"Bir onu gördüm ki, damarlarım kəsilib” - "Gözəlçə" haqqında

"Bir onu gördüm ki, damarlarım kəsilib” - "Gözəlçə" haqqında
2 sentyabr 2024
# 12:16

Kulis.az ədəbiyyatşünas Sərvanə Dağtumasın yazıçı Qaraqanın “Gözəlçə” hekayəsi haqqında yazısını təqdim edir.

Qaraqan (Elxan Zeynallı) həm yazıçı, həm də repçi kimi fəaliyyət göstərib. HOST (hava, od,su, torpaq) rep qrupunun üzvü olub. O, yeraltı (underground) ədəbiyyatın nümayəndəsidir. Onun yaradıcılığında oxucu, dinləyici həyatın hər üzü ilə tanış olurdu. Sevginin, nifrətin, kədərin, qəzəbin nə olduğunu öyrənirdi. Qaraqanla tanış olan, onu dərk edən kütlə hər şeyə “niyə?” sualını verərək, həyatını yaşayır, həyatı sorğulayır. Qaraqanın yaradıcılığı neçə insana ilham verdi, dayaq oldu. Onun üçün rep və qələm bir vasitə idi. O, bu yolla insanların paslanmış və qəlibləşmiş düşüncələrini dəyişməyə çalışırdı. Gördü ki, dəyişmək çətin bir prosesdir, ölkədən getməyi seçdi.

Onun kitabları illərlə orta məktəblərdə qadağan olundu, onu oxuyanlara, dinləyənlərə töhmət verildi, çünki o doğruları deyirdi, çəkinmirdi. Cəmiyyət tərəfindən doğru danışanlar dışlanıb, ancaq bugün orta məktəb dərsliyində onun gənc yazıçı kimi adının çəkilməsi böyük uğurdur. Mən oxucuları onun “Gözəlçə” hekayəsi ilə tanış edəcəm.

“Gözəlçə” hekayəsi şüur axını ədəbiyyatıdır. Yazıçı bizi qəhrəmanın baxça, məktəb daha sonra universitet həyatı ilə tanış edir. Bunların fonunda qəhrəmanın ailə həyatı, uşaqlıq travmaları paralel verilir. Əsəri oxuyanda qəhrəmanın ilk başda narsist olduğunu düşünürsən. O, özünü çoxundan üstün görürdü. Həmişə onu çox istəyiblər. Valideynləri ona gözəlçə, mələk deyiblər. Baxçada onunla mübahisə edən yoldaşlarında günah görmürdü, düşünürdü ki, bu, onların paxıllığının əlamətidir.Vaxtını güzgüyə baxmaqla keçirirdi, özünü ideal hesab edirdi, sinif yoldaşlarının onun üçün darıxdığını düşünürdü.
Daha sonra məlum olur ki, adsız gözəlçəmiz gözəllik müsabiqəsindən uğurla keçə bilməyib. Hekayədə incə bir nüans var. Atanın işlətdiyi ifadə: “qızım, gözəllik müsabiqəsi hara, sən hara?”. İplər həmin an çözülür. O, dəqiqə başa düşürsən ki, xanım atasından dəyər görmür, dəyərsizlik, sevgisizlikdən əziyyət çəkir, küçümsənir, aşağılanır. O qədər əziyyət çəkir ki, özünün yazmış olduğu eyni ssenarini qəbul olduğu Tibb Universitetində də davam etdirir. Ailədən görmədiyi sevginin onun qəlbində yaratdığı boşluq onu kölgə kimi izləyir, təhsil həyatına belə mane olur. İlk toxumu əkən valideyndir, əgər valideyn əkdiyi toxumun bəhrəsini görmək üçün ona qulluq etməsə, sağlam böyüməsi üçün əlindən gələni etməsə, o necə gəldi böyüyəcək, ya da ümumiyyətlə böyüməyəcək, quruyacaq, məhv olacaq, bəhrə verməyəcək.

Xanımın tələbəlik həyatı ilə tanış olanda düşünürsən ki, erotomaniyadan əziyyət çəkir. Bəli, elədir ki, var. Narsizm öz yerini erotomaniyaya verir. Xəstəlik getdikcə şiddətlənməyə başlayır. Erotomaniyanın digər adı qarşılıqsız sevgi sindromudur. Xəstəlik dəyərsizlikdən yaranır, eyni zamanda şizofreniya və ya paranoidliyin fonunda davam edir. Elə bilir ki, qrup yoldaşı onu sevir. Sevgi qazanmaq üçün bu travmasını yaratdığı fəsadları həmin tələbəylə kompensasiya edir, atasından görmədiyi sevgini, diqqəti tələbə yoldaşından görmək istəyirdi və “görürdü də”. Əslində, o bütün bunları bilərəkdən etmirdi, o, xəstəliyinin fərqində deyildi. Tələbə yalnız misalların həlli zamanı ondan yaralanmağa çalışırdı, başqa vaxt ona o qız maraqlı deyildi. Qəribədir, insanlar səndə çatışmayan cəhətləri, anormal davranışları səndən qabaq duyur, hiss edir, görür. İş o yerə gəlib çatdı ki, həmin oğlanın sevgilisi oldu, nişanlandı. Qəhrəmanımız isə onun bu addımını qısqanclıq kimi qiymətləndirirdi.

Sonra nə oldu? “Sonra bilmirəm necə oldu. Bir onu gördüm ki, damarlarım kəsilib”. Gözəlçə o qədər öz dünyasına qapanıb orda elə xülyalar qurmuşdu ki, intihar cəhdinin fərqində belə deyildi. Hətta, bu hərəkətinə intihar adını belə qoymamışdı. Ən acınacaqlısı o idi ki, ana-atası onun dünyasından xəbərsiz idi, əlbəttə səbəbkarlar onlar idilər. O, tələbəni itirdiyi üçün intihar etmişdi. O, tələbəni sevmirdi, onun üzərindən xəyallar qururdu, qaranlıq dünyasını dadlı xülyalarla işıqlandırmaq istəyirdi. Onun sonuncu ümidləri də öldü, qurmağa xəyal qalmadı, çünki o tələbə nişanlandı. Gözəlçə daxili aqressiyasının fərqində belə olmadı. Hər intihar etmiş şəxsin bir keçmişi, yaşanmışlığı var. Və onu o nöqtəyə gətirib çatdıran şəxslər var.

Bizim gözəlçəmiz şizofreniya xəstəsi idi. Narsizm-erotomaniya-şizofreniya. O, müalicə aldığı xəstəxananı iş kimi qəbul edirdi, özünü də həkim kimi təsəvvür edirdi. Öz xəyal dünyasını özü istədiyi kimi qururdu. “Sevgilimsə bir dəfə də olsun gəlmir bura. Sadəcə məktub yazır. Onları da mənə göndərməmiş cırıb atır. Dəlidi də...”

Gözəlçəmiz niyə bu həddə gəlib çatdı? O, doğurdan da mı “dəli” idi? Bəlkə, əsl dəlilər dəli insanı dəli edən dəlilərdir?

# 967 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #