Hüseyn Dərya müəmması: intihar, qəsd, yoxsa qəza? - İnanılmaz faktlar

Hüseyn Dərya müəmması: intihar, qəsd, yoxsa qəza? - İnanılmaz faktlar
15 mart 2023
# 21:00

Kulis.az məşhur reper, 38 yaşında dünyasını dəyişən Hüseyn Dərya haqqında maraqlı faktları təqdim edir.

Hüseyn Dərya 1975-ci il iyunun 29-da Suraxanı rayonunun Bakıxanov qəsəbəsində doğulub. Ailədə 5 uşaq olublar - 3 bacı, 2 qardaş. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə alıb. Bəzi məlumatlara görə, Hüseyn orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, ali təhsildən imtina edib.

***

Qarabağ müharibəsində də iştirak edən Hüseyn Dərya 4 il 2 ay hərbi xidmət çəkib.

Gallery

Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən deməyə başlayıb. İlk dəfə meyxana və muğamla repi sintez edib. Sənətçinin karyerasında yüksəliş 2000-ci ildən başlayıb. İfa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Hüseyn Dəryanın diskoqrafiyasına 3 studiya albomu daxildir.

***

Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda Məmmədovadan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var.

Gallery

Sevda Məmmədova ilə 2002-ci ildə tanış olublar. Sevda xanım müsahibələrinin birində xatırlayır: O, birinci prodüseri İdrislə idi, ayaqqabısını təmizlətdirirdi. Həmin dönəmdə televiziyadakı "Musiqili meydan” verlişində Hüseynlə Elşad Xose yarışacaqdılar. Mən də onların yanından keçirdim. O an İdris məni saxladı və soruşdu: "Sizin fikrinizcə, kim daha yaxşıdı, Xose yoxsa Dərya. Mən isə "Elşad Xose” deyə keçib getdim. Mən onda heç Hüseyni yaxşı tanımırdım. Ümumiyyətlə, rep musiqisini sevmirəm və başa düşmürəm. Gündüz saat 3-4 ərəfələrində yol gedərkən arxamca addım səsləri eşitdim. Döndüm baxdım ki, Hüseynlə İdris gəlir. Hüseyn onda mənə yaxınlaşıb soruşdu: ”Xanım, siz məni niyə bəyənmirsiniz?”. Mən isə "bəyənmirsiniz deyəndə ki, bu tərz musiqiləri sevmirəm” dedim. Və beləcə tanış olduq. Mənə 2 bilet verdi. 1 həftə sonra konsertinə getdim. Bir-birimizi sevirdik və evlənmək qərarına gəlmişdik. Amma ailələrimiz buna qarşı çıxdı. Daha sonra Hüseyn mənə dedi ki, "gəl qaçırım səni”. Beləcə biz evləndik. Daha sonra qızımız Ayşə doğuldu. Ayşənin adını Hüseyn özü qoyub”.

Gallery

Hüseyn Dəryanı tamaşaçılara sevdirən “Keyf elə” mahnısı olur. Bundan sonra o, karyerasının ən uğurlu hissəsinə qədəm qoyur. Lakin, narkotikdən istifadə asılığı ona ciddi zərərlər vurur, ailəsi dağılır, özü isə həbsə düşür. Birinci xanımı Sevdanın sözlərinə görə onların ailəsinin dağılmasına səbəb isə Hüseynin ikinci dəfə ailə qurduğu Sona adlı qadın olur: Mən onu müalicə edir, həmişə yanında olurdum. Neçə illər dözdüm ki, qızım atasız qalmasın. Bizim ayrılığımıza səbəb Sona İbadova oldu. Sona bizim ailəmizi dağıtdı, yuvamı yıxdı. Sona guya Hüseynin pərəstişkarı idi. Hüseynə tez-tez zəng edir, mesaj yazırdı. Mən nə qədər yoldaşımı sevib, ona aşiq olsam da, axırda Hüseynə dedim ki, get, o Sona, o da sən, mən səndən ayrılıram”.

***

Hüseyn Dəryanın ikinci evliliyindən bir oğlu olub. Lakin bu evlilik də uğurlu olmayıb. Həyat yoldaşı Sona ondan boşanaraq oğlu ilə birgə anasının evinə gedib. Müsahibələrinin birində Sona İbadova keçmiş əri Hüseyn haqqında deyir: “Onun başı xarabdır. O görür ki, mən onu saymıram, onunla münasibətlərə son qoymuşam. Ondan boşandım, boşandığın adamla sonra münasibəti məgər saxlayırlar? Hətta onun əlindən telefon nömrələrimi də dəyişmişəm. Ondan sonra yeni bir həyata başlamışam”.

Gallery

Hüseyn Dərya həmkarları Anar Nağılbaz, Elşad Xose ilə əvvəllər dost münasibətdə olsa da, sonra da aralarında gərginlik yaranıb. Onlar son günlərinə qədər bir-birləri ilə küsülü olublar. Tanınmış reper Anar Nağılbaz Hüseyin Dəryanın ölümündən sonra onun dəfnində iştirak edib və sosial şəbəkədə fikirlərini bildirib: Bu dəqiqə bir xəbər eşitdim, inanmaq istəmirəm, vallah heç zaman heç kimə biz pislik arzu eləməmişik! Əgər elədirsə, Allah rəhmət eləsin! Allah ailəsinə səbr versin! Hüseyn Dəryanın sənəti haqqında hər zaman yaxşı fikirlər dilə gətirmişəm, yeni tərz, üslub etdiyini demişəm, çalışmışam bacardığım qədər kömək, dəstək olum, qalmaqalları öz adıma yazıb onu bu yola qızışdıranlardan uzaq edim. Vallah çox pis oldum! Allah mərdüməzarlara lənət eləsin! Allah sənə rəhmət eləsin, Hüseyn! Sən AzRepə öz töhfələrini verdin!"

***

Hüseyn Dərya narahat həyat yaşadığını və doğulduğu üçün peşmanlığını verlişlərin birində belə cavablandırırb "Doğulmağıma peşmanam. Bəlkə də dünyaya gəlmə ixtiyarım öz əlimdə olsaydı, Allaha yalvarırdım ki, məni yaratmasın. Zəng vurub məni ölümlə hədələyiblər. Amma mən öləcəyimə sevinən insanam".

Gallery

Hüseyn Dəryanın özünün sözlərinə görə həyatı boyu dəfələrlə intihara cəhd edib. Bir dəfə isə özü bu bərədə etiraf edib: "İki həftə dayanmadan gündə beş dəfə intihar planlamışam. Mən yaşadıqca hələ çox göz yaşı tökəcəm, mənim yaşadığım hər bir gün cəhənnəmə gedəcəyim bir addımdır".

***

Həbsdə olanda onun fanatlarından biri məhkəməyə gəlib reperin üzünə duran yalançı şahidin başına butulka vurub.

***

2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında dünyasını dəyişib.

Gallery

Birinci həyat yoldaşının sözlərinə görə Hüseyn Dərya qəza keçirəndən sonra xəstəxanaya aparılıb. Orada onun əməliyyat olunmasına qərar verilib. Lakin, astma xəstəsi olduğu üçün ona narkoz vermək olmazmış. Onun ölümünə səbəb də elə bu fakt olub. Narkoz verilən kimi Hüseyn dünyasını dəyişib.

***

Deyilənlərə görə, Hüseyn vəfat edəndən sonra onun nəşini morqdan çıxaran zaman Hüseynin səsini eşidiblər. Bu iddianı isə Fəxrəddin Sadıqzadə irəli sürüb: “Hüseyn Dərya morqdan çıxarılan vaxt mən orada idim. Cənazəni yaxınlarına təhvil verəndə çəkiliş aparırdım. Hüseyni maşına qoyanda bir xırıltı eşidildi. Əvvəlcə şoka düşdüm. Elə bildim ki, bu səsi tək mən eşitdim. Bir neçə saniyə sonra Hüseyn Dəryanın həyat yoldaşı Sona xanım da “bu, Hüseynin səsidir” dedi”.

# 40176 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #