Ağdama niyə getmədim? - Rəşad Məcid yazır

Ağdama niyə getmədim? - Rəşad Məcid yazır
15 mart 2021
# 12:53

Dünən Ağdama üzürlü səbəbdən gedə bilmədim.

Amma...

Həm də...

Düzü, Ağdama getməyə qorxuram!

Ağdamın indiki vəziyyətini canlı görməyə qorxuram.

Dünən oğlum Mirhacib getmişdi. Ona dedim, Ətyeməzlini keçib şəhərə girəndə sağda xəstəxananın, Doğum evinin binası var, bəlkə, uçuqları qalıb, sən 1987-nin avqustunda orda doğulmusan. Onda ”Kimsən ey , doğulan” şeirimi yazmışdım. Qayıdanda soruşdum , dedi ki, indi nə o xəstəxanadan, nə də şəhər boyu uzanan bağlardan, hündür ağaclardan əsər-əlamət qalıb.

Ağdam deyəndə gözümün önünə ötən əsrin 70-ci, 80- ci illərinin Ağdamı gəlir. Hərdən xəyalımda da gəzirəm: 1 nömrəli məktəbdən çıxıb bazarın önüylə gedib, tində -Aptekin yanından sağa dönürəm, Nadirin “Dijurnu mağaza”sını keçib, Tağının kitab mağazasına dəyib ya 10 yaşımacan yaşadığımız Dördmərtəbənin qabağıyla Musavi küçəsindən, südsatan Lətafət xalanın budkasının tinindən Lenin bağına burulub, Çay evinin, məscidin üstünə çıxıram, üzü yuxarı Şuşa yoluyla Fərhadın heykəlinə, Dram teatrına sarı addımlayıram, ya da Üzümçülər sarayının yanından keçib məşhur Fazil Qasımovun direktoru olduğu Kinoteatra tərəf gedirəm, Zeynalın çayxanasında çay içirəm.

Ya da ki qayıdıb Laura müəllimənin musiqi məktəbi tərəfdən gəlirəm, Voroşilov küçəsinin tinindən Milis idarəsinə doğru. Palıd ağaclarının meh əsdirən yarpaqlarından qopan pıçıltı ”Pionerlər evin”dən gələn tar-kaman səslərində əriyib itir, məşhur “Qarabağ bülbülləri”nin Murad Rzayevin rəhbərliyiylə növbəti məşqinin sədalarını eşidirəm. Vahidgilin evinə tərəf, Köhnə hamam məhləsinə dönürəm. Onda bilmirdim ki, bu hamamı da Natəvan tikdiribmiş. Dünən Vilayət Quliyevin statusunda oxuyub bildim.

Əli İbrahimov, döngə 1 , ev 19- a - evimizə tərəf gedirəm.

Vahidi görürəm, evlərinin pəncərəsində baxır, 30 il sonra yazacağı “Ruhlar şəhəri” kitabınımı düşünür? Ayırmıram onu xəyallarından, eləcə əl edib keçirəm...

Noyabrın 20- də bizim əsgərlər Ağdama girib, Cümə məscidindən ilk videonu paylaşanda sarsılmışdım: hanı bəs Çay evi , hanı Dördmərtəbə, hanı 1 nömrəli məktəb?

Qəzəbimi belə ifadə etmişdim:

“Allah heç kimə, heç bir xalqa belə namərd düşmən qismət eləməsin! Vəhşi millət, səninlə necə yanaşı yaşamaq olar? Niyə bizim şəhərlərimizi bugünə qoymusan? Etdiklərinin beşqat artığına layiqsən!..”

İndi mən qorxuram!

Gedib Ağdamın xarabalıqlarını görsəm, xatirələrimin uçub dağılacağından qorxuram!

Bir də xəyalən Ağdamın küçələrini gəzə bilməyəcəyimdən qorxuram!..

# 3097 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər