25 manata gələcəkdən xəbər verən falçı – Hindistan sərgisindən reportaj

25 manata gələcəkdən xəbər verən falçı – Hindistan sərgisindən reportaj
23 dekabr 2022
# 09:00

Kulis.az Günəş Mərdin “Böyük Hindistan” sərgisindən hazırladığı reportajı təqdim edir.

– Nigar, Şərq Bazarında Hindistan sərgisi açılıb. Gedək?

– Ay qız, onlar Ermənistana silah satır. Hara gedirsən?!

– Bunun sərgiyə nə dəxli var?

– Var.

Şərq Bazarında açılan Hindistan ticarət sərgisinə getməzdən öncə Nigarla aramızda belə bir söhbət oldu. Onunla mədəniyyətin siyasətdən ayrı olub-olmadığı mövzusunda bir qədər mübahisə etdik. Sonda birtəhər razılığa gəlib sərgiyə yollandıq.

Bazara çatdıqda sərginin keçirildiyi yeri tapmaqda bizə ikinci mərtəbədən eşidilən məşhur hind mahnısı – "Tune Maari Entriyaan" ¬– kömək etdi.Yaddaşımızı nə qədər qurcalasaq da, bu mahnını hansı filmdə eşitdiyimizi xatırlaya bilmədik. “Nəysə” deyib yavaşca ikinci mərtəbəyə qalxdıq.

İçəri yenicə girmişdik ki, səhnədə rəqs edən xanımı gördük. Xanım elə şövqlə rəqs edirdi, elə bil illərdir bu günü gözləyirmiş. Hamının diqqəti onda idi. Ondan bir qədər aralıda divar boyu yerləşdirilmiş stullarda əyləşənlərsə yerlərindəcə bədənlərini tərpədirdilər. Düzü, axşam olduğundan o qədər də böyük insan izdihamı yox idi.
Sərginin bitməyinə son bir saat qaldığından vaxt itirmədən stendlərlə tanış olmağa başladım.

"Zehnin və düşüncənin gücü ilə üçüncü gözünüzün aktivləşdirilməsi. İlahi nur ilə müsbət enerji yükləmələr".
Sol tərəfdəki stenddə gördüyüm bu yazı diqqətimi çəkdi.

Burada çoxlu təbii daşlar var idi. Hindli satıcıya yaxınlaşdım:

– Salam.

– Salam. Xoş gəlmisiniz. - çətinlik çəksə də, dilimizdə aydın danışırdı.

– Bu təbii daşlar nə üçündür?

– Bunları üzərində saxlayan insanda müsbət enerji yaranır. Tanrı onu pis qüvvələrdən qoruyur.

– Adınızı bilmək olar?

– Ranta.

– Pis qüvvə nəyə deyirsiniz?

– Bura həm pisniyyətli insanlar, həm də təbiət qüvvələri aiddir.

– Ranta, özünüz bunlardan istifadə edirsiniz?

Əlini irəli uzadıb barmağındakı üzükləri göstərdi.

– Baxın, bu üzükləri özüm üçün götürmüşəm. Mənə yaxşı enerji verirlər.

– Sərgidə maraqlanan çox olur?

– Bəli. Alanlara endirimlər də edirik.

Enerji demişkən, yəqin hindlilər kimi enerji söhbətlərinə inanan ikinci bir xalq yoxdur. Haradansa oxumuşdum, hind filmlərində tez-tez gördüyümüz rəqslər də buna, izləyicilərə yaxşı enerji ötürməyə xidmət edir. Məsələn, istənilən kədərli hind filminin ortasında ritmik bir mahnı ilə qəhrəmanların coşqun rəqsini görə bilərik.
Söhbətimizin bu yerində alıcı gəldi. Ranta ilə sağollaşıb bijuteriyaların olduğu növbəti stendə keçdim. Burada müxtəlif cür sırğa, boyunbağı, qolbağı və üzüklər var idi.

Satıcı Azərbaycanlı idi. Yaxınlaşıb qiymətləri soruşdum.

– Qiymətlər neçədən başlayır?

– Qiymətlər 1 manatdan 30 manata kimidi.

– Alıcı olur?

– Sərginin ilk günlərində çox idi. İndi seyrəlib.

– Kimlər daha çox maraqlanır?

– Yaşlı kişilər və gənc qızlar.

– Bəs bunlar nədir – kənardakı rəngli lələkləri göstərib soruşuram.

– Bunlar tovuzquşu lələkləridir. Bədnəzərdən qorunmaq üçün adamlar alıb evlərinin qapısından asırlar. Hamısı təbiidir.

Elə bu vaxt Nigar qolumdan tutub məni düyü olan stendə tərəf çəkdi:

– Gör nə gözəl qoxusu var. Əsl Hindistan düyüsü olduğu hiss olunur.

Həqiqətən düyünün çox gözəl ətri var idi. Stendin ətrafındakı insan izdihamı da yəqin buna görə idi. Satıcını çağırıb qiymətləri xəbər aldım.

– Xanım, düyülər neçəyədir?

– Növündən asılı olaraq 10-30 manat arasında dəyişir. Basmati növü digərlərindən bahadır.

– Yerli düyüdən nə ilə fərqlənirlər?

– Hindistan düyülərini bişirəndə daha artımlı olur, suda diri qalır və daha ətirli olur. Amma bunları dəmdə çox saxlamaq lazımdır. Yoxsa dadı dəyişir.

Söhbət zamanı əlində Hindistan dərgisi tutan oğlan bizə yaxınlaşdı. Təxminən, 10-14 yaşları olardı. Tənginəfəs halda soruşdu.

– Siz jurnalistsiniz?

– Bəli. Nə lazım idi?

– Bilirsiniz mən Şahrux Xanın fanatıyam. Böyüyəndə onun kimi filmlərə çəkiləcəm. Amma dava-dalaş olmayan filmlərə.

– Niyə?

– Çünki dünən dostumu davada bıçaqlayıblar. Ona dedim ki, getmə. Qulaq asmadı. Özü də uşaqlıqdan bir yerdə hind filmlərinə baxırdıq. Bu gün mənlə sərgiyə gələcəkdi. Amma xəstəxanalıq oldu. Sizə bir-iki şey desəm yazarsınız?

– Nə demək istəyirsən?

– Adamlara deyin ki, dalaşmasınlar. Mən dostsuz qalmaq istəmirəm.

Cümləsini bitirən kimi əlindəki dərgini mənə verib qaçmağa başladı.

Ardınca getsəm də, sərgidəki adamlara qarışdığından tapa bilmədim. Çox qəribə və kədərli mənzərə idi. Bu yaşda uşaq niyə belə bir çağırış etməlidir deyə düşündüm. Bir anlıq duruxub qaldım....

Bollivud mahnılarının müşaiyətilə rəqs edən adamların səhnəyə çıxması isə ab-havanı dəyişdi. Sərgiyə gələn hər kəs milli hind geyimində olan, ucaboylu, qaraşın, hindli rəqqasa qoşuldu. Hindli rəqqasa suallarımı vermək üçün rəqsin bitməsini gözlədim. Təxminən, 15 dəqiqə sonra rəqs sonlandı.

– Salam. Adınız bilmək olar?

– Amir Krişna.

Sərgidə olan əksər hindlilərin dilimizdə danışa bilməsi, başa düşməsi də maraqlı məqamlardan biri idi.

– Şad oldum. Mən jurnalistəm. Buradan reportaj hazırlayıram. Hind rəqsləri haqqında nə deyə bilərsiniz?

– Bayaq oynadığım rəqsin adı “Katha”dır. Hindistanın şimalında daha çox yayılıb. Bütün rəqslərdə sürətli ayaq hərəkətləri, dönmələr və əl hərəkətləri əsasdır. Ən məşhur hind rəqsləri “bharata natyam”, “kathakali”, “kathak”, “manipuri”, “kuchipudi”, “odissi”, “mohini attam”dır. Bunlarla yanaşı ölkədə çoxsaylı tayfa rəqsləri də var.

– Neçə ildir bu işlə məğulsunuz?

– Bizdə uşaq yaşlarından ta böyüyənə qədər hamı rəqs edir. Rəqsə işdən daha çox əyələncə kimi baxırıq.

– Azərbaycan dilini haradan öyrənmisiniz?

– Elə bu cür sərgilərə gəlməklə. Son illər sizin ölkənizə çoxlu səfərlərimiz olur.

– Maraqlı gəlir sizə?

– Əlbəttə. Sizin adamların hind mədəniyyətinə sevgisini görəndə daha da həvəslənirik.

Amirlə söhbət etdikcə yayda Əl Oyunları Sarayında baş tutan Hindistan sərgisinin kulisində gördüklərim yadıma düşürdü. Burada oynayan bizə hindli kimi təqdim olunan rəqqasların əslində Azərbaycanlı olduğunu öyrənmişdik. Danışıqda hind dilindən istifadə etməklə bizi yaxşıca dolamışdılar. Öz-özümə düşünürdüm ki, görəsən, Amir də həmin rəqqaslardandır?

Vaxt az olduğundan Amirlə sağollaşıb qalan stendlərə yaxınlaşdım. Şal və sari stendlərində qiymətlər məhsulların üzərində yazılmışdı. 4- 50 manat aralığında dəyişirdi. Geyim stendlərində alıcı sayı digərlərinə nisbətdə az idi. Sərgiyə gələnlər daha çox Hindistan ədviyyatları, bijuteriyalar, düyü və təbii daşlarla maraqlanırdılar.

Sərgini ziyarət edənlər arasında aktrisa Rəsmiyyə Sadıqova da var idi. Sarilərə baxdığı vaxt ona yaxınlaşıb hal-əhval tutdum. Tələsdiyini bildirib uzaqlaşdı.

Qısa və xoş olmayan bu ünsiyyətdən sonra əfrafa göz gəzdirəndə gənc qızların başına toplaşdığı yaşlı bir qadın gördüm. Yəqin endirimli nəsə satır – deyə fikirləşdim. Maraqlandım. Ətrafdakı xanımlardan biri onun astroloq olduğunu dedi. Özündən soruşdum.

– Salam.

– Siz də gələcək taleyinizlə maraqlanırsınız?

– Yox, mənə adınız maraqlıdır.

– Astroloq Harat xidmətinizdədir.

– Necə xidmət göstərirsiniz?

– Gələcək taleyi ilə maraqlanan adam əvvəlcə mənə 25 manat ödəməlidir.

– Yaxşı, bəs gələcəyi necə görürsünüz?

– Təşrif buyuranların əllərinə baxmaqla, onun zodiak bürcünü deyirəm. Əldə olan xətlər və doğum tarixləri ilə insanların gələcəyini müəyyən etmək mümkündür. Hindlilərin və Azərbaycanlıların zodiaka böyük inancı var.

– Gün ərzində neçə müştəriniz olur?

– 30-dan çox olur.

– Müştəriləriniz daha çox kimlər olur?

– Gördüyün kimi gənc xanımlar. Sənin də falına baxım?

– Yox, çox sağolun.

– Yaxşı, inad eləmə. Evlisən?

– Yox, ay xala.

– Onda niyə ağ atlı şəhzadən sənin üçün maraqlı deyil?!

Birtəhər Harat xaladan canımı qurtarıb sərgi zalının çıxışına doğru addımladım. Burada qonaqlara verilən isti çaydan bir qurtum alıb Nigarı tapmaq üçün ətrafa göz gəzdirdim. Çönüb arxaya baxanda isə gec idi. Harat xala artıq onu qamarlayıb, əllərindəki cizgilərə fokuslanıb gələcək taleyinə baxmağa başlamışdı. Təəssüf hissi ilə çayımı da götürüb yeyin addımlarla sərgidən uzaqlaşdım…


# 2757 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #