Hacı Nuranın fotoları bizə nə deyir? - Sevda Sultanova yazır...

Hacı Nuranın fotoları bizə nə deyir? - Sevda Sultanova yazır...
21 may 2021
# 11:01

Vaxtaşırı saytlarda yerləşdirilən fotolarda xeyriyyəçiliklə məşğul olduğu deyilən Hacı Nuranın ağır xəstəlik keçirmiş və ya səhhəti problemli olan müğənnilərin, aktyorların başı üzərində görürəm.

Hacı Nuranın səmimiyyətini sorğulamaq niyyətində deyiləm, çünki şəxsini tanımıram, fəaliyyəti haqda detallı bilgilərə malik deyiləm. Lakin bütün hallarda ağır vəziyyətdə olan, stress keçirmiş insanın xəstəxana çarpayısından fotosunu çəkdirib yaymaq yaxşı xüsusiyyət deyil, kənardan xoş görünmür. Axırıncı belə şəkli, o, səhv etmirəmsə, Ağadadaş Ağayevın müalicə aldığı xəstəxanadan yaymışdı.

Xəstəlikdən sınıxmış Zöhrə Abdullayeva ilə onun guya şəfqət, mərhəmət mesajını verən şəklin yayımlanmasında da nəsə xeyirxahlıq əlaməti tapmaq çətindir. Ola bilər, bu şəxslər Hacı Nurana hörmət əlaməti olaraq foto çəkilməsinə razılıq versinlər. Lakin bu, o demək deyil ki, hər hörmətdən sui-istifadə edərək xeyriyyəçilik aktını publikanın gözünə soxmaq lazımdır. Bütün hallarda xeyriyyəçiliyi nisbətən təmkinli, eleqant təqdim etmək olardı.

Eyni situasiya vaxtilə Türkiyədə müalicə alan, ağır vəsiyyətdə olan hüquq müdafiəçisi Oktay Gülalıyevlə bağlı da baş vermişdi, ona qarşı qeyri-etik davranışlar sərgilənmişdi. Sosial şəbəkələrdə, saytlarda O.Gülalıyevin ağır vəziyyətdəki durumunu əks etdirən fotoları yayılırdı. Misalçün, fotolardan birində huşu özündə olmayan O.Gülalıyevin yanında dayanan biri obyektivə gülümsəyir və mizandan aydınlaşır ki, adam əslində xəstəni yox, özünü ön plana çəkir.

Məsələ ondadır ki, əgər xəstənin mövcud durumunu vizuallaşdıran foto-informasiya əhəmiyyətli məlumat verirsə, bunu anlamaq olar. Əks halda bu, heç olmasa, müəyyən etik normalar çərçivəsində baş verməlidir. Çünki peşəkar etikanın əsas prinsiplərindən biri şəxsin özəl həyatına və ləyaqətinə xələl gətirməməkdir.

Təəssüf ki, internetin verdiyi imkanlar çərçivəsində intim xarakter daşıyan, hər cür abırsızlığı özündə ehtiva edən fotolar, mətnlər bu gün çox yayılır. “Abırsızlıq ehtiva edən foto və mətnlər” deyəndə qətiyyən fiziki açıq-saçıqlığı nəzərdə tutmuram.

Söhbət yuxarıda dediyim məqamlardan gedir. Sosial şəbəkələrdə doğmasının məzarı üstündə müxtəlif pozlar verən insanların fotolarının yayılmasını çox görmüşük. Və yadıma gəlir ki, bir müddət öncə sosial şəbəkələrdə gənc kişi ölmüş anası ilə selfi çəkdirərək onu ictimailəşdirmişdi. Ola bilsin, ona elə gəlib ki, bu yolla diqqəti üzərinə çəkəcək, mənən yüngülləşəcək, ya da bu, sadəcə, kədərin spekulyasiyası, müasir dövrün xəstəliyi – “layk” toplamaq azarıdır. Texnoloji imkanlar bu tip davranışlarla insanlara lazımsız, zərərli fantaziyalarının reallaşmasına şərait yaratdı və məsuliyyət hissini heçə endirdi.

İnsanlar dərk etmir ki, intimlik, məhrəmlik daşıyan bir çox fikirlərin, davranışların, aktların, şkafdakı cürbəcür skeletlərin yayılmamasının heç bir ictimai-mənəvi əhəmiyyəti yoxdur. Və bunların yayımlanmaması şəxsiyyətdən etik məsuliyyət tələb edir. Etik məsuliyyət isə alicənablıq, nəciblik kimi yüksək xüsusiyyətlərdən qaynaqlanır.

AzTV-nin əməkdaşı ölən anası ilə selfi etdi - FOTO - Open.az

Müqayisədə, misalçün, amerikalı pornomaqnat Larri Flintin fəaliyyəti daha abırlı, əhəmiyyətli görünür. Yəni Flintin 1980-ci illərdə təsisçisi olduğu “Hustler” jurnalında cinsiyyət orqanlarının açıq göstərilməsi ölmüş ana ilə selfi çəkdiməkdən və ya məzarda poz verməkdən daha ləyaqətli addımdır.

“Hustler”də eyni zamanda siyasətçilər haqda bayağı yazılar, dedi-qodular yayımlanırdı. Flint deyirdi ki, hansısa siyasətçi haqda dedi-qodu verməsiylə şəffaf siyasi sistemin yaranmasına kömək edir. Və o, pornoqrafiyanın məhdudlaşdırılmasının tərəfdarları ilə mübarizə apararaq söz azadlığının müdafiəçisi qismində çoxsaylı hüquqi davalarda iştirak edərək, hüquq sistemində presedentlər yaradıb:

“Mən sizə xoş olan sözü yox, dözə bimədiyiniz sözü müdafiə edirəm”.

Məhz buna görə Miloş Forman onun haqda çəkdiyi “Xalq Larri Flintə qarşı” filmində hansısa intim səhnələri və jurnaldakı açıq şəkilləri yaxın planda göstərmir. Çünki filmin əsas ideyası söz azadlığıdır.

“Sosial şəbəkə” filminin rejissoru Devid Finçerin təbirincə desək, özəl həyat həmişə şəxsi azadlığın mühüm bir hissəsi olub, insanlar bunun üçün illərlə mübarizə aparıb:

“İndi elə nəsil yetişib ki, sadəcə ona bu, lazım deyil. Bəlkə də qorxulu nəsə yoxdur, sadəcə sosial normaların dəyişilməsi baş verir. Daha doğrusu, insanların özü haqda hər məlumatı yayması nəticəsində yəqin ki, cəmiyyət abırsızlıq mənasında tamamilə yenidən təşkil olunacaq və bərabər hüquqlu olacaq”.

# 3692 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #