Qələbədən sonrakı ən vacib işimiz – Sərdar Amin yazır

Qələbədən sonrakı ən vacib işimiz – Sərdar Amin yazır
5 noyabr 2020
# 12:41

Xalqın bir amal uğrunda birləşə bilməsi, möhtəşəm nailiyyətdir. Bu hər şeydən əvvəl birləşə bilməyin, bir ola bilməyin mümkünlüyünü göstərir – hansı ki bu bacarıq qarşısında toplum özünə ən şərəfli zirvələri qazana bilər.

Şərq adamının təməl problemlərindən biri potensialına bələd olmadan inadkarlıqla birinciliyə can atması, öz ləyaqətini, bacarığının hansı mərtəbəyə məxsus olmasını təyin edə bilmədən daim cığal mübarizəsidir. Həmin mübarizlik bir rakursdan insan övladı üçün ciddi keyfiyyətdir, dini nöqteyi-nəzərdən baxanda da birinciliyə cəhdin əsası var; “Allah insana özündən üfürüb”, lakin bu birincilik iddiası hər kəsdə bir yerə qədərdir, hələ ki, heç kəs Allah ola bilməyib. Allahı imitasiya gücü də hər insanda eyni dərəcədə olmur, ona görə hər kəs bacardığı qədər birincidir.

Bu birinciliyə cəhd cəmiyyət fonunda saf-çürük edildikdə, ortaya çox ədalətli bir inkişaf, yırğalanma çıxır – yetər ki, hər kəs fitrətinə xəyanət etməsin, yəni birinciliyə cəhd zamanı yetə biləcəyi yerə yetdikdən sonra, yetmədiyinə daş atmasın.

Biz hər birimiz yetdiyimiz yerdə birinciyik, yanımızdan ötüb keçənlərə badalaq vermək isə başqalarının rəqibinə mane olmaqdır, bu da yetindiyimiz yer üçün problem olmasa da, dolayısı yolla özümüzə də əngəldir, çünki üfüqlərimizi bulandırırıq.

Qərbin son əsrlər əldə etdiyi ciddi nailiyyətləri qərblilərin yeri gələndə ikinci, üçüncü ola bilmək və bu mərtəbəni səmimi sevməkləri ilə bağlıdır. Şərqin cığal individuallığı, demək olar ki, həmişə kədərlə bitir, bu individuallıq ciddi təcrid, yardıma qapanma və təkəbbürün səbəb olduğu digər acı nəticələrin müjdəçisidir. Çünki bu təfəkkür yardıma o zaman razı ola bilir ki, o yerdə onun adı ən ön sıralarda vurğulansın.

Təəssüf ki, təməli irfanla, xəlvətiliklə qoyulan bu yol bu gün cığal individuallıqla davam edir. Hansı ki, bir zamanlar şərqli sənətkarlar əsərlərinə imza qoymurdu ki, fərdiyyəti önə çıxmasın, bu gözəl ahəngin içində çiy yemək kimi kiminsə qarşısında qalmasın, möhtəşəm harmoniyanın bir parçası kimi dünyaya qarışsın. Hətta həmin sənətkarlar əsərlərinə özünəməxsusluq çalarları belə qatmazdılar ki, birdən insanlar onu dəst-xəttindən tanıyar, Allah qatında bu əməl ona əks durar. Hansı ki, həmin dönəmdə Qərb rəssamları (şərqli rəssamların təbiri ilə desək, gavurlar) artıq Allahın yer üzünə təxmin edilən baxışına xəyanət edir, rəsmlərə perspektiv verir, insan gözünün baxış bucağını vəsf edirdilər. Hətta rəsmin mərkəzinə insanı qoyaraq “böyük küfr” edirdilər. Şərqə məxsus miniatür rəsmlər isə perspektivsiz, uzaqlıqsız, hər şeyin eyni anda eyni ölçüdə, eyni əhəmiyyətdə təsvir olunduğu məkan idi, bu isə Allahın yerə baxışı kimi qəbul olunurdu.

Təəssüf ki, təmənnasızlıq buludlarında uçan Şərq adamı qərbli həmkarını yamsılayan kimi özünü uğursuz bir çənbərdə tapdı. Zamanında “gavur rəsmi” deyərək bəyənmədikləri Qərb sənətinin yön verdiyi Avropa cəmiyyəti bir vaxtlar təmənnasızlıq buludlarında uçan, təkəbbürdən yeddi üfüq uzaqda olan Şərq adamının pərəstiş etdiyi bir topluma çevrildi.

Qərb rəssamları insanı rəsmin mərkəzinə qoyaraq ona, Şərq rəssamının dili ilə desək, ifrat dəyər verdi, onu Allah müstəvisinə qaldırdı. İldən ilə xəlvətilik təvazösünü, irfan pərdəsini üzündən çəkməyə başlayan Şərq sənətkarları isə bir gün qorxa-qorxa qərbli həmkarını yamsılayanda artıq rəsmin mərkəzinə insanı yox, özünü qoydu.

Şərq sənətkarlığının yanlış kopyaladığı bu qayda zamanla cəmiyyətə cığal fərdiyyətçilik qazandırdı. “İnsan” deyildikdə ağıla “mən” gəldi.

Bu gün bizim amalımızın mərkəzində insan yox, özümüz, yaxınlarımız durur. Bu amal tablomuza ən yaxşı halda bizə itaət edənlər əlavə oluna bilər, onlar da yalnız boynunu uzadıb başlarını tablomuza sala bilər, bu qədər.

Məşhur fars rejissor Möhsün Məhməlbafın özü qədər dəyərli rejissor qızı Samirə Məhməlbalfın çox da məşhur olmayan bir filmi var: “Günortadan sonra saat 5-də”. Şərq adamının özünə verdiyi cığal dəyər bu filmin bir epizodunda sənətkarcasına əsaslandırılır.

Səhranın ortasında qalmış qoca əfqan...

Kosa saqqalını külək yelləyir...

Qatırı susuzluqdan gəbərib...

Bəlli olur ki, kişi Qəndəhardan Kabilə gedir, 3 aydır yoldadır. Gedişinin səbəbi isə Üsamə Bin Ladenin taleyi ilə bağlı keçiriləcək səsvermədir. Guya hakimiyyət Bin Ladeni yaxalayıb, indi səsvermə keçirir: onu ABŞ-a təhvil verək, yoxsa özümüz cəzalandıraq?

Bu qoca da düşünür ki, onun səsi bu məsələdə həlledicidir. Ona görə yola çıxıb və çox güman ki, bir neçə gündən sonra özü də qatırı kimi səhrada can verəcək...

Bizim indən belə babalarımızın yoluna qayıdıb əfzəl məsələlərdən fərdimizi çıxdaş edəcəyimiz, Allahın yaratdığı bu böyük orqanizmdə özümüzü hiss etdirməməklə dünyanın bir az da gözəl fırlanmasına xidmət edəcəyimiz inandırıcı görünmür, biz ən yaxşı halda ictimai məsələlərdə artıq qəbul olunmuş standartlardan istifadə edə bilərik, bəli, tablonun mərkəzinə insan rəsmini qoymaq zorundayıq, amma o, insan olmalıdır, illah da özümüz yox.

Bu tip məqamlarda ikinci, üçüncü, sonuncu, böyük izdihamın bir zərrəsi olmaq bacarığı birinci olmaq istəyindən daha ciddi qabiliyyətdir.

Birləşmək, həm də, zəruri halda birincilikdən sevgiylə imtina edib icraçı olmaq bacarığıdır.

Son bir ay ərazində davam edən müharibə əslində Azərbaycan xalqının bir amal uğrunda birləşmək qabiliyyətinin yüksək olduğunu göstərdi. Torpaqların işğaldan azad olunma prosesi, demək olar ki, hər kəsi eyni nöqtədə birləşdirdi. Bu cəmlənmə artıq Azərbaycanın ilk qələbəsidir. Bəlkə də indi bu fikri söyləmək çoxunun ürəyincə olmaz, amma əmin olun ki, bu qələbə növbəti qələbənin əsası olmaqla yanaşı, daha uzunömürlü, daha lazımlı qələbə idi.

Xalq bunu bacardı!

Torpaqların tamamının işğaldan azad olunma xəbərindən – yəni Böyük Qələbədən sonra xalqın bu həmrəyliyi qoruya bilməsi isə ölkə kimi yeni bir müstəviyə qədəm qoyacağımızın qarantıdır.

Ümid edirəm ki, vətəndaşa yüksək faizlə kredit verən banklar artıq hərbçilərimizin qüdrətini sərgiləyən video-çarx hazırlamaqla vətənpərvərlik borcundan canını qurtara bilməyəcək, vətənpərvərliyini sırf öz plastında əməli olaraq sübut etməyə məcbur qalacaq. Çünki bankın ən böyük vətənpərvər addımı vətəndaşa daha aşağı faizlə kredit vermək, cəmiyyətin inkişafına hesablanan sahələrə yönəlmiş layihələr həyata keçirməkdir.

Cəmiyyət bir olmaq qüdrəti istənilən sahədəki neqativi yox etmək gücündədir.

Uzun illər rinqə çıxmayan boksçu gücü haqqında nagüman olduğu kimi xalq da xeyli zamandır potensialından xəbərsiz qalmışdı. Bir anın içində yumruq kimi birləşməsi rinqi lərzəyə gətirdi .

Bu yumruq müharibədə artıq sözünü deyir, bizim işimiz isə onu müharibədən sonra da qorumaqdır. Lazım olanda yumruğu açar, dosta uzadar, yeri gələndə isə beləcə anidən yığıb ədalətsizliyin təpəsinə çırparıq.

# 2868 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #