Sevmək nəzəriyyə, sevişmək praktikadır

Sevmək nəzəriyyə, sevişmək praktikadır
21 aprel 2020
# 13:38

Kulis.az Mir Çingiz Ağazadənin “Nifrətin mühakiməsi” yazısını təqdim edir.

İnsanların sevmə hüququ var. Eşqini platonik, və ya qarşılıqlı sərgiləmələri üçün onlara şərait yaradılmalıdır. İnsanlığa yönəlik hüquq bəyannamələrindən tutun, ta bəşəri dəyərlərdən dəm vuran istənilən fəlsəfi ideya məcmularınadək bir çox sahədə bənzər fikirlərlə rastlaşa bilərsiniz. İnsanların sevişmə haqqı var. Bura təcavüzkar, yaxud təvazökarca alternativləri əlavə etməsək, təbii, həmin sevişmə haqqı barəsində də oxşar ideyalar görə bilərik.

O səbəbdən ki, insan sevirsə, bu, nəzəriyyədir, sevişirsə, praktika. Hər iki seçimin dəstəklənməsinə rəvac verən situasiya çoxalma instinktidir. Yəni, bir davranış bəşəriyyətin instinktiv ehtiyaclarını ödədiyi qədər dəstəklənir, zidd olduğu qədər rədd edilir.

Fəqət, son vaxtlar, min illərdən bəri insanların bir-biriylə mübarizə aparıb, təbii seleksiya süzgəcindən keçməsində əsas vasitə olan nifrət - əməllicə düşmən toplamağa başlayıb.

Nifrətə qarşı nifrət nitqi...

Məlum nitqin əsas müddəalarından birincisi və ən əsası şiddətdir;

“Nifrət varsa, şiddət də var və belə şiddət təcavüzkarlıqla nəticələnir”. Halbuki nəzəriyyədə həmin iddianın doğruluğuna dair az qalsın, heç bir örnək tapmırıq.

Misal üçün, düşmənlərimizə nifrət edir, onlarla mübarizə aparırıq. Ancaq şiddət mövcud mübarizənin harasındadır? Hətta sözüqaçan şiddət kəşf edildikdə, necə bilirik ki, bu, sevgiyə də xas deyil və hansı əsasla şiddəti tənqid edirik?

Məgər ana pişik övladını qorumaqçün, son anda caynaqlarına arxalanmırmı? Sevdiyimizi əldə etmək uğrunda bəzən qəddarca davranmırıqmı? Özünümüdafiə instinktiv reaksiya deyilmi? Eyni prinsiplə, niyə qorunmaq naminə şiddətə yönələ bilmərik? Axı bütün hücumlar qorxudan törəyir.

Beyinqurcalayan suallardır. Çünki bizə sülh aşılanıb. Felin bütün zamanlarında döyüşə qarşı nifrət oyadılıb və iddia edilib ki, müharibə ancaq nifrətdən doğur. Nifrət və eşq yerin qütbləri tək zidd anlayışlardır. Hərçənd, belə mülahizə yürüdənlər planetimizin məhz həmin qütblər sayəsində həyata yiyələndiyini diqqətdən qaçırır. Çıxdığımız yolun elə zaman dilimi yoxdur ki, hansısa köşəsində Dostoyevski, Nitşe, Karako, Şopenhauer kimi fikir adamları müharibənin vacibatından bəhs etməsin.

Vur ki, vurulmayasan! Vurulmaq – daim eşq nişanəsi deyil! Eros öz oxlarıyla intihar etmişdi çünki. Zamandan rədd cavabı aldığı üçün.

Nifrətin yolverilməzliyini aşılayanlarla razılaşmadığımız təqdirdə aqressiya ilə üzləşirik. Lakin həssas təpgi bu baxış bucağının özünü də dolaşığa salır.

“İnsanlar sadəcə sevməli və hörmət etməlidir. Çünki nifrət qadağandır”.

Sizi and verirəm Allaha, mənə deyin, görüm, kim uydurub bu yalanı? Sevdiyini manyakca qətlə yetirən xəstə təfəkkürlü adamlarla eyni dünyanı bölüşdüyümüzü unutduqmu?

İlahi və insani müşahidə altındayıq. Di gəl, İlahinin qayəsi məlumdur, lakin insanların niyyətinə bələd deyilik. Fanat ordusu içində milyonlardan ibarət vampir sürüsüylə üzbəüz dayanmışkən, kiminsə Məsihi təqlid etməsinə dözmək mənasızdır. Axı, fırıldaqçıları dünyanın istənilən nöqtəsində, istənilən məcəlli qibləsinə görə rahatlıqla cəzalandırmaq mümkündür. Məgər Cinayət məcəlləsi də nifrətin təzahürü deyilmi; xaosa qəzəb, nizama sevgi? Yeri gəlmişkən...

Qəzəb – nifrətin üstünlük dərəcəsidir.

Nifrət – Eşqin immun sistemidir.

Bu hissi ram etməyi bacarmayanlar “imtina” etməklə kifayətlənir. Çünki nifrətsizlərin qəbuletmə kimi lüksü yoxdur. Baxmayın siz Mövlanə, Ərəbi, Qəzzali kimi şəxsiyyətlərə. Belə dühaların ən şiddətli nifrəti Allahdan qeyrisinə ünvanlıdır – Yoxluğa.

Nifrət tərəzinin digər gözündən götürüldükdə, insanın aşiqliyi havadan asılı qalır.

...Günəş buludlara təslim olur. Yağışın mülayim rayihəsi burnumuzu acışdırır. Rəngarəng küçələrə tuşlanmış evlərin pəncərələri taybatay açılır və qəfildən, “əksəriyyət” adlı insan kütləsi nifrətin bətnində nəhəng bir yarıq açır. Sonra bu yarıq böyüdükcə böyüyür və nəhayət dünyaya elə əcaib ideyalar gəlir ki, əqidə axtarışına çıxmış milyonlarla şəxs liberal xarüqələr dəryasında yeni körpənin səsindən kar olmağa başlayır. Təbiri uyğundursa əgər, müasir bəşəri dəyərlər kompasın qütblərindən birini sıradan çıxarmaq şərtilə, vəhdət yaratmaq eşqinə düşüb. Amma və lakin belə eşqin özü də dayaq nöqtəsi olmayan şübhədən fərqsizdir...

Konfutsi deyərdi ki, ya bir yol aç, ya bir yol çək, ya da yoldan çəkil. Bəs çəkilməyənlər necə? Onları aradan qaldırmaq şiddət hesab oluna bilərmi?

# 4887 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #