Ədəbiyyat müharibəmi bitirirəm

Ədəbiyyat müharibəmi bitirirəm
4 may 2024
# 15:17

Kulis.az Həmid Herisçinin "Yeni abzasdan" adlı yazısını təqdim edir.

Anarın ilk fotosunu hələ uzaq 80-ci illərdən hafizəmdə çəkmişəm - o, qalın kürkünə bürünüb. Ondan ayırlmaq istəmir, sanki.

Bir çiyni ilə soyuq divarlara sığınmağı sevir. Yəni bir tərəfini divarlara daha çox etibar edir, nəinki ətrafındakılara.

O xasiyyəti, deyəsən, dəyişib indi. Səlimə, Rəşada tam etibarı var, deyərdim. Bir çiynini yalnız divarlara etibar etmir indi.

Həm də çiyindaşlarına etibar edir.

***

Qırx il əvvəl təsadüfən bu ünvanda qısa müddət olmuşam. Eynəyim sürüşüb düşüb daş döşəməsinə. Qırılıb şüşələri. Sonra ürəyim də qırılıb.

Hə... Yazarlar Birliyi binası, ünvanı indiyədək məndən çox-çox uzaqlardaydı. Ancaq indi...

İndi bu bina, sanki özü mənə yaxınlaşmaq istəyirdi.

Qapısı önündə Səlim dayanmışdı - Səlim Babullaoğlu.

Əlini havaya qaldırdı. Məni Yazarlar Birliyinə səslədi. Sahil bağının kol-kosları arasından, sanki baharın içindən sivişib çıxdım.

Səlimlə içəri daxil oldum. Əvvəl təbii Nizaminin xalça üzərindəki təsviri qarşıladı bizi.

Sonra biz artıq Anar müəllimin otağındaydıq. Rahat, yaddaqalan kabinetində.

O, azca yanböyürtü oturmuşdu öz dərin kreslosunda. Sanki fərqli bir ünvana baxırdı. Söhbətimiz qızışdıqca baxışlarının istiqaməti, yönü də dəyişirdi yavaşcana.

Qəfil nəzakətli baxışları öz istiqamətini dəyişdi. Düz mənə tərəf çevrildi. Gözlərimin dərinliyinə sancıldı.

Anarla mən çoxdanın, qırx ilin tanışıyam. 1980-ci illərin əvvəlində "Qobustan" jurnalının redaksiyasında ilk görüşümüz indiyədək paslı yaddaşımdadı.

Həmin uzaq o görüşü, şükür, Anar müəllim də unutmayıb. Qırx il sonra o mənzərəni, söhbətləri bütün incəlilkləri, detalları ilə birgə yenidən danışır mənə.

Düzü, heyrətamizdi, bütövdü bu xatirələr. Çoxu mənim yaddaşımdan pozulub, hətta deyərdim, vallah.

Ancaq Anarın daxili diktofonu, kinokamerası, arxivi zərgər...yox...yox...

Məhz yazıçı dəqiqliyi ilə həmin o əhvalatı yenidən... düz qırx il sonra mənə danışır, bir də xoş təbəssümünü gizləməyən Səlimə.

Bir də, görünür, böyük ədəbiyyatın özünə.

- O vaxt sən şeirlərini gətirmişdim redaksiyamıza. Bəyəndim şeirlərini. Dedim, Mircavadın rəsmləri ilə birgə çap edim jurnalımızın növbəti sayında.

Bayaqdan mənə "Siz" deyən Anarın qəfil mənə "sən" deməsi diqqətimdən yayınmadı.

Həəə... Day nə deyim burda?! Anarın xatirələri mükəmməldi. Unutduqlarım hələ də Anarın iti hafizəsində öz həyatını yaşayır.

Düz qırx il sonra o, ilk görüşümüzün tam mənzərəsini gözlərimdə canlandırır.

Ancaq indi anlayıram, aramızdakı o ilk dramatikliyi. Təsəvvür edin: gənc şair, yəni mən - Həmid Herisçi modern şeirlərimi Anara təqdim etmişəm.

Özü də "Ulduz" kimi, "Azərbaycan" kimi ədəbi dərgiyə yoxxx... "Qobustan" kimi sənət dərgisinə təqdim etmişəm öz şeirlərimi. Anar oxuyub. Bəyənib. Bəhanə də tapıb şeirləri çap etməyə - guya şeirlərim Mircavad kimi dahi rəssamımıza həsr edilib.

Beləliklə, hələ ilk görüşümüz zamanı o məni...gənc bir şairi Mircavadla bir sıraya gətirmək, eyni çəkili etmək istəyirdi. Çap olunmağımın yolunu, çəmini də yaxşı tapmışdı.

- Ancaq siz o vaxt buna etiraz etdiz. Dediz o şeirləri Mircavada yazmayıbsız. Həmin etirazınızı çox bəyəndim.

Anar xatirələrini sonra bir başqa ahənglə davam etdirdi.

Ancaq sonrakı etirazlarınız...mənə qarşı, klassiklərimizə qarşı etirazlarınız, qəti qəbuledilməzdi.

Anarın dilində klassiklərimizin sıralanması çox təsirli, axıcı və..

Və musiqili idi:

- Sabir, Cəlil, Axundov və digər çoxları toxunulmazlardı. Sonrakı etirazlarınız mənim üçün, məndən ötrü çox təəccüblüydü.

Nitqi çox səlisdi, Anarın. Səs tellərini hiss edilir, zaman özü kökləyib. Arıdıb. Nitqinə maneçilik törədən heç nə yoxdu boğazında.

Deyəsən, elə ürəyində də.

Elə bu görüşümüzdə də.

Axundov kitabxanasını bəzəyən daş heykəllər bu vaxt qəfil gözlərimdə canlanır. Anarı bir an unudub o heykəllərin mükəmməl sırasını görürəm qarşımda.

Sonra...

Sonra sanki bu sıraya o - Anarın özü də əlavə olunur.

Bu cür də yenidən qayıdır reallığa. Söhbətimizə.

- Siz postmodern haqda dəqiq izah verə bilərdinizmi mənə?

Anarın postmodern mövzusunda mənə müraciəti, düzü, çox ruhlandırdı məni. Əvvəla, o bu məqamda yenidən "Siz" müraciətinə qayıtmağı ustalıqla bacardı. Postmodern mövzusunu sanki mənlə işarələdi.

Azca gülümsədim bu dar məqamda.

Gülümsəməyimi də tutdu havadaca.

Cürətlənib 1937-ci ilə qayıtmaq istədim, sanki.

İstərdim, indiki ədəbi qarşıdurmalar elə 1937-ci ildəki kimi olsun. Dramatik olsun. Klassik olsun. Day indiki kimi məişət məzmununda qalmasın. Estetik olsun...bəlkə də qanlı.

- Yox... Mən istəməzdim. Yaxşı ki, o cür olmadı bu dəfə. Elə bu cür oldu.

Anar azca duruxdu. Çox dramatik ikinci görüşümüzü - 1990-cı ilin qanlı Yanvar günləri, Elmlər Akademiyasındakı ikinci görüşümüzü xatırladı.

Açdığım "1937-ci il" mövzusu bu vaxt çox dərinləşdi, bütövləşdi birdən-birə.

Qanlı 1937-dən sonra qanlı 1990-cı il...

1937-də görüşməsək də, 1990-da görüşmüşük. O əzablı günlər... sözsüz, 1937-nin məntiqi davamı idi. Anarın xatirə dəftərimdəki ikinci fotosu da bax, o günlərdə çəkilib.

Hə...ikinci görüşümüz də olub axı. Qanlı Yanvar günlərində. Akademiyanın binasında. Niyə tam unutmuşam onu?

Niyə Anar unutmayıb o görüşü?

Qorxuram, detallara keçim.

Yaxşı ki, Rəşad Məcid bu vaxt qapıdan içəri keçərək ildırım sürətilə aramıza girdi.

1937-nin, 1990-nın qanlı, dramatik havasından bu cür ayılmağımız ikimizə - Anara da, mənə də xoş gəlir, deyəsən. Məmnuniyyətlə Rəşada takılırıq.

Rəşad, deyəsən, görüşümüzə gecikib. Sonra görüşümüz bitmədən, bizi tərk edəcək o. Ancaq söhbətə müdaxiləsi, həəə... düz vaxtındadı.

Vaxt ölçüsü, düzəni, deyəsən, çox dəqiqdi onun.

Bizi bəzi detallardan ayırdı o. Qayıtdıq nisbətən dinc xatirələrə:

- "525-ci qəzet"də işlərkən səni İrəvana göndərdim. Qrant Matevosyandan aldığın müsahibə əlaydı. Robert Koçaryanın pişiyini də divara yaxşı dırmaşdırmışdın.

Rəşad sonra Anara barəmdə əlavə nələrsə danışanda, beynim, qulaqlarım söndü, nədənsə.

Fikrim getdi bayaqdan susan, söhbətimizə əsla müdaxilə etməyən Səlim Babullaoğluya.

O da uşaq deyil. Sərrastdır, atıcıdır. Hiss etdi ki, söhbətə qoşulmaq vaxtıdı.

- Anar müəllim. Rəşad. Sənədlər hazırdı. Biz bu gün ədəbiyyatımızın çox maraqlı məqamını yaşayırıq.

Rəşad da, Anar da bu məqamda qoşalaşdılar, sanki. Eyni adam kimi, eyni mövqedən eyni sözü dedilər.

- Nə sənədlər?..

- Zəmanət-filan lazım deyil... Təqdimatı isə özüm yazdım, - əlavə edir Babullaoğlu.

Bir anlıq sükut fasiləsi Rəşadın xoş təbəssümü ilə yadda qaldı.

Anarın baxışları bu dəfə çox yeniydi. Təzəydi, hətta deyərdim. Elə bil aramızdakı bir maneə, bir alçaq divar arxadaydı artıq.

- Zəmanəti kim verib barəmdə? Səlim?

Səlim, maşallah, eşidir lal sualımı. Başının bircə hərəkəti ilə ürəyimi rahatlayır.

Bu lal söhbətimizi Anar da eşidir, məncə, elə Rəşad da.

Əladı. Deyilməyənləri eşitməyə başladıq.

Demək, söhbətimiz tam alınmışdı.

Qalmışdı dəftərxanadakı darıxdırıcı cari məsələlər. Anarın 30 illik müşaviri Rauf Aslanov da bu vaxt görüşümüzün videokadrına düşdü. Fotosunda əks olundu.

Bioqrafiyam bir başqa abzasa keçirdi indi.

Anarın xoş baxışları, Səlimin dik duruşu, Rəşadın siqareti bir nöqtədə birləşdi bu vaxt.

Tünd boyalarla çəkilmiş Rembrant tablosunu gözlərimdə canlandırdı.

Qalırdı indi bu mənzərəni qəşəng, qızıl çərçivəyə salmaq.

Divardan asmaq.

İstəyirəm AYB müəllifləri, dünya ədəbiyyatı nümayəndələrinin son kitabları haqda ardıcıl televerilişlər edim burda. Sosial şəbəkələrdə...

Ancaq, deyəsən, bu xahişimi heç kim eşitmədi. Hamı bir başqa məqamı bölüşürdü indi.

Anar, Rəşad, Səlim və mən...

İndi bir masa arxasındaydıq.

Fotomuzu çəkənlər də vardı bu kabinetdə.

Masa üzərində unutduğum kağızda isə məni AYB-yə gətirən səbəblər bir-bir qeydə alınmışdı:

"44 günlük müharibədən sonra Azərbaycanda heç nə, heç kim, o cümlədən, mən əvvəlki olmayacaq. Olmamalıdır da.

"Qalib xalq, qalib dövlət" modeli yeni ədəbi, mənəvi, bədii standartlar istəyir.

Qələbədən sonra TV və radiolarda miqyas, görüntü, səs, keyfiyyət, ədəbi məzmun dəyişməlidi. İndi bizim qaltanlı səslərə, Levitan səsinə ehtiyacımız var. Qələbə səsinə ehtiyacımız var.

Şəxsən mən, bu qalib, peşəkar, oturuşmuş səsi həyat yoldaşım İlhamiyyə Rzayevanın təkrarsız nitqində, səsində tapmışdım. Xəbərlər, bir mətn kimi, adətən çox ölü olur. Xəbəri diriltmək var.

Onu da gərək peşəkar TV və radio aparıcıları diriltsinlər. Mən o səsi tapmışdım.

Siz isə qələbədən sonra o səsi hələ axtarıb tapmalısınız.

Qələbə dövrü təkcə TV və radiolardan yeni standart, yeni səs, yeni görüntü, yeni rəng palitrası tələb etmir.

Heykəltəraşlar da qələbədən sonra monumental sənət əsərləri ilə meydanlarımızı bəzəməlidirlər.

Ədəbiyyat da əvvəlki standartlarla, havayla yaşaya bilməz.

İlk növbədə bu, elə mənim özümə də aiddi.

İrəvan, sahadakı müharibəni uduzduqdan sonra bizi masadakı müharibə ilə udmaq istəyir. Erməni tərəfi bu gün ədəbi, mədəni müharibəyə üstünlük verir: nəticələr az deyil. Birisi götürüb əl telefonu ilə 44 günlük müharibə haqda film çəkib. Beynəlxalq alımdə səs salıb. Ödülləri düzüb bir-birinin ardınca.

Etiraf edək - güc nazirliklərimiz bu müharibəni uddu. Ancaq mədəni qurumlarımız necə? Bu döyüşdə qalibdirmi?

Sualı özünüz cavablandırın.

Uzun götür-qoydan sonra qərar verdim, ədəbiyyatdakı mövqeyimi daha da dəqiqləşdirim. Ədəbiyyatımızdakı parçalanmanı, daxili müharibəni öz nümunəmdə bitirirəm.

Bizə indi başqa səngərlərdə döyüşmək mühümdü. Əsl düşmənlə döyüşmək lazımdı.

Əsl düşmənlə.

Azərbaycan ədəbiyyatı dünyada, məncə, xüsusi çəkiyə, məna yükünə malikdi.

Birincisi, ən mühümü - bizdə şifahi ədəbiyyat hələ də çiçəklənməkdədir. Düzü, bu, yazılı ədəbiyyat ölçülərinə ziyan da gətirir hərdən. Ancaq razılaşaq: Azərbaycanda meyxana fenomeni son zamanlar yazılı şeir ənənəsini üstələyib. Xalq bu gün şair deyərkən, daha çox meyxanaçıları nəzərə alır. Ölkəmizdəki şou-biznes, toyxana fenomeni də əbədi məzmunludur. Başıbəlalı kinoseriallar kabusu da o cümlədən.

Və ciddi ədəbiyyat, o cümlədən, AYB bu sahədəki məsuliyyətini danmamalıdır.

Yəni indi bizim daxili ədəbi davalarla baş qatacağımız vaxt deyil.

Unutmayaq, bu gün dünyada real, onlayn rejimdə sinədən şeir demək ənənəsi də kiçik istisnalarla, deyəsən, yalnız bizdə - Azərbaycan meyxanasında qalıb. Mirzə Ələkbər Sabir də bir az həm bəhri-təvil, həm meyxanadır, bilənlər bilir. Ancaq bugünkü Azərbaycan filoloji cameəsi Sabiri qəbul edirsə, digər meyxanaçılara hələ də dodaq büzməkdədir.

Gəlin, meyxana janrını süngüylə qarşılamayaq.

Tam tərsinə, bu janrın da leqallaşması, leqitimləşməsi, hətta Azərbaycan Yazarlar Birliyi ilə dialoqa başlaması, məncə, ədəbi həyatımızın vacib məsələlərindən biridir.

Sabir bu cür şeirlərlə Səttarxan inqilabını alovlandırmışdı. İndiki Təbrizdə də meyxanaya ciddi siyasi, inqilabi sifariş var. Ancaq o göydədir hələ. Reallaşmağı vacibdi. Günün tələbidir. Təbrizdəki Məşrutə inqilabı ənənələri şeirlə, Sabir şeiriylə bağlıdır.

Davamçılarına bu gün kəskin tələbat yaranıb. Şeirsiz, meyxanasız Güneydə inqilab olmayacaq.

Dəqiq qənaətimdi. Dəqiq.

Azərbaycan ədəbiyyatında ta qədimdən iki saray ədəbiyyatı qarşı-qarşıya dayanıb: biri xərabət sarayıdır, digəri şah şeir sarayı. Azərbaycan yazarlarının son nəsli, o cümlədən, mən meyxanaçılar, andeqraund şairlər kimi əvvəllər xərabət sarayındaydıq. Saqimizi ordakı sınıq kuzələrdən doldururduq.

İndi iki saray birləşməlidir.

Bu gün mən "kütləvi ədəbiyyat, kütləvi mədəniyyət"ə qarşı səfərbərliyə çağırardım. Özümüz də bilmədən, ehtiyatsızlıqdan biz bu cini şüşədən buraxdıq. Onu şüşəyə qaytarmaq, vallah, çətin görünür mənə.

Bu gün hamı şairdi. Yazardı. Bloqerdi. TV aparıcısıdı.

Ədəbiyyat da kütləviləşir. Korrektorsuz, redaktorsuz, oxucusuz romanlar kitab dükanlarında, rəflərində tıxac yaradır.

Kütləvi ədəbiyyat kabusu ilk olaraq elitarlığı, ədəbi münsiflər heyətini şübhə altına alır.

Keyfiyyətsiz məhsulla beyinləri sıfırlayır.

Azərbaycan klassisizminin buna qarşı bircə səngəri, cavabı var - AYB.

Qərara gəldim, yerdəyişmə edim öz ədəbi mövqeyimdə.

Babullaoğludan, AYB-dən gələn dəvətə müsbət cavab göndərim.

Bioqrafiyamda yeni abzas açıram...

# 4119 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #