Bu gün Əməkdar artist Nəzakət Məmmədovanın doğum günüdür.
Kulis.az-ın məlumatına görə, Nəzakət Məmmədova 1944-cü il fevralın 28-də Gəncə şəhərində anadan olub.
O, uşaq yaşlarında atasını itirib.
Anasının istəyini nəzərə alan Nəzakət təhsil almaq üçün Bakıya gəlib. Ali məktəbə qəbul olunsa da, bir müddət sonra təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov veriblər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edib.
***
Sonralar təhsilini incəsənət institutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışıb. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunub və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxıb. Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirib. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açıb. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınıb.
Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyib. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilib.
***
Nəzakət Məmmədova gənc yaşda ailə qurub. Lakin ailə həyatı o qədər də uğurlu alınmayıb. Çoxları tərəfindən sevilən, seçilən müğənni həyat yoldaşı tərəfindən demək olar ki, hər gün döyülüb-söyülüb. Bir axşam isə müğənni yenə də əri tərəfindən möhkəm döyülüb. Deyilənlərə görə, hətta o, üz-gözündən belə ağır zədələr alıb. Onun harayına anası ilə bacısı çatıb. Onlar Nəzakəti ər evindən götürüb birdəfəlik öz evlərinə aparıblar. Həmin hadisədən sonra Nəzakət həyat yoldaşından birdəfəlik ayrılıb.
Boşanandan sonra Nəzakətin gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşüb. Onunla ailə qurmaq istəyənlərin arasında hətta müğənnilərdən də olub. Ancaq nədənsə Nəzakət Məmmədova bir daha heç kimlə ailə qurmayıb, oğlu Ceyhunu özü tək böyütməyə qərar verib.
***
Deyilənlərə görə, boğazında olan zoba bənzər şişkinlik müğənnini hər zaman narahat edirmiş. Bir başqa versiyaya görə isə müğənni sadəcə olaraq boğazındakı qırışları plastik əməliyyatla aradan götürmək istəyirmiş. Xanəndənin son lent yazılarına da baxanda onun boğazını iri boyunbağılarla, yaylıqlarla bağlaması diqqətdən yayınmayıb. Lakin onu əməliyyata sövq edən tamaşaçı məktubu olub.
***
Günlərin birində müğənni bir pərəstişkarından məktub alıb. Həmin məktubu yazan şəxs ona səsinin, özünün gözəlliyi ilə bağlı təriflər yağdırıb. Ancaq daha sonra əlavə edir ki, boğazındakı qüsur onun görünüşünə xələl gətirir. Elə həmin məktubdan sonra müğənni estetik əməliyyat etdirmək qərarını qətiləşdirib.
Bacısı Kifayət xanım yuxuda bacısının əməliyyata gedəcəyi təqdirdə öləcəyini görüb. Bunu xanəndəyə bildirəndə isə o, gülərək deyib ki, öləndə də öləcəm, qorxma. Mən ölsəm, sən Ceyhuna da baxarsan, anama da.
***
Anası onun bu əməliyyata getməsinin qəti əleyhinə olub. Hətta ona deyib ki, ayıbdı. Camaat eşitsə, deyər ki, gedib üzünü çəkdirib. Getmə. Ölümündən sonra da Nəzakət Məmmədova haqqında yayılan müxtəlif şaiyələrə səbəb məhz el-oba töhmətindən çəkinmək olub. Nəzakət Məmmədovanın anası ciddi-cəhdlə qızının plastik əməliyyat nəticəsində rəhmətə getməsini gizlətmək istəyib.
Sənətçinin bacısı onun ölümündən sonra yaranan söz-söhbətin həqiqətə uyğun olmadığını, onun uğursuz plastik əməliyyatın qurbanı olduğunu deyib: "Nəzakət gözəl qadın idi. Amma boğazının dərisindən xoşu gəlmirdi. Boğazında şişkinlik vardı. Nəzakət də bunu özünə dərd eləmişdi. Xarici ölkəyə səfərə hazırlaşırdı. Buna görə də əməliyyat etdirmək istəyirdi, deyirdi, uğurlu alınsa, gözlərimin də quruluşunu dəyişəcəyəm. Soçidə həkim tapmışdı. Onu inandırmışdılar ki, əməliyyatla dərisini dartıb gözəlləşdirəcəklər. Amma əməliyyat zamanı yuxu damarını zədələmişdilər. Nəzakət bu əməliyyatdan sağ çıxmadı".
***
Nəzakət Məmmədovanın bacısı Məlahət Məmmədovanın sözlərinə görə müğənninin nəşi Soçidən Bakıya dəmir qutuda gətirilib. Onun cənazəsini görən molla qadınlar ağlayırmışlar. Həmin gün bir çox insan xanəndənin boğazında və yanağında olan tikiş izlərini öz gözləri ilə görüblər.
***
Xanəndə Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. Lakin illər keçəndən sonra Nəzakət Məmmədova Gəncədə yaşayan bacısı Kifayət Məmmədovanın yuxusuna girib ona deyib ki, məni Bakıda tək qoymusan, mən sənin yanında olmaq istəyirəm. Kifayət xanım, bacısını yuxuda görəndən sonra onun və anasının məzarını Bakıdan Gəncəyə İmamzadə Məzarlığına köçürüb.
Müğənnin ölüm xəbəri gələndə onun ardınca ailə üzvləri gediblər. On üç yaşlı oğlu isə Bakıda qalıb Xəbəri eşidib xanəndənin evinə gedənlərdən biri də Rübabə Muradova olub. Ancaq Nəzakət xanımın on üç yaşlı oğlu onu qapıdan içəri buraxmır, deyib, yalan deyirlər mənim anam ölməyib, kim gəlsə,onu burdan qovacam. Rübabə xanım ağlayıb və əhd edib ki, əgər Nəzakət sağ qalmış olsa, qara qoç qurban kəsib onun qarşısına iməkləyə-iməkləyə gedəcək.
***
Cinayətkar həkimin həbs olunması üçün xanəndənin bacısı o vaxtkı rəsmi qurumlara məktub yazır. Nəhayət, məhkəmə baş tutub. Heç kimin gözləmədiyi halda bir qadın ayağa qalxıb şahid kimi ifadə verib. O, xanəndənin əməliyyat günü xəstəxanada olduğunu əməliyyat zamanı müğənninin üç dəfə möhkəmdən qışqırdığını bundan sonra isə həkimin və köməkçisinin otaqdan çıxıb qaçdığını görüb. Həkim isə əməliyyat vaxtı sərxoş olubmuş. Əgər ona vaxtında tibbi yardım göstərilsə, o, sağ qalacaqmış.
Sonradan aparılan istintaq zamanı bəlli olub ki, əməliyyat edən plastik cərrah yox, salonda işləyən “manikür” ustası imiş. Məhkəmə saflığından istifadə edib öncə müğənnini tora salan, daha sonra isə “canını alan” həkimə 9 il iş kəsib.
***
N.Məmmədovanın oğlunu xalası öz himayəsinə götürüb böyüdüb, evləndirib. Evlənəndən sonra Ceyhunun bir qızı dünyaya gəlib. Ceyhun qızına anası Nəzakətin adını verib və beləcə Nəzakət Məmmədovaya nəvəsinin timsalında yenidən həyat bəxş edilib. Ancaq nə yazıq ki, nəvə Nəzakət Məmmədova da nənəsinin nakam taleyini yaşayıb. Oxuduğu institutdan evə qayıdanda Nəzakətin olduğu maşının üstünə ağac aşıb. Və beləcə nəvə Nəzakətin də çox gənc yaşında həyat kitabı yarımçıq qalıb.
Qızının dərdinə dözə bilməyən Ceyhun da 43 yaşında vaxtsız dünyasını dəyişib.