Şuşadan gətirdiyi Xarıbülbülü 29 il saxlayan qadın: “O gülü dərən qardaşım Xocalıda şəhid oldu”

Şuşadan gətirdiyi Xarıbülbülü 29 il saxlayan qadın: “O gülü dərən qardaşım Xocalıda şəhid oldu”
8 dekabr 2020
# 10:15

Əslən Şuşadan olan Tağıyeva Təranə 29 ildir ki, doğma torpağında dərdiyi Xarıbülbülü qurudub yanında gəzdirir. Qarabağın simvoluna çevrilən bu gül 4 dekabrda bütün azərbaycanlılar üçün anım gününün Xarıbülbülünə çevrildi. Buna sevinən Təranə xanım hazırda hisslərini dilə gətirməkdə çətinlik çəkir...

- Təranə xanım, Xarıbülbülünüzün tarixçəsindən danışa bilərsinizmi?

- Ailəmiz şuşalıdır, Şuşada yaşayırdım. Sonradan ailə qurub, Bakıya köçdüm, amma hər yay babamın Şuşadakı evinə gedirdim. Hər zaman gedəndə orada atamla dağlara çıxırdıq, Cıdır Düzündə cürbəcür güllər bitirdi, amma Xarıbülbül dağ gülüdür. 1991-ci ildə bir gün qardaşımla ora getdik. Qardaşım Əsədov Yalçın Xocalı şəhididir... O, hər zaman mənə güllər yığırdı. Xarıbülbülü qırıb mənə verəndə dedim ki, mən bu gülü qurudub saxlamaq istəyirəm. O da gülüb dedi ki, onsuz hər il gəlib görürük, qurutmaq nəyə lazımdır? Mən də dediyimdə durdum, gülü saxladım. Üç gülü gətirdim oradan. İkisini Şuşalı qohumlarıma verdim, birini saxladım. Həmin o gül budur.

- Bu gülün sizin üçün əhəmiyyəti nə idi?

- Gül mənim üçün Şuşanın yadigarıdır. Hərdən darıxırdım, gizlincə açıb baxırdım Xarıbülbülümə. Əvvəl fikirləşirdim ki, onu ramkaya qoyum, amma qıymadım. O vaxtı elə büktüyüm kağızda saxladım. Yadigarımı pulqabımda özümlə gəzdirirəm, saralmış kağıza necə bükmüşəmsə, elə də qalıb. 29 il...

- Şuşanın işğal günlərini necə xatırlayırsınız?

- 1991-ci ilin yayında Şuşaya gələndə hər tərəfə baxdım, ürəyimdə ağrı keçdi. Hiss etdim ki, bir daha qayıtmayacağıq. Düz düşünürdüm, o, elə axrıncı yay oldu... 1992-cı ilin fevralında, müharibə başlamamışdan bir gün öncə yoldaşımla Ağdama getdik, sonra Şuşaya qalxdıq, ondan sonra isə düşündük ki, Xankəndinin içi ilə geri qayıdaq. Ermənilər şəhərlərdə düşmənçilik ab-havasını yaratmışdı sanki. Qayıdandan sonra eşitdik ki, müharibə başladı. Ağlımıza gəlməzdi ki, belə bir şey olacaq. O zaman dedim ki, yayda qurutduğum gülü saxlayacağam, heç kimə verməyəcəm. Ona baxıb bu vaxtadək həsrətlə yaşadım.

- Bildiyiniz kimi, Azərbaycan ordusu Şuşanı işğaldan azad edib. Azərbaycanlılar doğma torpaqlarına qayıdacaq. Bəs siz nə etməyi düşünürsünüz? Xarıbülbül vətəninə qayıdacaqmı?

- Heç ağlıma gəlməzdi ki, Şuşa bizə qayıdar. Onun xəbərini eşitdim, dedim hələ tezdir. Qarabağın bütünləşməsini gözlədim ki, o gülü bütün Azərbaycan görsün. Onu vətəninə aparacam, doğma Şuşamıza. Xarıbülbülü yenə görüb mütləq dərəcəm, amma bu dəfə ayrılıq olmayacaq.

Fatimə Zülfüqar

# 4372 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər