Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.
Məktəb illəri deyəndə hər kəsin gözü önünə gələn bənzər kadrlar var: səhərin erkən saatlarında çantasını çiyninə salıb yuxulu gözlərlə dərsə tələsən uşaqlar, zəng səsi, lövhə qarşısında həyəcanla verilən cavablar və sinif yoldaşı ilə paylaşılan bir tikə çörək.
Məktəb çantası bizim ağlımızda kitab-dəftərin, rəngli qələmlərin, bəlkə də evdən bükülmüş balaca bir sendviçin sığındığı o təmiz, günahsız məkandır.
Amma Bakıdakı son məktəbli qətlinin təfərrüatlarını oxuyanda adamın boğazı quruyur, beynindəki o mənzərə birdən-birə alt-üst olur. Bir yeniyetmə məktəbə gedir. Çantasında kitablar var, dəftərlər var... və bir də soyuq silah - bıçaq.
Bir neçə dəqiqə sonra baş verənlər isə kinolardakı dəhşət filmlərini belə kölgədə qoyur: iki sinif yoldaşı, eyni havanı udan, eyni partanın arxasında əyləşən, bəlkə də dünən bir-birinə riyaziyyatdan misal köçürtməyə kömək edən iki 14 yaşlı uşaq.
Ortada nə var? Yəqin ki, adi bir söz çəkişməsi, yeniyetmə iddiaları, "sən mənə yan baxdın", "mənə cavab qaytardın", "qıza sataşdın" davası. Və nöqtə: bir zərbə ilə bir ömür söndürülür, digər bir ömür isə dəmir barmaqlıqlar arxasına, vicdan əzabının qaranlığına basdırılır.
Əsl faciə və dəhşət təkcə o bıçaq zərbəsində deyil. Əsl faciə o bıçağın o çantaya necə gəlib çıxmasında, o uşağın beyninə "problemi yalnız güclə, qanla həll etmək olar" düşüncəsinin nə təhər yerləşməsindədir.
Gəlin, özümüzü aldatmayaq. 14 yaşlı uşaq o bıçağı cibinə qoyanda tək deyildi. Yanında onun izlədiyi kriminal serialların "qəhrəmanları", sosial şəbəkələrdə fırlanan "racon" videoları, küçə söhbətlərində "kişilik" göstəricisi sayılan zorakılıq kultu var idi.
Biz uzun illərdir ki, ekranlarda, sosial mediada zorakılığı, küçə qanunlarını, "böyük qardaşlıq" romantikasını estetik bir şey kimi uşaqların beyninə yeridirik. İndi isə həmin toxumların böyüyüb məktəb həyətində qan tökməsinə təəccüblənirik.
Digər dəhşətli məqam isə direktor otağında baş verənlərdir. Əslində, münaqişəni həll etmək, tərəfləri sakitləşdirmək üçün toplandıqları o kabinetdə - böyüklərin, nizam-intizamın gözü önündə yeniyetmə gözünü qırpmadan masanın üzərindəki qayçıya əl atır və sinif yoldaşının üzərinə hücum çəkir.
Müəllimlərin, rəhbərliyin müdaxiləsi ilə faciənin son anda qarşısı alınır, onları çətinliklə aralayırlar. Amma o bir neçə saniyəlik mənzərə bizə acı bir reallığı nümayiş etdirir: uşaqların içindəki o nəzarətsiz aqressiya artıq nə kabinet divarlarını tanıyır, nə də böyüklərin nüfuzunu. Tərbiyə və təhlükəsizlik ocağı sayılan bir otaq adi bir kəsici alətin anında silaha çevrildiyi gərgin bir münaqişə meydanına çevrilir.
Bizim valideynlər də, məktəblər də çox vaxt uşağın yalnız qiyməti, paltarı, repetitora gedib-getməməsi ilə maraqlanırlar. Uşağın çantasını yoxlamaq, bəlkə də, fiziki müdaxilə sayıla bilər, bəs onun ruhunu, beynini, daxili dünyasını kim yoxlayacaq? Bir uşaq aylarla içində nifrət, aqressiya, qisas hissi gəzdirir, məktəbə silahla gəlir və bunu nə valideyn hiss edir, nə müəllim, nə də yanındakı dostu.
Biz uşaqlara riyaziyyatı, fizikayı, kimyanı öyrətməyə çalışırıq. Amma görünür, ən vacib şeyi - insan qalmağı, emosiyanı idarə etməyi, münaqişəni sözlə həll etməyi öyrətməyi unuduruq.
Heyf ki, bu hadisədən sonra da hamı bir neçə gün danışacaq, sosial şəbəkələrdə kədərli statuslar yazılacaq, sonra hər şey unudulacaq. Növbəti zəng vurulacaq, uşaqlar yenə siniflərə doluşacaq...
Bəs görəsən, bu gün övladını məktəbə yola salan valideynlər, onun arxasınca qapını bağlayanda bir anlıq duruxub düşünürlərmi: Biz övladımızın çantasına kitab qoyduq, bəs onun qəlbinə, beyninə neçə kiloqramlıq nifrət yükü büküb göndərdik?..