Cavan gəlinin fitnessdə nə işi var?

Samirə Əşrəf, yazar

Samirə Əşrəf, yazar

22 noyabr 2021
# 13:17

Zahiri görünüş çox vacib məsələdir. Hər bir sağlam, şüurlu insan geyim-keçiminə, saçına, gigiyenik təmizliyinə cavabdehdir. Amma bəzən insanlar elə düşünürlər ki, gözəllik, yaraşıq, baxımlı olmaq sözləri kişilərə yox, qadınlara aiddir. Halbuki belə deyil. Təmiz, baxımlı, hətta bəzəkli görünmək hər kəsin borcudur.

Üstəlik kişilərin baxımlı olması üçün qadınlar qədər əziyyət çəkməsinə çox vaxt lazım olmur.

Bir dəfə yaxın dostlardan birinin toyuna getmişdik. Axşam saat səkkizin yarısı idi, bütün qonaqlar məclisə gəlmiş, soyuq yeməkləri bitirib, istilərə keçmişdilər. Musiqiçilər də repertuarlarını yarılamışdılar, amma gəlinlə bəy hələ gəlib çıxmamışdı. Soraqlaşıb öyrənəndən sonra məlum olmuşdu ki, gəlin, səhər saat on birdən gözəllik salonundadır. Bəy isə kostyumunu geyinib, elə o vaxtdan gəlini gözləyir.

Yəni kişilər məsələni ən uzağı kostyumla həll edirlər. Kişilər yatıb oyanıb şükür etməlidirlər ki, tanrı onları makiyaj, saç düzümü, dırnaq manikürü və qadınlar üçün yaradılan başqa bəlalardan hifz edib.


Ancaq bu o demək deyil ki, bəylər baxımsız olmalıdırlar. Baxımlı olmaq hər kəsin borcudur. Kişi, qadın, uşaq, böyük fərqi yoxdur. Hətta hər bir insan yaşadığı, işlədiyi yerdə özü ilə bərabər istifadə etdiyi məkana, əşyalara qarşı diqqətli olmalıdır. Ona görə ki, səliqə-sahman, baxımlı olmaq, həm özünə, həm də qarşındakı insanlar hörmətin təcəssümüdür.

Əgər kimsə bunu əksini edirsə, onda əvvəlcə özünə, sonra isə qarşısında olan insanlara qarşı hörmətsizlik edir. Özümdən kiçik bir nümunə gətirim. Çox vaxt gecə saat ikidə belə mətbəx sobasının üstünü silməmiş, qab-qacağı yerbəyer etməmiş yatmıram. Bunu özümdən çox uşaqlarım üçün, xüsusilə oğlum üçün edirəm.

Kişilərin qəribə bir xasiyyəti olduqlarını müşahidə etmişəm. Onlar hansı mühitdə, məişətdə böyüyürlərsə, sonrakı həyatlarını da bu yaddaş üzərində qururlar. Bu səbəbdən həmişə istəmişəm ki, uşaqlarım məişətdə təmizliklə rastlaşsınlar, hər hansısa səliqəsiz, pinti atmosfer onlarda pis rəy, travma yaratmasın.

Yəni dediyim kimi, qadın təmiz qalmaq və bunu icra etmək kimi çətin, məsuliyyətli vəzifələri var.

Keçim mətləbə...

Ötən gün verilişlərin birində qonaq olmuş 31 yaşlı Arifə adlı xanımın problemi sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Sən demə bu xanım köklük səbəbindən əri tərəfindən tərk edilib.

Mövzu ilə bağlı müxtəlif fikirlər səsləndi. Kimisi qadının özünü idarəetməni itirdiyini dedi, kimisi də kişinin köklüyə görə qadını atmasını qınadı.

Məsələ burasındadır ki, insanlar bir-biri ilə bir neçə illik ailə qurmurlar. Ömür boyu bir yerdə yaşamağı qərara alıb evlənib, ərə gedirlər. Ailə hər bir insanın sonuncu dayanacağı, sığınacağıdır. Hər kəs orada rahat olmağa, könül xoşluğuna can atır. Bu da təbiidir.

Arifə xanımın 31 yaşda 140 kiloya qədər kökəlməsi həmin könül xoşluğuna mane olan səbəblərdən olsa da, biz qarşı tərəfin fikrini bilmədiyimiz üçün məsələyə birtərəfli yanaşmamalıyıq. Bəlkə, heç bu boşanma, köklüklə bağlı deyil, daha başqa mətləblərdən qaynaqlanır.

Amma müzakirə mövzusu köklükdürsə, qadının kökələrək, bu yaşda 140 kiloya çatması, nə görüntü olaraq, nə də sağlamlıq baxımından xoşdur.

Ola bilər ailə, uşaqlar, məişət, üstəlik işləyib pul qazanmaq onun özünə qarşı diqqətli olmasına imkan verməyib, amma nə baş verirsə, versin, insan mütləq özünə qiymət verməlidir ki, başqaları da bunu etsinlər.

Burada bütün günahı Arifənin üzərinə də atmaq olmaz. Xanımın həyat yoldaşı da, onun 140 kiloya çatmasını gözləməməliydi. O, xanımın sürətlə kökəldiyini gördüyü təqdirdə, onu həkimə, dietoloqa aparmalı, müayinə etdirməli idi. Bəlkə, qadının bunu etməyə vaxtı, pulu, həvəsi, və yaxud da imkanı olmayıb.

Bir neçə il əvvəl qonşuluğumdakı bir qadın arıqlamaq üçün fitness zalına getmək istədi, evlərində bir mərəkə qopdu ki, allah kimsəyə göstərməsin. Qayınana, qayınata, baldız, hətta ailəyə uzaq olan qohumlar da məsələyə qarışdılar ki, cavan gəlinin fitness klubunda bir işi yoxdur.


Arifə xanımın həyat yoldaşı isə illərlə qadının kökəlməsini gözləyib, gözləyib və günlərin birində ikrah hissinə qapılaraq gəlib deyib ki, səninlə mənimki alınmır, biz ayrılmalıyıq. Zərbə yenə erkən ərə gedib, iki qız dünyaya gətirən, bununla yanaşı parnikdə işləyib pul qazanaraq kişiyə dəstək olan qadınlara, Arifələrə dəyir.


# 18609 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #