Kulis.az jurnalist Zöhrab Əmirxanlının "Dənizlə səhər görüşləri" yazısını təqdim edir
7-8 il olar, hər səhər tezdən təmiz hava almaq üçün dənizkənarı bulvara çıxıram. Sahildə iki saatlıq gəzinti bəs eləyir ki, əsəblərin ipək kələfinə dönsün, rəng-ruhun açılsın, için xıltdan təmizlənsin.
Bu illər ərzində burda çox olaylarla rastlaşmışam. Qayıdandan sonra o yaşantılar haqda bəzi xırdaca qeydlər də eləmişəm. Ayrı-ayrı vaxtlarda, müxtəlif ovqat halında yaşanan epizodlardı. Bir neçəsini sizlə də bölüşmək istədim.
…Dan üzü saat 5-də bulvarda ins-cins yox idi. Adda-budda yuxudan kal oyanmış bir-iki nəzarətçi gözə dəyirdi.
Əvəzində səmada AY çox böyük və çox nurlu görünürdü. Deyəsən, YERƏ eşq elan eləmiş və "həri"sini almışdı. Üzü tərtəmizdi – xırdaca ləkə də tapmazdın. Arada kimsənin görməyəcəyinə əmin olandan sonra, hətta qucaqlaşdılar, qovuşdular, bütöv bir can oldular.
Azı bir saat-saat yarım bu gözəlliyi seyr elədim.
Ayrılmaq istəmirdilər. Amma GÜNƏŞ dədə o biri yandan ağırtaxta addımlarla, löhrəm yerişlə özünü yetirməkdə idi.
AY onu görüncə, lap astaca YERin üzündən öpdü və növbəti gecəyə görüş alıb işlərinin dalınca getdi...
***
...Səhər saat 6-dır. Bulvarda - saatlı qüllənin qarşısındakı estakadada astaca qaçıram. Hələ qaranlıqdı, adda-budda gəlib-gedəni yaxşı seçmək olmur.
...Yanımdan bir qaraltı da keçdi və gedib gəzinti gəmilərinə minmək üçün nəzərdə tutulan balaca meydançaya endi. Qayıdanda gördüm ki, ayaqlarını dənizə sallayıb hönkür-hönkür ağlayır. Tərəddüdlə yaxınlaşdım:
- Noolub, sizə nə kömək eləyə bilərəm?
- ...
Hiss elədim ki, vəziyyəti azərbaycanca deyil. Elə yırğalanırdı ki, müvazinətini hər an itirib dənizə aşa bilərdi.
- Bəlkə bir az geri çəkiləsiz, elə çox təhlükəlidi...
Qəflətən geri dönüb çəmkirdi:
- Siz məndən nə istəyirsiz, axı?
Çaşdım. Sonra yüngül bir psixoloji gediş elədim:
- Dedim, bəlkə intihar eləmək üçün sizə yardım lazımdı?
Gözləri kəlləsinə çıxdı:
- Hardan bildiz ki, mən intihar eləmək üçün gəlmişəm?
Nə fikirləşdisə, məni ərklə yanına çağırdı, bayaqkı həyəcanı, deyəsən, bir az ötmüşdü. Gözlərinin yaşını silib siqaret yandırdı:
- Atamla anam hər gün evdə dava eləyirlər. Bezmişəm, daha yaşamağa gücüm qalmayıb. 18 yaşında insan bu qədər ağrı, əzab, üzüntü yaşayar? Bu gecə də səhərə kimi bir-birini söyüb-yamanlayıblar. Gördüm daha dözə bilmirəm, başımı götürüb evdən qaçdım...
...Boynuma sarılıb əti kəsilənlər kimi elə yanğılı-yanğılı ağladı ki...
...Üzü aydın görünəndə isə gözlərim qamaşdı. İlahi, bu, qız deyildi - su pərisi, ay parçası idi...
Zorla, təkidlə yeznələrinin nömrəsini yığdırdım. Bir saat sonra gəlib apardı...
***
...7-nin yarısında "Crystal Hall"un yanındaydım. Dənizdən gələn təmiz havanı acgözlüklə ciyərlərimə sümürürdüm. Ətrafda ins-cins yoxuydu. Hər şey ilahi şəkildə əsrarəngizdi. Geri qayıtmaq istəmirdim. Təxminən bir saat var-gəl elədim. Sonra Günəş naz sata-sata, buludları öpə-öpə nurunu Yer üzünə səpələməyə başladı. Bu, o qədər əlahiddə, sözə sığmayan mənzərəydi ki, yəqin heç bir rəssam o gözəlliyi heç vaxt olduğu kimi təsvir eləyə bilməyəcək. Onlar da bəstəkarlar kimi zəifdirlər. Ən azı ona görə ki, indiyə qədər heç bir bəstəçi də yataqdakı qadın iniltisindən gözəl musiqi bəstələməyib...
***
...Səhər-səhər sahildə gördüm ki, bir qız ağlayır. Ehtiyatla yanaşıb soruşdum, quzum, noolub? Dedi ki, "Sahil" metrostansiyasının yaxınlığındakı bir mağazada kassir işləyir. İşə beş dəqiqə gecikdiyi üçün anbardar onu söyüb-yamanlayıb və qapını göstərib...
O, yaşca mənim qız övladlarımdan da balaca idi. Dedim ki, gəl gedək, mümkün olsa, məsələni yoluna qoymağa çalışaram. İstəmədi. Daha doğrusu, qüruru əyilməyə imkan vermədi.
Bir onu danışdı ki, qardaşı Türkiyədə oxuyur, evdə isə işləməyən anası və bacısı yalnız onun maaşı ilə dolanır...
Mən çıxıb getdim. Amma o qızın problemi içimdə qanı axan yara kimi qaldı...
Ertəsi gün maraq xatirinə həmin mağazaya baş çəkdim. O qız kassa aparatının arxasında əyləşmişdi. Məni görəndə elə məmnunluqla gülümsədi ki…
***
...Səhər qısamüddətli leysan tökdü. Damlalar sevindiyindən dənizdə atılıb-düşürdü. Xəyalımdan sevimli Vaqif Bəhmənlinin çoxdan oxuduğum şeirinin misraları keçdi:
Oğlanın pencəyi yadından çıxıb,
Bir qızın çiynində gedər yağışda...