Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıtdı

Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıtdı
15 noyabr 2024
# 10:38

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Qazaxıstanın Şimkənd şəhərində keçirilən Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib.

Kulis.az xəbər verir ki, Əməkdar artist Şövqi Hüseynovun iştirakı ilə gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (Pərviz Seyidli) monotamaşası festival iştirakçılarının böyük marağına səbəb olub və müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

Teatrın nümayəndə heyətinin üzvləri – Musiqili Teatrın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, Əməkdar artist Şövqi Hüseynov, monotamaşanın quruluşçu rejissoru Zaur Əliyev, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, işıqçısı Nicat Həmidov Qazaxıstanda hörmət, ehtiram və yüksək qonaqpərvərliklə qarşılandıqlarını xüsusi vurğulayaraq əziyyəti olan hər kəsə təşəkkür ediblər.

İstər festival iştirakçıları, istərsə də yerli media nümayəndələri tərəfindən rəğbətlə qarşılandıqlarını qeyd edən aktyor ölkəmizi belə bir nüfuzlu beynəlxalq layihədə təmsil etdiyinə görə qürur duyduğunu bildirib: “Qazaxıstanın Şimkənd şəhərində ilk dəfə olsam da, gözəl təəssüratlarım tükənməzdir, çünki özümü orada yad kimi hiss etmədim, insanların doğma münasibəti hər birimizi məmnun etdi. Bir-birindən maraqlı görüşlər sadalamaqla bitməyən xoş xatirələrə çevrildi”.

Tədbirin proqramı çərçivəsində türkdilli ölkələrin teatr xadimləri, incəsənət nümayəndələri ilə işgüzar görüşlərdən danışan Vəfa xanım da səfər təəssüratlarının yüksək olduğunu vurğulayıb: “Düşünürəm ki, bu cür qarşılıqlı mədəni əlaqələr ölkələri bir-birinə daha da yaxınlaşdırır. Əslində, onların bizə olan doğma münasibəti Azərbaycana sevgilərinin təcəssümüdür və biz bunu hər addımda hiss etdik. Ümidvaram ki, bundan sonra da sıx əlaqələrimizi uğurla davam etdirəcəyik".

# 555 dəfə oxunub

Müəllifin son yazıları

# # #