Bir köynəkdə çıxarmışam mən qışı... - Anasının qatarda dilənçi bilib çörək verdiyi şair

Bir köynəkdə çıxarmışam mən qışı... - Anasının qatarda dilənçi bilib çörək verdiyi şair
29 dekabr 2024
# 15:00

Bu gün azərbaycanlı şair, publisist Nüsrət Kəsəmənlinin doğum günüdür.
Kulis.az xəbər verir ki, mərhum şair 1946-ci il Ağstafa rayonunun Kəsəmən kəndində anadan olub.


Amansız keçən həyatını ən yaxşı formada şairin öz şeirləri təsvir edir.

Yarımçıq böyüyən uşaqlığını, kasadlıqla keçən gənclik illərini “Biri vardı, biri yox” şeirindəki “yox”larla bilmək olur:

Uzaqdaydı mən istəyən ocaqlar,

Ürəyimdən gəlib-keçdi sazaqlar.

Atalıydı, analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,

Bir köynəkdə çıxarmışam mən qışı.

Şalvar-pencək geyinirdi tay-tuşum,

Məndə isə biri vardı, biri yox...

Ata nənəsinin himayəsində böyüyən Nüsrətin körpə olanda valideynləri ayrılıb. Ən ağrılı məqam isə anasının onu tapması olub. Şair uşaqlığını küçədə qarmon çalıb, qatarlarda alver edərək keçirib. Uzun illərdən sonra anası Nüsrəti görəndə huşunu itirib yıxılır. Məlum olur ki, vaxtilə qatarda ac olduğunu düşünüb çörək verdiyi uşaq onun oğlu imiş.

Nə qədər çətinlik çəksə də, Nüsrət təhsilini davam etdirir, universitetə qəbul olur. Həmin illərdə Sevda adlı xanımı sevir. Sevgiləri qarşılıqlı olsa da onlar ailə qura bilmirlər. Nüsrətə sevdiyi qızı kasıb olduğuna görə vermirlər. Beləcə, şair “Sevda”sını itirir...

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığı illərdə "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edilib və bununla əlaqədar qiyabi şöbəyə keçirilib (1969).
Universiteti bitirdikdən sonra, Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.

1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şeirinə musiqi bəstələnib. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərinin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak edib.

Fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultaylarında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyib. "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub.

Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı Nüsrət Kəsəmənlinin məşhur şeirləri sırasında: "Daha nağıllara inanmıram mən", "Biri vardı, biri yox...", "Səni unutsam...", "Vətən alov etsin odunu sənin", "Mənsiz qalacaqdır bu dünya birgün", "Oğru olmaq istəyirəm", "Ağacın altında kölgə", "Qoyunlar yeyəcək canavarları...", "Məhəbbətdən küsəndə", "Yoxdusa", "Mənim o ağaca yazığım gəlir...", "Mənə inanmırsan bir yuxu kimi", "İnanma əzizim, inan əzizim"in adlarını qeyd etmək olar.

Nüsrət Kəsəmənli 16 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib.

# 4568 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər