Bu gün Nobel mükafatına layiq görülən Enn Karson kimdir?

Bu gün Nobel mükafatına layiq görülən Enn Karson kimdir?
8 oktyabr 2026
# 15:24

Kulis.az bu gün elan olunan ədəbiyyat üzrə Nobel mükafatçısı Enn Patrisiya Karson (Anne Patrisia Carson) haqqında materialı təqdim edir.

Kanadalı şair, esseist, tərcüməçi, klassik filoloq, pedaqoq və 2026-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Enn Patrisiya Karson antik yunan və latın ədəbiyyatını müasir intellektual düşüncə və eksperimental poeziya formaları ilə sintez edən çağdaş dövrün ən nüfuzlu qələm sahiblərindən biridir.

Janrlar arasındakı sərhədləri itirən, miflə müasir insan psixologiyasını iç-içə keçirən müəllif dünya ədəbiyyatında özünəməxsus xətt formalaşdırmışdır.

21 iyun 1950-ci ildə Kanadanın Ontario əyalətinin Toronto şəhərində bankir ailəsində dünyaya gələn Karson uşaqlıq illərini ölkənin bir sıra kiçik şəhərlərində keçirmişdir.

Orta məktəb illərində latın dili müəllimi vasitəsilə qədim Yunanıstan və dili ilə tanış olan şair ondan fərdi dərslər alaraq klassik dillərə dərindən bağlanmışdır. Toronto Universitetinin Sent-Maykl Kollecinə daxil olsa da, tədris planının məhdudiyyətlərinə, xüsusilə Con Milton üzrə icbari kursa etiraz edərək ali təhsilini iki dəfə yarımçıq qoymuş, bu ərəfədə qısa müddət qrafik dizayn sahəsində çalışmışdır. Lakin çox keçmədən universitetə qayıdaraq 1974-cü ildə bakalavr, 1975-ci ildə magistr dərəcəsini tamamlamışdır.

1975–1976-cı illərdə Sent-Endryus Universitetində yunan metrikası və mətnşünaslığı üzrə diplom tədqiqatı aparan Karson, 1981-ci ildə Toronto Universitetində "Odi et Amo Ergo Sum" ("Nifrət edirəm və sevirəm, deməli, varam") mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

Karsonun zəngin akademik və pedaqoji karyerası 1979-cu ildən etibarən Kanada və ABŞ-ın ən mötəbər ali məktəblərini əhatə etmişdir. O, 1979–1980-ci illərdə Kalgari Universitetində, 1980–1987-ci illərdə Prinston Universitetində müəllim və assistent-professor kimi, 1987–1988-ci illərdə isə Emori Universitetində çalışmışdır.

1988–2003-cü illər ərzində MakGill Universitetində klassik filologiya üzrə magistratura direktoru olmuş, 2000-ci ildə həmin təhsil ocağının Con Maknoton adına Klassik Filologiya Professoru seçilmişdir. 2003–2009-cu illərdə Miçiqan Universitetində klassik tədqiqatlar, müqayisəli ədəbiyyat və ingilis dili professoru vəzifəsini icra edən Karson, 2009-cu ildən etibarən Nyu-York Universitetində fəxri rezident-şair və qonaq professor kimi fəaliyyət göstərir.

Burada o, həyat yoldaşı Robert Körri ilə birgə "Egocircus" adlı əməkdaşlıq sənəti kursunu aparır. Bunlarla yanaşı, Karson 2010–2016-cı illərdə Kornell Universitetinin professoru, 2013-cü ildə Stanford Universitetində qonaq şairi olmuş, 2014-cü ildən isə Bard Kollecində fəxri rezident-yazıçı kimi mühazirələr oxumuşdur.

Yaradıcılıq üslubuna nəzər saldıqda Enn Karsonun poeziya, esse, nəsr, dramaturgiya, tərcümə və ədəbi tənqidi vahid mətn daxilində qovuşduran polifonik yazı tərzi önə çıxır. O, Esxil, Sofokl, Evripid, Homer, Sapfo, Simonid, Fukidid və Katull kimi antik müəlliflərin irsini Emili Bronte, Emili Dikinson, Paul Tselan, Virciniya Vulf, Martin Haydegger, Hegel, Frans Kafka və Simona Veyl kimi modern sənətkar və mütəfəkkirlərin baxışları ilə üz-üzə qoyur.

Müəllifin 1986-cı ildə işıq üzü görən ilk tənqidi tədqiqat kitabı "Eros the Bittersweet" Sapfonun yaratdığı "glukupikron" (şirintəhər) anlayışı üzərindən istək və ehtirasın eyni anda həm həzz, həm də iztirab doğuran təbiətini, eləcə də arzunun üçbucaqlı strukturunu incələyir.

Əsər 1999-cu ildə "Modern Library" oxucu siyahısında XX əsrin ən yaxşı 100 sənədli əsəri sırasına daxil edilmişdir. Antik mifologiyaya müasir nəfəs gətirən "Qırmızının avtobioqrafiyası" ("Autobiography of Red" 1998) və onun davamı sayılan "Qırmızı doktor" ( "Red Doc>" 2013) poetik romanları ədəbi ictimaiyyətdə geniş əks-səda doğurmuşdur.

2000-ci ildə çap edilən "İşdən kənar vaxtlarda kişilər" ("Men in the Off Hours") qısa şeirlər, poetik esselər, epitafiyalar, müsahibələr və tərcümələri bir araya gətirən topludur. Müəllifin qardaşı Maykla ithaf etdiyi 2010-cu il tarixli "Gecə" ("Nox") əsəri isə vizual kollajlar və lirik mətn parçalarından toxunmuş eksperimental bir elejiya-epitafiyadır.

Karsonun qələmindən çıxan "Qısa söhbətlər" ("Short talks" 1992), "İçməli su" ("Plainwater" 1995), "Ərin gözəlliyi" ("The Beauty of the Husband" 2001), "Troyalı Norma Cin Beyker" ("Norma Jeane Baker of Troy" 2019) və "Yanlış Norma" ("Wrong Norma" 2024) kimi kitablar da müasir ədəbiyyatın diqqətəlayiq nümunələrindəndir.

Karson həm də antik yunan dramaturgiyasının ingilis dilinə ən mükəmməl bədii tərcüməçilərindən sayılır. O, antik dövrün 10 möhtəşəm faciəsini - Esxildən "Aqamemnon"u, Sofokldan "Antiqona" və "Elektra"nı, Evripiddən isə "Alkesida", "Hekaba", "Herakl", "Hippolit", "İfigeniya Tavridada", "Orest"i, eləcə də Sapfonun dövrümüzə gəlib çatan bütün lirik parça və şeirlərini yüksək ustalıqla ingiliscəyə çevirmişdir.

Onun 2009-cu ildə nəşr olunan və Esxil, Sofokl və Evripidin əsərlərini birləşdirən "An Oresteia" külliyyatı Nyu-Yorkda səhnələşdirilərək tərcümə üzrə PEN mükafatına layiq görülmüşdür. Həmçinin tanınmış teatr rejissoru İvo van Hovenin səhnələşdirdiyi və dünya şöhrətli aktrisa Jülyet Binoşun baş rolda çıxış etdiyi "Antiqona" tamaşası (2015) məhz Karsonun tərcüməsi əsasında dünya turnesinə çıxmışdır.

Genişmiqyaslı fəaliyyəti sayəsində Enn Karson mötəbər mükafatlar silsiləsinə sahib olmuşdur. 2026-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülənə qədər də 2005-ci ildə Kanada Ordeninin Üzvü ("Order of Canada") seçilmişdir. O, "Ərin gözəlliyi" əsərinə görə 2001-ci ildə "T. S. Eliot Mükafatı"nı qazanan ilk qadın müəllif kimi tarixə düşmüş, "Griffin Poeziya Mükafatı"nı alan ilk şair və onu iki dəfə (2001, 2013) qazanan yeganə qələm sahibi olmuşdur.

Şairin təltifləri sırasında 2000-ci il MakArtur Təqaüdü ("Genius Grant"), 1998-ci il Quqqenhaym təqaüdü, 2020-ci il Asturiya Şahzadəsi Mükafatı, 2021-ci il PEN/Nabokov Beynəlxalq Ədəbiyyatda Nailiyyət Mükafatı, 2020-ci il General-Qubernator Ədəbiyyat Mükafatı, 2022-ci ildə Kral Ədəbiyyat Cəmiyyətinin Beynəlxalq Yazıçısı titulu və dünya dilləri ilə mədəniyyətlərinə töhfələrinə görə verilən Viqdis Beynəlxalq Mükafatı yer alır.

Şəxsi həyatını ictimaiyyətdən uzaq tutan Karson əsərlərinin bioqrafik çalarlarla izah olunmasına qarşı çıxması ilə tanınır. Rəsmi nəşrlərdə bioqrafiyasını "Ann Karson Kanadada anadan olub və qədim yunan dilini tədris etməklə dolanır" kimi lakonik bir cümlə ilə ifadə edən şairin həyatı həm də ağır ailəvi itkilərlə yoğrulmuşdur. Atası Robert Altsheymer xəstəliyindən əziyyət çəkmiş və bu vəziyyət onun poetik sətirlərində əksini tapmışdır. 1997-ci ildə vəfat edən və "həyatımın sevgisi" adlandırdığı anası Marqaretə "Appendix to Ordinary Time" və "Red Doc>" kitablarını ithaf etmişdir. 1978-ci ildə həbsdən qaçaraq itkin düşən və 2000-ci ildə yenidən görüşə bilmədən dünyasını dəyişən qardaşı Mayklın ağrısı isə "Nox" əsərinin yaranmasına səbəb olmuşdur.

Rəssam və dizayner Robert Körri ilə evli olan müəllif birgə layihələrdə çalışdığı həyat yoldaşını sənət prosesində "Randomizer" - təsadüfilik gətirən qüvvə kimi qiymətləndirir. Cütlük 2022-ci ildə İslandiya vətəndaşlığını qəbul etmişdir.

Karson 2024-cü ilin avqustunda "London Review of Books" jurnalında dərc olunan yazısında sarsıdıcı bir gerçəkliyi bölüşərək Parkinson xəstəliyindən əziyyət çəkdiyini ictimaiyyətə açıqlamışdır.

Karson antik dünyanı çağdaş zamanla danışdıran intellektual zəkası və sarsılmaz qələmi ilə dünya ədəbiyyatının canlı klassiki olaraq qalmaqdadır.

# 274 dəfə oxunub

Oxşar xəbərlər

Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

15:02 8 oktyabr 2026
Dərdin hüceyrə yaddaşı və şəfalanma fəlsəfəsi – Bədənin səninlə  necə  danışır?

Dərdin hüceyrə yaddaşı və şəfalanma fəlsəfəsi – Bədənin səninlə necə danışır?

15:00 8 oktyabr 2026
Avropa Parlament binasında Trampın çılpaq heykəli qoyuldu

Avropa Parlament binasında Trampın çılpaq heykəli qoyuldu

14:30 8 oktyabr 2026
Aydın Əzim:  "Qara Qarayev Amerikadan gələndə onu  Polad Bülbüloğlu ilə tapançayla qarşıladıq" - Müsahibə

Aydın Əzim: "Qara Qarayev Amerikadan gələndə onu Polad Bülbüloğlu ilə tapançayla qarşıladıq" - Müsahibə

14:00 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər