Amerikaya getmək üçün qızlar mənə evlilik təklif edirdi - Gənc yazardan qeyri-adi etiraf

Amerikaya getmək üçün qızlar mənə evlilik təklif edirdi - Gənc yazardan qeyri-adi etiraf
27 may 2021
# 17:22

Kulis.az Nihat Pirin “Xoşbəxtliyi Amerikada axtaranlar” adlı yazısını təqdim edir.

Bu günlərdə 2021-ci ilin “Green card” qaliblərinin adları açıqlanıb. Güman ki, bu “sehrli” lotereya haqqında hər kəsin məlumatı var, amma mövzudan xəbərsiz olanlar üçün deyim ki, “Green card” ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış bir lotereya proqramıdır. Hansı ki, departament hər il oktyabr-noyabr aylarında müəyyən olunmuş beynəlxalq bir sayt üzərindən iştirak etmək istəyənlərin dünya üzrə qeydiyyatını həyata keçirir və may-iyun aylarında isə həmin iştirakçılar arasından qalibləri müəyyən edir. Lotereyada qalib gəlmək sırf şans işidir və bundan sonrakı mərhələni-müsahibə mərhələsini də adlayan şəxslər həmin kartın sahibi olur. Kartın şəxsinə verdiyi səlahiyyəti isə beş sözlə ifadə eləmək kifayətdir: Amerikada vətəndaş səviyyəsində yaşamaq hüququ.

Bu beş sözlük xoşbəxtlik formulunu keçən il mən də geninə-boluna istifadə eləmişəm. Təxminən, bu aylarda mənim də lotereya qalibi olmağımın sədası gəldi və avqust ayının sonuna kimi qalibiyyət sevincimin havası ilə, tamamilə, başqa bir həyat yaşadım. Həmin o qısıtlı vaxt çərçivəsində həm də “green card” vasitəsilə Amerikaya köçmüş azərbaycanlıların da həyatını, gediş prosesini araşdırdım və doğrudan da, seçilmişlərdən biri olduğuma qətiliklə əmin oldum.

Ümumiyyətlə, ABŞ kimi ölkələrin öz vətəndaşlarının özlərinə rəva görmədiyi işlər var ki, “green card” qaliblərinin ölkədən getmək üçün əllərində tutduğu ən əsas bəhanələrdən biri də məhz budur: Amerikada saatı 20-25 dollardan aşağı iş yoxdur və onlar bu işləri özlərinə sığışdırmır.

Yəni, bu anlayışı daha yaxşı qavramaq üçün misal çəkim ki, bizdə günün 15-16 saatını ayaq üstə keçirən ofisianta verilən günlük maaş maksimum 10-15 manatdırsa, orada ən adi işlərin saat başı hesablanan maaşı 20-25 dollar və daha artıqdır. Belə olan halda kiminsə bütün ümidlərini “green card”a bağlamasında qeyri-normal nəsə yoxdur.

Sözügedən prosesin başqa bir maraqlı tərəfi ondan ibarətdir ki, bu qalibiyyət ən sıravi bir adamı belə bir dəqiqənin içində diqqət mərkəzinə çevirə bilir. Azərbaycan qaliblərinin və lotereyada iştirak edənlərin cəm olduğu “facebook” qrupunda bu günlərdə evlilik təklifləri bir-birini əvəz eləməkdədir. Çünki bəzən elə adamlar olur ki, 7-8 və daha çox cəhddə bulunsa da, nəticəsi neqativ olub və belə olan halda çıxışı “azərbaycansayağı” formada həll etməkdə görür.

Qalib gəldiyim günün axşamından etibarən, demək olar ki, hər gün bir evlilik təklifi alırdım. Hətta təklif edənlərin böyük əksəriyyəti bunun müqabilində mənə ödəniş eləməyə hazır olduqlarını da vəd edirdilər. Çünki bu evlilik sayəsində onlar da mənimlə Amerikaya gedə biləcəkdi. Belə ki, “green card” qalibi özü ilə ailəsini də apara bilir.

Maraqlısı odur ki, həmin adamlar artıq şansın onlardan üz döndərdiyini qəbullansalar da, hər il bir digər qaliblərin sayəsində Amerika xəyalını gerçəkləşdirə biləcəklərinə hələ də inanırlar. Məsələn, mənə evlilik təklif edən biri Amerikada ilk iki ayımın xərclərini ödəyəcəyini və hətta orada münasib iş tapmaqda köməklik edəcəyini də vəd edirdi. Bu bir az qeyri-real səslənsə də həmin şəxsin mövcud situasiyasını anlayandan sonra buna inanmamaq mümkün olmur. Məsələn, xanımın biri Bostondan yazmışdı ki, günü bü gündən ta ki Amerikada hava limanına enənədək bu prosesdə sənə lazım olan bütün xərcləri çəkirəm. Təki mənim bacımla kağız üzərində evlən, onu da bura gətir. Demək, məsələnin məğzi onun üzərində dayanır ki, bu adam özü və ailəsi “green card” vasitəsilə ölkədən çıxa bilsə də, bacı qaydalar çərçivəsindəki ailə termininə uymadığı üçün qalıb okeanın bu tayında. Və çarə mən və mənim kimi yeni qaliblərdir.

Yeri gəlmişkən, yuxarıda bəhs elədiyim “bütün xərclər” kateqoriyasına bizim toy çəkilişimiz da aid idi.

Düzü, bu qalibiyyətin çox fenomenal bir hadisə olmağına ailəmi inandırmaq çətin oldu. Necə olur ki, adi bir universitet tələbəsi, kənd uşağı hansısa bir lotereyanın sayəsində bir anın içində dönüb “JON” olur? Hətta qonşumuzun biri lotereya anlayışını “Binqo” lotereyası ilə eyniləşdirib mənə bir diplomat lotereyanı göstərdi ki, udan idimsə, mən də udardım də. Düz 11 ildir, oynayıram...

Qalibiyyətin verdiyi arxayınlıq və şöhrətin sayəsində “gənc yazıçı çarəni niyə Amerikaya köçməkdə görür?” nidası altında “El bizim, sirr bizim” verilişinə də dəvət aldım. Və artıq bundan sonra nəsil-nəcabətdə mənə inanmayanlara, az qala, kafir gözü ilə baxırdılar. Sonrakı mərhələ isə “whatsapp” statuslarında şəklimi görmək və təbrik zəngləri mərhələsi idi.

“Fəxrimiz...”

“Sənə uğurlar!”

“American boy” və s.

Pandemik şəraitin çətinliyindən dolayı rayondan Bakıya - verilişə gələ bilmədim və istəməsəm də, bu, həyatımda ilk dəfə hansısa bir verilişdən imtinam kimi öz tariximə düşdü. Yeri gəlmişkən, həmin imtina mesajım belə qohumlar tərəfindən statuslarda paylaşıldı. Amma niyəsə yenə də “fəxrimiz” başlığı altında...

Artıq “green card”ın nə olduğunu kiməsə izah eləmək mənim üçün adiləşmişdi. Başa düşmədikərini bildiyim bəzi hissələri daha coşqulu və daha qarışıq proses kimi göstərib öz balaca dünyamda xoşbəxt olmaq və Amerikada ev kirayələməklə məşğul idim.

Yaxın qonşulardan biri evində şənimə təşkil etdiyi qonaqlıqda öz boşqabındakı toyuq budunu ehmallıca götürüb boşqabıma qoyanda “orda bınnan tapmıyasan” deməsi elə bu yaxınlarda Amerikada yaşayan əsgər yoldaşımla dialoqu yadıma saldı. Əsgər yoldaşım Amerikanın göbəyində oturub ərzaq bahalığından dəm vurur və orda yaşamağın heç də biz düşündüyümüz şəkildə asan olmadığına məni inandırmağa çalışırdı. Sözsüz ki, bu onda qətiyyən alınmırdı. Məsələn, o deyirdi:

- Dünən göyərtinin bir dəstəsinə düz 2 dollar vermişəm...

Düzü, həmin vaxt göyərtinin lazımı dəyərdən çox, lap çox dəyərə minməsini deyil, valyutanın göyərti ilə yanaşı necə şirin səslənməsini düşünürdüm. Göyərti, mən və dollar. 24 il göyərtini evin arxa tərəfindəki balaca tərəvəzdən yolmaclayıb gətirən, uzaqbaşı dəstəsinə 15 qəpik verən özümü Vaşinqtonda keşnişin dəstəsinə 2 dollar sayan yerdə təsəvvür eləmişdim ki, qonşumun sualı məni birinci Vaşinqton-Bakı reysi ilə kəndimizə qaytardı.

- Elarizdə ordadır axı, hə? Elə gedərsən, sənə bir iş təşkil eləyər də. Görən kimi tanıyacaq ki, azərbaycanlısan...

Axırıncı cümləsini çıxmaq şərtilə digərləri, əslində, əməlli başlı ağlıma batmışdı. Ərinməyib elə ordaca “google”də “Elariz Amerika” yazıb çıxan ilk nəticələrə göz gəzdirdim. Vəssalam! İşim də hazır! Başlıqlardan biri belə idi:

“Elariz Amerikada dönər evi açdı”

Qonşum hardan və kimdən eşitmişdi, bilmirəm, amma Amerikada pivənin pulsuz olduğundan dəm vururdu ki, bu vaxt növbəti evlilik təklifini aldım. Və bu dəfəki xanım daha cəsarətli davranaraq sabah məni filan saatda rayon mərkəzində gözləyəcəyini deyirdi.

...Qara “Jeep”i görər-görməz ürəyimdə “ilahi, məni belə erkən qudurtma...” deyibən maşına yaxınlaşdım. Xanımın məni qarşılaması və ümumi söhbətimizdən çıxardığım nəticə o oldu ki, bu adam, ən azı, 5 ildir ki, nikah kağızına qol çəkdirməyə adam gəzir. Və zənnim məni yanıltmadı. Üç il əvvəlki hadisədən misal çəkəndə onu da vurğuladı ki, müsahibədə hətta evli cütlükləri ayrı-ayrılıqda sorğu-sual edirlər deyə gərək bir-birimizi daha yaxşı tanıyaq. Düzü, özümü saxlaya bilmədim və “nə mənada?” sualını verib elə ordaca da peşman oldum. “Öyrədəcəm!” dedi. Sonra yanımdaca kiməsə zəng edib çəkiliş üçün operator, kamera və bəy-gəlin kostyumu sifariş elədi. Bu “yalançı toy” tədarükü idi.

Təxminən, üç həftə ərzində bir-birimizin yediyimiz-içdiyimiz, geyindiyimiz, bəyənib-bəyənmədiyimiz nə vardısa, hamısını əzbərlədik. Prosesin ən nisgilli mənzərəsi o idi ki, iki-üç gündən bir zəng edib məni sorğu-sual edəcəyinin xəbərdarlığını edirdi. Ardınca isə vurğulayırdı: dolma ən sevdiyimdir, unutma!..

20 günün tamamında özümdən daha çox onun vərdişlərini, bəyənib bəyənmədiklərini mənimsəmişdim. Suallara qətiliklə cavab verir, elə o arada da Elarizin dönər evində paketçi kimi fəaliyyətə başlayırdım.

Qələmdaşlarımı burada qoyub getsəm də, gənc yazıçı kimi onlara da müəyyən maddi töhfə verəcəyimi özümə söz vermişdim. Məsələn, düşünürdüm ki, 3-5 ildən sonra heç olmasa, ildə bir dəfə hansısa gənc müəllifin kitabını nəşr elətdirərdim, yaxud, tərcümə elətdirib Nyu-Cersi kitabxanalarına pulsuz paylayardım.

Özüm haqda planım isə diləyin pik səviyyəsini yaşayırdı. “İlk kitabım Amerikada nəşr olunacaq və mən ədəbiyyat tarixinə düşəcəm!”

Xülasəsi, avqust ayının sonuna kimi sevincimi ailəm, qonşularım, “nikah yoldaşım”, özüm və facebook dostlarımla necə lazımdırsa, bölüşüb dadını çıxardım, amma nə yazıq ki, nəticə sözün həqiqi mənasında faciəvi oldu. Fələk obrazını mənimsəmiş Tramp hakimiyyəti “green card” qaliblərinə viza verilməsi prosesini bəlli olmayan bir müddətə kimi dondurdu ki, bu da qalibiyyətimin bir heç olması demək oldu.

Bu ilin 31 mart tarixindən həmin dondurulma prosesi qüvvəsini itirsə də, bu mənim xəyalımın gerçəkləşməsi, gənc dostlarımın Nyu-Cersi kitabxanalarının rəflərini bəzəməsi və özümün ədəbiyyat tarixinə düşməyim üçün kifayət eləmədi. Amma həmin xanım üçün növbəti cəhd imkanını yaratdı ki, dünən qrupda kiməsə “sabah filan yerdə sizi gözləyəcəm, gəlin danışaq” yazdığını gördüm.

Xanımla münasibətimiz kəsilsə də məni ömrü boyu narahat edəcək sualla baş-başa qoyub getmişdi. “Görəsən, hər gün dolma yemək adamı bezdirmir?”

# 5926 dəfə oxunub

Oxşar xəbərlər

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:05 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
# # #