Akademik Milli Dram Teatrı Çinlə əməkdaşlığı genişləndirir

Akademik Milli Dram Teatrı Çinlə əməkdaşlığı genişləndirir
25 noyabr 2026
# 11:26

Çin Xalq Respublikasının Qansu Vilayəti UNESCO Assosiasiyasının prezidenti Du Yongjunun rəhbərlik etdiyi nümayəndə heyəti Akademik Milli Dram Teatrının qonağı olub.

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov qeyd edib ki, rəhbərlik etdiyi teatr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yol xəritəsinə uyğun olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir.

Görüşdə 2025-ci ildə Akademik Milli Dram Teatrı və Qansu Milli Dram Teatrı arasında bağlanmış əməkdaşlıq haqqında Memorandum xatırladılıb, inkişaf perspektivləri müzakirə olunub.

Qarşılıqlı qastrol səfərləri, rejissor mübadiləsi, səhnə-texniki əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Qansu Vilayəti UNESCO Assosiasiyasının prezidenti, UNESCO Assosiasiyaları, Mərkəzləri və Klubları Ümumdünya Federasiyasının 42-ci İcraiyyə Komitəsinin icraçı üzvü Du Yongjun qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Qonaq Qansu Milli Dram Teatrı ilə Akademik Milli Dram Teatrı arasında əməkdaşlığın iki xalq arasında dostluq münasibətlərinə də böyük töhfə verəcəyinə inandığını qeyd edib.

Növbəti illərdə Azərbaycan teatrının tamaşalarının Pekin, Şanxay və Qansu şəhərlərində nümayiş olunmasının, yeni əməkdaşlıq layihələrinin davam etdirilməsinin önəmini qeyd edib.

Görüşdə həmçinin Qansu Vilayəti UNESCO Assosiasiyasının idarə heyətinin üzvləri Zhang Junbao və An Mandong, eləcə də Qansu Vilayəti UNESCO Assosiasiyasının məsləhətçisi Song Guangxiao iştirak ediblər.

Bildirilib ki, iki teatr arasında imzalanan Memorandumun növbəti mərhələsi olaraq Qansu Milli Dram Teatrının rəhbərliyi 10 mart - Milli Teatr Günündə Akademik Milli Dram Teatrının təşkil edəcəyi yubiley tədbirində iştirak edəcəklər.

2027-ci ilin aprel ayında Qansu Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşalardan biri Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq.

May ayında isə qastrol səfəri çərçivəsində Akademik Milli Dram Teatrında hazırlanan Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşa Pekin şəhəri və Qansu vilayətində nümayiş olunacaq.

Sonra “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqinə tamaşa edilib.

Qeyd edək ki, “Ölünün diriləri ziyarəti” tamaşası 2027-ci ildə Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyi münasibətilə təşkil olunacaq mədəniyyət tədbirləri çərçivəsində hazırlanır.

Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, bəstəkarı Azər Hacıəsgərli, tərcüməçisi Etimad Başkeçid, səhnə tərtibatçısı Eldar Nağıyev, geyim üzrə rəssamı Seyidxanım Muradova, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər