Bura əvvəl kazino idi... - Kukla Teatrının binasının tikilməsinə kim etiraz etmişdi?

Bura əvvəl kazino idi... - Kukla Teatrının binasının tikilməsinə kim etiraz etmişdi?
11 avqust 2021
# 09:00

Pandemiyaya qədər qəti fikir formalaşmışdı ki, insanlar müasir texnologiya üzərindən qurulan ünsiyyətin əsarətindədir. Burda hər nə qədər həqiqət payı olsa da, pandemya dönəmində evlərinə qapadılmış və yalnız virtual kontakt saxlayan insanlar dərin mənəvi-psixoloji böhrana girdi. Əsas nədənlərdən biri canlı təmasa ehtiyac idi. Çünki heç bir texnoloji yenilik, inqilab insan təbiətinin təməl prinsiplərini dəyişdirə bilməz. Həmçinin, onun sosiallaşma, azadlıq ehtiyacını...

Fərdin mənəvi ehtiyacını ödəyən, ona ən azı emosional təcrübə təklif edən filmi, tamaşanı, sərgini, konserti canlı izləməyi də virtual ünsiyyət əvəz etmək gücündə deyil. Xüsusən uşaqlar üçün. Bu mənada ölkədə uşaqlar üçün əvəzedliməz məkanlardan biri heç şübhəsiz ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıdır.

Bu il Kukla Teatrının 90 illik yubileyidir. O səbəblə teatrın tarixi və bu günü ilə bağlı bəzi vacib məqamlara toxunacam.

Ondan başlayım ki, Kukla Teatrının yerləşdiyi bina polşalı mühəndis İosif Ploşkonun layihəsi əsasında tikilib. 1909-cu ildə “Fenomen” adlı kinoteatrın bulvarda tikilməsi planı ilə o zaman şəhər bələdiyyəsi razılaşmayıb. Bələdiyyənin fikrincə, bina bulvarda adamların gəzintisinə mane olacaq, üstəlik, ümumi görüntünü pozacaqdı. Buna baxmayaraq, bina tikilir. Ploşko binanı Fransız intibah memarlığı üslubunda (Fransız İntibah memarlığı — XV - XVII əsrləri əhatə edir) tiksə də, şəhərdəki digər tikililərindən bəzi elementlər də əlavə edir. 1910-cu ildə hazır olan binanın ətrafında yaşıllıq salınır və o, təxminən on il kazino və kinotetar kimi fəaliyyət göstərir. 1920-ci ildə isə bina memar və mühəndis Zivər bəy Əhmədbəyovun layihəsi ilə yenidən qurularaq teatr məkanın tələblərinə uyğunlaşdırılır, Türk Tənqid və Təbliğ Teatrına verilir. Müxtəlif illərdə sözügedən binada İncəsənət İşləri İdarəsi, Musiqili Komediya Teatrı, Kənd Təsərrüfatı Muzeyi fəaliyyət göstərib. Yalnız 1965-ci ildə Kukla Teatrı yeni status alandan sonra indiki binaya köçürülüb. 2007-ci ildə isə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə teatrın binası yenidən qurularaq müasir texniki avadanlıqlarla təmin olunub.

Azərbaycanda Kukla Teatrının yaranması, peşəkar fəaliyyəti aktyor, rejissor Mollağa Bəbirlinin (1905-1970) adıyla bağlıdır. Öncə deyim ki, Mollağa Bəbirlinin adı çoxuna nəsə deməsə də, o bir neçə məşhur bədii filmin epizodunda yer alıb. Aktyor “O olmasın bu olsun” filmində hamam sahibi Qəzənfəri, “Sehrli xalat”da isə xəzinədarı oynayıb.

Bəbirlinin kuklalara marağı, o, hələ uşaq olanda Rusiyanın ilk peşəkar kukla teatrı olan “Demmeni” və Moskvanın “Göy pərdə” teatrının tamaşalarına baxanda yaranır. O, kukla teatrı sahəsində ixtisas təhsili almaq üçün Moskvaya yollanır, burda Teatr Sənəti İnstitutunun professoru Andrey Petrovskidən dərs alır, üstəlik, qrimçi peşəsini öyrənir. Bakıya qayıdandan sonra (1927-28-ci illərdə) Akademik və Opera teatrlarının studiyalarında, teatr məktəbində qrimçilik peşəsinin incəliklərini öyrədir, bundan başqa Akademik teatrda epizodlarda oynayır. “Kilimarası”, “Maral oyunu”, “Dedi qodu” və digər kuklalarla bağlı xalq tamaşalarının estetikasını mənimsəyir, özü kuklalar düzəldir və hətta onlara əlvan əlbisələr tikirdi. 1930-cu ildə onunla həmfikir olan aktyorlarla (Musa Hacızadə, Fazil Dadaşov, Abbas Rzayevlə) bölgələrdə kuklalardan ibarət sirk tamaşası ilə çıxış eləyir.

Maarif Komissarlığı və Cəfər Cabbarlının köməyi ilə 1931-ci ilə Türk Kukla Teatrı yaradılır və “Sirk” adlı ilk tamaşasını göstərir. Lakin teatrın çalışmaq üçün məkan imkanları məhdud olduğundan, Bəbirli öz evini teatr məkanına, emalatxanaya çevirmişdi. O, həm kukla düzəldir, həm rejissorluq edir, həm də özü tamaşalarda oynayırdı. Geyimləri öz şəxsi vəsaiti hesabına hazırlayan Bəbirli truppası ilə bölgələrə gedərək tarla, əkin-biçin yerlərində, məktəb həyətlərində tamaşalar göstərirdi. Problemlərdən biri də o idi ki, onda ölkədə uşaq əsərləri yazılmırdı və bu, sözsüz ki, repertuara təsir edirdi. Buna görə də yaradıcı heyət rus dilindən əsərlər çevirirdi. İdeoloji mahiyyətə malik “Ayıq ol”, “Kolxoz bazarı”, “Zərbəçi briqada” əsərləri eyni zamanda uşaqlara yaxşı oxumağı, tərbiyəvi davranmağı təbliğ edirdi. Binasızlıq səbəbindən səyyar fəaliyyət göstərən teatra dəstək olmaq məqsədilə Cəfər Cabbarlı 1931-ci ildə “İnqilab və mədəniyyət” jurnalında yayımlanan “Ağac kuklalar” məqaləsində yazırdı:

“Azərbaycanda bu işə indicə başlanmışdır. Türk Bədaye Teatrının aktyorlarından Bəbirli yoldaş kukla aktyorları düzəltmişdi. Bu “aktyor”lar bərk ağacdan olub çox sənətkaranə işlənmişdir. Bunların son dərəcə mütəhərrik olmaqla bərabər mənalı sifətləri vardır. Bizcə, əlaqədar təşkilatlar bu işin əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda bu kimi teatr pionerlərinə yardım göstərsələr, teatrı inqilabi faydalı repertuarla təmin etmək üçün tədbirlər görülər, teatr səhnələrində və klub meydançalarında işçi gənclər və cocuqlara teatr və məktəblərdə tamaşa göstərmək üçün ona yer verilər. Ən əvvəl bu işə Türk Bədaye Teatrı lazımi yardım göstərməli, “ağac aktyrolar”ı hamiliyi altına almalı, öz aktyoruna kömək və adi inkişafını təmin etməlidir. Ali Baş Siyasi Maarif İdarəsi və Bakı Maarif Şöbəsi və sair əlaqədar müəssisələr bu işə lazımi diqqət yetirməli, yeni teatrı ağaya qaldıraraq onu canlı, kütləvi təşviqat təbliğat silahı etməlidirlər.”

Bəbirli çalışırdı ki, teatr yaşasın, repertuar maraqlı olsun və milli ədəbiyyatımızda uşaqlar üçün əsərlər olmadığından o, Sergey Obraztsovun kukla teatrının repertuarını təkrarlayırdı. Sonradan Kukla teatrının fəaliyyəti yerli yazıçı və şairlərimizi uşaq əsərləri yazmağa sövq elədi. İlk dəstək Mirmehdi Seyidzadədən gəldi, onun “Nərgiz” dramı tamaşaya qoyuldu. Sonra klassik ədəbiyyata müraciət edən Bəbirli “Hacı Qara”nı, “Ölülər”i Kukla teatrına uyğunlaşdırdı...

Nəhayət, uzun illik çətin fəaliyyətdən sonra 1964-cü ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə teatra dövlət statusu verildi və hazırkı binaya köçürüldü. İlk tamaşa isə Mirvarid Dilbazinin “Göyçək Fatma” nağıl pyesi (rejissor Niyaz Şərifov) oldu. 1974-cü ildə isə teatra görkəmli ədib, maarifçi, uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqin adı verilir...

Bugünədək teatrda yüzlərlə xalq oyunları, dastanlar, nağıllar, dünya klassikləri və müasir əsərlər üzərində tamaşalar ( “Üç nağıl”, “Göyçək Fatma”, “Artıq tamah baş yarar”, “Keçinin qisası”, “Bu kimin evidir?”, “Meşə nağılı”, “Balaca qızcığaz Tino”, “Gözəl Vasilisa”, “Qaravəlli”, “Üç gombul”, “Pəri cadu”, “Qar qız” və s.) təqdim olunur. Eyni zamanda əcnəbi rejissorlar da burda dəvətlə tamaşa hazırlayıblar: Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə bağlı Sankt Peterburqdan Aleksandr Maksımıçev “Müsyö Jordan və Dərviş Məstəli şah”, Gücrüstandan Yelene Mastxonaşvili “Pinokkionun sərgüzəştləri” və “Karlson”, Demmeni teatrının baş rejissoru Eduard Qaydar “Qoğal” əsərlərinə quruluş verib.

Hazırda dünyanın ən nüfuzlu kukla teatrlarından biri Obraztsov teatrı ilə eyni yaşda olan Kukla teatrının yaranmasıyla bu sahə üzrə mütəxəssislər yetişdi: rejissorlar (Əfrasiyab Məmmədov, Eyvaz Vəliyev, Rəhman Əlizadə, Tamilla Məhərrəmova, Namiq Ağayev, Ələkbər Hüseynov, Saida Haqverdiyeva, Qurban Məsimov, Anar Məmmədov) rəssamlar (Solmaz Haqverdiyeva, Solmaz Musayeva, Lətifə Quluzadə, İqbal Əliyev), aktyorlar (Şahmar Hüseynov, Oqtay Dadaşov, Nadir Zamanov, Şəfiqə Axundova, Həsənağa Hüseynov, Elmira Hüseynova, Rəhman Rəhmanov, Səriyyə Mansurova, Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Elnur Abbasquliyev, Cavid Telman).

Yazıçı-şairlərdən Mirmehdi Seydizadə, Abdulla Şaiq, Tofiq Mütəllibov, Rüfət Əhmədzadə, Anar, Hikmət Ziya, Şahmar Hüseynov, Kəmalə Ağayeva, Zülfüqar Rüfətoğlu, bəstəkarlardan Oqtay Zülfüqarov, Zakir Bağırov, Hökumə Nəcəfova, Şəfiqə Axundova, Emin Sabitğolu, Cahangir Cahangirov, Vaqif Mustafazadə teatrla əməkdaşlıq ediblər.

Kukla teatrı Hindistan, İran, Türkiyə, Yunanıstan, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Misir, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Macarıstan və s. ölkələrində festivallarda Qran-pri və birincilik qazanıb, diplomlara layiq görülüb.

2010-cu ildə isə Kula Teatrı Mərakeşdə keçirilən XII Beynəlxalq Uşaq Teatrları Festivalına Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında hazırlanan tamaşa ilə (quruluşçu-rejissoru Rəhman Əlizadə, quruluşçu-rəssamı Rəvanə Abbasova) qatılaraq festivalın birinci mükafatına layiq görülmüşdü. Məhz bu uğur zəmin yaratdı ki, milli teatr tarixində ilk dəfə olaraq Bakı I Beynəlxalq Kukla Teatrları Festivalına ev sahibliyi etsin. 2011-ci ildə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Kukla Teatrının Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə 16 ölkədən 22 kukla teatrının iştirakı ilə I Beynəlxalq Kukla Teatrları Festivalı keçirildi. Festival çərçivəsində keçirilən simpoziuma dünyanın aparıcı teatr təşkilatlarının rəhbərləri qatılıblar. 2013-cü ildə isə ikinci Beynəlxalq Kukla Teatrları Festivalı keçirilib.

Teatr həmçinin Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) üzvüdür. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə isə UNİMA Azərbaycan Milli Mərkəzinə rəhbəridir.

Kukla Teatrının nəzdində 2012-ci ildən fəaliyyət göstərən “Oyuq” teatr-studiyası uşaqlarda milli teatr sənətimizə sevgi yaratmaq, aktyorluq bacarıq və vərişlərin formalaşması, kukla sənətinə cəlb edilməsi məqsədilə yaradılıb. Fəaliyyəti müddətində studiya balaca aktyorların iştirakıyla “Tıq-tıq və taq-taqın nağılı”, “Ağ babanın nağılı”, “Sehrli üzük”, “Çəkməli pişik”, “Şah və onun xudpəsənd oğlu” tamaşalarını hazırlayıb. Müxtəlif illərdə Türkiyədə keçirilən ənənəvi 23 nisan Cocuq bayramında uğurla çıxış edərək təşkilatçıların təşəkkürnaməsi ilə təltif olunub, Sankt -Peterburq keçirilən “Caz karuseli” beynəlxalq festivalında studiyanın aktrisaları Selcan Müseyibova və Aylin Nəcəfli “Qran-pri”yə layiq görülüblər.

Bundan başqa Selcan Müseyibova Bolqarıstanın Varna şəhərində “Golden Sparkles” mahnı müsabiqəsində, Makedoniyanın Struqa şəhərində keçirilən “Ezerskie Biseri” Beynəlxalq Musiqi Festivalında birincilik qazanıb.

Kukla Teatrının nəzdində fəaliyyət göstərən digər "Oyun" teatrının (2019-cu ildə təsis olunub) əsas məqsədi əlilliyi olan istedadlı insanların öz yaradıcılıq imkanlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır. 2020-ci ildə “Oyun”da Kukla teatrı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi əsasında Saida Haqverdiyanın qurulşunda “Solğun sevgilər” tamaşası təqdim olundu. Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Solğun çiçəklər” pyesi əsasında hazırlanan tamaşa dinamikası, musiqi tərtibatı və estetik, tutumlu səhnə həlli səbəbindən hər dəfə anşlaqla keçib. Artıq müstəqil fəaliyyət göstərən "Oyun" Kukla Teatrı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin birgə dəstəyi ilə müharibə və qadın mövzusunda “Köhnə çamadanlar” adlı yeni tamaşaya (rej. Saida Haqverdiyeva) hazırlaşır. Pandemiya səbəbindən isə Kukla Teatrının hazırladığı yeni tamaşalar (“Qızıl balıq”, rej. Anar Məmmədov, “Balaca qara balıq”, rej. Namiq Ağayev) tamaşaçılarla görüşə bilmədi. Bununla belə teatr yeni mövsümə hazırlaşır və fərqli quruluşda “Göyçək Fatma” (rej. Qurban Məsimov), “Ağca və yeddi cırtdan” (rej. Saida Haqverdiyeva) əsərləri hazırlanır.

# 4257 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #