Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Vasif Adıgözəlovun anım günüdür.
Kulis.az bu münasibətlə bəstəkar, musiqişünas Sevinc Tofiqqızının onun haqqında yazdığı "Vasif Adıgözəlov irsi: Azərbaycanın milli-mədəni sərvəti kimi" yazısını təqdim edir.
Sənətkarın şəxsiyyəti sənətin mənbəyidir. Sənət əsəri sənətkarın şəxsiyyətindən, Allah vergisi olan istedadın sayəsində doğulur. Əlbəttə, mövzunu həyat verir. Həyat həqiqəti sənətkar şəxsiyyətindən, onun qəlbindən və zehnindən, tamamən mənəvi dünyasından keçərək müxtəlif bədii formalarda öz bədii-fəlsəfi təcəssümünü tapır.
Əslində, incəsənətin növləri və janrları sənətkar şəxsiyyətinin özünüifadə formalarıdır. H.Heyne yazır: “Ölüm həyatın, musiqi isə sənətin son sözüdür”. Musiqi yaratmaq üçün dünyanın ritmini, həyatın ahəngini duymaq kifayət deyil, bunun üçün qəlbin, Allah əmanəti olan ruhun və şübhəsiz ki, ilahi vergisi olan istedadın olmalıdır. Bütün bunlar əldə edilmir, dünyaya gələndə insana bəxş edilir.
XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük bəstəkar Vasif Adıgözəlov bütün bu xüsusiyyətlərə malik qüdrətli sənətkar idi. Azərbaycan bəstəkarlıq məktəbinin ən yaxşı ənənələri üzərində yüksələn, yaradıcılığında, Şərq və Qərb mənəvi dəyərlərinin yüksək bədii-fəlsəfi sintezinə nail olan Vasif Adıgözəlov XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində üç nəsli birləşdirən etibarlı mənəvi körpü idi: xanəndə Zülfü Adıgözəlov, böyük bəstəkar Vasif Adıgözəlov və məşhur dirijor Yalçın Adıgözəlov! Ata, oğul və nəvə! – bu üç böyük sənətkar – bu şərəfli nəsil Azərbaycan musiqi mədəniyyəti tarixində müstəqil bir epoxadır.
Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, professor V.Adıgözəlov böyük sənətə 60-cı illərdə gəlmişdi. XXəsrin 60-cı illəri Azərbaycanında daxil olduğu SSRİ-nin tarixində totalitar rejimin bir qədər mülayimləşdiyi, İ.V.Stalinin ölümündən sonra (1953) şəxsiyyətə pərəstişin ləğv olunduğu və məhz bunun sayəsində müəyyən yaradıcılıq azadlığının yarandığı dövr idi.
Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-cü il iyul ayının 28-də Bakıda məşhur ifaçı Zülfi Adıgözəlovun (1898-1963) ailəsində dünyaya gəlmişdi. Onun istedadı Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində oxuyarkən meydana çıxır. O, bu məktəbi 1953-cü ildə bitirib, elə həmin il Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə-dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfinə daxil olur. Genetik musiqi istedadına, ailə və məktəbdə mükəmməl musiqi tərbiyəsi alması sayəsində o özünü Q. Qarayevin sinfində inamlı hiss edir və ikinci kursda ona böyük konsertlərdə piono ifaçılığı etibar edilir.
Gürcü bəstəkarı Otar Taktakişvili gənc V.Adıgözəlovun ifasında öz əsərini dinləyəndən sonra demişdi: “Mənə bundan yaxşı solist lazım deyil”.
Sənətşünaslıq doktoru İmruz Əfəndiyeva Vasif Adıgözəlov haqqında dəyərli bir monoqrafiya yazıb. Bəstəkarın həyatı, mühiti və çoxcəhətli yaradıcılığı barəsində hərtərəfli məlumat verən bu qiymətli əsərdən və digər mənbələrdən məlum olur ki, V.Adıgözəlov sənət aləminə 1956-cı ildə Azərbaycan bəstəkarlar İttifaqının 1-ci qurultayında səslənmiş “Simfonik poema” və “Sonata”sı ilə gəlib. Və bu debüt uğurlu olub. Konservatoriyanın həm bəstəkarlıq, həm də pianino siniflərini bitirdikdən bir il sonra, 1959-cu ildə o, Bəstəkarlar İttifaqına üzv qəbul olunub.
O, böyük həvəslə Avropa musiqisi ilə bahəm milli musiqimizi dərindən öyrənir. C.Məmmədquluzadənin eyni adlı tragikomediyası əsasında “Ölülər” operasını yazır, “milli musiqinin qədim janrları ilə Avropa musiqi mədəniyyətini üzvi şəkildə qovuşdurmağa nail olur”(İ.Əfəndiyeva). Bir qədər sonra M.F.Axundzadənin “ Hacı Qara” komediyası əsasında R.Mustafayevlə birlikdə “Xəsis” operettasını yazır. XX əsrin 60-cı illərinin əvvəllərində dünya şöhrətli müğənni R.Behbudovla birgə fəaliyyəti onun yaradıcılığının təbliğində mühüm rol oynayır.
1968-ci ildə yaratdığı “İkinci simfoniya” ona böyük şöhrət gətirir. V.Adıgözəlov 1 saylı “Fortepiano ilə orkestr üçün konsert” əsəri ilə bir daha Qara Qarayev sənət məktəbinə mənsubluğunu təsdiq etmişdir. Çünki bu əsər bəstəkarın müəllimi Qara Qarayevə həsr edilmişdi. V.Adıgözəlov 1960- cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında baş musiqi redaktoru kimi yaradıcı-təşkilati işlə məşğul olur. 1968-ci ildən isə Bəstəkarlar İttifaqının məsul katibi seçilir. 70-ci illərin əvvəllərində artıq məşhur bəstəkar V. Adıgözəlov “Nənəmin şahlıq quşu” və “Ayrılaq, evlənərik” operettalarını yaradır. 70-ci fəaliyyətini Ümumittifaq miqyasında genişləndirən V.Adıgözəlov Moskvada, Ukraynada həm təşkilati, həm də yaradıcı çıxışlar edir. Bu onun böyük bəstəkar, ustad T.Quliyevlə birgə fəaliyyət dövrüdür.
80-ci illərdə V.Adıgözəlov yeni ideya-estetik istiqamətlərdə, janrlarda intensiv axtarışlar aparır. Azərbaycanın tarixi taleyi ağır sınaqla üz-üzə gələndə Sovet İmperiyasının və onun totalitar ideologiyasının çökməsindən istifadə edən tarixi düşmənlər torpağımıza göz dikəndə böyük bəstəkar, əslən Qarabağımızdan olan V. Adıgözəlov vətən taleyi mövzusuna müraciət edərək “Odlar Yurdu” (sözləri R. Zəkanın) və “Qarabağ Şikəstəsi” (sözləri T.Elçinin) oratoriyalarını yaratdı. Bu yeni janr onun üslubunu ideya-emosional, bədii-fəlsəfi baxımdan daha da zənginləşdirdi.
Ümumiyyətlə qeyd etməliyik, ki XX əsrin son on ili 1989-1999 V. Adıgözəlovun yaradıcılığında yeni və yüksək bir mərhələdir. Bu dövrdə bəstəkarın yaratdığı üç məşhur əsər – “Qarabağ Şikəstəsi” (1989), “Çanaqqala” (1996) və “Qəm Karvanı” (1999) oratoriyaları musiqi mədəniyyətimizin tarixində XX əsri yekunlaşdıran əsərlər kimi şöhrət qazandı. V. Adıgözəlov musiqisinin konseptuallığını, monumentalizmini, yeni səs diapazonunu bədii-fəlsəfi üslub fərdiyyətini müəyyənləşdirən bu əsəri ilə o artıq ehkamları dağıtmağa, ənənələri dəf etməyə və öz ənənələrini – Qərbdən asılı olmayan milli-bəşəri ənənələr yaratmağa nail oldu. Bunlar artıq yabançı sosializm realizmi bədii meyodunun çərçivəsində yaradılmış əsərlər deyildi. Bu əsərlərdə ümumtürk epos təfəkkürü, yüksək vətən əxlaqı və milli-mənəvi özünüdərk ehtirası çağlayırdı.
“Qarabağ Şikəstəsi” ənənəvi olaraq “Segah” üstündə oxunan zərb muğam olsa da, bəstəkar öz fəlsəfi qayəsini əks etdirmək üçün müxtəlif Azərbaycan ladlarına müraciət edir. Məsələn, 2-ci hissədə qaboyun solosu “Humayun” muğamında keçir. 5-ci hissədə “Tut ağacı” tamamilə “Çahargah” üzərində qurulur... Əsas yeniliklərdən biri isə, fikrimizcə, bundadır ki, müəllif oratoriyanın teatrallaşdırılmasına böyük diqqət yetirir. Öz novator yaradıcılığı ilə XX əsr Azərbaycan professional musiqisinin yeni zirvələrini müəyyənləşdirən V. Adıgözəlovun 3 noyabr 1995-ci ildə keçirilən yubileyi əsl musiqi hadisəsinə çevrildi. Bu zaman o, ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən “Şöhrət ordeni” ilə təltif olundu.
Bir müddət sonra Türkiyə tarixinin şərəfli bir dövründən – məşhur Çanaqqala savaşından alınmış “Çanaqqala” oratoriyasını yazdı. Sabah Durunun librettosu və Türkiyənin milli şairi Mehmet Akif Ersoyun poeziyası V. Adıgözəlovun ecazkar qəhrəmanlıq-rekviyem musiqisi ilə birləşərək 1 saat 20 dəqiqə davam edən möhtəşəm bir musiqi epopeyasının yaranması ilə nəticələndi. Əsərin uğurlu premyerası 16 oktyabr 1998-ci ildə Türkiyə Prezident Simfonik Orkestrinin zalında Yalçın Adıgözəlovun dirijorluğu ilə baş tutdu. V. Adıgözəlovun “ Çanaqqala” oratoriyasını türk ruhunun yenilməzliyini əks etdirən musiqi abidəsi kimi qiymətləndirmək olar. Bu əsərdə vətənin taleyi və şərəfi milli varlığın rəmzi kimi əks olunur. Triptixi tamamlayan “Qəm Karvanı” oratoriyası bədii konsepsiyası və estetik qayəsinə görə rekviyem və memorial xarakteri daşıyır.
Qanlı yanvar hadisələri, Xocalı soyqırımından sonra yaradılan əsərə müəllif tərəfindən yazılmış ithaf əsərin bədii-fəlsəfi qayəsini dəqiq açmağa imkan verir: “Müqəddəs şəhidlərimizin əziz xatirəsinə!” Hər üç əsər, o cümlədən “Qəm Karvanı” insanların mənəvi ehtiyaclarına tarixi bir cavab olaraq yaranmışdır. Tarix Vasif Adıgözəlovu bizdən uzaqlaşdırdıqca zaman onun bir sənətkar kimi milli-mənəvi varlığımız, mədəniyyətimiz üçün əhəmiyyətini dönə-dönə təsdiq edir. Əslində, bəstəkarın vəfatından sonra keçən vaxt onun əsərlərinə xalqımızın böyük ehtiyacı olduğunu sübut etməkdədir.
Əgər məndən soruşsalar ki, V.Adıgözəlovu bir sözlə necə təqdim edərsən? Mən tərəddüd etmədən “kübarlıq” sözünü işlədərdim. O, əsl-nəcabətli bir nəslin oğlu, böyük şəxsiyyət və istedad sahibi idi. Onun şəxsiyyətində və sənətində Ü.Hacıbəyliyə xas millilik və müdriklik, müəllimi Q.Qarayevdən gələn fəlsəfi-intelektual təfəkkür əbədiləşib. V.Adıgözəlov Azərbaycan musiqi mədəniyyətimizin tarixində heç kəsə bənzəməyən, öz fərdi üslubu ilə seçilən, Şərq və Qərb musiqisinin imkanlarıdan, janr və formalarından bacarıqla istifadə edən qüdrətli sənətkar idi. Tarixilik və müasirliyin vəhdəti, milli müəyyənlik, alliterasiyaların mozaik düzümü, ritm variasiyaları, monumentallıq və konseptuallıq V.Adıgözəlov musiqisinin bədii-estetik məziyyətləridir. V.Adıgözəlovun musiqisində Azərbaycan xalqının milli qüruru öz əksini tapib. Onun musiqisi də özü kimi qürurludur. Bu qürur millətə və vətənə sevgidən, dövlətçilik duyğusundan, əsl-nəcabətdən, yüksək ziyalılıqdan və əlbəttə ki, şəxsiyyətin arxasında istedadla bərabər dayanan özünəinamından irəli gəlir. Vasif Adıgözəlovun irsi bizim milli-mədəni sərvətimizdir.