Ermənilər tərəfindən evi yandırılan, ailə üzvlərinin hamısını itirən Abbas Səhhət

Ermənilər tərəfindən evi yandırılan,  ailə üzvlərinin hamısını itirən Abbas Səhhət
11 iyul 2025
# 10:23

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, tərcüməçi Abbas Səhhətin anım günüdür.

Kulis.az Akif Aşırlının onun haqqında yazısını təqdim edir.

Abbas Səhhəti "Vətən" şeirilə xatırlayırıq. 1874-cü ildə Şamaxıda doğulduğunu, Azərbaycanın ilk ali təhsilli həkimlərindən biri olduğunu, məktəblilər üçün şeir yazdığını və 1918-ci ildə vəba xəstəliyindən dünyasını dəyişdiyini bilirik. Bəs bu böyük mütəfəkkirin, milli mətbuatımızın cəfakeşinin hansı şəraitdə öldüyündən xəbərimiz varmı? Onun məzarının yerini bilirikmi?

Abbas Səhhətin sovet dönəmində yayılan tərcümeyi-halı yenidən yazılmalıdır. Ona görə ki, sovet dövründə həqiqəti yazmaq yasaq idi. Çünki biz sovet xalqının tərkib hissəsi kimi xalqlar dostluğu şəraitində yaşayır, ermənilərin türk-müsəlman xalqına qarşı törətdiyi faciələri "atan kazaklara" bağlayırdıq.

Abbas Səhhətin ölümünə səbəb tək aclıq, səfalət və vəba xəstəliyi deyil, 1918-ci ildə bolşeviklərin törətdikləri qətliam idi.

Ermənilərin 1918-ci ildə Bakıda törətdikləri qırğınlar Şamaxıda təkrarlandı, 7 min dinc insan qətlə yetirildi. Bu qanlı qırğınlar zamanı Abbas Səhhətin evinə də od vuruldu. Şair əlyazmalarını belə götürməyə macal tapmadı. Ailəsi ilə birgə Gəncəyə tərəf üz tutdu. Qana susamış erməni-bolşevik silahlıları onları yaxaladılar, əmanətlərini, azuqələrini əllərindən aldılar.

Bu barədə Hadinin "Azərbaycan" qəzetinin 1918-ci il 18 noyabr tarixli sayında dərc olunan "Səhhətin üfüli-əbədisi" məqaləsində yazılıb. Şair dostunun ölüm xəbərini Qafqaz türklərinə çatdıran Hadi yazır: "Şu müdhiş, şu qorxunc löleyi-hadisat içində şair-təbib Abbas Səhhət də sükunətahe-əbədiyyətə çəkilib getdi. Həm maddi, həm mənəvi xadimi-millət olan Səhhət qardaşımızın üfili-əbədiyyəsindən (əbədiyyətə qovuşmağından) hənuz Qafqaziya türklərinin xəbəri yoxdur… Əzmi xuraman fikrindən geri dönməyən sevgili şairimiz Səhhət Gəncə məzarıstanında dəfn-xak-əbədiyyət bulunur. Zata Şeyx Nizamiyə böyük bir hörməti var idi. Daima Nizaminin laməyut nəzmlərini kəmali fəsahətlə oxur, samlərini ləzzatyab-ədəbiyyat eylərdi. Ən nəhayət, pənc gənc şair-möhtərəmilə həmcivari məzar oldu..."

Hadi şairin 1918-ci ildə ermənilərin törətdikləri soyqırımın qurbanı olduğunu da dəqiqliyi ilə qeyd edir: "Şirvanlı şair, Şirvan faciəsi əsasında başqaları kibi, şəhəri tərkə məcbur olmuş, yolda soyulmuş, var-yoxu əlindən alınmışdı. Bir qaç yerlərdə sər-səriyanə dolanmış, ən sonda Gəncəyə nəqli-məkan etmişdir. Arada xəstə oldu. Zalım və biaman ölümün pəncəsindən rahayət olmayaraq tərki-həyat eylədi."

A.Səhhətin soyqırım qurbanı olması haqqında yalnız bir sayı işıq üzü görən, 1918-ci ilin noyabrın 12-də dərc olunan "Qardaş qayğısı" qəzetində Binəva ləqəbli müəllifin yazdığı "Qanlı günlər" məqaləsində də bəhs olunur:

"Erməni bandaları daha islamlara nə etmədilər? Erməni bandaları Şamaxıda islamların müqəddəs məscidlərinə qədər yandırıb məhv etmişlər. Bir böyük minillik Şamaxıdan indi bu saətlikdən ancaq bir məzarıstana bənzər yanmış uçuq xərabələr taparsınız. İslam aləmi Abbas Səhhət kimi böyük bir ədibi bu bandalara qurban vermişdir. Bununla böylə neçə doxturlar cavan-qoca alimlər qətl olunmuşlar."

Ermənilərin zülmündən sonra psixoloji gərginlik keçirən, səfalət və yoxsulluğa düçar olan Abbas Səhhət 44 yaşında dünyasını dəyişir.

Ağlamaqdan gözünün nurunu itirmiş şairin atası Gəncənin Səbiskar qəbiristanlığında, - oğlunun qəbrini ziyarət edən zaman çuxura yıxılır, təəssüf ki, onun köməyinə gələn olmur, elə quyudaca canını tapşırır, digər ailə üzvləri isə vəbadan ölürlər.

Səhhətin ölüm səbəbi kimi məzarı da uzun müddət naməlum qalır.

Nəhayət, illər sonra ədəbiyyatşünas-alim Ə.Səidzadə şairin məzarının axtarışına çıxır. Səhhəti yaxından tanıyan ailələrə baş çəkir. Mart soyqırımından sonra Gəncəyə köçən, şairlə dost olan şamaxılı Tərrahın oğlu Nəcəfqulu onun dəfn olunduğu yeri alimə göstərir...

Ə.Səidzadənin rəhbərliyi, ictimai təşkilatların yardımı ilə həmin yerə məzar daşı qoyulur.

1947-ci ildə onun məzarı Gəncənin Sahil bağına köçürülür, şairə büst qoyulur.

# 211 dəfə oxunub

Oxşar xəbərlər

Culian MakMahonun ölüm səbəbi açıqlandı

Culian MakMahonun ölüm səbəbi açıqlandı

14:00 11 iyul 2025
Qala Əntiq Əşyalar Muzeyi  bərpadan sonra ziyarətçilərin ixtiyarına verildi

Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verildi

13:51 11 iyul 2025
Rus dilində tədris ləğv olunmalıdırmı? - Təhlükə və çıxış yolları

Rus dilində tədris ləğv olunmalıdırmı? - Təhlükə və çıxış yolları

12:00 11 iyul 2025
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlu ilə bağlı məhkəmə qərarı

Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlu ilə bağlı məhkəmə qərarı

11:56 11 iyul 2025
Prezidentin Fərmanı:  Bu qəzetlər...

Prezidentin Fərmanı: Bu qəzetlər...

11:43 11 iyul 2025
Milli Qəhrəman Hökumə Əliyevaya həsr edilən film avqustda  təqdim ediləcək

Milli Qəhrəman Hökumə Əliyevaya həsr edilən film avqustda təqdim ediləcək

18:40 10 iyul 2025
#
#
# # #