Rövşənin yerini soruşmuşdu qəfəsdəkilərdən.

Rövşənin anası Mənzər müəllimə Şuşanın azadlığını görsə də, nisgilli getdi. Pirşağı qəbiristanlığındakı məzarına oğlunun şəkli də həkk olunub.

Rövşənin bacısı İlhamə sinif yoldaşımdır. Hərdən uşaqlar yığışanda o da gəlir. İlhamənin kədəri adamı öldürür, məhv eləyir adamı. Məclis güləndə İlhamə də dəstəyə qoşulur, amma gözündəki o xiffət bir an da çəkilmir.

Vaxt olmadı deyəm bunları…

Bir qadını misal gətirməyə çəkindim.

2020-ci ilin müharibəsi təzəcə başa çatmışdı. Əsirlikdən buraxılmış gənc erməni əsgərin kəndlərinə dönüşündən video diqqətimi çəkdi. Hamı darvazanın ağzına yığışıb sakitcə gözləyir, ana – cavan gəlin bir az aralıda təkdir, bir yerdə qərar tuta bilmir, hey yola boylanır, deyirsən, ürəyi sinəsini deşib ayaqlarının altına düşər indi… Maşın gəlib dayandı. Əsgər düşüb anasına sarı, ana da oğluna sarı yüyürəndə videonu bağladım, kompüteri söndürdüm.

Bu səhnəni məhkəmədə danışmağa ehtiyat elədim. Yenə gözümü yaş tutardı. Arıma gəldi. Çox da ki, bir məşhur deyimimiz var: Dost, ya düşmən – biz gərək öz ləyaqətimizi itirməyək…

İfadəmdən bir gün qabaq Yerevanda Türkiyə və Azərbaycan bayraqlarını yandırmışdılar. Demədim ermənini bu qanlı bataqlıqdan iki bayraq çıxarar, onlara da od vururlar. Sözüm havada qalacaqdı…

13 il Qarabağ rejiminə başçılıq eləmiş Bako Saakyanın ifadəmi çox karıxmış şəkildə dinlədiyini gözüm almışdı. Öz-özümə dedim ki, elə bilmə sevinə-sevinə gəlmişəm sizi qəfəsdə görüm, adamam, bu məhkəmə zalından da zərər çəkib gedirəm…

# 3899 dəfə oxunub

Oxşar xəbərlər

Türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı

Türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı

12:20 19 yanvar 2026
İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

12:00 15 yanvar 2026
"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

10:00 15 yanvar 2026
"Xalq şairi"  "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi...  - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

"Xalq şairi" "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi... - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

10:00 14 yanvar 2026
Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

10:00 13 yanvar 2026
Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

10:00 12 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər