Ləyaqətli kişinin sevgilisi olmaq - Elnaz yazır

Ləyaqətli kişinin sevgilisi olmaq - Elnaz yazır
30 aprel 2021
# 09:51

Kulis.az Elnaz Eyvazın "Ləyaqətli kişinin sevgilisi olmaq" adlı yazısını təqdim edir.

- Ölsəm də, o evə qayıtmaram... Dözə bilmirəm, adam nə qədər özünü alçaldar?!
- Ərin “öküz”dür?
- Başa düşmədim?
- Bağışla, ancaq fikrimi başqa cür ifadə edə bilmədim, - gülürəm.
- Hə, başa düşdüm (gülür). Yox, ərim yaxşı adamdır, tərbiyəli, təhsilli. Söymür, döymür. Ancaq ailəsi çox müdaxilə edir, hər işimə bir mız qoyurlar. Nə qədər olar? O da dinmir, deyir, döz...
- Nə istəyirsən indi?
- Boşanacam...
- Sonra?
- Sonra? Əlimdə işim, sənətim, oğlum da bir az böyüsün, həyan olacaq mənə. Baş-başa verib dolanacağıq...
- Ya sonra? – gülürəm.
- Sizcə, düz etmirəm? Axı siz də keçmisiniz bu mərhələləri. Nələr çəkdiyimi anlamalısınız, bunları sizdən başqası ilə danışa bilmirəm, elə bilirəm ki, bütün yaşadıqlarımı hiss edirsiniz.
- Səhv etmirsən, mən sənin yaşadıqlarının həm də sən yaşamadığın formasını yaşamışam. Bir şey anladınmı?
- Yoox... Xahiş edirəm, bir az qəddar və real olun.
- Boşanmaq elə də çətin iş deyil, bir parça kağızla həll olunacaq. Əgər ayrıldığına peşman deyilsənsə və düzgün addım atmısansa, boşandığın günün səhəri yuxudan ayılanda elə biləcəksən, yenicə doğulmusan, həyata təzədən başlayırsanmış kimi xoşbəxt bir hiss keçirəcəksən. Psixoloqlar deyir ki, belə olan halda, deməli, düz addım atmısan. Məsələn, məndə belə olmuşdu və hələ də xatırlayanda o hissi keçirirəm. Təkrar edirəm, əgər ərin normal adamdırsa və problem onda deyilsə, boşanma. Onun xatirinə hər şeyə dözmək olar, əksinə, gündüzlər səni, üzr istəyirəm, eşşək kimi döyüb-söyüb, gecələr öküz olduğunu nümayiş etdirirsə, bir an öncə, vaxt itirmədən ayrıl. Səni sevən, sənə dəyər verən bir kişini başqalarına görə buraxıb getmək olmaz. Həyatının sonuna qədər tək yaşamağı gözə almısan?
- Tək niyə? Oğlum...
- Oğlun da öz həyatını yaşayacaq, sənin həyatını yox. Heç kəs sənin iztirablarını bölüşməyəcək. Bəlkə, nə vaxtsa ailə qurmaq... Bir müddət bu heç ağılına da gəlməyəcək, bacardığın qədər təkliyə alışmağa cəhd edəcəksən. Sənə diqqət edən, hətta səninlə maraqlanan olanda belə, qaçacaqsan. Qardaşını, atanı, oğlunu, nəsil-şəcərəni düşünəcəksən. Bizlərdə buna namus-qeyrət, yəqin ki, Avropada özünə zülm etmək və ya axmaqlıq-filan deyirlər. Zamanla tək qalmaqdan qorxub, “bəlkə, bəxtimi bir də sınayım,” – deyə cəhd edəcəksən. Bu illər ərzində hamı sənə hörmət edəcək, namus, qeyrət simvolu kimi baxacaq. Bilirsənmi, nə qədər yaxınlaşmaq, səninlə bir kəlmə kəsməyi özünə şərəf bilənlər olacaq?! Axı sən adi qadın deyilsən, ali təhsilli, öz hüquqlarını bilən, öz ayaqları üstündə durmağı bacaran, kimdənsə asılı olmağı sevməyib, özü öz yükünü çəkməyə çalışan, anlayışlı birisən. Bizim kişilər belə qadınları sevər, pərəstiş edər, onunla fəxr edərlər. Bir sözlə, xoşbəxt etməkdən başqa, hər şey edərlər. Təbii, istisnalar ola bilər. Sevgi etiraflarının, komplimentlərin sayı günbəgün artacaq, hamısı da sənin kimi qadınla qürur duyduğunu, sənin mükəmməl bir qadın olduğunu etiraf edəcək, adamın Allahı var, demirəm ki, sevənlər də olacaq, ancaq o yerə qədər ki, orda bizim möhtərəm mentalitetimiz dayanır. O yerə qədər ki, o yerdə sənin “dul qadın” statusun başına qaxılır.
- Axı ətrafımızda müasir düşüncəli nə qədər kişi var...
- Nə qədərmi? Kifayət qədər deyə, lovğalana bilərəm. Bilirsənmi, nə qədər fərqli düşüncədə olan var? Sənin illərlə “namus” deyə, əzablar içində, sağlamlığın bahasına qorunmanı qınayacaq, “bu, normal deyil,” deyib ittiham edəcək kişilər. Bu vaxta qədər sevgilinin olmamasını, illərlə qadın həyatı yaşamadığını anormallıq sayıb, əslində, buna görə səni tənqid edəcək kişilər... Axı necə ola bilər ki, normal, sağlam bir qadın illərlə özünü QADIN olmaqdan məhrum etsin? Bu onlara dəhşətli gələcək. Əslində, haqlıdırlar. Cəsarət göstərib səni daha yaxından tanımağa cəhd edənlər olacaq. Sən də uşaq deyilsən, ləyaqətli hesab etdiyin, şərəfinə, dürüstlüyünə, vicdanına etibar etdiyin birini özünə yaxın buraxmağı düşünməyə nə deyirsən, hə?


- Niyə də yox?!
- Aha... Niyə də yox, normaldır. Hər bir kişi həyatında sənin kimi bir qadının olmasından xoşbəxt olar. Həm də ətrafında kifayət qədər qadın olmağı yalnız dadlı xörək bişirib, təmiz paltar yumaqda, ev-eşik yığışdırmaqda, uşaq doğmaq naminə ərilə yatağa girməkdə görən, doğmağı tərgidən kimi ərilə yatağını ayıran, yaxud kişinin ömrünü-gününü dır-dırla zəhərə çevirən, bu müasir düşüncəli, intellektli kişini anlamaqdan başqa hər şey edən qadınlarla əhatə olunan kişilər...Ancaq onlar sənin kimi bir sevgilisinin olmasına, sənin yanında dünyanın dərdi-sərini unudub xoşbəxt olmasına rəğmən, bir ömür çərləməyi üstün tutar, əzizim.
- Bu, necə olur axı?
- Olur, övladım (gülürəm). Ən pisi bilirsən nədir? Səni namus keşikçisi olmaqda qınayan, hətta buna gülən adam, nəinki nəslindəki kişiləri, hətta qapılarındakı itin belə nə deyəcəyini düşünüb sənin kimi qadından vaz keçir.
- Niyə axı, niyə?
- Çünki sən boşandığın gün elə məhkəmə zalındaca “Dul qadın” damğası ilə möhürlənib bu xaraba cəmiyyətin içinə atılacaq və həyatın boyu əzaba məhkum ediləcəksən.
Bax, bu günlərdə səfərdən qayıtdım. Çox yaxın rəfiqəmin evində qonaq qaldım. Bu günə qədər yaşadıqlarım, çəkdiklərim əzizlərimdən, doğmalarımdan belə yormuşdu məni. Hamıdan uzaqlaşıb stress atmaq, hamı üçün darıxmaq istədim. Təzələnib sevgi dolu qayıtmaq istədim hüsnünə divanə olduğum Vətənə. İlk gündən darıxmağa başladım, ürəyim tələsirdi evimə, dostlarıma, doğmalarıma qayıtmağa. Ancaq bilirsən nə oldu? Getdiyimə də, qayıtdığıma da peşman oldum.
- Niyə?
- Çünki əksəriyyətin hal-əhval tutduqdan sonra ilk sualı bu oldu ki, təklif-filan edən oldumu? Mən də özümü gic yerinə qoyub, “oldu” dedim, kitabımın Türkiyədə nəşr edilməsi təklifini aldım. Demək, tək qadınsansa, getdiyin yerdə mütləq sənə yataq təklifi gəlməlidir və guya düşüncələri inkişaf edib, guya bunlar qərblilər kimi düşünə bilirlər deyə, verdikləri sualın dalınca da səni, qınayıb: “Niyə də yox? Sərbəst, gənc, müasir qadınsan, normaldır, olmamağı anormaldır,” – demələri adamı lap dəli edir. Hətta bilirsənmi, nə eşitdim bu “müasirlərdən”? “Burdan ora getdin, o cür gözəl yerlərdə oldun, getdiyin kimi də qayıtdınsa, daha nə oldu?!”. Bax, əzizim, durum budur. Həqiqət bu qədər acı və bezdiricidir. Bu cəmiyyətdə, bu ölkədə sənin kimi qadınların iki yolu var: ya boşanmayıb bədbəxt olmaq, ya da boşanıb!
- Mən demirəm ki, xoşbəxt olmaq...
- Bilirəm, mən də heç vaxt deməmişəm. Qarşımdakı adamı xoşbəxt edəndə xoşbəxt oluram. Qəlbin sevgidən aşıb-daşır. Yanıb tökülürsən ki, niyə axı kimisə dünyanın xoşbəxti edə biləcək ürəyə, potensiala malik olduğum halda, belə oldum?! Özünü düşünmürsən e yenə. Kimisə xoşbəxt edə bilmirsən deyə, narahatsan... Ancaq bil və agah ol, bu fədakarlığının qarşılığında əksəriyyətin sənə könül əyləncəsi, maddi material kimi baxması səni sarsıdacaq. Əlbəttə, yenə deyirəm, istisna hallar ola bilər, ləyaqətli bir kişinin sevgilisi də ola bilərsən, lakin tutar qatıq, tutmaz ayran kimi... Tutmasa, müqəvva kimi, ruh kimi yaşayacaqsan, insanlara olan inamını, güvənini son damlasına qədər itirəcəksən, artıq bütün baxışlardan iyrənc yalanlar irişəcək üzünə. Bir az da həssas olanda, dəli olursan. Hər şey gözündən düşür, aldığın təhsil, fərqli düşüncən, dünyagörüşün, oxuduğun kitablar... Hər şeyə tüpürüb səmimi qəlbdən Tükəzban olmaq istəyirsən. Xoşbəxtliyi yeməyə çörəyi, yatmağa əri, geyməyə paltarının olmasında görən Tükəzban...
Təbii, xoşbəxt də olacaqsan. Oğlun var, ana kimi, ata-anan, bacı-qardaşın var – övlad kimi, bacı kimi, insan kimi xoşbəxt olacaqsan. Ancaq Qadın kimi... qadın olmayacaqsan, qadın xoşbəxtliyi nədir bilməyəcəksən...
Bilirsənmi, bir var ürəyin “öküz”dən qırıla, bir də var dünyanı dərk edən, özünə layiq bildiyin, ağıllı-başlı adamdan. İkincisi daha dözülməz, ağır, bağışlanmazdır... Sən mənə baxma, sənin tutmağa saman çöpün var, boğulmayacaqsan, məndə o da yox idi... ya elə boğulub ölməli idim idim, ya belə...

# 3379 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #