Bakirə qızı necə öpmək lazımdı?

Bakirə qızı necə öpmək lazımdı?
22 dekabr 2024
# 15:00

Kulis.az Ülvi Babasoyun "Günəşin gül barmaqlı işığı" yazısını təqdim edir.

Biri vardı, biri yoxdu. Əvvəl zaman içində, xəlbir saman içində dünya vardı. O dünyanın üstündə Taclı İlahə Nü Va yaşardı. Nü Vanın dünyanın üstündə sürüşməkdən xoşu gəlirdi. O, dünyanın üstündə sürüşərkən, tanrı Fu Xini gördü. Nü Va Fu Xinin bədəninin qüsursuz formasına aşiq oldu. O, atları, bağları, bostanları, gülləri, çiçəkləri buğdaları, almaları, narları, heyvaları, şaftalıları, pişikləri, itləri sevirdi. Çünki aşiq idi. Fu Xinə olan sevgisi yeni yaradılışlarla dolub-daşırdı. Heyvanlar xoşuna gəlsə də, nəsə tam deyildi. O düşünürdü ki, yaradılış tamamlanmayıb. Heyvanlar o qədər ağıllı deyildilər. O bütün canlılardan daha bütöv bir varlıq yaratmaq istəyirdi.

Nü Va San çayında üzərkən palçıqdan kiçik insanlar düzəltdi. Onları özünə oxşatdı. Lakin quyruq yerinə iki əl, iki ayaq verdi insanlara. Palçıqları ovuclayıb insan yaratmağa başladı. Nü Va insanlara həyat nəfəsindən üfürdü. İnsanların bəzilərini aqressiv, sərt elementlərlə doldurdu. Digərlərini isə zərif, incə elementlərlə bəzədi. Qadın və Kişi çıxdı ortaya. Yaradılış ürəyincə olmadı. Günəşi və Veneranı yaratdı. Günəş gül barmaqlı şəfəqlərindən Veneranın üstünə saldı. Gül barmaqlı şəfəqlərdən saysız-hesabsız qoxular yaratdı. Venera Günəşə və qoxularına aşiq oldu. Hər yeri yox edən saxta, on Günəş vardı dünyada. Nü Va Oxçu Yini onları yox etmək üçün göndərdi. Oxçu Yi saxta Günəşləri öldürdü. Qoxulu Günəş və Venera qaldı. Kişilər və qadınlar qoxuyla bir-birlərini tapdılar. Bədənləri qoxuyla uzlaşdılar...

Qadın jasminin orta notları ilə kişinin bədəninə istilik və enerji ötürürdü. Kişinin öpüşləri qadının bədənində nəfəs alırdı. Qadının boğazı qu quşu kimi qamətli və incə idi. Kişinin bir əli qadının ipincə belini ovuclayır, digər əli saçlarına sığal çəkirdi. Qadının sinəsindən karamelli bir dad və qoxu kişinin damağına yayılırdı. Kişinin ağzı dolu olduğu üçün burnu ilə nəfəs alırdı. Burun isə beynə qoxuları olduğu kimi ötürürdü. Qadının bədənindən çuğundurun üst notları ilə izdivaca girmiş naringi ətri gəlirdi. Kişi sitrus gecələrinin sərinliyini udurdu. Qadının bədənindən çıxan buğ kişinin günəşli notlarla axan tərində ozonlaşırdı. Onun nəfəsliyinə çevrilirdi. Kişinin gözəl qoxudan başı çıxırdı. Ac qalardı, ancaq qiymətindən asılı olmayaraq cürbəcür parfümlər alardı. Gözəl qoxularla özünü güvəndə hiss edirdi. Kişi dovşan burnu kimi min qoxunu eyni anda içinə çəkməyi bacarırdı. Ancaq qoxular bir-birinə qarışıb itirdilər bəzən. Qadında isə başqa bir hal hökm sürürdü. Kişidən gələn isti səhləb qoxusu qadının dişilik hormonlarının fələyini azdırırdı. Qadının bədənindən yayılan aromatik hücumlar isə kişini həzzin nirvanasına ucaldırdı. Aromatik hücumların dadını və ləzzətini əmirdi kişinin bədəni. İlk öpüşlərindən sonra qadın kişiyə əsəbiləşmişdi (Kişi işığı söndürüb qadını qucmuşdu. Qadına elə sarılmışdı, elə sarılmışdı ki, istilik və güvən yaymışdı ətrafa. Sirli yerlərdə gəzişən dodaqları qadının dodaqlarını tapmışdı. Qadın geri çəkilmək istəsə də, gücü çatmamışdı. Dodaqlarını və bədənini təslim etmişdi kişiyə). Yalanmışlıqdan əsəbiymiş kimi göstərmişdi özünü. Sonra kişiyə demişdi ki, sənin öpüşündən anladım ki, məni sevirsən. Bir də qoxun məni dəli elədi. Səni nə vaxt görsəm, ürəyim titrəyir. Kişi yaxşı bilirdi ki, onda səhləb çiçəyindəki yabanılıq, soyuqluq və tənhalıq var. Onu da əcəb bilirdi ki, bənövşənin içində yatan ehtirasın istilik və cazibəsi də yaşayır bədənində. Qadınlar bir dəfə bu yabanı və isti qoxunu daddısa, əsir olurdular ona. Bu dəfə fərqliydi hər şey. Qadının bədənindəki aromatik hücumlar onu özünə əsir etmişdi. Sirli, yüngül, nəzakətli və sintetik qoxulardan deyildi bu qadınınkı. Qadında oriental qədimlik və ilkinliyin qoxusu vardı. Tərindən həmin orientallıq portağal qabığının qatları kimi açılırdı. Günəş batarkən çiçəklər öz təbii qoxularını yaya bilmirlər. Sintetikləşirlər. Qadınsız günlərində kişi səhləbin içində yatan bənövşə ehtirasını da itirirdi. Bədəni o qoxuları yaya bilmirdi. Artıq hansısa qadını o qoxuya heyran etmək istəyi də yox idi. Yalnız o qadını istəyirdi. Kişi qadını razı salmaqdan ötrü Kama Sutranı əzbərləmişdi. Səkkiz pozada qucmaq öyrənmişdi. Soyuq və qaynar qucmalar dörd yerə ayrılırdı. O ancaq qaynarlara əməl edirdi. Bakirə qızı necə öpmək lazımıydı, onu da bilirdi. On altı cür öpüşlə həyəcanlandırırdı qadını. On yeddinci öpüş isə kişiyə aid idi. Dodaqları ilə qadının iri, ətli dodağında dairə çəkirdi. Qadının gözləri axırdı o an. Çimdikləməyin səkkiz, bir-birinə qarışıb axmağın, əriməyin isə 19 növünü Kama Sutranın xaricində öyrətmişdilər bir-birlərinə. Kişi qadını öpərkən qadın ürəyindən keçirirdi ki, bu gözəl anlar həmişə davam edəcək, görəsən? Bitəcəyindən qorxurdu hər şeyin. Arzu və istəklərini sərbəst və azad buraxmağı öyrənə bilməmişdi. Onda hər istəyi daha rahat yerinə yetirərdi. Kişinin qucağında yatmaq istəyirdi hər gecə. Arada ayılıb sinəsindən öpüb bir də yuxuya getməyi arzulayırdı...

Dünyanın nimçə kimi dümdüz olan vaxtlarıydı. Hamı nimçənin ucundan yerə düşməkdən qorxurdu. Gecəydi. Kral Alobar qayğılı və yuxusuzdu. Əsgərlər də qayğılı və yuxusuz idi. Gecə növbəsində olan əsgərlərin burnuna işğal edəcəkləri ölkələrin qadınlarının qoxusu gəlirdi. Peyin iyi verən qəbirlərin və ölümün qoxusu isə Alobarın burnunu göynədirdi. 37 yaşına təzəcə qədəm qoyan kralın saqqalına dən düşmüşdü. Burada saçına-saqqalına dən düşən kralı öldürüb onun yerinə yenisini gətirirdilər. Alobar arvadı Almanı yanına çağırmışdı. Almanın dodağı və dilindəki çuğundur rəngi, dadı və qoxusu kralın karına gəlmədi. Almanın tərli bədənindən Alobarın beyninə yayılan qoxu dinclik verərdi həmişə. Bu dəfə dinclik tapa bilmədi. Alma dodaqlarını Alobarın bütün bədənində gəzdirsə də, xeyri olmadı. Digər arvadı Vren gəldi. Kral dərdini zəki və zərif arvadı Vrenə danışdı. Vren ağ tükləri yoldu. Tükyolma ayinləri baş rahibin sirri faş etməsinəcən davam elədi.

O vaxt Avropada öpüş hələ kəşf olunmamışdı. Kişilər və qadınlar bir-birlərini qoxlayırdılar. Qoxular sevişirdi. Alobar Vreni qoxladı. Vren də onu iylədi. Vidalaşdılar...

Alobar qəbirdə dirildi. Vren əsgərlər Alobarı boğmazdan əvvəl ərinə itüzümü vermişdi. İtüzümü onun bədənini göyərtmişdi. Elə bilmişdilər ki, keçinib. Qəbirdən xortlayıb çıxan Alobar həyata yenidən gəldi. Ay üzünə kölgə saldı. Başını göyə qaldırıb: "O dünyanın kəvsərlərindənsə, bu dünyanın poxunu istəyirəm".

Alobara elə pox da qismət oldu. Uzaq bir ölkənin ucqar bir kəndində təzək daşıdı. Təzək daşısa da, azad idi. Quş kimi sərbəstdi. Hər gecə yatanda deyərdi: "Dünən kraldım, bu gün fərdəm".

Artıq fərd olan Alobar dünya səyahətinə çıxdı. Qərbi gəzdi, buraların adətləri ona tanış idi. Şərqdə 12 yaşında bir qızla rastlaşdı. Qızın ölkəsini talan etmişdilər. Ata və anasını öldürmüşdülər. Qızın adını soruşdu. Qız ağlayaraq - məni də apar, - dedi. Alobar - ölümsüzlüyü tapıb geri qayıdacağam, gözlə, gələcəm, - deyib atını çapdı. Qız arxasınca qışqırdı: Kudra - adım Kudradır.

Ölümsüzlük dağında ölümsüzlüyün sirrini tapdı. Alobar bənzərsiz təcrübələr qazandı. Bənzərsiz insana çevrildi. Kudra isə qadınlıq enerjisi ilə Alobarı daha da gəncləşdirdi. Onlar başa düşdülər ki, indiyəcən qadın qoxusunun arxayınlıq və güvən aşılayan gözəlliyinə sərhədlər çəkiblər. İnsanlarla ağacların, suların və heyvanların arasına əngəllər yaradıblar. "Ağaclar, heyvanlar və sular Günəşə də, Aya da sadiqdilər". Düşüncələrimizə sərhədlər çəkiblər. Ölümü düşündüyümüz üçün ölürük.

Tom Robbins "Parfümün rəqsi" romanında Alobar və Kudranı min il yaşadır. Ölümsüz sevgililərin həyatı əvvəlcə nağıl estetikası ilə danışılır. Daha sonra klassik roman, sonda isə modern, postmodern yazı texnikaları tətbiq edilir. Roman sənətində yeninin gözəlliyini yaratmaqdır bu. Mənim essemin qəhrəmanları Alobar və Kudra bir qədər fərqlidir. Müstəqildir. Mənim mətnimdəki Alobar və Kudra Günəş Qıza olan eşqin nağıllar və romanlardakı izləridir.

Tom Robbinsin "Parfümün rəqsi" romanının üz qapığı

Alobar və Kudra nəfəs aldılar, yedilər, çimdilər, sevişdilər və uzun yaşamaq istədilər. O qədər çox istədilər ki, ölüm onları unutdu. XXI əsrdə yaşayan kişi və qadın da belə etdi. Kişi və qadın öpüşərkən bədənlərindən qəribə bir qoxu yayılırdı. Hər ikisi bu qoxuyla özündən gedirdi. Jasmin və yemişin üst notlarına səhləblə naringinin ürək notları qarışırdı. Qadın o qoxuya heyran olmuşdu. Alobar da, Kudra da, kişi də, qadın da eşq və qoxuyla ölümsüzləşmişdilər. Ən azından özlərini ölümsüz sayırdılar. İllər aram-aram sovuşsa da, yaşlarının üstünə yaş gəlsə də, sevgiləri xatirəyə qovuşmurdu, ömürlərinə qış gəlmirdi. Onların dünyalarında iki yaş vardı. Həyat və ölüm. Həyat yaşı eşqin yaşı idi. Günəşin və onunla var olmağın yaşı idi. Günəşin gül barmaqlı işığı onu diri, həyat yaşında saxlayırdı.

# 1180 dəfə oxunub

Oxşar xəbərlər

Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri yaradıldı

Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri yaradıldı

18:34 26 dekabr 2024
Dünya çox anlaşılmaz və qorxuludur - Maya İmran

Dünya çox anlaşılmaz və qorxuludur - Maya İmran

17:30 26 dekabr 2024
Brilliant Dadaşova:  "Ürəyimin bu qədər ağrıyacağını bilməzdim"

Brilliant Dadaşova: "Ürəyimin bu qədər ağrıyacağını bilməzdim"

16:30 26 dekabr 2024
Öləndə də sərnişinləri düşünən pilotlarımız - Hər şey ancaq bu qədər yaxşı ola bilərdi

Öləndə də sərnişinləri düşünən pilotlarımız - Hər şey ancaq bu qədər yaxşı ola bilərdi

16:00 26 dekabr 2024
Bu gün onun ölüm xəbərini oxuyanda... - Babək Məmmədli

Bu gün onun ölüm xəbərini oxuyanda... - Babək Məmmədli

15:30 26 dekabr 2024
"Hər şey yaxşı olacaq!" - Hökümənin bizə son təlimatı...

"Hər şey yaxşı olacaq!" - Hökümənin bizə son təlimatı...

15:00 26 dekabr 2024
# # #