Kulis.az Benjamin Kərimovun yeni yazısını təqdim edir.
Ekranları, səhnələri və sosial şəbəkələri zəbt edən, kütləni hipnoz edən mənzərələrin arxasında acı bir reallıq dayanır: insan təbiəti nəzarətsiz buraxıldıqda sürətlə ən ibtidai və bioloji instinktlərinə qayıdır.
Diqqət çəkmək üçün hər cür həyasızlığa gedən, heç bir mənəvi çəkisi olmayan, lakin milyonların kumirinə çevrilən şou nümayəndələrinin səhnədəki hərəkətləri sadəcə estetik qüsur deyil.
Bu, cəmiyyətin mədəni toxumasının çürüdüyünü göstərən ən kəskin simptomdur.
Çoxüzlü, şəxsiyyətsiz və əxlaqsızlığı bir həyat tərzi kimi cəmiyyətə sırıyan bu kəsimin reytinq qazanması kütlənin tələbatının hansı səviyyəyə endiyini göstərir.
Kütlə intellektual zəhmət tələb edən dəyərləri deyil, bəsit, bayağı və şit şouları həzm etməyə proqramlaşıb.
Heç bir xalq, heç bir kütlə tarixi boyunca xoşluqla, kitab oxumaqla və ya fəzilət axtarışı ilə mədəniləşməyib. Sivilizasiya deyilən məfhum bəşəriyyətə qılınc, qan, şallaq və amansız dövlət nəzarəti ilə yeridilib.
- İngilislərin bu gün bütün dünyaya nümunə göstərilən kübarlığı və qanunpərəstliyi dar ağaclarının kölgəsində yaradılıb. XVIII-XIX əsrlərdə İngiltərədə 222 fərqli cinayətə görə birmənalı ölüm hökmü kəsilirdi. İcazəsiz ağac kəsmək, 5 şillinq dəyərində əşya oğurlamaq, hətta meşədə şübhəli gəzmək edamla cəzalandırılırdı. Kütlənin cinayətə meyli sözün əsl mənasında qanla, kütləvi edamlarla qırıldı.
- Böyük Fransa İnqilabı azadlığı cəmiyyətə xitabətlə deyil, Yakobin terroru ilə gətirdi. Feodal ənənələrə və xurafata bağlı olan on minlərlə insanın başı Parisin mərkəzində gilyotində kəsildi. Napoleon isə öz sərt Mülki Məcəlləsi (Code Napoléon) ilə cəmiyyəti elə bir dəmir intizama saldı ki, fransız dövlətçiliyi bu gün də o təməl üzərində dayanır.
- Rusiya cəmiyyətinin Asiya cəhalətindən qoparılıb Avropa mədəniyyətinə inteqrasiyası şallaqla baş verdi. I Pyotr zadəganların saqqallarını şəxsən balta ilə kəsir, gigiyena qaydalarına əməl etməyənləri, ənənəvi paltarlardan imtina etməyənləri amansızcasına qamçılatdırır və sürgünə göndərirdi.
- Almaniya və Yaponiya: Hər iki xalqın bu gün əfsanəyə çevrilmiş intizamı yüzilliklər boyu davam edən qəddar hərbi diktaturaların və sərt cəza mexanizmlərinin psixoloji mirasıdır. Bismark Almaniyanı "qan və dəmirlə" birləşdirdi, Yaponiyada isə Meydzi islahatları zamanı modernləşməyə dirənən on minlərlə ənənəvi samuray qılıncdan keçirildi.
Mədəniyyət – insanın heyvani instinktlərinə vurulmuş qandaldır. O qandal boşaldıqca, cəmiyyət bayağılaşır, primitivləşir və meymun, Cin rəqsləri edənləri özünə büt seçir.
Maariflənmə ilə kütləni tərbiyə etmək nağıl uydurmasıdır. Cəmiyyəti bu mənəvi bataqlıqdan yalnız hüququn və dövlətin şüurlu şəkildə tətbiq etdiyi sərt intizam çıxara bilər.
Zərərli və çürük toxuma bədəndən necə kəsilib atılmalıdırsa, cəmiyyəti zəhərləyən bu tendensiyalar da eyni qətiyyətlə təmizlənməlidir.