İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda?- Əli Zərbəli

İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda?- Əli Zərbəli
3 aprel 2026
# 12:00

Kulis.az Əli Zərbəlinin "Oralarda yazıçı olmaq çətindir" yazısını təqdim edir.

Son vaxtlar macar mediasında bir ad tez-tez qabağıma çıxırdı. Nelio Biederman. Axır ki, dedim, bir baxım görüm kimdir bu alt-stilli, bığ yeri təzəcə tərləmiş, texno musiqi DJ-inə oxşayan gənc. Niyə hər yerdə onun kitabını, müsahibələrini, adının qarşısına düzülmüş təyinləri (vunderkind, sensasiya və s.) görürəm, üstəlik haqqında yazılmış az qala hər məqalədə ötən əsrin böyük yazıçıları ilə müqayisə edilir, Daniel Kehlman onu "dahi yazıçı" adlandırır?

Çox səthi bir araşdırmadan sonra məlum oldu ki, bu macar əsilli isveçrəli gənc 2003 təvəllüdlüdür. 22 yaşlı bu "gənc yazar"ın stratosferə qədər ün salmış "Lázár" adlı romanı isə ailə saqasıdır. Revyulardan gördüyüm qədərilə, özünəməxsus atmosferi var, qotik elementlər, bir az magik realizm, bütün bunlarla yanaşı isə tarixi bir fon. Romanda macar aristokrat bir ailənin (Lazar ailəsinin) dörd nəsillik tarixçəsi və tənəzzülü poetik bir dillə nəql olunur, arxa planda isə böyük tarixi hadisələr növbələnir (Habsburq monarxiyasının süqutu, İkinci Dünya müharibəsi, 1956-cı il Macar inqilabı).

Almaniya və İsveçrədə çıxan kimi 200 min(!) tiraj satılıb (yeri gəlmişkən, insanlar hələ də kitab oxuyur). Yeddi alman dilli nəşriyyat kitabın hüquqlarını almaq üçün əməlli-başlı yarışa girib, axırda “Rowohlt” nəşriyyatı auksion tipli mübarizədə altırəqəmli məbləğə hüquqları götürüb. ABŞ-da məşhur “Simon Schuster” nəşriyyatında çap olunub. Frankfurt Kitab Sərgisində xarici nəşriyyatlar tərcümə və çap hüquqları üçün yarışa giriblər. İndi artıq bir neçə dildə çıxıb, Böyük Britaniyada da yenicə nəşr olunub, ümumilikdə isə 25-dən çox dilə tərcümə olunacaq, olunur.


*

Təzəlikcə Mirmehdi Ağaoğlunun bir yazısı çıxdı qabağıma. Yazıda Əli Əkbərdən sitat gətirirdi: “İsveçrədə yaşayan yazıçı Əli Əkbər təxminən on il əvvəl bir müsahibəsində demişdi ki, orada (İsveçrədə) həyat o qədər sakit, o qədər cansıxıcıdır ki, oranın yazarları mövzu tapa bilmirlər. Ümumiyyətlə İsveçrədə yazıçı olmaq çətindir”.

Son cümləni oxuyanda məni gic gülmək tutdu. Avropalı, ələlxüsus, isveçrəli yazıçılara lap yazığım gəldi. Onlar üçün yazıçı olmaq çox çətindir.

Nə yağış yağanda şəhərdə qayıqla gəzirlər, nə iki saat çəkən tıxaclarda ilişib ipoteka borclarını hesablayırlar, nə nəşriyyatlar tərəfindən istismar olunurlar, nə heç bir işə yaramayan yazıçılar birlikləri var, nə kreslo davaları. Lap tutalım ki, ciddi sənət ənənələri var, Maks Friş kimi, Robert Valzer, Kristian Kraxt kimi yazıçıları var, indi də süni intellektin kreativ sahələri əlində oyuncağa çevirib ruh düşkünlüyü yaratdığı bir dövrdə 22-23 yaşlı yazıçılarının ilk romanı 200 mindən çox satılır, 25 dilə tərcümə olunur.

Hə, noolsun ki? Biz ki bilirik, oralarda yazıçı olmaq çətindir.

Bu yazıda məqsədim onsuz da cavabı məlum olan absurd bir fikrə geniş reaksiya bildirmək deyil. Hər şey gün kimi aydındır. Azərbaycanla İsveçrəni hansısa müstəvidə müqayisə etməyə çalışsam, bişmiş toyuğun gülməyi gələr. Belə bir müqayisə ilk növbədə ədalətli deyil. Bu da artıq başqa mövzudur.

Başa düşürəm, məhrumiyyətlər insanı müdrikləşdirir, daxili aləmini zənginləşdirir və sairə və ilaxır. Ancaq sual yaranır: Yazmaq üçün, yazıçı olmaq üçün mütləq gərək adam yerinə qoyulmadığın, heç bir dəstək görmədiyin, məişət problemlərinin boy vermədiyi mühitdə yaşayasan? Əksinə, belə olan halda adam heç özündə sənətdən, ədəbiyyatdan danışmağa haqq hiss eləmir, taqətdən düşürsən, banal məişət qayğıları səni boğub cəsədini ləpədöyəndə yuyur.

Ədəbiyyat ilk növbədə introspeksiyadır, insanın şəxsi təcrübəsini becərməsidir, təxəyyül məsələsidir. Bunu da kiməsə izah eləmək lazımdır? Yuxarıdakı sitatda verilən fikirlər mənə dayaz olduğu qədər də ziyanlı görünür. Şəraitsizlik ucbatından beynimizin işə saldığı müdafiə mexanizminin performansı maşallah pik həddədir. Yəni, onsuz da ömrümüzü özümüzü aldatmaqla, çəkdiyimiz əzab-əziyyətlərə məna yükləməklə keçiririk. Belə fikirlər həmin təsəllini bir az da bərkidir. Təsəllilər isə öz növbəsində adamı yerində saydırır.

Ola bilsin, mənə və bir qisim adama “İsveçrədə yazıçı olmaq çətindir” fikri gülməli görünsün. Amma əminəm, elə bir qisim də var ki, belə fikirləri eşidib daxilən rahatlaşırlar və öz aqrar estetikalarını bir az da möhkəm qucaqlayırlar. Azərbaycandakı yazı adamlarının çoxunu nə birləşdirməsə də, onları birləşdirən ortaq bir aqibət var: şəxsi uğursuzluqların doğurduğu kin-küdurət, qıcıq, aqressiya. Maraqlısı budur ki, bütün bunlar özü ilə bərabər eqo və pafos da gətirir. Nəticədə həmin adamlar absurd dərəcədə qeyri-adekvat yanaşmalar tirajlayan, qeyri-ciddi adamlara çevrilirlər.

İsveçrəyə qalanda isə, orada yazıçı olmağın çətinliyi, asanlığı barədə dəqiq nəsə deyə bilmərəm. Lakin Azərbaycanda yazıçı olmaq yüz faiz çətindir.

Müəllifin digər yazıları:

Dünya oxucusu bizi niyə oxusun?

Ən yeni cərəyanlar: Gülünc realizm

"İtirilmiş dəyərlərin paranoyası"

# 151 dəfə oxunub

Oxşar xəbərlər

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
"Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!" - Ulucay Akif

"Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!" - Ulucay Akif

14:15 2 aprel 2026
Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

14:00 2 aprel 2026
Rəssam olmaq istəyən,  ali təhsilsiz məşhur yazıçı - O, hansı romanı  üçün mədənlərdə fəhlələrlə görüşmüşdü?

Rəssam olmaq istəyən, ali təhsilsiz məşhur yazıçı - O, hansı romanı üçün mədənlərdə fəhlələrlə görüşmüşdü?

12:00 2 aprel 2026
"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

15:00 1 aprel 2026
"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

12:00 1 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər