Ailəsi onu övladlığa verdi, uşaq yaşlarından qulluqçu işlədi, agentlə ailə qurub boşandı – Onu ölümdən kim xilas etdi?

Fatma Qədri

Fatma Qədri

14 aprel 2022
# 12:00

Bu gün Xalq artisti, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş aktrisa Fatma Qədrinin doğum günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında 10 maraqlı faktı təqdim edir.

Fatma oğula həsrət ailənin 10-cu qız övladı olur. Valideynləri onun adını Artıq qoyurlar. Atası Qədir kişi şəkər zavodunda fəhlə işləyirdi. 13 uşaqlı ailəni dolandırmaq isə gün-gündən çətinləşir, bir qarın yemək məşəqqətə çevrilir.

Fatmanın on iki yaşı olsa da, yoxsulluq ucbatından məktəbə gedə bilmir, yaşıdlarından geri qalırdı. Fatma Qədri sonralar həmin günləri belə xatırlayır:

“Gecə-gündüz Allaha yalvarırdım ki, ya tezliklə canımı alsın, ya tezliklə bəxtimi açsın!..”

***

Qızının oxumaq arzusunu hiss edən anası günlərin birində Fatmanın əlindən tutub onu tanıdıqları bir evə gətirir. O, on iki yaşlı qızını bu ailəyə qulluqçuluğa verir. Fatma burada ailənin qulluqçuluğunu edir, ona verilən əməkhaqqını isə məktəb pulu kimi yığıb toplayır. Fatma əvvəlcə mollaxana dərslərinə gedir. Lakin sonralar buradan bezib şəhərdəki Xalq Məktəbinə getməklə rus dilində təhsilə başlayır. Şəhər mühitində açıq havada göstərilən teatr tamaşalarının birini də ötürmür.

Bir gün isə valideynləri onu uşağı olmayan varlı həştərxanlı xalasına övladlığa verirlər. Fatma isə ailəsindən ayrılmaq, başqa mühitdə yaşamaq istəmədiyindən yarı yoldan qaçıb öz kasıb daxmalarına qayıdır.

***

Günlərin bir günü Fatma Odessada çekist (Əks-inqilab və təxribatla mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasında çalışan əməkdaş– red) işləyən Əhəd Axundzadə ilə qarşılaşır. Axundzadə Fatmaya aşiq olur. Və onu özü ilə Bakıya gətirir. Burada o, özünün Artıq adı ilə vidalaşıb Fatma adını götürür, atasının adını isə soyadı götürür.

Axunzadələrin qohumu, məşhur opera sənətkarı Şövkət Məmmədova onların evində tez-tez qonaq olurdu. Çox keçmir ki, o, Fatmaya köməklik etməyi öz boynuna götürür. Fatmanın təhsil almasında baldızlarının və qayınlarının rolu çox böyük olur. Ailə və həyat yoldaşı onun təhsil almasını dəstəkləyir, ancaq onun aktrisa olmasını qəti şəkildə istəmirlər. Bir müddət sonra Axundzadə ilə Fatma arasında soyuqluq yaranır. Dörd ildən sonra isə cütlük yollarını ayırır, Fatma ərindən boşanır.

***

O, aktrisalıq fəaliyyəti müddətində “Sevil”, "Şeyx Sənan", "Paris Notr-Dam kilsəsi", "Anamın kitabı", "Dubrovski", "Vaqif", "Romeo və Cülyetta", "Otello", "Məkr və məhəbbət", "Cehizsiz qız", "Tufan", "Aydın" tamaşalarında aparıcı rollar ifa edib.

37-ci ilin repressiyasından Fatma Qədri də öz nəsibini alıb. Aktrisa Barat Şəkinskaya xatirələrində yazır:

“Fatma Qədri neçə il idi ərindən boşanmışdı. Onun keçmiş əri Əsəd Axundzadə mənim dayım idi. Təhlükəsizlik komitəsində, yüksək vəzifədə işləyirdi. Yadımdadır, Fatma Qədri hətta iclasda dedi ki, axı, mənim keçmiş ərim indi ailə qurub. Onun qanuni həyat yoldaşı Tamara adlı bir qadındır. Amma kim idi onların bu sözlərinə baxan?! Vaxtilə dayımla ailəli olması onu da təhlükə altında qoymuşdu. Biz Şəmsi ilə maddi cəhətdən o qədər əziyyət çəkmirdik. Qohumlarım bizə xəlvəti kömək edirdilər. Fatma Qədrinin vəziyyəti isə daha ağır idi. Yadımdadır, həmin vaxtlar Şəmsi ilə kitab pasajına daxil olmaq istəyirdik. Uzaqdan Fatma Qədrini gördüm. O, Şekspirin əsərini məhəccərə qoyub, müştəri gözləyirdi. Tez çevrilib getdik ki, bizi görüb utanmasın”.

Fatma Qədri öz gündəliklərində yazırdı:

“37-ci ildə məni işdən çıxardılar, heç kim qorxudan salamımı almırdı, hansı tanışıma, dostuma rast gəlirdimsə, üzünü yana çevirirdi. Ancaq bir gün küçədə Mirzə İbrahimovla rastlaşdım. O, məni yanına çağırdı, halımı soruşdu, vəziyyəti öyrənəndən sonra kömək əlini uzatdı, beləliklə, Dram teatrına qayıtdım...”

Mirzə İbrahimov öz müsahibəsinin birində bu faktın həqiqiliyini təsdiq edir.

***

Böyük aktrisa 1968-ci ilin fevralında, 60 yaşında vəfat edir və Fəxri Xiyabanda dəfn olunur.

# 9918 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #