Konsertinə çox adamın qatılacağını düşünmürdüm. İki dəfə Kann Film Festivalının qalibi olan rejissor, dünyanın bir çox paytaxt ölkələrində konsert verən musiqiçinin yaratdığı heç nə kütləvi deyil. Bu üzdən konsertinin alınmayacağından belə qorxurdum.
Kusturitsa öz ölkəsinə, regionuna oxşayır; filmlərilə, musiqilərilə bir hibrid arealdan, mədəniyyətdən yarandığını açıq göstərir. Bir neçə sivilizasiyanın izini daşıyan Balkanın müasir siması elə Kusturitsadır. Bu adamı bir az da gavalıya oxşadıram; çəyirdəklidir, amma gilas deyil. Heç alça da deyil. - Gavalı.
Məni Kusturitsanın konsertinə çəkən səbəb sevgimlə yekunlaşır desəm, doğru olmaz, həm də tamaşaçılarla maraqlanırdım. Görən, Azərbaycanda Kusturitsanı sevənlərin sayı nə qədərdir?
Bütün ölkələrdə etdiyi kimi Bakıda da səhnəyə xüsusi giriş etmədi: iplə sallanmadı, qaz balonu ilə enmədi. Təzim etdi və ənənəvi Balkan mahnısı ilə start verdi…
İlk başlarda Kusturitsa da deyəsən, mənim kimi düşünürdü, auditoriyadan narahat idi, gedişatı proqnozlaşdıra bilmirdi. Ta ki…
Qrup məşhur “F*ck you MTV” mahnısını ifa edəndə artıq Kusturitsanın üzündə güllər açdı. Söyüş söymək şakərini ictimai yerdə ifadə etmək üçün əldən-ayaqdan gedən tamaşaçılarımız bir ağızdan “söyüş” qışqıranda musiqiçi rahatlaşdı. Konsert sanki bu mahnıdan sonra başlandı…
Mən Kusturitsanın bir çox ölkələrdə verdiyi konsertləri izləmişəm. Həmin konsertlərdə tamaşaçıların qolları aşağı düşmür: Alqış, alqış, alqış!
Bakıda belə deyildi. Alqışların müddəti bir neçə saniyə davam edirdi, ardınca hamı sakitləşib klassik musiqi dinləyirmiş kimi səhnəyə zillənirdi. Yaşlı-yaşlı kişilər səhnədə atılıb düşür, əyləncəli hərəkətlər edir, lakin bu qaradinməz auditoriyanı Balkan ritmlərinə kökləyə bilmirdi.
Daha sonra Kusturitsa dünyadan köçmüş bir musiqiçi yoldaşını xatırladı, mərhum üçün alqış istədi. Zal təxminən 2 dəqiqə tanımadığı bir ölünü alqışladı. Kusturitsa nə qədər təşəkkür etsə də, alqış bitmirdi. Musiqiçilər bir-birinə baxa-baxa qalmışdı; 10 adam səhnədə min hoqqadan çıxırdı, bu qədər alqış ala bilmirdi, dünyadan köçmüş musiqiçi isə dəqiqələrlə alqışlanırdı… Mən bu an bir daha beynini Amerikaya, meyitini Azərbaycana etibar etmiş Lütfi Zadəni yaxşı başa düşdüm, xalqımın ölünü diridən daha çox sevdiyini anladım. Gözümün qabağından müxtəlif misralar keçdi: “Şairi heykəl tək xoşlayan adam”… “Sağlığında qiymət verin insanlara…” və s.
Kusturitsa sevimli dostu, qrupun skripkaçısı Deyan Sparavalo ilə etdiyi zarafatlar da konsertə rəng qatırdı. Konsert boyu skripkaçısının pivəni sevdiyini deyən solist ona müxtəlif pivə brendlərinin adları müraciət edirdi: “Haneken”, “Tuborg”, “Bavariya”… Hamı Kusturitsadan “Xırdalan” sözünü gözləyirdi, hətta auditoriyadan kimsə “Xırdalan!” deyə qışqırdı. Amma Kusturitsa bizə ən yaxın ölkənin Türkiyə olduğunu düşünüb “Efes”lə söhbəti bağladı.
Konsertdə daha çox diqqət çəkən məqamlardan biri də bileti ucuz sektorların dolması idi. Bəli Kusturitsanın sənətini anlayan, konsertinə sevinə-sevinə gələn tamaşaçılar ən yaxşı halda 20-30 manatlıq billet ala bilərdi. Ən çox alqış səsi yüksələn yerlər də elə bu sektorlar idi – 20, 30 manat…
Amma sonda... Mən bu qədər uzun alqış eşitməmişdim. Qəti şişirtmirəm, 6 dəqiqə alqış davam etdi, hansı ki, musiqiçilər ilk dəqiqədə təzim edib səhnədən getmişdilər. Boş səhnəyə bu qədər alqış da auditoriyanın başqalığından xəbər verirdi. Məncə musiqiçilər də sona yaxın bunu anladılar. Biz əvvəl dinləyirik, sonra qiymət veririk.