Gedirəm, öp alnımdan - Elnaz Eyvazın şeirləri

Gedirəm, öp alnımdan - Elnaz Eyvazın şeirləri
18 avqust 2020
# 15:57

Kulis.az Elnaz Eyvazın yeni şeirlərini təqdim edir.


Hansı rüzgar yolladı səni mənim qapıma?
Ayağının izini gəlib silsin bir gecə.
Görsün, indi nə çəkir hədəf seçdiyi bəndə,
necə düşüb kəməndə...o da bilsin bir gecə.

Gözlərimi zülümlə inandırdım yuxuya,
yoxsa qırılıb qalıb ümidlə yollarında.
Yaşaya bilmədim ki...dedim ölərəm barı,
"Vətənimdir" dediyim beşiyim qollarında.

Əllərimi yolladım əllərinin dalınca
getdin havada qaldı...Fəqət sənə çatmadı.
Üzüldü səndən daha, yolun uzaq olunca,
əllərimin qəlbinə bir də kimsə yatmadı...

***

Tutaq ki, gəldim...
Gəldim, nə dəyişəcək?
Elə bilmə biz susanda,
baxışlar deyişəcək...

Tutaq ki, gəldim...
gəldim, fəqət soruşma,
səndən sonra
mən necə
yaşayıb, nə etmişəm.
Çünki yüz dəfə gəlsəm də,
mən gedəndə bir dəfə,
o da çoxdan getmişəm...

***

Əynimizə biçilən
paltar kimidir həyat.
Yaşadıqca, daralır,
sıxır bədənimizi.
Soyunub atmaq olmur,
artıq-əskik danışıb,
pis gözlə baxan olar,
görərlər tənimizi.

Hərənin paltarında
bir balaca yamaq var.
Hərə öz paltarını
geyinib çıxdı yola.
Gedirəm, öp alnımdan,
gedib qayıtmamaq var...

***

Sən başlatdın bu davanı başından,
Mən də çəkdim ağrısını, qəmini.
İndi niyə uğraşırsan dənizlə?
İllər öncə batırmısan gəmini.

Gözlərimi yollarına köklədin,
cəfa çəkdim, cığır açdım, yol saldım.
Ha əlləşdim, ha vuruşdum, olmadı,
neynədimsə, yenə sonda tək qaldım.

Hər yanımda dostum, doğmam, yadım var,
Əl uzatsam, əlim qalmaz havada.
Mən qazandım – aydan arı adım var,
Sən də barış: uduzdun bu davada...

***

Qocalarsan, gözlərin
görməz uzaq-yaxını.
Görməli olduğunun
görməzsən bir çoxunu:
keçərəm gözlərimdən
görən gözün olaram...

Səsləndiyin uzağa.
titrəyər, çatmaz səsin.
Harda olsam, gələrəm,
təki gəlsin nəfəsin.

Yaddaşımın küncünə
kəlmə-kəlmə köçürüb
yaşadaram özümdə.
Bu dünyanın heç nəyi
yoxdu Sənsiz gözümdə.

Ölərəm, "bəs" demərəm
görsəm, hər gün, hər səhər,
yüz il Səni gündə mən.
Haqq Səndədir, Tanrıya
qovuşmuşam Səndə mən.

***

İki sevən birdən ölər:
birini dəfn edərlər...

***

Gözlərim
yol çəkir ki, Sən,
gələndə
büdrəməyəsən...

***

Ölümdən dönmüş adamam,
getməklə qorxutma məni...

***

Tamaşa bitdi,
pərdələr endi,
özbaşıma oynayıram,
sənsizəm indi...

***

Bir dəfə doğulursan,
hərdən yaşayırsan,
birdən ölürsən...


***

Getmə...
getmək həmişə var,
qalmağı da sına sən.
Qayıtsan, olmayacam,
istəmirəm, sınasan...

***

Məni itirən adamlar,
sizdən elə narahatam...

***

Düşüb nadan əlinə
bir ömürlük zay olduq.
Nə öldük ölən kimi,
nə diriyə tay olduq...

***

Yenə Gün batdı aramla,
yenə Ay gəldi birnəfəsə.
Mən Ayı qarşılayıram,
səni də...kimsə...

***

Hamının evinə dönən çağıdı:
ürəyim açıqdı, gəl...

***

Bütün gözəl nəğmələr
sənin səsindir:
ölüncə səslənəcək qulaqlarımda...
Sən ən saleh günahımsan,
savabın bəsimdir...

***

Sən -
həsrətin baş hərfisən,
darıxmağın mənası.
Mən də sənə çatanacan
bu atəşdə yanası...

***

Yanımdan adamlar keçir
yol boyu, küçə boyu,
ətir saçan adamlar...

Yanımdan ətirlər keçir,
keçir səni pıçıldayıb.
Hər pıçıltı bir öpüş qədər yaxın gəlir
üz-gözümə toxunur.
Ətirdən qoxun gəlir,
yoxluğun gözlərimin
qarasından oxunur...

***

Qal və
bircə ümid ver,
bax burdan qapıyacan.
Sən sev məni,
mən özüm
birtəhər yaşayacam...

# 3113 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #