Ən kədərli sevinc - Federiko Qarsiya Lorkanın şeirləri

Federiko Qarsiya Lorka, ispan şair

Federiko Qarsiya Lorka, ispan şair

5 iyun 2023
# 20:00

Bu gün dünya şöhrətli ispan şair Federiko Qarsiya Lorkanın doğum günüdür.

Kulis.az Mahir N.Qarayevin onun haqda yazdığı "Ən kədərli sevinc" adlı yazısını və tərcümə etdiyi şeirlərini təqdim edir.

Federiko Qarsiya Lorka - 125

ƏN KƏDƏRLİ SEVİNC

“Mən Qranada düzənliyindəki kiçik bir Əndəlüs kəndində doğulmuşam. Atam – Federiko Qarsia Rodriges, anam – Visente Lorka Romerodur. Yeddi yaşımda məni Almeriyada monastır məktəbinə verdilər. İmtahanlardan sonra möhkəm xəstələndim, boğazım elə bərk ağrıyırdı ki, danışa bilmirdim. Güzgüdə şişkin sir-sifətimi gördüm, danışa bilmədiyimdən yazmağa məcbur oldum və beləcə ilk yumorlu şeirimi yazdım. Həmin şeirdə özümü şişman Mərakeş sultanı Mulya Hafidə oxşatmışdım. Sonra Qranadaya köçdük. İlk şeir kitabımı musiqi müəllimim don Antonio Sequraya – Verdidən dərs almış qoca bəstəkara ithaf etdim. Məndə qədim Əndəlüs nəğmələrinə ilk marağı məhz Antonio Sequra oyatmışdı...”

Siyasətdən uzaqda dayanmağa çalışan, yalnız sənət yanğısıyla yaşayan Lorka öz qısa ömrünün tərcümeyi-halına, adətən, belə başlayırdı.

Əfsuslar olsun ki, siyasət ondan gen dayanmamışdı və faşizm İspaniyaya ayaq açanda nasizm qurbanlarının müdafiəsi üçün ispan manifestinə imza atan ilk şair məhz Lorka oldu. 1935-ci ildə o, ikinci Antifaşist manifesti imzalamaqdan da çəkinmədi. 1936-cı ilin 14 fevral tarixli “Ziyalılar Xalq cəbhəsini dəstəkləyir” çağırışındakı birinci imza da Lorkaya məxsus idi.

Lorka ilk baxışda göründüyü qədər də sadəlövh deyildi və bütün bu ötkəm hərəkətlərin nə ilə nəticələnəcəyini, hara aparıb çıxaracağını, hər halda, dərk edirdi. Bununla belə, səmimiyyətdən irəli gələn bir duyğuyla o, bircə dəfə də olsun ürəyinin istəyinə qarşı getmədi. Məşhur ispan ziyalıları arasında onun hamıdan öncə həbs olunması da təsadüfi deyildi, baxmayaraq ki, çoxları bunu adi yanlışlıq kimi düşünüb, şairin tezliklə azad olunacağına sadəlövh ümidlər bəsləyirdi. Amma dostlar yanılırdı: Lorka İspaniyada faşizmin ilk qurbanı oldu!

Lorkanın ardınca ispan ziyalılarını fəlakətə aparan yolun qapıları taybatay açıldı: görkəmli publisist Ruis Karnero vəhşicəsinə öldürüldü; Qranadanın alkaldı doktor Montesinos güllələndi; “La Barraka” teatr truppasının on cavan aktyoru qiyamda həlak oldu, bombalanan binada Lorkanın əlyazmaları ilə birgə teatrın bütün arxivi külə döndü; qiyam günləri qaçqınlara qoşulub Pireney dağlarını aşan ixtiyar yaşlı Antonio Maçado dünyaya iztirablar içində göz yumdu; gənc şair Migel Ernandes faşist həbsxanasında qətlə yetirildi; Rafael Alberti vətəndən didərgin düşdü; dünya şöhrətli bəstəkar Manuel de Falya və sonradan Nobel mükafatına layiq görülən şair Xuan Ramon Ximenes qürbətdə həlak oldu.

Lorkanın gec-tez həbs ediləcəyi labüd idi, ancaq, görəsən, məhz ilk qurban olacağını özü təsəvvür edirdimi? Hər halda, Salvador Dali dostunun qətl xəbərini eşidəndə acı-acı gülümsünüb belə demişdi: “Onun həyatı üçün bundan gözəl sonluq düşünüb tapmaq heç mümkün də deyildi...”

1936-cı ilin məşum avqustu...

Lorkanı məhz 1936-cı ilin avqustunda həbs etdilər. İkicə gündən sonra, gecə yarısı həbsxana maşını Qranadadan çıxıb kiçik bir Əndəlüs kəndinin yaxınlığında dayandı – maşında 38 yaşlı Lorka idi, tanımadığı qoca bir dustaq idi, bir də üç falanqaçı. Cəlladlar kənarda dayanıb səhərin açılmasını gözləyirdilər, kameranın darısqallığından sıxılıb yumağa dönmüş Lorka isə gecənin əsrarəngiz gözəlliyindən vəcdə gəlmişdi. Ağlına gəlməzdi ki, bir azdan güllələnəcək...

İşıqlaşanda təzədən maşına doluşdular, ancaq maşın kənddən azacıq aralanıb təkrar dayandı. Öncə qoca dustağı düşürüb apardılar. Lorka hələ də heç nədən şübhələnmirdi, ancaq güllə səsi eşidiləndə içindən soyuq bir gizilti keçdi.

Ölmək istəmirdi... əllərini maşından güclə qopartdılar; bu zaman ağladı da.

Dalbadal bir neçə güllə açıldı, amma o dikəlmək istəyirdi. Ölümünə heç cür inana bilmir, hər atəşdən sonra təkrar dikəlib qalxırdı. Axırda zalım falanqaçı ayağı ilə onun sinəsindən yerə basdı və düz sifətinə atəş açdı.

38 yaşlı şair beləcə ölümünə inanmadan köçdü dünyadan...

"Öləndə –

siz məni çay qırağında

gitaramla qoşa basdırarsınız..."

Belə demişdi Lorka.

Ancaq Lorka ölmədi. Onu ölməyə qoymadılar. Onu öldürdülər...

“Ən kədərli sevinc – şair olmaqdır!”

Bunu da Lorka demişdi. Və çox güman ki, 38 illik qısa ömrünrdə Lorka şair olmaq sevincinin bütün kədərini yaşamağa, duymağa macal tapdı...

...Bir zamanlar bu dünyada bir gitara səslənirdi. O gitara lap elə bil dünən çalınırdı. Hərdən adama elə gəlir ki, o gitara heç zaman susmayıb; dünya yaranan gündən çalınır, həmişə də çalınacaq...

Mahir N. Qarayev

Lorka poeziyasından bir neçə yarpaq

GİTARA

Başlanır gitaranın

yanıq-yanıq naləsi.

Çiliklənir, tökülür

səhərin piyaləsi.

Nalə çəkir gitara!

Ondan sükut ummayın,

nahaqdan üz vurmayın –

çətin, çətin qurtara!

Nalə çəkir gitara!

Ağlayır arx boyunca

sellər ağlaşan kimi,

qarlı çöllər boyunca

yellər ağlaşan kimi...

Allahı sevərsiniz –

yalvarmayın o sussun!

Qürub o cür ağlayır

dan şəfəqindən ötrü,

O sayaq ağlayır ox –

hədəfdən ki yan ötdü!

Gün altda qovrulan qum

eləcə zulum-zulum,

eləcə için-için

ağlayır bir çiçəyin

sərin kölgəsi üçün!

İlan çalmış quşcuğaz

o cür

dünyadan köçür –

köçür sinəsi dağlı...

Ah, gitara, gitara –

beş amansız xəncərin

biçarə qurbanlığı!

MEMENTO

Öləndə –

siz məni çay qırağında

gitaramla qoşa basdırarsınız.

Öləndə...

o köhnə portağallıqda

bir gül ləçəyində siz məni yalnız.

Öləndə –

yelqovan olasıyam mən

küləkli gecələr bir dam belində.

Sükut...

mən öləndə!

AŞİQ

Aşiq,

zavallı aşiq –

otağında üzərlik yandırmışıq.

Ya get,

ya qal çar-naçar –

kilidləyib bu qapını bir açar.

Gümüş açar

qara lentdən asılıb,

lentin üstdə

üçcə kəlmə yazılıb.

Heç bilmirsən

nə yazılıb, ay yazıq!

Yazılıb ki:

“Könlüm çox uzaqdadı”.

Boş-boşuna

burda gəzmə, dolaşma

Boz küçəmin

havasına bulaşma.

Aşiq,

zavallı aşiq –

otağında üzərlik yandırmışıq.

İDİLLİYA

Nə dil tök, əzizim, nə yalvar mənə –

baharın sirrini açmaram sənə.

Mən sirri içində gizli saxlayan

sirr dolu yamyaşıl iynəyarpağam.

Elə bir ağac ki, min barmağıyla

tuşlanıb min yola, min bir cığıra.

Üz vurma, əzizim, demərəm axı

çay niyə bu qədər yavaşdan axır.

Amma sığışacaq nəğməmə, yəqin

sənin səma kimi qonur gözlərin.

Dövrəmdə rəqs edib fırlanan zaman

gen dayan iynəli yarpaqlarımdan.

Xoşbəxt əsirinə dönərəm sənin

o ehtiras dolu çılğın rəqsinin.

Amma xeyri yoxdu, qoy deyim yenə:

baharın sirrini vermərəm sənə.

DÖYÜLƏN QARAÇININ NƏĞMƏSİ

Sinirdim otuz zərbəni,

dözdüm şillə-qapazlara!

Anacığım bükər məni

Gecə gümüş kağızlara.

Aman, zalım gözətçi,

bir qurtum su ver, içim!

Sizdən iltimasım budur!

İstədiyim təkcə sudur!

Heç olmasa, bircə içim!

Heç olmasa, bircə udum!

Vurma, zalım gözətçi,

üz-gözüm qan içində!

Sən ey divanda yayxanan

üst qatdakı baş keşikçi!

Yoxmu bir ipək dəsmalın

üz-gözümü silmək üçün?!

ÖLMÜŞ UŞAĞA QƏZƏL

Hər axşam,

hər axşam bir uşaq ölür,

bir uşaq gömülür Qranadada.

Hər gecə sular da verib baş-başa

danışır bu dərddən, bu qan-qadadan.

Buludlu, buludsuz

qoşa külək var –

ölənlər hamısı yosun qanadlı.

Qüllənin başında

bir cüt qırqovul –

uşaq yarasıtək qürub da qanlı.

Göydə

qaranquşun kölgəsi qalmaz

şərab kahasında səni görüncə.

Yerdə

bulud izi, göy izi qalmaz –

çayın sularına sən gömülüncə.

Batdı sel-suyunda

güllər, köpəklər

dağların başında əriyən qarın.

Uyu bu sahildə,

sən ey buz mələk –

uyu kölgəsində ovuclarımın.

ƏNDƏLÜS DƏNİZÇİLƏRİNİN

GECƏ NƏĞMƏSİ

Kadisdən Cəbəllütariqə

uzun bir yol başlayırdı.

Yolda çəkdiyim ahları

dalğalar bir-bir sayırdı.

Malaqanın limanında

Ay qız, gəmilər azdımı?!

Kadisdən Sevilyayacan

uzanır limon bağları.

Bütün ağaclar tanıyır

mənim çəkdiyim ahları.

Malaqanın limanında

Ay qız, gəmilər azdımı?!

Sevilyadan Karmonadək

ötürdük neçə dalğanı.

Ay gümüşü bir oraqtək

küləyi kəsdi, doğradı.

Ay oğlan, qoyma dalğalar

alsın aparsın atımı!

Unutdum səni yollarda,

bada verdim ilk eşqimi.

Varsa bir ürək axtaran

uf demədən dəyişərdim.

Ay oğlan, qoyma dalğalar

alsın aparsın atımı!

Kadis,

yaxın gəlmə bura –

çəkər səni sular indi.

Sevilya,

ayaq üstə dur –

boğularsan, çay dərindi.

Di bəsdi, oğlan! Bəsdi, qız!

Bu bir yoldu, uzun yoldu!

Limanda gəmi azdımı?!

Meydan nəsə bumbuz oldu!

SANTYAQO ŞƏHƏRİNƏ MADRİQAL

Yağış yağır Santyaqoya,

qəlbim sevgilər yuvası.

Titrəyir parlaq günəşin

göydə bəyaz kamelyası.

Yağış yağır Santyaqoya

qaranlıqda həzin-həzin.

Gümüş yuxunun otları

qapayır Ayın üzünü.

Yağış yağır boz küçəyə,

daş səkilər inildəyir.

Dənizin tutqun kölgəsi

dalğın küləkdə titrəyir.

Günəş qaçıb Santyaqodan,

boz kölgəli dəniz hanı?!

İslaq səhərlərin suyu

canımda çağlayır mənim.

GİZLİ SEVGİYƏ QƏZƏL

Sənin gül çələnginə

mən bir verbena hördüm –

Vela çanından ötrü, Vela çanından ötrü.

Ayın itib-batdığı

otların arasında

Qranada elə bil zərli güləbətindi.

Bağım Kartaxenada

saraldı, soldu, getdi –

Vela çanından ötrü, Vela çanından ötrü.

Tənha yelqovanların

arxasında qızaran

Qranada elə bil yaralı bir cüyürdü.

Yandım, alışdım

sənin bədəninin odunda –

Vela çanından ötrü, Vela çanından ötrü.

# 2806 dəfə oxunub

Müəllifin son yazıları

# # #