Aclıqdan ürəyi getdi, yoldaşı ona başqa qadınla evlənməyi təklif etdi – Rasim Ocaqovu niyə əsəbiləşdirdi?

Aclıqdan ürəyi getdi, yoldaşı ona başqa qadınla evlənməyi təklif etdi – Rasim Ocaqovu niyə əsəbiləşdirdi?
2 avqust 2022
# 12:30

Bu gün Xalq artisti Fəxrəddin Manafovun ad günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.

Manafov Fəxrəddin Manaf oğlu 2 avqust, 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayırmış. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünürmüşlər.

***

16 yaşında Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət keçəndən sonra Almaniyaya hərbi xidmətə yola düşür.

Xidmətdən qayıdıb sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verir. 80-ci ildə oranı başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirir. Orada rejissor Vaqif İbrahimoğlu ilə tanış olan Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun quruluşunda “Ac həriflər” tamaşasında səhnəyə çıxır. Aktyor müsahibələrinin birində həmin illəri belə xatırlayır:

“İlk dəfə aktyor evinin foyesində səhnəyə çıxanda o dövrün böyük sənətkarları Mehdi Məmmədov, Şəmsi Bədəlbəylini orda gördüm. Onların hamısı bilirdi ki, mən orda işləyirəm. Ancaq birdən-birə Vaqifin quruluşunda hazırlanan “Ac həriflər” tamaşasında səhnəyə çıxdım. Orda bir neçə sözü olan rol ifa edirdim. Yadımda deyil, ya Mehdi müəllim, ya da Şəmsi müəllim dedi ki, Fəxrəddinə deyin, səhnədən çıxsın, tamaşa gedir. Onda ətrafdakılar onlara dedilər ki, o da tamaşada iştirak edir. Vaqif məni səhnəyə belə gətirdi”.

Bir müddət sonra Fəxrəddin Manafov Vaqif İbrahimoğlunun yaratdığı Yuğ teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayır. Ona ən çox uğur gətirən teatrda hazırlanan “Şəhriyar” tamaşasında ifa etdiyi Məhəmmədhüseyn Şəhriyar rolu olur. O vaxt İran səfiri həmin tamaşaya baxandan sonra deyir:

“Fəxrəddin eyni ilə Şəhriyarın cavanlığıdır”.

***

Ancaq həmin illərdə aktyor xeyli çətinlik yaşayır, kasıb həyat tərzi sürür. 68 manat, 40 qəpik maaş alan aktyorun məvacibi ona bəs etmir. Hər gün anasının verdiyi bir manata özünə dörd peraşki alır, gününü həmin peraşkilərlə yola verir. Tədris teatrında işlədiyi günlərin birində isə o, səhnədə huşunu itirib yıxılır. Həkim onu yoxlayanda, məlum olur ki, aktyorun aclıqdan ürəyi gedib.

1998-ci ildə Slovakiyada yaşayanda atasının ölüm xəbəri gəlir. Qardaşı ilə Azərbaycana gələn aktyor atasını dəfn edəndən sonra anası ilə söhbətləşir. Anası ona deyir ki, atanın ilini verəndən sonra mən də gedəcəm. Aktyorun atasının ölümündən bir il, bir ay keçir və ananın ölüm xəbəri gəlir...

***

Xalq artisti "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərində iştirak edib. Aktyora ən böyük uğuru “Ölsəm bağışla” və “Təhminə” filmlərindəki rolları gətirir.

***

Fəxrəddin Manafov gənclik illərində Tədris teatrında işləyən vaxt Vahidə adlı xanımla tanış olur. Vahidə xanım da həmin teatrda aktrisa kimi fəaliyyət göstərir. Sonradan məşhur diktora çevrilən Vahidə xanımla Fəxrəddin Manafov ailə həyatı qururlar. Onların heç bir zaman övladı olmur. Vahidə xanım dəfələrlə aktyora başqa qadınla evlənməyi təklif etsə də, Xalq artisti xanımının bu istəyini qətiyyətlə rədd edir. Bir-birlərinə böyük məhəbbəti olan cütlüyün bu sevgisi illərlə davam edir. Fəxrəddin Manafov xanımı haqqında müsahibələrinin birində deyir:

“Hər bir insanın bir neçə örtülü qapısı olur. Mənim bircə qapım var ki, o qapı Vahidəyə açılır. O qapını açıb nə istədiyimi deyə bilərəm. Təsəvvür et ki, qaranlıq bir guşədir, mən sadəcə başımı o guşəyə salıb bütün ağrımı, sevincimi, sirrimi, arzularımı həmin qaranlığa deyə bilirəm. Hərçənd ki, Vahidə onların hamısını bilir. Mən insani tərəfdən çox peşmanlıq çəkmişəm. Yəni elə şeylər vardı ki, eləməməliydim. Etmişəm, amma mövqeyim düz idi. Düzdür, Vahidə mənə deyir ki, sən düz etmisən, hətta insan kimi də, dost kimi də doğru etmisən. Amma mənim elədiyim bu günə kimi məni ağrıdır. Vahidə mənim sirli ensiklopediyam, kitabımdı. Onun haqqında həyatım, sevdiyim insan sözlərini demirəm. Bunu demək artıqdı. Çünki bunlar onsuz da belədi. O, çox böyük qadındı. Mənə çox böyük köməyi dəyib”.

***

3 mart, 2021-ci ildə aktyorun həyat yoldaşı Vahidə Manafova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Bu itki Xalq artisti üçün ağır olur. O, müsahibələrinin birində deyir:

“Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu, həyat yoldaşım Vahidə xanım idi. Mən hər gün səhər gözümü açanda da, gecə yuxuda da, yatmazdan qabaq da bu ağrını yaşayıram. Fikirləşirəm ki, artıq qəribə bir ömür başlayıb həyatımda... Mən hətta ən yaxınlarıma, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur”.

Aktyorun ən çox işlədiyi rejissor Xalq artisti Rasim Ocaqov olur. Kino karyerasına görə Rasim Ocaqova borclu olan aktyor onunla bağlı bir xatirəsini belə nəql edir:

“Rasim müəllim “Otel otağı” filmini çəkəndə məni çağırdı. Bakıya uça-uça gəldim. Hətta qardaşım Marat da gülə-gülə mənə baxıb dedi ki, nə tez məni atıb getdin? Ancaq üstündən bu qədər vaxt keçəndən sonra Rasim müəllim məni çağırmışdısa, deməli, mən lazım idim. Amma yenə deyirəm ki, bir balaca təkəbbürlü idim. Yaxşı yaşayırdım, geyinirdim, gəzirdim. Xasiyyətim bir balaca dəyişmişdi. Beləliklə, gəldim, çəkilişlər başladı. Filmdə universitetin qapısında sadə bir səhnə çəkilirdi. Bu səhnədə Vaqif İbrahimoğlu da çəkilirdi. Mən də universitetin qarşısında siqaret çəkə-çəkə onu gözləyirdim. Vaqif mənə yaxınlaşanda siqaretin kötüyünü atıb, ayağa qalxmalıydım. Rasim müəllim mənə izah etdi ki, siqaretin kötüyünü dalğın, fikirli formada atım. Razılaşmadım, nə fərqi var dedim. Mübahisə yarandı, çox pis əsəbiləşdi. Onda bir anlıq sarsıldım, ayıldım və öz-özümə dedim ki, Fəxrəddin, axı sən kimsən ki, bu boyda insanı belə hala çatdırırsan? Ondan sonra bilmədim onu qucaqlayım, ya üzr istəyim ki, könlünü ala bilim. Onu qucaqladım, dedim, Rasim müəllim, qurban olum, hər şey qaydasındadır. Və dərhal da çəkilişə başladıq”.

***

Fəxrəddin Manafov 1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

# 35358 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #