Ədəbi suprematizm:  Bir həyat tarixçəsinə düzəliş cəhdi

Ədəbi suprematizm:  Bir həyat tarixçəsinə düzəliş cəhdi
28 fevral 2020
# 16:45

Kulis.az Əli Şirin Şükürlünün "Ədəbi suprematizm: Bir həyat tarixçəsinə düzəliş cəhdi" şeirini təqdim edir.

Fərz edək adam
zaman boyu qayıdıb geri
düzəliş eləyə bilir hadisələrə -
nə baş verər, görəsən?

Cavab üçün gərək
sadə bir əhvalat seçək əvvəlcə,
təxminən bitmiş bir həyat tarixçəsi,
dəyişək yaxud silək
hansısa hadisəni və ya hadisələri
bu həyat tarixçəsində.

Bir həyat tarixçəsi:
İki nəfər. Kişi və Qadın –
belə baxanda, həyat var a həyat
bu ikilik üzərində qurular əslində.

Beləliklə, iki nəfər.
Hadisələr ardıcıllığını keçirək nəzərdən –
nə bilmək olar, əsl gerçəklər
ədədlər arxasında gizlənib bəlkə də:
1 - Təsadüfən rastlaşdılar.
2 - Tanış oldular.
3 - Sevdilər bir-birini.
4 - Ömürlük bir yerdə olacaqlarına söz verdilər.
5 - Övladları oldu. Olmaya da bilər, fərqi yox.
6 - Onları, yəni övladları, varsa əgər, sevdilər özlərindən çox,
yoxdusa, başqa bir şey, bəlkə də heç nə doldurar o boşluğu.
7 - Anladılar ki, sevgi bir o qədər vacib deyil,
əsas səmimiyyət, bir-birinə dərin hörmət və ehtiramdı
8 - Arabir darıxmağa başladılar bir yerdə ...
9 - Bir yerdə qocaldılar. Məntiq naminə
bu hadisəyə bir fraza da əlavə olunmalıdı:
və ya yolları ayrıldı hardasa
10 - Və öldülər nəhayət;
bəyənilməsə də, yəqin və yeganə gerçək hadisədi ölüm
və bu hadisədə heç bir ehtimal işə yaramaz, bunu hamı bilir.
Hamı bunu da bilir ki, “hər nəfəsalma addım səsləridi ölümün”.

Beləcə, iki nəfər ...
və bitdi bir həyat tarixçəsi.
Bütün hadisələr
ikiölçülü müstəviyə köçürsək
iki adamın – Kişi və Qadının
iştirakından ibarət
bir əhvalata çevrilər hardasa.

İndi qayıdıb geri,
diqqətlə və ardıcıl keçirib nəzərdən
1-dən 10-dək bütün hadisələri
bu sadə hekayədə, sonra deyin:
Hansı və ya neçənci hadisəni
və ya hadisələri dəyişmək olar
bu (və ya hər hansı başqa bir) həyat tarixçəsində?

... - 02.02.2020

# 4324 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər