Qəbul imtahanında hönkür-hönkür ağlayan qız

Qəbul imtahanında hönkür-hönkür ağlayan qız
24 sentyabr 2020
# 16:01

Əsas imtahandan əvvəl həmişə sınaq imtahanları olurdu. Mən sonuncu sınaq imtahanından 500 bal toplamışdım. Həmin gün atam elə sevindi, elə sevindi ki, dostlarını da evimizə dəvət edib yaxşı bir süfrə açdırdı. Yeyib-içmə, gətir-götür, sağlıqlar...

Bu mənzərəni pozmaq istəmirdim. Əslində gülməli bir şey baş vermişdi: atam elə bilmişdi ki, artıq mən tələbə adı qazanmışam. Dostları da içkili ağızları ilə məni öpüb tərifləyirdilər. Həmin gün qonaqlıq başa çatandan sonra atama tələbə olmadığımı, sınaq imtahanı olduğunu deyəndə bir az da içkinin təsirindən kövrəldi: “Sənə inanıram ki, əsas imtahandan uğurla keçəcəksən”.

Həmin il, yəni 11-ci sinifdə, hamının əlindən test kitabları düşməyən ağır il mən iki sinif aşağıda oxuyan bir qızı sevirdim. Üstəlik, hekayələr yazmağa başlamışdım. Hələ bunun bədii kitablar oxumağı, axşam atamla intellektual söhbətlər etməyi, gecələr hüznlü mahnılar dinləməyi vardı. Ağlayıb eləmirdim, artistlik eləməyim. Ancaq bütün günü qızı düşünürdüm. Hazırlıqlara gedəndə o qızdan danışırdım, kitabı açanda gözümə onun yerişi, saçları ilə oynamağı gəlirdi. Müəllimlər, dostlarım, hazırlıq yoldaşlarım əlimdən bezmişdi. O qızdan danışacaq adam axtarırdım...

Qız da “yox” dedi bir gün, imtahana az qalmış. Sındı qol-qanadım yanıma düşdü. İndi özünüz təsəvvür eləyin: bütün günü hekayə yazmaq üçün çalışıb-vuruşan, bədii kitabları acgözlüklə oxuyan, gecələr hüznlü mahnılar dinləyən, hələ üstəlik sevdiyi qızdan yox alan biri necə imtahan verə bilərdi?

Cəmi-cümlətanı 365 bal topladım. Sınaqdan 135 bal az. Ədəbiyyat mənə burda da kömək elədi. 25 sualın hamısını düz yazmışdım. İngilis dili və riyaziyyat sevdiyim qız kimi məni yenə çətinə salmışdı...

2009-cu il, yəni mənim imtahan verdiyim il çox çətin olmuşdu. Suallar üstündə dava-qırğın düşmüş, o vaxtkı TQDK-nın binasının qabağında valideynlər yığışıb etiraz etmişdi. Alimlər suallara verilən beş cavabdan ikisini düzgün hesab edirdilər.

Ballarım az çıxanda atamla anam çox pis oldular. Evdə ən güvənilən adam mən idim. İndi mən də onların inamını laxlatmışdım. Atam dedi ki, hazırlaş əsgərliyə. İncimişdi məndən, hiss edirdim. Ancaq axşam ona sevdiyim qız haqqında danışanda mənə təsəlli verdi: “Həmişə bir qızı sevirsən, ona çatanda isə sənin üçün maraqsız gəlir. İndi o qız sənə əlçatmaz gəlir. Ancaq düşün ki, o da əlçatmaz deyil, bütün insanlar kimi...”

Kədərli gün idi, nə yalan deyim. Hamı sus-pus oturmuşdu, heç kimin ağzı açılmırdı. Evimiz sanki əli qoynunda bizə baxırdı.

Dostlarla görüşüb içmişdik səhərisi gün. Onlar zəng eləyib sevdiyi qızlara əsgər gedəcəklərini dedilər. Mən isə zəng edəcək birini tapmadım. Dostlarımın da balları yetərli deyildi. Həmin gün içkidən, bir az söhbətdən sonra dərdli-dərdli ayrıldıq.

Növbəti gün isə şok edəcək bir xəbər aldıq: ballar aşağı düşüb və biz artıq tələbəyik.

Atamla hansı universitetə düşdüyümə baxdıq. Məni maraqlı illər gözləyəcək Slavyan universitetini görəndə çox sevinmişdik. Birinci onu yazmışdıq çünki.

Həmin gün yenə dostlarını çağırdı atam, gözəl bir süfrə açdıq. Bu dəfə sağlıqlar da, deyilən arzularda hədəfə dəyirdi. Çünki tələbə olmuşdum. Sevdiyim qız nə oldu? Onu soruşursunuz? Boş verin, belə gündə qanımızı qaraltmayaq.

Atamın tələbəliyimin ilk günündə universitetin həyətində siqaret çəkə-çəkə dediyi sözləri indi də xatırlayıram: “Bütün pis xəbərləri alt-üst edəcək gözəl xəbərin gələcəyinə həmişə inan”.

İmtahan günü isə yaddaşımdan çıxmır. Polis əlində aparat üst-başımı yoxladı. Yadımdadır, qırmızı köynək geyinmişdim. Anam demişdi ki, uğurlu olar bu köynək sənə. Aparat bədənimdə gəzişəndə gülməyim gəldi. Polis dodaqaltı qımışdı, aparatı kənara qoyub əli ilə ciblərimi yoxladı. Birdən ikimiz də xışıltı eşitdik. “Nədir bu?” – dedi üzümə baxıb. Bir azdan anamın cibimə qoyduğu “Ayətül-kürsü”nü çıxartdı, gülümsəyib dedi ki, bu sənə lazım deyil, cırıb tulladı.

Axırı, yoxlanışdan sağ-salamat çıxıb bizə ayrılan sinif otağına getdik.

Yadımdadır, bir topa uşağın içində bir eynəkli oğlan var idi. Sinif otağında hamı onunla danışırdı. O da axırda bezib dedi ki, vallah, gözüm zəifdir, ona görə taxıram, savadlı zad deyiləm. Hamımız gülüşdük. Mənim yanımda qəşəng bir qız oturmuşdu. Üzünə baxanda hiss elədim ki, yaşı çoxdur. İkimiz də əlimizdə qələm masanı taqqıldada-taqqıldada susurduq. Birdən onun səsi gəldi: “Hansı fənni yaxşı bilirsən?” Mən də dedim ki, ədəbiyyat, tarix, Azərbaycan dili. Sevindi elə bil, kömək uman adamlar kimi üzümə baxdı. Dedim, narahat olma, yazaram sənə. Gülləri tabaqda oynadı. “Mən də riyaziyyatı yaxşı bilirəm” – dedi mənə borclu olduğunu düşünərək.

İmtahan başladı. Yadımdadır, nəzarətçi hicablı bir qadın, bir də uzun, arıq bir kişi idi. Keşikçilər kimi biri sağ tərəfdən, biri də sol tərəfdən irəli-geri hərəkət edirdilər, bircə çiyinlərində silah çatışmırdı. Qıza düşən sual kitabçası ilə özümünkünü dəyişdirdim. Tez-bazar onun suallarını yazıb ötürdüm. Əslində çox az yazmışdım, üzrxahlıqla dedim ki, qalanını da sonra yazacam.

Öz suallarımı bitirəndə nəzarətçidən vaxtı soruşdum, yarım saat qalmışdı. Riyaziyyat suallarına baxdım, qız bir az yazmışdı. Görünür, ikimiz də bir-birimizi yola vermişdik. İngilis dilindən cəmi on sualın cavabını yazmışdım. Bu vaxt nəzarətçinin səsi gəldi: vaxt tamam olmuşdu. Hamıdan cavab kartlarını yığışdıranda yanımda oturan qız iynə batmış kimi hövlnak ayağa qalxdı, ağır-ağır çıxışa gedən nəzarətçinin arxasınca getdi, onu içəriyə çağırdı. Yalvar-yaxar elədi, amma hicablı qadın cavab kartını ona vermədi. Sən demə, sual kitabçasında işarələdiyi cavabları əsas cavab kartına işarələməmişdi. “Mən üç dəfə kəsilmişəm” – dedi hönkürərək.

Gözümün qabağında əsirliyə aparılan adamın hay-həşiri canlandı. Qız artıq yerə çökmüş, göz yaşı axıdırdı. Nədənsə, içimdə xilaskar ruhu oyandı. Çölə çıxıb müşahidəçini tapdım və vəziyyəti ona izah elədim. Kök, başının ortası daz bir kişi idi, hirslə içəri girdi. Bir azdan cavab kartı göz yaşından makyajı axan qızın qarşısında idi. O, nə olduğunu bir anlıq kəsdirə bilmədi, key-key otaqdakılara baxdı. Gördüm ki, belə vəziyyətdə yaza bilməyəcək, əlindən alıb cavabları əsas karta doldurdum.

Hər dəfə qəbul imtahanları olanda o qızı xatırlayıram. Görəsən, o tələbə ola bildimi?

# 4875 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #