Azər Almasın mavi dəftəri - Dilqəm Əhməd

Dilqəm Əhməd

Dilqəm Əhməd

19 iyun 2025
# 10:48

Kulis.az Dilqəm Əhmədin "Azər Almasın mavi dəftəri" adlı yeni yazısını təqdim edir.

Egey dənizinin sahilində bir ev. İzmirdəki dostlarla birlikdə eyvanda əyləşib söhbətləşirik. Qarşımızda gəncliyi Xəzər dənizinin sahilində, cavanlığı Xəzər gölünün yanında keçmiş mühacir şair Almas İldırımın böyük oğlu əyləşib: Azər Almas.

İlk dəfə 2017-ci ildə bu evə gəlmişdim. Hazırladığım "Almas İldırım xatirələrdə" kitabını təqdim etmiş, atası ilə bağlı geniş müsahibə almışdım. Amma budəfəki məqsədim başqa idi. Atasının, şair qardaşı Araz Almasın ədəbi kölgəsində qalmış Azər bəyin özünün yaradıcılığını kəşf etmək istəyirdim. Az da olsa, bacardım.

Aprelin 16-sı idi.

Egey dənizinin mehi üzümüzə vurur, həyat yoldaşı Katerina xanımın dəmlədiyi çayı ləzzətlə içirik. Katerina xanımın ana tərəfi naxçıvanlıdır, zadəgan ailəsindəndir. Anasının adı Sona, babasının adı Hüseyn Xanbabayevdir, bolşevik işğalından sonra Azərbaycanı tərk ediblər. Atası isə ukraynalı olub. Bu barədə bizə həvəslə danışır.

Azər Almasın şeirlər yazdığını bilirdim. Amma nədənsə bu mövzudan heç danışmazdı. Türkiyə mətbuatından atasının ölümü ilə bağlı yazdığı "Babam" şeirini də əldə etmişdim. Elə mövzuya həmin şeiri bəhanə edib başlayıram. Görünür, məramımı anlayır və otaqlardan birinə gedərək əlində bir qovluqla geri gəlir. Qovluğun içində müxtəlif şəkillər, vərəqlər və mavi bir dəftər vardı. Üzərində İ.T.Ü (təhsil aldığı İstanbul Texniki Universiteti) və "Şiirler" yazılmış bir dəftərdi. Təəssüf ki, dəftərin bir qisminin vərəqləri ortadan cırılıb. Həmin yarım qalan hissədə müxtəlif şəxslərin fotoşəkilləri və izahları mövcuddur. Digər sağlam qalan hissə isə bizə gərəkli olan qisimdir. Çünki orada keçmişin xatirəsi olan şeirlər əks olunub.

Qaranlığın iniltisi

Dəftərin bu qisminin bir başlığı və iki yarımbaşlığı vardı: "Karanlığın İniltisi. Olmayan Sevgiliye Ninniler. Her Gecemin Bir Sesi". İlk səhifədə bu dəftəri niyə yazdığını izah edib:

"Adətim vəchilə hər axşam qaranlığın qoynunda 2-3 saat gəzmək ruhumun qidası şəklinə girmişdir. Qış və yay mümkün olduğu qədər mən bu qidamı ruhumdan əsirgəməməyə çalışıram. İştə bu dəftəri də "Gecələrimin xatirə dəftəri" şəklinə salaraq yalnız və sakin gəzintilərin dilimə gələn hisslərinə həsr edirəm. Səhifələrə axan çizgilər mənə hər kəsdən daha yaxın olan təbiətin əsəridir və mən bunca il bu sehirli hədiyyələrlə ovundum.

Mən qəlbimdə məchul bir sevgini daşıdığımı bilirəm. Və axtardığım ülvi bir məhəbbətə də riyakar insanlıq aləmi içərisində rastlamayacağıma da əmin ola bilirəm. Qaranlıq gecələrin mənə anlatdıqlarına tamamən inandım. Mən artıq mavi üfiqimdə mələk qədər saf parıltılarla üzən "mehtab" deyə çalxalanan qəlbimi tək və əbədi arkadaş qılacağam.

Hər gecə bir şeir...

Bəlkə, həyatımın sonuna qədər davam edəcək...

23 may 1952-ci ilin gecəsi.

A.Almas".

Cümlələrin yazıldığı tarixə baxsaq, Azər bəy həmin ilin yanvarında atasını itirmişdi. 19 yaşında bir gəncdi. Dəftəri tutduqdan sonra oraya yazdığı ilk əsəri 24 may gecəsinə aid olan beş bəndlik "Dərə" adlı şeiridir. Sonrakı günlərdə "Düşüncəm", "Məchuldakı məchula", "Dinlə", "Məni axtararsan", "Bilməm ki", "Səssizlik", "Ümid", "Nə olardı", "Gecə", "Günahkar", "Uğultu", "Kim?", "Yaşıl köşələr", "Dün", "Qəzəl" və sair şeirlər yazılıb.

Azər bəy saysız-hesabsız şeirlərinin olduğunu, çoxunu itirdiyini deyir: "Şeirlərimi Hacıağa çap etdirmək istədi, amma mən razı olmadım" (Bakıdakı qohumu Hacıağa Almaszadəni nəzərdə tutur. Bir sıra materialları ona verdiyini bildirir).

Şeirlər arasında Rəsulzadəyə ithaf etdiyi bir əsəri də var: "Mən Rəsulzadəni görməmişəm. Həmin illərdə staj üçün Almaniyaya getmişdim. İstanbulda dərnəkdə onun anım günlərini qeyd edərdik".

Azər bəy mədən mühəndisi olduğu üçün "Mədənçi marşı" adlı şeir də yazıb. Bizə bir fotoşəkil göstərir, orada Türkiyə prezidentini də görürük: "1954-cü il idi. Somada staja getmişdik. Prezident Cəlal Bayar gəlmişdi".

Şeir dəftərinə heyranlıqla baxır, "nə cür çap etmək olar?" - deyə düşünürəm. Amma bunu istəmir. Həmin mavi dəftəri haqqında danışır: "Mən Malatyada olarkən hər gün şeirlər yazırdım. Əlli-altmış şeirim itdi. Hər həftə bir şeir yazardım".

Azər bəy şeirlərini dərc etmədiyi üçün biz də surətini aldığımız həmin şeirləri özümüzdə saxlayırıq. Amma biri istisna olmaqla. Çünki atasının vəfatının ikinci ildönümü münasibətilə yazdığı həmin şeirin mühacir şairimizin ruhunun şadlığı üçün tarixdə qalmasını istəyirik.

Kış Masalı

(Yalnızım babam)

Vakitsizce bizi bırakıp,

bana beş harften ibaret bir anı

bırakan babamın aziz hatırasına

Sana donmuş bakışlardan,

Alev alev...

Sana göz pınarlarından,

Kupkuru...

Sana erimiş siyahlardan

Katran katran...

Bir masal anlatacağım... Dinle...

Adam...

Kaskatı dirsekleri masada.

Beş parmağında beş harfin

Alnında kilitlenmiş.

Granit yoksunluğunca adam

Sana selam göndermiş.

Omuzları değirmen taşı adamın.

Yumruğu alnında kilitli,

Beş parmağında beş harfin

Sıkar da sıkar...

Gözlerinde buz tutmuş pınarlar

Gözbebeklerinde sel...

Kavurur nefesi tüm yeşilleri,

Yakar da yakar.

Ama ciğerlerinde lav var adamın.

Donamaz adam. Yanamaz adam.

Yüklü dişleri adamın

Gıcır gıcır.

Şakaklarında çan... ton.

Tonlarca çan.

An olur.

Açılır beş parmağında beş harfin

Sarılır mavilere.

Ama değirmen taşı bu omuz değil ki

Yüzemez adam... gezemez adam...

Bütün siyahlar onundur.

Bütün sarılar adamın...

Sadece beş parmağında beş harfin,

Yemyeşil...

Sıkılır sıkılır alnında

Bir yeşil damlar masaya.

Kaskatı rengi masanın.

Beş yeşil büyür... Beş harfin...

Granit çaresizliğince adamın

Dirseklerinde kan rengi dikenler.

Çözemez adamş... dözemez adam.

Erir üstünde adamın

Tüm bulutlardaki kül dağlar.

Kulaklarında korkunç sessizlik

Taşar da taşar.

Ama kenetli alnında adamın

Beş parmağında beş harfin... Beş nota

Uzanır mavilere... pespembe...

Çağıldar... çağıldar adam.

Beş parmağında beş harfin

Beş parmağında beş yeşil

Beş nota beş parmağı...

Kaskatı alnında kenetli,

Granit çaresizliğince adam

Yaşar da yaşar...

16.01.1954

Yuxarıda qeyd etdiyim kimi, "Demokrat Malatya" qəzetinin 5 fevral 1952-ci il tarixli 287-ci sayında Azər Almasın "Baba" (Ata) şeiri verilib. Arxivindəki bu şeirin isə daha öncə işıq üzü görmədiyini hesab edirik.

92 yaşlı Azər Almasın bizə göstərdiyi mavi dəftər və bəzi fotoşəkillər onun arxivinin sadəcə bir qismi idi. Növbəti görüşlərdə digər qisminə baxmaq ümidi ilə sağollaşdıq. Bakıya qayıtdığımda Xalq yazıçısı Anara və Rəşad Məcidə salam göndərməyimi də istədi... Bu yazı vəsiləsi ilə onun bu arzusunu da yerinə yetirirəm...

"Ədəbiyyat qəzeti"

# 702 dəfə oxunub

Oxşar xəbərlər

Nobel və Oskar mükafatlarına sahib  yeganə yazıçı  - O, müsahibəsində Məhəmməd peyğəmbər haqqında nə demişdi?

Nobel və Oskar mükafatlarına sahib yeganə yazıçı - O, müsahibəsində Məhəmməd peyğəmbər haqqında nə demişdi?

15:00 2 noyabr 2025
Məhəmməd Füzulinin Qarabağ səfəri - Azad Qaradərəlinin hekayəsi

Məhəmməd Füzulinin Qarabağ səfəri - Azad Qaradərəlinin hekayəsi

15:00 1 noyabr 2025
Tanınmış türk aktyor motosiklet qəzasında öldü

Tanınmış türk aktyor motosiklet qəzasında öldü

13:47 1 noyabr 2025
Moskvada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Moskvada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

12:14 1 noyabr 2025
"Həyatın harasından dönsən, xeyirdir..."  - Ömrünə intiharla son qoyan yazıçılar

"Həyatın harasından dönsən, xeyirdir..." - Ömrünə intiharla son qoyan yazıçılar

12:00 1 noyabr 2025
Azərbaycanlı rejissorun filmi birinci oldu

Azərbaycanlı rejissorun filmi birinci oldu

11:50 1 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər