Bacısını söyən "Adəm"

Bacısını söyən "Adəm"
15 may 2024
# 15:22

Kulis.az Vüsal Bağırlının "May gününün ritmi" yazısını təqdim edir.

Səhərdir. Metrodayam. Qatar gedir-dayanır, gedir-dayanır. Qaranlıq tuneldə durur, səbəbsiz-filansız gözləyir, gözləyir…
Biz də onunla bərabər gözləyirik. Əlacımız nədir? Gözləmək məcburiyyətindəyik. Tunelin qaranlıq, tünd, kölgə mənzərəsinə baxan adamlar darıxır, darıxır.

Vaqonda iynə atsan, yerə düşməz. Həmişəki kimi basabasdır. Vaqon dayanmışkən içində "qu" desən, qulaq tutacaq sakitlik var. Hətta kiminsə qolundakı saat əqrəbinin aram, ritmik səsi də eşidilir.

Çak-çak-çak.

Keçməyə yol yoxdur.

Zaman gedir, vaxt tələsir, səbir daralır, ürək darıxır. Kiminsə ac mədəsi quruldayır, guruldayır. Arada asqıran kim, öskürən, boğazını arıtlayan kim.

Həmsöhbətinin qulağına söz deyib xımır-xımır uğunan kim. Elə bil sükutu pozmaq uğurunda yarış gedir.

Hamı gecikir, hamı narahatdır, hamı əsəbi bir gərginlik içərisində dayanıb. Alınlar qırış, qaşlar çatılmış, dodaqlar büzüşmüş, üzlər gərgin vəziyyətdə.

Bəziləri fikrini dağıtmaq, vaxtı öldürmək üçün telefona baxır, “iqra” oynayır, sosial şəbəkələrdə gəzişir, messencerdə yazışır.

Birdən sağ tərəfdə dayanmış yaşlı kişi ayağını yerə döyərək qəzəblə qışqırır:

- Neçə ildir işə-gücə maşınımla gedirəm. Hər dəfə də tıxac, tıxac. Ayda-ildə bir dəfə bu zəhrimar metroya mindim ki, bəlkə, normal çatım, bu da gəldi belə oldu. Harasa getməyə peşmansan. Belə dərd olar?

***
Günortadır. İki bina arasındakı yol ayrıcından, mikrorayon məhəlləsinin içindən keçirəm. Yaxınlıqdakı marketdən bazarlıq etmişəm. Əlimdə meyvə-tərəvəz dolu sellofanlar.

Alça, çiyələk, təzə kartof, lobya.

Qarşıda, qarajların yanında iki uşaq futbol oynayır. Yol kəsilib. Keçməyə yol yoxdur. Ayaq saxlamağa məcburam. Qolumun yorğunluğu keçsin deyə, klokları yerə qoyub uşaqlara baxıram. Üstəlik, nəfəs dərmək imkanını da əldən vermirəm.

“Dincimi alım, gedərəm”.

Uşaqlardan biri qapıda dayanıb, digəri penal vurmağa hazırlaşır. Yaşıl rəngli top, üstündə qara naxışlı zolaqlar. Elə bil asfaltın üstündəki xəyali penal nöqtəsinə top yox, iri qarpız qoymusan.

Penalı vurmağa hazırlaşan oğlanın üzü mənə tanış gəlir. Görəsən, kimdir, onu harda görmüşəm?! Adı nə idi, lap dilimin ucundadır.

Birdən tapdım. Evrika! Uşaq “Tik-tok”dakı həmin o məşhur oğlana, Adəmə bənzəyir. Qaşqabaqlı sir-sifət. Burun-qulaq, ağız-dodaq, boy-buxun, yeriş-duruş, eynən Adəm, sanki almanı yarı bölmüsən.

Bu dəm, “Adəm” topa yaxınlaşdı, zərbə anında, mən ortaya bir söz atdım.

- Top deyil e, elə bil İmişli qarpızıdır.

Oğlan qəflətən ayaq saxladı. Tərs-tərs üzümə baxdı. Acığından qızardı.

- Səndən soruşan oldu ayın neçəsidir? Bilmədiyin söhbətə girişmə də…

Mən heç nə demədim. Balaca uşaqdır, nə deməliyəm ki? Həm də çəkindim, gözüm Adəmdən qorxub axı. Fikirləşdim, birdən söz deyərəm, bu da qayıdıb söyüş söyər.

Ona görə də səsimi içimə salıb susdum. Oyun davam edirdi. Uşaq bu dəfə bir-iki addım geri çəkildi ki, yaxşı zərbə enidirə bilsin. Topa tərəf qaçdı, bu zaman dırıltı səsi eşidildi, arxası dördbucaq qutulu motosikletçi səs-küylə düz ortadan keçdi. Harasa yemək aparırdı.

Zərbəni vurmaq imkanı əldən qaçdı. “Adəm” dişlərini qıcayıb, dayanmışdı. Motosikletçinin arxasınca boylanırdı. Gücü yumruq silkələyib yağlı söyüşlə ürəyini boşaltmağa çatdı.

- Köpəkoğlu. Cındırın balası…

“Adəm” topu yenə penal nöqtəsinə qoydu. Bu dəfə üçüncü kərə. Aralandı. Topa yaxınlaşarkən, qəfil qalxan külək onu kənara diyirlədi. Zərbə yenə alınmadı. Oğlan acığından zəncir çeynəyirdi. Alışmış kömür kimi qızarsa da, bu dəfə özünü sakit apardı. Heç nə demədi, yalnız dodaqaltı mızıldandı.

Topu gətirib yenə həmin nəhs nöqtəyə qoydu. Yenə geri çəkildi. “Razqon” götürdü. Zərbə üçün qaça-qaça topa yaxınlaşdığı an birdən arxadan, lap qıçımın yanında peyda olmuş bapbalaca, əl boyda qız irəli hoppanıb topu əlinə götürdü və məhəllə boyu yüyürməyə başladı. Qaça-qaça qışqırırdı:

- Tu-ta bil-məz-sən, tu-ta bil-məz-sən..

“Adəm” söyə-söyə onun ardınca götürüldü.

- İt qızı, it balası, topu qaytar... Səni tutsam, bil ki işin bitdi..

Qapıda dayanmış oğlan isə gülə-gülə mənə sarı baxdı.

- Əmi, topu aparan bacısıdır e, özgəsi deyil...

***

Axşamdır. Əcəmi metrosundan dördüncü mikrorayon dairəsinə tərəf uzanıb gedən cərgə-sıra çayxanaların qabağı ilə gedirəm.
Burda o qədər çayxana-pivnoy var ki…

Ard-arda düzülüblər. O qədər çoxdurlar, saymaqla bitməz. Sıralanmış taxta masalar arxasında otumuş cavan oğlanlar bərk məşğul görünürlər. Dominonun şaqqıltısı, nərdin çaqqıltısı hər tərəfi bürüyüb. İçəriyə, salona girincə siqaretin tüstü- dumanı baş çatladır, göz acıdır.

Mən addımlayıb həmin cərgənin tam ortasına çatdıqda birdən hay-küy qalxdı. Ara qarışdı. Qışqırıq səsi, havada oynayan yumruqlar.

Şillə-təpik. Söyüşün biri bir qəpik.

Baxdım ki, bir dəstə adam süpürləşir. Dava düşmüşdü. Al-qana bürünmüş sifətlər, yarılmış insan başı. Yerdə, ayaq altında şüşə qırıntıları, nəm asfalt, köpüklü maye, qanlı tüpürcək.

Digər masada oturanlar, kafe işçiləri cəld araya girib davanı sakitləşdirməyə çalışırdılar.

Dava edənlərin biri gəlib düz yanımda dayandı. Bayıra çıxmış köynəyini həşirlə şalvarının içinə salmağa çalışırdı. Tərli saçları alnına yapışmış, üzü qızarıb pörtmüşdü. Ondan, həmin uzunburun arıq oğlandan nə baş verdiyini soruşdum.

Məlum oldu ki, on dəqiqə öncə bir-birinə dost deyən adamların pivə-nərd-domino məclisi arxasında sözləri çəp gəlib, dinc, rahat söhbət azğın davaya çevrilib. Dostlardan biri, yəni həmsöhbətim olan arıq gənc pivə dolu bakalını tərəf müqabilinin qafa tasında sındırıb.

“Aldın payını, cındır? Di dur burda, bax belə”

Soruşuram, nəyə görə vurdun?

Nə desə yaxşıdır:

- Görmürsən əclafı, bayaqdan altının beşini əlində sıxıb saxlayıb, vermir.

# 1299 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #