Ədəbi konspirologiya
Həmid Herisçi
Niyə indiki postmodernistlər, köşə yazarları, nihilistlər, AYO-çular süjeti sevmirlər, bədii mətnləri eybəcərləşdirirlər?
Cavab verirəm: çünki, ədəbi mətn, dərinə baxsaq, gizlində dini mətndir.
Məsələn, Maksim Qorkinin "Ana" əsəri, əslinə baxsaq, Müqəddəs Məryəm barədəki İncilin hekayələrinin yeni versiyası, bir növ dekonstruksiyasıdır. Fərq ancaq qəhrəmanların adındadır - Qorki öz Məryəminə Palegeya Nilovna deyib, vəssəlam!
Dediklərimdən belə bir nəticə çıxır ki, sovet dövründə də biz məktəblərdə müqəddəs İncili Qorkinin redəktəsində mütaliə etmişik. Yəni dini təhsil almışıq.
Eyni sözləri biz Fizulinin "Şəbi-hicran" qəzəli barəsində söyləyə bilərik. Bu qəzəl əslində İmam Mehdi intizarıyla qələmə alınıb.
Konspiroloji şeirdir.
Konspirologiyası o qədər güclüdür ki, sovet ateizmi dövründə belə senzuranı aldadaraq dərsliklərə düşüb.
Eyni sözləri bütün digər ədəbi mətnlər barəsində söyləyərdim - bütün bədii mətnlər dini mənşəlidir. Dinə xidmət edir.
Sovet senzorlarının gözünü bağlayan da elə İlahi qüvvədir.
Müasir postmodernistlərimiz şüuraltında bunu dərk edir, bu səbəbdən klassik ədəbiyyat nümunələrinə qarşı üsyan edirlər.