Abraham Maslovun “Ehtiyaclar iyerarxiyası” - İnsan hədəflərini necə reallaşdıra bilər?

Abraham Maslovun “Ehtiyaclar iyerarxiyası” - İnsan hədəflərini necə reallaşdıra bilər?
1 aprel 2026
# 12:20

Bu gün məşhur ABŞ psixoloqu Abraham Maslovun doğum günüdür.

Kulis.az Qüdrət Cəfərovun "Abraham Maslovun həyatı və "Ehtiyaclar iyerarxiyası" nəzəriyyəsi" yazısını təqdim edir.

“Çox bədbin uşaq idim. Ailəm səfalət içində idi və anam qorxunc bir varlıq idi. Kitabxanalarda və kitablar arasında böyüdüm; heç dostum olmadı. Uşaqlığım düşünülərsə, psixopat olmadığım belə bir möcüzədir”.

Abraham Maslov

Abraham Maslovun atası Smauel Rusiyadan ABŞ-a köçür və Nyu Yorkda yaşamağa başlayır. Burada qaldığı müddətdə Roza ilə evlənir. Broklində ilk uşaqları 1908-ci ildə isə dünyaya gəlir və yəhudi adət-ənənəsinə uyğun şəkildə ona dünyasını dəyişmiş olan qohumunun adını, yəni “Abraham” adını verirlər.

Təxminən, bundan iki il sonra daha 3 oğlan, 3 qız dünyaya gəlir və Maslov evin ən böyük övladı olur. Atası qadın arxası ilə qaçan, spirtli içkilərə aludə olan və ailəsi ilə maraqlanmayan bir insan idi. Anası atasından fərqli olaraq, batil inanclara sahib birisi idi. Maslovun məktəbəqədərki dövrü, demək olar ki, anası ilə bağlı olan mənfi xatirələrdən ibarətdir.

Anası – yəhudi dini ənənələrinə çox az riayət etməklə yanaşı, oğlunun kiçik sayılan nadincliklərini onu Tanrının mərhəmətsiz cəzası ilə qorxudaraq tərbiyə etməyə çalışan batil inanclı qadın idi. Onillər sonra belə, Maslov anasının xəbərdarlıqlarını xatırlayaraq belə deyirdi: “Dörd-beş yaşlarımda olarkən onun dediyi bir çox şeyi təcrübə edib araşdırdım. Mənə “Bu cür davranış sərgiləsən, Tanrının şilləsini görərsən” kimi sözlər deyərdi. Bu cür davranışları etsəm də, Tanrı məni şillələmədi. İndi xatırlayıram: anama görə, pəncərədən çölə çıxsam böyüməyəcəyəm, amma pəncərədən çölə çıxdım və böyüdüm. Bu vəziyyət hər mövzuda bu şəkildə davam etdi” (Mehmet Ali Yetiş 2010, 3-4).

Maslov uşaqlığı ilə bağlı xatirələrində yəhudi olmayan bir məhəllədə yəhudi uşaq olaraq yaşadığını, tamamilə “ağ”ların olduğu məktəbdə ilk “qara”nın olduğuna bənzədirdi. Həm ailəsindən xoş olmayan münasibət, həm də məhəllədəki rahat olmayan vəziyyət onu kitabxanalara sövq etdirdi.

Beş yaşından etibarən, artıq həvəskar oxucu olmuşdu. Evdən tez-tez qaçar və saatlarla kitabxanada vaxt keçirərdi. Akademik marağı Maslova sıxıntılı keçən uşaqlıq dövründə böyük dəstək vermişdi. Digər tərəfdən, görünüşünün də fərqində olan Maslovun yeniyetməliyə keçdiyi illər çox arıq və böyük burnundan ötrü utancaqlıq duyğusu içərisində keçirdi (Yasemin Alay 2016, 670-671). Abraham Maslov Broklində oğlanlar liseyini bitirdiyi zaman zəkası, bacarığı və çox oxuyan biri kimi diqqətləri üzərinə çəkməyə nail olmuşdu.

Özünün istəyi olmasa da, ailəsinin təkidi ilə Nyu York Şəhər Kollecində hüquq təhsili almağa başlayır. Bu illər onun daxili dünyasının xaricə büruzə verdiyi dövr olaraq ifadə edilə bilər. Maslov heç kəsin gözləmədiyi anda kollecdən ayrılaraq, Kornel Universitetinə daxil olur, burada fəlsəfə və psixologiya sahəsində təhsil almağa başlayır. Bir müddət sonra Korneldə müəllimi olan Titçener ilə münasibətləri qaydasında olmayan Maslov kollecə geri qayıdır.

Bu geriqayıdış nəticəsində ailəsinin razı olmadığı bir evlilik reallaşdırır. Berta ilə 1928-ci ildə ailə həyatı quraraq, Viskonsinə köçür. Məhz burada yaşayarkən əvvəldən də marağı olduğu fəlsəfə sahəsində Viskonsin Universitetində magistr təhsili alır. Bu gedişlə o, maraq dairəsində olan psixologiya sahəsində doktorantura təhsili də almağa nail olur. Doktorantura təhsilini bitirdiyi 1934-cü ildə həm II Dünya Müharibəsi illərində xoş qarşılanmayan yəhudiliyi ilə, həm də böyük böhranın təsiri nəticəsində bir müddət akademik sahədən uzaq qalır. Bu dövrdə tibblə də məşğul olmağa başlayır, amma hüquq kimi tibbdə də özünü görə bilmədiyini anlayır və psixologiya sahəsinə geri dönür, 1930-1940-cı illər arasında isə ABŞ-a köçməyə məcbur olur.

ABŞ-da olduğu müddətdə bir çox məşhur psixoanalist psixoloq ilə tanış olur. Xüsusilə də Alfred Adlerin ciddi şəkildə təsiri altında qalaraq, uzun zaman onun seminarlarına davam edir. Göründüyü kimi, Maslov bu çətin həyat yolunda sağlamlıq vəziyyəti ilə bağlı problemlər yaşamışdır. Bu problemlər nəticəsində müəyyən zamanlarda akademik həyata ara verərək, özəl sektorda işləmişdir. Sağlamlığındakı problemlər 1970-ci ildə özünü daha büruzə verir. Abraham Maslov məhz həmin ildə də gəzinti əsnasında infarkt olaraq vəfat etmişdir (Mehmet Ali Yetiş 2010, 3-4).

Əsərləri Abraham Maslov həyatının nə qədər çətin keçməsinə baxmayaraq, akademik həyatında adından bəhs olunacaq bir psixoloq olmuşdur. Onun psixologiya sahəsinə verdiyi töhfələr – qələmə aldığı kitablardan, ortaya qoyduğu nəzəriyyədən, düşüncələrindən və tədqiqatlarından aydın görünür. Maslovun bir sıra kitabları işıq üzü görmüş, müəyyən dövrlərdə tərcümə edilərək, oxuculara təqdim olunmuşdur. O, yazdığı əsərləri ilə 1950-1960-cı illərdə humanistik psixologiya məktəbinin simvolu oldu. Bu fəaliyyətləri nəticəsində Amerika Humanistik Assosiasiyası tərəfindən “İlin Humanisti” mükafatını almışdır (Yasemin Aslay, 2016, səh:672). Onun ən məşhur kitablarından biri – “İnsan olmağın psixologiyası” adlanır. Maslov bu kitabda insan potensialına diqqət edərək, insanın həyatda özünü reallaşdırmasından bəhs edir. Bu kitabda öz sözləri ilə desək, “İnsan təbiəti ancaq obyektiv ilə subyektiv birlikdə götürüləndə başa düşülə bilər. Fərdin nə olduğunu deyil, nə ola biləcəyini, nə kimi potensialları özündə ehtiva etdiyini incələmək insan növünün xoşbəxtliyi və gələcəyi baxımından çox əhəmiyyətlidir”.

Bu cümlələri Maslov məhz yuxarıda qeyd olunan kitabında ifadə edərək, insanın dəyərli bir varlıq olduğundan bəhs edir (Bekir Çakar, 2015, səh:194). Bu kitabda Abraham insanlıq mənimsənildiyi və sevildiyi zaman bir çox yerli və etnosentrik problemlərin də ortadan qalxacağını ifadə etmişdir. Çox güclü mənliyi və müəyyən bir fərdiliyi ilə təyin olunan insan həm də öz eqosunu, özünü asanlıqla və tamamilə aşaraq problemlərə diqqət yetirməyi bacarır (tər.e. Okhan Gündüz 2001, 150).

Abraham Maslov müxtəlif seminarlarda, konfranslarda, elmi tədbirlərdə iştirak edərək, öz çıxışlarını həyata keçirmişdir. Həmin konfranslardan biri də 1960-cı illərdə baş tutmuş və onun da mühüm çıxışı olmuşdur. O, bu çıxışında pik təcrübələrində motivasiyanın əhəmiyyətini vurğulamış, daha sonra isə bu fikirlərini “Dinlər, dəyərlər və pik təcrübələri” başlıqlı kitab dərc etdirmişdir. Bu kitab ilk dəfə 1964-cü ildə işıq üzü görmüşdür.

Kitabda qeyd olunan məqam Maslovun elmi rədd etməməsi fikri idi ki, bu, sadəcə, elmə daha geniş miqyasda baxılmasını istəyirdi. Psixoloqların, fizikçi, kimyaçı və riyaziyyatçıların təsiri altında çox qaldığını, insanın riyaziyyat və fizika qanunları ilə izah edilə bilməyəcəyini vurğulayırdı.

Maslovun “Freyd bizi psixologiyanın xəstə tərəfləri ilə doldurdu. İndi digər sağlam tərəfi ilə bütünü tamamlamalıyıq”, – ifadəsi bu kitabın ana cümlələrindən birini ehtiva edir (Şadi Evren Şeker 2014, 2). O, pik təcrübələrin dinlər tarixində böyük əhəmiyyətə sahib olduğu fikrini irəli sürmüşdür (Koray Sönmez 2003, 22)

Yuxarıda qeyd olunan kitablar həm də türk dilinə tərcümə edilmişdir. Təəssüflər olsun, Maslovun hələ bir sıra əsərləri tərcümə edilməmiş, nəticədə insanların Maslovun digər kitabları ilə tanış olma prosesi çətinləşmişdir. İndi isə Maslovun yazdığı digər əsərləri ilə tanış ola bilərik ki, daha geniş məlumat əldə etməyimizə yardımçı olsun. Onun “Varlığın psixologiyasına doğru” (Toward a Psychology of Being), “İnsan motivasiyası nəzəriyyəsi” (A Theory of Human Motivation), “İnsan təbiətinin daha uzaqlara çatması” (The Farther Reaches of Human Nature) kimi kitabları günümüzə qədər gəlib çıxmışdır.

Kitablarının adlarından da göründüyü kimi, humanistik psixoloq olan Abraham Maslov insana yüksək dəyərlərlə yanaşaraq, araşdırmağa həvəsli idi. Onun bu kitablarından əlavə bir çox məqalələri, tezisləri və elmi yazıları da olmuşdur. “Ehtiyaclar iyerarxiyası” nəzəriyyəsi Abraham Maslov dedikdə ağla, onun və eyni zamanda humanistik psixologiya nəzəriyyələri arasında ən məşhur olan “Ehtiyaclar iyerarxiyası” nəzəriyyəsi gəlir. Maslov bu nəzəriyyəsini II Dünya Müharibəsi illərində, yəni 1943- cü ildə formalaşdırmışdır. Bu nəzəriyyədə sosial bir varlıq olan insanın ehtiyac, istək və arzularından qaynaqlanan, fərdin həyatdan məmnunluğuna təsir edən ünsürləri araşdıraraq dəyərləndirmişdir. Burada qeyd olunan “həyatdan məmnun olma” ifadəsi fərdin öz həyatını həm idraki, həm də emosional olaraq dəyərləndirməsi şəklində qəbul edilir.

Abraham Maslov ehtiyaclar piramidası nəzəriyyəsində şəxsin özünü reallaşdırması ilə əlaqədar bu vəziyyəti insanın həyatındakı tələblər ardıcıllığı ilə izah etməyə çalışmışdır. Onu da qeyd etmək lazımdır ki, Maslov bu nəzəriyyəsini bir psixoloq olaraq klinik mühitdə apardığı tədqiqatlardan əldə etdiyi nəticələr əsasında formalaşdırmışdır. Ona görə fərdlər bəzi hədəflər müəyyən edir və bu istiqamətdə həyatlarını qurmağa çalışırlar. Nəzəriyyəsinin son mərhələsi hesab edilən “özünüreallaşdırma” şəklində ifadə edilən və bunun həyata keçirilməsi üçün fərdin bir sıra hədəflərə çatması lazımdır ki, Maslovda da bu beş əsas hədəfdən söhbət gedir (Cemalettin Parıltı, 2011, səh:267-268). İndi isə aşağıdakı şəklə baxaraq, daha detallı şəkildə onun qeyd etdiyi mərhələlərə nəzər yetirək.

Beş ayrı addımla açıqlanan “Ehtiyaclar iyerarxiyası” nəzəriyyəsinə görə, insanların hədəflərini həyata keçirmək üçün bir sıra istək, gözlənti və ehtiyacların olduğu və bunların da fərqli bir şəkildə kateqoriyalara bölünərək, reallaşdırılması mümkün olacağı bildirilir. Bu ehtiyacların bir üst səviyyəyə keçidinin yalnız aşağı səviyyənin ehtiyaclarının kifayət qədər ödənilməsi ilə mümkün ola biləcəyi, yəni fərdin özünüreallaşdırmasının, ancaq bu mərhələlərin sıra ilə qarşılanması ilə əldə edilə biləcəyi izah olunur (Bekir Çakar 2015, 194-195). İndi isə yuxarıdakı şəkildə göstərilən beş ehtiyaca ayrı-ayrılıqda nəzər yetirək.

1) Fizioloji ehtiyaclar. Bu mərhələ Maslova görə, ən təməl addım hesab edilir ki, burada fiziki ehtiyaclar olan – hava, su, yemək, yuxu, sığınacaq və digər bu kimi şeylər nəzərdə tutulur. Maslov tərəfindən bildirilən bu mərhələ, hər bir fərd üçün doğumla başlayıb, həyatının sonunadək qarşılanması lazım olan təməl ehtiyaclardır.

2) Təhlükəsizlik ehtiyacı. Bu nəzəriyyənin fiziki ehtiyaclardan sonra gələn mərhələsi – təhlükəsizlik ehtiyacıdır. Təhlükəsizlik ehtiyacı özündən aşağı səviyyədə yer alan ehtiyacın qarşılanmasından sonra meydana gəlir və onun qarşılanması istiqamətində proses baş verir. Bu ehtiyacı fərdin özünüreallaşdırma yolunda bir addım olaraq düşünsək, günah işlətmək qorxusu, təhlükəsizlik orqanlarına etibar, demokratiya və insan haqları mövzularının həyatdan məmnunluq ilə olan münasibətləri Maslovun ehtiyaclar piramidası çərçivəsində araşdırma mövzusu olmuşdur. İkinci təməl ehtiyac olan təhlükəsizlik, fərdlərin, əsasən də yaşadıqları cəmiyyətdə özlərini daim təhlükəsizlikdə hiss etmələri qavrayışıdır (Bekir Çakar 2015, 196-198).

3) Aid olmaq, sevgi ehtiyacı. Yuxarıda qeyd olunan hər iki ehtiyac qarşılandıqdan sonra, fərdin başqaları ilə bir yerdə olmaq, başqaları tərəfindən qəbul edilmək, onlar tərəfindən dəyər görmək, sevmək və sevilmək, dost olmaq və bu kimi digər proseslərin içərisində olmasını istəyər. Bunlar fərdin həyatında mühüm əhəmiyyətə sahib məfhumlar içərisində yer alır. Buna görə də içində olduqları mühitdə fərq edilmək istəyən şəxslər bir sosial qrupa daxil olmağa çalışırlar. Həmçinin bu ehtiyacın təməlində insanın ictimai varlıq olduğu və digərləri ilə bir yerdə olduğu zaman özünü insan hiss etməsindən qaynaqlanır.

4) Hörmət ehtiyacı. Bir qrupun içində olan və sevilən insan o qrupda daha üst bir səviyyədə olmağa, qrup içindəki və xaricindəki insanların onları təqdir etmələrini və dəyər vermələrini istəyərlər. Bu ehtiyaclar içərisində etibar etmək, özünə güvənmək, özünə hörmət etmək və azad olmaq kimi ehtiyaclar vardır. Maslov bu mövzuda hörməti iki istiqamətdə dəyərləndirir: 1) insanın özünə hörmət etməsi; 2) başqalarından hörmət görmək. Bu iki hörmət hissi də bir-biri ilə sıx əlaqəlidir. İnsanın özünəhörmət hissinin formalaşmasının paralelində digərlərindən də hörmət görmək prosesi formalaşır. Maslova görə, digər ehtiyaclar ilə müqayisə olunduqda bu ehtiyacın qarşılanması daha az baş verir. Buna görə də Maslovun ehtiyaclar piramidasının son və üstün mərhələsi olan özünüreallaşdırma çox az insanda həyata keçir. Maslov apardığı tədqiqat nəticəsində universitet tələbələrinin yalnız 1 fazinin bu ehtiyac səviyyəsinə çatdığını və qarşılandığını bildirmişdir.

5) Özünüreallaşdırma. İlk dörd ehtiyacdan fərqli olaraq, özünüreallaşdırma ehtiyacının davranışlar üzərindəki təsiri artan intensivliklə davam edir. Bundan əvvəl qarşılanan ehtiyacların isə get-gedə davranışlar üzərində təsirinin azaldığını görmüşdük. Bunun səbəbi isə özünü reallaşdıran insan öz potensialını kəşf etmək üçün davamlı bir şəkildə səy göstərir. Bu vəziyyət fərdin zövq alaraq bütün potensialını istifadə etməsi ilə davam edər. Ehtiyaclar piramidasının zirvəsində yer alan özünüreallaşdırma ehtiyacı fərdin öz potensialını ortaya qoyaraq, yaradıcılıq qabiliyyətinin üzə çıxarılması ilə nəticələnir. Digər ehtiyacların qarşılanmasından fərqli olaraq, bu ehtiyacın qarşılanması ilə insanın şəxsiyyəti də dəyişir.

Bununla bərabər, özünü reallaşdıran insanın xüsusiyyətləri fərdə hakim olur ki, bu cür insanların aşağıdakı xüsusiyyətlərə malik olmasını müəyyən etdi: a) özlərini və digər insanları olduqları kimi qəbul etmək; b) mən mərkəzlidən əlavə problem mərkəzli olmaq; cəmiyyət və ya insanlıq üçün əhəmiyyətli gördükləri problemləri həll etməyə çalışmaq; c) həyata və kainatdakı baş verən hadisələrə obyektiv baxmaq; d) yüksək səviyyədə yaradıcılıq; e) düşüncə və davranışlarda spontan olmaq; f) digərlərindən asılı olmamaq; g) zarafatlardan başa düşmək; h) vasitələr ilə məqsədləri fərqləndirmək bacarığının olması; i) dürüstdür, hiylədən və rol oynamaqdan uzaq olar; j) məsuliyyət qəbul edər (Cemalettin Parıltı 2011, 272-274).

Abraham Maslovun fizioloji ehtiyaclardan başlayaraq özünü reallaşdırmaq mərhələsinə çatana qədər insan üçün maddi dəyərlər təsirlərini getdikcə itirərkən, mənəvi hesab edilən dəyərlər təsirlərini artırır. İçində olduğu sosial-mədəni mühitdə maddi dəyərlərdən başqa bir şey danışılmayan və düşünülməyən bir şəxsin mənəvi dəyərlərin üstünlük təşkil etdiyi özünüreallaşdırma mərhələsinə çatması çox çətin prosesə çevrilir.

Eyni zamanda, humanistik psixologiyanın əsas hədəfi insan şəxsiyyətini başa düşmək istiqamətində fərdin müsbət tərəflərini də araşdırmağın başlıca prinsip olaraq götürülməsinə dayanırdı. Bu prinsip, heç şübhəsiz, müasir psixologiyada digər məktəblərin baxışından fərqli idi. Humanist psixologiyada əsas təhlil materialı yüksək dəyərlər, şəxsiyyətin yenilənməsi, incəsənət, sevgi, azadlıq, məsuliyyət, psixi sağlamlıq kimi mövzulardan istifadə olunur.

Bu mövzuda Abraham Maslovun “Ehtiyaclar iyerarxiyası və ya piramidası” adlandırdığı nəzəriyyənin insan həyatında əhəmiyyəti böyükdür.

# 52 dəfə oxunub

Oxşar xəbərlər

Maqsud İbrahimbəyovun kitabının təqdimatı olacaq

Maqsud İbrahimbəyovun kitabının təqdimatı olacaq

13:30 1 aprel 2026
Aşıq Ələsgərin 205 illiyi münasibətilə sərgi açıldı

Aşıq Ələsgərin 205 illiyi münasibətilə sərgi açıldı

13:00 1 aprel 2026
1 Aprel Gülüş Gününün tarixçəsi

1 Aprel Gülüş Gününün tarixçəsi

12:39 1 aprel 2026
Seyran Səxavətin 80 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

Seyran Səxavətin 80 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

12:23 1 aprel 2026
"Sən babanın yolunu gedə bilməzsən..." - Səma Muğanna

"Sən babanın yolunu gedə bilməzsən..." - Səma Muğanna

11:30 1 aprel 2026
Abbasqulu ağa Bakıxanovun doğulduğu ev uçdu

Abbasqulu ağa Bakıxanovun doğulduğu ev uçdu

10:54 1 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər