Əlisəmid Kür: “Polislər qələmimi əlimdən alıb apardılar” – Müsahibə

Əlisəmid Kür, şair

Əlisəmid Kür, şair

8 fevral 2022
# 21:00

Bu gün şair Əlisəmid Kürün doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onunla müsahibəni oxucuların diqqətinə çatdırır.

- Əlisəmid bəy, müsahibəyə o sualla başlamaq istəyirəm ki, siz gündəmdə qalmaq üçün heç nə etməsəniz də həmişə sizdən danışılır. Bunun səbəbi nədir?

- Əvvəla, Qarabağ zəfəri münasibətilə hamını təbrik edirəm. Başımızın tacı olan Şuşanın azad edilməsindən sonra ilk dəfə görüşürük, ona görə səni də, bütün Azərbaycan xalqını da təbrik edirəm. Keçək sənin sualının cavabına. Elə müharibə təzə başlayanda, sizin saytınız sorğu üçün məndən açıqlama aldı. Sorğuda Azərbaycan əsgərinə nə demək istədiyimizi soruşdular. Bircə cümlə dedim: “Bütün əsgərlərimizin ayaqlarından öpürəm!” Bu bir cümləm elə başlığa çıxarıldı, çox adamlar da bu cümləni bəyənib paylaşdı. Həmən anda o cümləni deyəndə çox qəhərlənmişdim. Yəni, hər şey təbii olanda daha gözəl olur.

Elə döyüşlər zamanı “Vətən yaxşıdır” mahnısını oxuyan şəhid Xudayar buna ən yaxşı nümunədir. O mahnını ondan əvvəl də neçə adam oxumuşdu, amma o bircə dəfə oxudu və elə gözəl, elə səmimi oxudu ki, o sevgini qazandı, hətta mahnıya da onun adı verildi, “Xudayar təsnifi”. Çünki o, öz taleyini oxudu. Mən də yazdıqlarımı taleyin öhdəsinə buraxmışam, yazdıqlarım özləri özünə yer tapır deyə haqqımda həmişə danışılır.

- Təzə şeirlər yazırsınız?

- Mən ömrüm boyu hər gün, hər saat, hər dəqiqə yazmaqla məşğulam. Bax elə indi sənlə söhbət eləyəndə də şeir yazıram. O proses həmişə beynimdə gedir.

- Bəs niyə kitab çap etmirsiniz? Axırıncı dəfə kitabınız nə vaxt çap olunub?

- Axırıncı dəfə kitabım 2014-cü ildə heç özümün də xəbəri olmadan Təbrizdə çap olunub.

- Burada niyə çap eləmirsiniz?

- Kitaba qaçmaq, kitab üçün tələsmək lazım deyil. Azərbaycanda axırıncı dəfə kitabım 2004-cü ildə çıxıb. Adı da “Çaylar məcrasından çıxanda” idi.

- Yaxınlarda kitab fikriniz yoxdur?

- Dəyərli yazıçımız Afaq Məsud mənə deyib, bir kitabımı hazırlayım, mən də hazırlamışam. Çap olunacaq. Mən bir az o cəhətdən xəsisəm, istəyirəm, kitabın sanbalı olsun. Oxucu özü istəməlidir, gözləməlidir. Bax, məsələn, bilirəm ki, sosial şəbəkələrdə oxucular mənim illər əvvəl yazdığım şeirləri tez-tez paylaşırlar. Bu daha yaxşıdır. Qələbədən sonra Qarabağ haqqında yüzlərlə şeir yazıldı, amma Qarabağa aid ən gözəl şeiri Ali Baş komandanımız İlham Əliyev yazdı. Əsər yaratdı e, o! Mən də bir şeir yazdım, orda belə bir yer var:

Mən burdayam, gəlmişəm! –
Belə demişdi Əmir Teymur,
Firdovsinin məzarı başında.
Belə dedi Ali baş komandan,
Dağıdılmış Ağdam məscidinin qarşısında –
Mən burdayam, gəlmişəm!

Şuşada da bunu dedi. Bu cümlənin özü bir şeirdi elə: “Mən burdayam, gəlmişəm!” Tarixin yazdığı şeirdi bu.

- Qarabağdan danışmışkən... Bu münaqişənin ardını necə görürsünüz? Sizcə, nə vaxtsa ermənilərlə dostlaşacağıq?

- Erməni kimdi ki? Bizlə normal yaşamağı öyrənməyə məcburdurlar. Pis qonşudur da, neyləyək? Ya gərək Badamdardakı kimi sürüşmə olsun, bizdən aralansın, ya da özü çıxıb getsin. Tanrı hər şeyi yaxşı görür. Onu da deyim ki, biz özümüzü çox abırlı apardıq, həm bu 30 ildə, həm də qələbədən sonra. Heç nəyə baxmayaraq ruh yüksəkliyimizi qoruduq. Ən böyük yüksəklik ruh yüksəkliyidir. O ruh yüksəkliyinin hesabına Qarabağdakı yüksəklikləri işğaldan azad edə bildik. Çox böyük millətmişik, çox! Erməninin bizimlə dostlaşacağına isə inanmıram. Çünki onlarda sevgi yoxdur. Sevgisiz millətdir ermənilər. Ona görə də məhv olmağa məhkumdurlar.

- Sosial şəbəkələrə, “Feysbuk”a niyə girmirsiniz?

- Mənlik döyül e! Qoy bir adam da belə olsun. Feysbuka girməsin, amma orada daim ondan nələrsə paylaşsınlar. Bu da maraqlı bir şeydir də.

- Siz həmişə çılğın xarakterinizlə tanınmısınız. İndi də o çılğınlıq qalıb sizdə?

- Buna aid Nəriman Əbdülrəhmanlı mənim 60 illiyimdə yazmışdı. Adı belə idi yazının: “Dəliqanlılıqdan müdrikliyə”. Nəriman 30 ildir məni tanıyır, 6 il bir yerdə işləmişik. Mənim haqqımda yazılan ən gözəl yazılardan biri idi.

- Yəni müdrikləşmisiniz, o çılğınlıq itib?

- Çılğınlıq nəyə deyirsən? Mən həmişə haqsızlığa qarşı etiraz edirəm, dözə bilmirəm. Nəsə bir haqsızlıq görəndə üstünə düşürəm. Məsələn, hərdən oğlumun profili ilə “Feysbuk”a baxıram. Orda görsəm ki, kimsə mənə aid pis nəsə yazıb, başlayacam o adamı axtarmağa. Yazıçıların 9-cu qurultayında Vaqif Səmədoğlunun adının qarşısında idarə heyətindən kimsə xətt çəkmişdi. Qurultay zamanı Vaqif Səmədoğlu əlinə mikrofonu alıb dedi, məni idarə heyətindən çıxardın, amma mənə maraqlıdır ki, mənim adımın üstündən xətt çəkən o bir nəfər kimdir? Mənim də belə pis xasiyyətim var. Kimsə mənə aid pis nəsə yazsa, desə, başlayacam o adamı axtarmağa. O dəfə oğlum Qorqud şeirimi səsləndirib, video kimi paylaşmışdı, 1800-dən çox adam bəyənmişdi, təkcə iki nəfər “bəyənməmək” işarəsi qoymuşdu. Birinin kim olduğunu təxmini bilirəm, mənə maraqlıdır ki, o ikinci adam kimdir də. Xoflu deyiləm e, amma sənin mənnən nə işin var axı?!

- Sizə aid çoxlu lətifələr, maraqlı əhvalatlar dillərdə dolaşır. O əhvalatlar, lətifələr doğrudanmı baş verib?

- Onların 99 faizi düpbədüzdür! (gülür) Gəl sənə iki dənə də anekdot danışım. Salyanda əməliyyat olmuşdum. Murad Köhnəqala, Salam Sarvan, Tahir Kazımlı xəbər tutub mənə zəng elədilər. Tahir dedi, camaat əməliyyat üçün Almaniyaya, Türkiyəyə, ən azı İrana gedir, sən də getmisən Salyana. Mən də qəfil cavab verdim ki, onlar o ölkələrdə əməliyyat olub pul ödəyirlər, məni Salyanda əməliyyat eləyib özümə pul verirlər, ona görə bura gəlmişəm (gülür). Belə gülməli əhvalatlar çoxdur.

- Toyda nəmər lətifəsi var e. Guya sizin əvəzinizə bir neçə adam pul yazdırıb, siz də gedib toy yiyəsi ilə dalaşıb pulunuzu istəmisiniz. O da düz söhbətdir?

- Onu bala Kəramət (Böyükçöl – U.A.) düzəldib, bəzəyib, amma yaxşı düzəldib (gülür).

- Olmayıb elə şey?

- Bilirsən necədir? Çox vaxt toylarda mənim imkanlı yazıçı dostlarım özləri mənə deyirlər ki, sənin əvəzinə də pul yazdıracağıq. Mən də yalandan deyirəm, ehtiyac yoxdur, əvəzimə pul salıblar. Elə deyirəm ki, yəni gətir özümə ver də pulu! (gülür)

- İçkiylə bağlı lətifələr də çoxdur sizin haqqınızda. Ümumiyyətlə, əksər şairlər çox içki içən olur. Yəni şairin içki içməsi mütləqdirmi?

- Sənə deyim, mən heç vaxt içkili başla şeir yazmamışam. Olub e, bir-iki misra yazmışam, amma sonra o misraları da mütləq ayıq başla redaktə eləmişəm, düzəltmişəm. İçki mənim üçün eləcə bir ovqatdır. Yoxsa içki nədir ki?

Bax elə sənlə müsahibə qurtarandan sonra, gedib bir yerdə içəcəyik.

- Həbsdə olduğunuz illəri necə xatırlayırsız?

- Həbsdən çıxmağımın üstündən 20 il keçir. İki il həbsdə oldum, amma deyim ki, o iki ilin bir ilini çölə çıxa bildim. Bunu o vaxt demək olmazdı, indi demək olar. Hətta, mən şəhərə çıxanda “Mixaylo şəhərdədir” başlığı ilə yazı yazırdılar. Şair dostlarım məni çox istəyirdilər, mənə inanırdılar. Qəzetlər gəlib məndən müsahibə götürürdü. Həbsdə ola-ola “525-ci qəzet”də, o biri qəzetlərdə şeirlərim çap olunurdu. Dostlarım mənim üçün həbsxanaya çox ayaq döyüblər. Allah rəhmət eləsin, Zəlimxan Yaqub üç dəfə dalımca ora gəlib, Aqil Abbas da. İnanıblar mənə, mən də yəqin onların inamını doğrultmuşam.

- Həbsxananın dəlixanasında da olmusuz. Orada qələminizi əlinizdən almağa çalışıblarmış. Elə bir söhbət olub?

- Hə... Həbsxananın dəlixanasında polislər girib otaqlarımızı “şimon” eləyirdilər ki, artıq nə tapsalar götürsünlər. Qələmimi də götürdülər. Oraları ayağa qaldırdım ki, mənim qələmimi qaytarın! Təzə həkim gəlmişdi onda. Mənim dəli olub-olmadığımı yoxlamalı idi. Apardılar onun otağına. Onunla söhbət elədik. Qabağımdakı dəftər vərəqlərinin nə olduğu soruşdu. Dedim şeirlərimdir, istəyirsən birini oxuyum. Dedi, oxu. Oxudum. Köynəyini çirməyib mənə qolunu göstərdi. Tükləri biz-biz olmuşdu. Qələmimi də, dəftərimi də qaytardılar mənə.

- Maraqlıdır, Əlisəmid bəy, dünyasını dəyişmiş, ya hansısa başqa səbəbdən görüşə bilmədiyiniz hansı dostunuz üçün darıxırsınız?

- Dədəm üçün darıxıram. Hərdən onunla elə danışmaq istəyirəm ki...

- Fəxri adlara münasibətiniz necədi? “Xalq şairi” adını almaq istəyərdiniz?

- İki “Xalq şairi” və digər fəxri adları olan dostumla Əzizə Cəfərzadənin qızının vida mərasiminə gedirdik. Uzun bir yolu piyada getməli olduq. Yol boyu neçə tanımadığım adam “Şair, necəsən?” deyib mənə salam verdi. Elə fəxri adların verildiyi ərəfə idi. Təxminən iki il bundan qabaq. Yolda neçə adam məni gördü, salam verdi. Bir dostumuz qayıdıb dedi ki, əsl xalq şairi sənsən. Mən də dedim, şübhə eləyirdin?

Bu adlar-filan ötəri şeylərdi. Xalq şairi adı almaqla deyil ki, onu gərək qazanasan.

- Bəs sizcə, bu ada layiq olub almayan imzalar var?

- Ölümündən sonra Əli Kərim, Akif Səməd, Eldar Baxış və Şaiq Vəlinin bu adı almasını istəyərdim. Bunlar elə əsl xalq şairləridir.

- Bəs özünüz?

- Özüm də bu ada layiqəm. Çıxaq xalq şairi adını almış şairlərlə ölkənin hər yerinə gedək, indi bir azdan Şuşaya gedəcəyik də, görək Şuşada kimin qabağına qaçacaqlar. Aqil Abbas onsuz da xalq yazıçısıdır da, nə olsun bu adı almayıb. Bütün günü elin, obanın içindədir. Kamal Abdulla “Xalq yazıçısı” adını almadan da xalq yazıçısı idi. Afaq Məsud da bu addan qabaq elə xalq yazıçısı idi. Gərək o ada layiq olasan.

Yadıma düşür, 1983-cü ildə İncəsənət İnstitutunda Gülhüseyn Hüseynoğlunun 60 illik yubileyinə getmişdik. Məclisin aparıcısı İsmayıl Şıxlı idi. Biz də onda tələbə idik, aparmışdılar tədbirə. Xəlil Rza da orda idi, Azər Turan da. Xəlilə çıxış vermirdilər, nəsə birtəhər söz aldı, çıxdı tribunaya. Çıxışına da bu cümlə ilə başladı: “Mən Gülhüseyn Hüseynoğludan bir misra da oxumamışam”. Etirazlar başladı ki, bir misra da oxumamısansa, nəyə çıxmısan tribunaya?! Xəlil bəy yüksək səslə cavab verdi: “Çıxış eləməyə!” və çıxışını elədi. Gülhüseyn Hüseynoğlu Xalq yazıçısı idi e. Deməyim odur ki, addan əvvəl, həqiqətən xalqın sevgisi olmalıdır.

- Sizcə, Ramiz Rövşən böyük şairdir?

- Ramiz Rövşən Azərbaycanın böyük şairidir.

- Sağ olan yaşlı şairlərdən ən çox sevdiyiniz kimdi?

- Vaqif Bayatlı Ödər!

- Bəs gənclərdən?

- Sənsən, Aqşin Evrəndi, bir də Eminquey Akifdi.

- Məni yalandan deyirsinizsə, müsahibədə verməyəcəm.

- Mən heç dədəmi yalandan tərifləmərəm.

- Sizcə, poeziya nədir?

- Poeziya düşüncənin üstünə ütü çəkməkdi, onu sığallamaqdı.

- Poeziyamızın indiki vəziyyəti sizi qane edir?

- Bizim poeziyamız həmişə güclü olub, indi də güclüdür.

- Bəs nəsrimiz?

- Nəsrimiz də pis deyil, amma çox yazırlar e. İldə 3 roman yazmaq olar? Mənim bir dənə pyesim var, neçə ildir yekunlaşdırıb onu tamaşaya çıxara bilmirəm. Bütün teatrlar da məni tanıyır. Gənclərə məsləhətim odur ki, çox çap olunmaqdan qaçsınlar.

- Şairin xarakterində hansı xüsusiyyət mütləq olmalıdı, hansı yox?

- Sevgi olmalıdır! Şair özü olmalıdır! Evinin içindəkiləri, sonra məhəllədəkiləri, qonşuları, kənddəkiləri, rayondakıları, ölkədəkiləri sevməlidir. Hansı xüsusiyyət olmamalıdır sualına cavabım isə eyhamdır. Şair gərək eyhamçı olmasın. Şair gərək sözünü necə var, elə desin, açıq. Eyhamçıdan heç vaxt şair olmaz. Bizim yazıçıların hərəsində bir şey çatışmayıb. İsa Hüseynov, Ənvər Məmmədxanlı... Çoxdur gözəl imzalar, amma hərəsində hansısa bir xüsusiyyət çatışmayıb. Gərək xarakter də yaradıcılıqla bütünlük yarada. Biri qeybətcil olur, biri eyhamçı, ona görə, xalqın sevgisini tam qazana bilmirlər. Ya da elə yaşlı yazıçılar var ki, hansısa gənc onu tənqid eləsə, düşürlər həmin gəncin üstünə, nə bilim, qovur, işdən çıxarır. Əşi, deyib-deyib də! Cavan uşaqdır, nə olar ki?! Mən həbsxanadan çıxandan sonra haqqımda bir dənə də pis nəsə yazan olmayıb. Məndən qorxurlar? Buynuzum yoxdur ki... Özünü elə apar, səndən də pis şey yazmasınlar da.

- Əlisəmid bəy, həm Aşıq Ədalətə, həm də Markesə oxşayırsınız...

- Bir dəfə şair dostlarım Aydın Uluxanlı və Mübariz Məsimoğlu ilə Xaçmaza getmişdik. Orada yol kənarında bir kafedə oturduq. Gördüm, ofisiantlar-filan, hamı məni görüb əl-ayağa düşdü. Sən demə, məni Aşıq Ədalətə oxşadıblarmış. Axırda gəlib özümüzdən soruşdular ki, bəs siz Aşıq Ədalətsiz? Dostlar dedi, yox, bu, Əlisəmid Kürdür. Ofisiantlardan biri tez o birinə dedi ki, görürsən, sənə deyirəm axı, bu Aşıq Ədalətdirsə sazı hanı?! Bax belə hadisələr çox olub. Qabriel Qarsiya Markesə də oxşadanlar olub. Markes çox sevdiyim yazıçılardandır.

- Əlisəmid bəy, təşəkkür edirik və bir daha doğum gününüz münasibətilə sizi təbrik edirik.

- Çox sağ olun!

2021

# 12916 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #