Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər

Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər
28 aprel 2025
# 17:30

Kulis.az Babək Məmmədlinin "Bir qrup şair var ki..." yazısını təqdim edir.

Bir şair qrupu var, xeyli vaxtdır onları izləyirəm.

Allahsaxlamışlar o qədər müsbət emosiya bəxş edirlər adama, özüm də bilmədən onların fanatına çevrilmişəm.

Bizim gözümüzdə böyüdüb əzaba çevirdiyimiz həyatı onlar elə asan, elə rahat, elə şirin yaşayırlar ki, adamın xainliyi tutur.

Hamının dörd gözlə gəzdiyi, adına xoşbəxtlik dediyimiz faili-məchulun düsturunu, formulunu mən deyərdim, xüsusi bir səy göstərmədən, inersiyayla tapıblar bu qaz tükü kimi yüngül, könlü zərif varlıqlar. Özlərinə balaca bir dünya qurublar. Mən "dünya" deyim, siz "alınmaz qala": "hermetik, harmonik, poetik qala".

Yığışıb hər gün şeir oxuyurlar. Bir də görürsən, “Happy birthday” oxuya-oxuya kimisə ad günü münasibəti ilə təbrik edirlər. Hər şənbə orda hansısa bir bayramı qeyd edirlər: Novruz bayramı, Ramazan bayramı, Pasxa, Milad, - Hallovinə qədər bütün bayramlar. Bayram da olmasa, bayram uydururlar özlərindən.

Məsələn, aralarından kimisə özlərinin təsis etdikləri “Poetik Şeirin Qəlyanqoyçusu” medalına layiq görüb bu münasibətlə tort kəsir, şam üfürürlər o mistik məkanda. Rəqs edirlər,-sonuncu dəfə “Humay” mahnısına rəqs etmişdilər. Bir sözlə, hələ də o qalanın içində “eşq badəsi”ni sərxoşluqla başlarına çəkir, “hicran odunda” qovrulur, dodaqlarını “ayrılıq şərbəti” ilə isladırlar bu səmazənlər.

İlk baxışdan bəsit görünən şeirlərin mahiyətinə diqqət verəndə onların dərin olmadıqlarına şükranlıq edirsən. Bu şeirlərin elə müəllifləri kimi də sadə, iddiasız olduqlarını anlamaq üçün Amerikanı yenidən kəşf etməyə gərək yoxdur; o şeirlər ömrün yarıdan çoxunu geridə qoymuş bu adamların içindəki şıltaq, dəcəl uşaqları bizə ustalıqla tanıdır.

Ayı potası kimi yumru-şirin, ya da koramal kimi zərərsiz və məsum olurlar. Özləri öz hekayələrini yazmaqdan ziyadə, tamaşaçını da bu hekayələrin davamını uydurmağa təhrik edirlər. Məsələn, mən belə canlandırmışdım:

“Tədbirdən çıxıb yanını basa-basa, yorğun-arğın evə girəndə xanımı nəvəsini dizinin üstündən yerə düşürüb əllərini belinə qoyur, xeyli məzəmmətlə süzür, şair ərini sorğu-suala tutub məclisdəki hansısa şairə xanıma qısqanır, kişi isə qımışa-qımışa ona həmişəki xoş sözləri təkrarlayır, kəpənək kimi zərif könlündə ondan savayı kimsəyə yer olmadığını bildirir, şair xanımları bacı kimi sevdiyini etiraf edir, o da öz növbəsində naz satıb çevrilir, gedir. Sonra övladları atalarının, nəvələri də babalarının bu nadincliyinə ürəkdən gülüşür, evin xanımı telefonda rəfiqəsinə, ya da bacısına ərinin “play-boy” obrazından gileylənib, əslində, ürəyinin dərinliyində bu “maço”nun məhz onun əri olduğuna, axşamlar məhz ona məxsus olduğuna sevinir”.

Onlardan fərqli olaraq, şairə xanımlar isə öz tənhalıqlarına çəkilir, saatlarla tuflidə qalıb şişmiş ayaqlarının verdiyi ağrıyla tədbirdəki video və şəkilləri ora-bura çevirib bir müddət mürgüləyir, ayılandan sonra iki gün əvvəl bişirdiyi yeməyi soyuducudan götürüb qızdırır, qarşıda onu gözləyən növbəti tədbirin götür-qoyunu edə-edə bir-iki tikə atışdırır, yerinə girməzdən əvvəl şəkillərdən birini sevgi şeiri ilə süsləyib paylaşır...

Bayaq videoda gördüm, bu kədərli şairə xanımlardan biri ana qayğısıyla, bacı sevgisiylə tort kəsib uzadırdı kişi yubilyarın ağzına.

Necə xoşbəxt görünürdülər...

# 2096 dəfə oxunub

Oxşar xəbərlər

"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

17:00 19 may 2026
Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

16:00 19 may 2026
Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

11:30 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər