Həyat yoldaşına xəyanət edən qadının təmizliyi - Naxçıvandakı möcüzə

Həyat yoldaşına xəyanət edən qadının təmizliyi - Naxçıvandakı möcüzə
17 oktyabr 2024
# 12:00

Kulis.az Məcid Rəşadətoğlunun "Gümüşgöl əfsanəsi: çoban qızının saf sevgiyə olan sonsuz sədaqəti…" yazısını təqdim edir.

Avtomobilimiz yavaş-yavaş Naxçıvan şəhərindən Şərur rayonuna doğru yol aldıqca, uzun məsafənin yorğunluğundan qurtulmaq üçün gedəcəyimiz ünvanla bağlı, daha doğrusu, qələmə alacağım mövzu ilə bağlı düşünürəm: “Mövzuya necə başlıq seçim, ilk cümlələri necə qurum, nə cür yazım?” Bu mövzuya mətbuatda çox az yer verilib, naxçıvanlıların təbiət möcüzəsi adlandırdıqları o yerin, o məkanın fotoşəkilləri çəkilməyib, haqqında videomateriallar hazırlanmayıb. Hazırlansa da, çox az... Elə yazmalıyam ki, məqaləni oxuyanlar o sehrli məkanın – Gümüşgölün mənzərəsini gözlərində canlandıra bilsinlər, onun illərdir, dillərdən düşməyən əfsanəsini bir də bizim dilimizdən eşitsinlər…

Bir saatdan sonra Naxçıvan Muxtar Respublikasının Kəngərli və Şərur rayonlarının yaşayış məntəqələri ilə uzanan yol, nəhayət, bizi Gümüşlü kəndinə çatdırır. Kəndə ilk daxil olduğumuz andan ətrafa hakim olan sakitlik və təbiətin ecazkar harmoniyası diqqətimizdən yayınmır. İlin bu dövrlərində bütün kəndlərimizdə olduğu kimi, Gümüşlü kəndində də hər kəs qarşıdan gələn uzun qış ayları üçün tədarük görür; kişilər sahələrdə ot biçir, ağacları sulayır, xanımlar isti ocaq başında il uzunu zəhmətini çəkdikləri ağacların meyvələrindən bir-birindən ləzzətli, dadlı-tamlı qış azuqələri hazırlayır, bir sözlə, hər kəs öz məişət qayğıları ilə baş-başadır…

Kəndin mərkəzi hissəsindən Gümüşgölə doğru daşlı-çınqıllı bir yol uzanır. Bu yolu tutmazdan əvvəl, yəni Gümüşgölə getməzdən əvvəl mütləq aidiyyəti qurumlara məlumat verməlisiniz. Yalnız bundan sonra siz Gümüşgölü ziyarət edə bilərsiniz. Səbəb çox sadədir: bu göl sərhəd məntəqəsində yerləşir...

Bəhs etdiyimiz daşlı-çınqıllı qısa yol bizi Gümüşgölə çatdıranda diqqətimizi ilk əvvəl bu təbiət gözəlinin əlvan rəngi çəkir. Muxtar Respublikamızın bir neçə gölünü görsəm də, ölkəmizin ondan çox gölü ilə qiyabi surətdə – fotoşəkillərlə tanış olsam da, sözün düzü, Gümüşgöldə olan ecazkarlıq və harmoniyanı başqa yerdə görməmişəm. Gölün rənginə tamaşa etdikcə insanın ağlından belə bir sual keçir: bu gölün adına nə üçün Gümüşgöl deyirlər? Duruluğu gözyaşı qədər təmiz, rəngi firuzənin rəngi qədər cəlbedici və ehtişamlı, ancaq adı Gümüşgöl…

Oxucularımız içərisində, yəqin, bilənlər var ki, 1984-cü ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən yazıçı İsi Məlikzadənin ssenarisi və Eldar Quliyevin rejissorluğu əsasında “Gümüşgöl əfsanəsi” filmi ekranlaşdırılıb. Tamaşaçı auditoriyasına təqdim edildiyi ilk gündən etibarən böyük rəğbət qazanan bu film illər ötdükcə daha çox izləyici kütləsi qazanıb. Filmin böyük bir hissəsi Naxçıvanda, Gümüşlü kəndində, o cümlədən, Ordubad rayonunun bir çox ərazilərində çəkilib. Bu film həm də muxtar diyarımızın təbliğatında böyük rol oynayıb. Düzdür, filmin məzmunu bir çoxlarımıza yaxşı tanışdır. Ancaq biz yenə də yaddaşımızı vərəqləyək; filmin ideyası və məzmunu ilə oxucularımızı bir daha tanış edək. Deməli, avtomobil gəzintilərindən birində gənc sənətşünas Fərid (Eldəniz Rəsulov) və dostları yoldan keçən piyadaya (Ramiz Əzizbəyli) sataşmaq məqsədilə maşının işığını onun üstünə tuşlayırlar. Piyada maşına dəyib yıxılır, ani hadisənin təsirindən huşunu itirir.


Gümüşlü göl

Məsuliyyətdən yaxa qurtarmaq üçün gənclərin hamısı şəhərdən çıxmağa çalışır. Fərid də uzaq dağ kəndinə, məşhur xalçatoxuyan Səidənin (Şükufə Yusifova) yanına gedir. Burada o, Səidənin qızı Leyli (Yelena Seropova) ilə tanış olur. Sadəlövh qız ona doğulduğu kəndin ecazkar təbiət mənzərəsinin – Gümüşgölün əfsanəsini danışır. Başqasına nişanlı olan Leyli ilə Fərid arasında isti münasibətin yaranması hadisələri xeyli dramatikləşdirir. Fərid bir neçə gün sonra şəhərə qayıdır, ancaq burada özünə, necə deyərlər, yer tapa bilmir, sıxılır, darıxır. Gümüşgöldə gördüklərindən, şahidi olduqlarından sonra həyat ona cansıxıcı görsənir. Leyli və Gümüşgölün hərəkətsiz suları onun gözünün qarşısından çəkilmir.

Fərid yenidən dağ kəndinə – həm Leylini görməyə, həm də Gümüşgöl əfsanəsini bir də sevdiyi qızın dilindən eşitməyə gedir. Fəridin həmin kənddə Leyli ilə olan monoloqu və ardınca sevdiyi qızın gölün üzərində bir su pərisi kimi ayaq açıb yeriməyi, yəqin ki, filmi izləyən hər kəsin kədərinə və marağına səbəb olur.

Filmin söz açdığımız son səhnəsində Leylinin Gümüşgöl haqqındakı monoloqu bir daha qulaqlarımızda səslənir: “Lap qədimlərdə bir qala var imiş burada. Bu göl elə adicə göl imiş. Qala sahibi olan xanın isə dörd arvadı var imiş. Xan kiçik arvadı – çoban qızını hamısından daha çox sevərmiş. Günlərin bir günü xan uzaq səfərə çıxır. Yerinə öz sevimli arvadını qoyur. Çoban qızı el-obanın dərdinə qalır, rəhmi, səxavəti ilə ad qazanır. Xanın o biri arvadları çoban qızının paxıllığını çəkirlər. Xan səfərdən qayıdan kimi onun qulağını doldururlar; deyirlər ki, çoban qızı sənə xəyanət edib. İnandırırlar xanı. O da əmr edir ki, sübh tezdən çoban qızını batırsınlar göldə. Çoban qızı nə qədər yalvarıb-yaxarır, and-aman eləyir, ancaq xan dediyindən dönmür. Onu gətirirlər gölün qırağına. Gün doğar-doğmaz qızı atırlar, bax, həmin bu gölə.

Amma çoban qızı göldə batmır; suyun üzü ilə elə addımlayır ki, deyirsən, bəlkə, dağın üstündə yeriyir. Beləcə, gedib çıxır o biri sahilə, günahsız olduğu aydın olur. Xan o saat böhtançı arvadlarını gətirib gölə atdırır, üçü də göldə batıb ölür. O gündən yalan, böhtan, nifrət qaladan əl-ayağını çəkir. Bu göl isə olur müqəddəs göl. Buna görə adamlar bu gölə girməkdən çox qorxur. Qorxurlar ki, birdən günahları olar, batarlar”.

Filmdən illər əvvəl görkəmli yazıçımız İsi Məlikzadə Gümüşgöl haqqında olduqca maraqlı bir povest yazdı. Əsər böyük oxucu rəğbəti qazandı. Yalnız bu povestin işıq üzü görməsindən sonra Gümüşgölün əfsanəsi dillər əzbəri oldu, haqqında rəvayətlər söyləndi. Bilənlər bilir; bu gölün çox qeyri-adi, olduqca lətif və cazibəli aurası var. Hətta kənd sakinləri söyləyir ki, lap əvvəllərdən bir kimsə bədbin və sıxıntı içərisində olarsa, bura gələr, göz işlədikcə uzanan dağları, aşırımları, o cümlədən, gölün mənzərəsini seyr edər, sahilə vuran ləpələrin zümzüməsini dinləyər, bununla ruhu da, cismi də rahatlıq tapardı. Deyilənlərdən belə bir nəticə də çıxarırıq ki, Gümüşgöl öz sakinlərinin qəlbinə məhəbbətini salar, yüzlərlə insan içindən saf niyyətliləri, təmiz ürəkliləri seçib görüşünə çağırar. Elə illər əvvəl İsi Məlikzadəni öz görüşünə çağırdığı kimi.

Yeri gəlmişkən, onu da deyək ki, görkəmli yazıçı “Gümüşgöl əfsanəsi” povestini böhranlı dövrlərdə, necə deyərlər, mənəvi yorğunluq keçirdiyi illərdə qələmə alıb. Əsəri qələmə aldıqdan sonra o, düşdüyü ağır vəziyyətdən, zehni yorğunluqdan xilas olub. Daha doğrusu, Gümüşgölün sehri onu düşdüyü mənəvi burulğanlardan çıxarıb.

Xatirələrdən oxuyuruq ki, 1980-ci ildə İsi Məlikzadə “Azərbaycan” jurnalından gedəndən sonra açıq-aşkar bədbinləşmiş və nisbətən az yazmağa başlamışdı. O, ən böhranlı vaxtlarında ata ocağına – Ağcabədidəki evlərinə üz tutmuş, 1982-1983-cü illərdə isə fasilələrlə yaşadığı doğma ocağında özünün ən parlaq əsərlərindən birini – “Gümüşgöl əfsanəsi” povestini yazmışdı. Bu əsər onun insan və təbiət, düzlük və xəyanət, istedad və mühit barədə ağır düşüncələrinin, Gümüşgöl qədər təlatümlü fikirlərinin nəticəsi idi. Yazıçı gözəl xalq əfsanəsindən, əslində, öz ömrünün, taleyinin ağrılı nəticələrini ifadə etmək üçün istifadə etmişdi. İsi Məlikzadə, əslində, bütün yaradıcılığı ilə bir şeyi yazmışdı – özünün ürəyi istəyən təbii həyatla yaşaya bilməməyinin tarixçəsini. “Gümüşgöl əfsanəsi”, əslində, bu tarixçənin fəlsəfi hissəsi, daha dəqiq desək, yazıçı ömrünün sözə çevrilmiş bədii obrazı idi. Əsəri oxuyarkən görürük ki, yazıçı yığcam bir povestdə bütün yaradıcılığı ilə dediklərini ümumi bir əfsanə şəklinə salmışdı. Povestdə üç əsas qəhrəman – Orxan, Ağbəyim və Bənövşə üç müxtəlif taleyi əks etdirir. Lakin bu talelərin hamısı təbiət və təbii həyat problemləri ilə ayrılmaz şəkildə, qırılmaz tellərlə bağlıdır…

Gümüşgöl bir əfsanədən, təbiət abidəsindən daha çox insanları mənəvi paklığa, daxili zənginliyə səsləyən hikmət mənbəyidir. Leylinin Fəridə əfsanədə danışdığı kimi...


"Gümüşgöl əfsanəsi" filmindən

Hələ adı dillər əzbərinə çevrilmədiyi vaxtdan bu göl xeyirlə şərin, qaranlıq və zülmətin, yalan və doğrunun haqq tərəzisi, ədalət güzgüsü olmaqla xalqımızın yaddaşında ölməzlik qazanıb. Təsadüfi deyildir ki, böhtanların, yalanların həyat amalı seçildiyi, doğruluğun, düzgünlüyün itib-batdığı bir məqamda xalqımızın içindən çıxan çoban qızının saf sevgiyə, təmiz mənəviyyata, ədalətə olan inamı onu ədəbi-bədii söz dünyasında qəhrəmanlıq səviyyəsinə qaldırıb, insanların daxilindəki vicdan səsinə bütün günahlardan arınmış, təmizlənmiş saf, təmiz insan surəti qazandırıb.

Elə o gündən – çoban qızı Gümüşgöl üzərində yürüyüb kinin, böhtanın, yalanın içindən ayrıldığı andan bu göl yaddaşlarda müqəddəslik qazanıb. Bu səbəbdən Gümüşgöl haqqında danışarkən onun qazandığı hikməti yada salmaq, hər şeydən əvvəl, daxili gözəlliyin fərqinə varmaq, dünyanı saf və müqəddəs sevginin arşını ilə ölçmək və bir də çoban qızının saf sevgiyə olan sonsuz sədaqətini yada salmaq lazımdır…

# 1690 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #