Liftin düyməsini ayağı ilə basan azərbaycanlının beyin analizi

Liftin düyməsini ayağı ilə basan azərbaycanlının beyin analizi
1 aprel 2020
# 13:51

Koronavirus bütün dünyanı təsiri altına alıb. Dünyada ölüm halları gündən günə, hətta saatdan saata artır. İnsanlar iş yerlərini, qazanc qapılarını bağlayıb hökumətin çağırışına əməl etməyə çalışır.

Vəziyyət bu qədər ciddi ikən təkcə özümüzü deyil başqalarının da sağlamlığını düşünməli, həyatları təhlükəyə atmamaq üçün lazım olan diqqəti göstərməliyik. Amma təəssüflər olsun ki, bu qədərini belə etmirik. Ölkəmizdə sosial izolyasiyanı, ictimai məsuliyyəti anlamamaqda israr edən insanlar var. Bir də ancaq özünü düşünüb başqalarının həyatını təhlükəyə atdığının fərqinə belə varmaq istəməyən qıt zehniyyətə malik olanlar var.

Sosial şəbəkədə yayılan videoda liftin düyməsini ayağı ilə basan şəxs kimi. Həmin şəxsin liftin düyməsini ayağı ilə basması təkcə ictimai qaydanı pozmaq deyil, həm də toplumsal məsuliyyətin olmamasıdır. BP-nin əməkdaşı Z. Paşayev olduğu iddia edilən bu şəxsin hərəkəti mənə “2012” filmindəki fəlakətdən xilas olmaq üçün gəmiyə çatmağa çalışan yekəqarın biznesmeni xatırladır. Belə yerdə emprizmin banisi Frensis Bekonun sözü yerinə düşür: “Yalnız özünü düşünən insan, yumurtasını bişirmək üçün qonşusunun evini yandırar”.

Yəqin həmin şəxs də elə hesab edir ki, dünya bu virusa məğlub olsa yer üzündə sağ qalmağı haqq edən tək-tük insanlardan biri də özüdür. Şəxsin qorxusunu, “Nuhun gəmisinə” yetişmək çabasını yeniyetmə səviyyəsində sərgiləməsi bir daha onu göstərdi ki, dünya əslində virusa görə deyil, empatiya hissini itirən insanlara görə məhv olmaq istəyir.

Kameraya tuş gəldiyi üçün aqressiyamıza səbəb olan bu şəxs çox güman ki, tək deyil. Hər gün müxtəlif yerlərdə başqa insanların həyatını düşünmədən bu cür hərəkətlər edən onlarla insan var. Gözümüzün görmədiyi, amma var olan bu insanlarla mübarizə aparmaq çox çətindir. Bizi həmişə dövlət, polis, həkim idarə edə bilməz.

Məsələn bu günlərdə küçələrə eyvandan zibil tullayan insanlar da görmək mümkündür. Virusun qorxusundan zibil yeşiyinə qədər məsafəni qət etməyi həyati risk hesab edən vətəndaş, küçədən keçən insanların həyatı, sağlamlığı haqqında düşünmək üçün bir saniyəsini belə sərf etmir.

Unutduğumuz çox incə bir məqam var. Dünyanı sınağa çəkən koronovirus insanlar arasındakı fərqi dümdüz edib.

Bu bəlaya hamı tutula bilir və heç kimin ondan qaçış yolu hələ ki, tapılmayıb. Belə bir məqamda liftin düyməsini ayaqla basmaq virusla mübarizə üsulu deyil. Həyatımız hazırkı vəziyyətdə bumeranqdır. Ölüm küçələrdə yeriyən insanların nəfəsində, yanaqlarında, ayaqlarının altında, üst-başında gizlənib yoluxmağa adam axtarır. Unuduruq ki, ayağımız ilə basdığı düyməni əli ilə basan onlarla insana bulaşan xəstəlik yayıla-yayıla öz evimizə daxil ola biləcək gücdədir.

Empatiya, səbr və anlayış qavramlarının bəlkə də ən çox ağlımızı qarışdırdığı fəlakət ssenarilərinin içərisindəyik. Koronovirus insanları insanlıqdanmı çıxarır? Bu suala birmənalı cavab vermək olmur. Çünki ayağı ilə liftin düyməsini basan insanla müqayisə edəcək duyarlı insanları da görürük. Məsələn bir neçə gündür şəxsi hesabına qoruyucu maskalar tikib, küçə-küçə dolaşıb insanlara təmənnasız təqdim edən gəncin bu sosial məsuliyyəti ürəklərə sərinlik gətirir.

Vəzifəsindən, mövqeyindən, maddi vəziyyətindən, cinsindən, irqindən asılı olmayaraq bu gün hamımızın sosial, ölkədaxili, beynəlxalq məsuliyyətimiz var. Xüsusilə də fərd olaraq sosial ortamlarda etdiyimiz hər bir davranışın başqalarına təsir edəcək nəticələrini göz ardı etməməliyik. Başqalarının yanlış davranışları bizim həyatımızı təhlükəyə ata bildiyi kimi, bizim də məsuliyyətsiz davranışlarımız başqalarının həyatı üçün təhdid ola bilər.

# 6500 dəfə oxunub

Oxşar xəbərlər

Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
Bu sənətçilərin fəxri adları əllərindən alındı

Bu sənətçilərin fəxri adları əllərindən alındı

10:38 23 noyabr 2024
# # #