Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?
4 mart 2026
# 10:00

Kulis.az publisist İradə Əliyevanın "Xudadat bəyin acı taleyi" yazısını təqdim edir.

Bütün zamanlarda ömrünü xalqına, onun azadlığına vә hәrtәrәfli inkişafına hәsr edәn insanlar olub. Qәlbindә daim vәtәn eşqi yaşadan, xalqına canı-qanı ilә bağlı olan belәlәrinә bәzәn quruluş, dövrün dәyişkәn ab havası, nizamsız proseslәr maneçilik etsә dә, mәhdudiyyәtlәr qoysa da, onlar yollarından dönmәyib, öz mәqsәdlәrinә doğru gediblәr. Onların xalqa xidmәt etmәk, fayda vermәk mәqsәdi vәtәndaşlıq heysiyyәtindәn irәli gәlib. Tarix boyu elә görkәmli şәxsiyyәtlәr olub ki, yaşadıqları dövrdә hakimiyyәt, dövlәt quruluşu bir neçә dәfә dәyişib. Tәbii ki, hәmin şәxslәr, әslindә, bu quruluşların hansısa birinә rәğbәt bәslәyib, tәrәfdarı olublar. Bununla belә, xalqına, millәtinә xidmәt etmәk amalları siyasi әqidәlәrini üstәlәyib, elә ürәklәrincә olmayan quruluşda da bildiklәrini, bacardıqlarını vәtәnә hәsr ediblәr. Başqa sözlә, xalqa gәrәk olmaq, onun sabahı üçün çalışmaq әqidәlәri dәyişmәz qalıb.

Azәrbaycan xalqının lәyaqәtli oğlu, dәfәlәrlә tәqiblәrә mәruz qalan, hәbsdәn, işgәncәlәrdәn, ölümdәn belә qorxmayan, dönüb yenidәn bütün bilik vә bacarığı ilә vәtәni naminә çalışan Xudadat bәy Mәlikaslanovun tәrcümeyi-halı ilә tanış olandan sonra mәhz belә duyğulara köklәnirsәn.

X.Mәlikaslanov istiqlal mücahidlәrindәn olub. Biz onu Azәrbaycan Xalq Cümhuriyyәtinin görkәmli dövlәt xadimlәrindәn biri kimi tanıyırıq. Azәrbaycanın әn ağır, әn mәsuliyyәtli illәrindә yüksәk vәzifәlәr daşıyan bu şәxs, әslindә, hәmin vaxtadәk dә, sonra da bütün varlığı ilә vәtәninә xidmәt mücәssәmәsi olub.

Əfsuslar ki, ömrünün son illәri Sovet hakimiyyәti dövrünә tәsadüf edәn Mәlikaslanov amansız rejim tәrәfindәn gözümçıxdıya salınaraq, tәqiblәrә, tәzyiqlәrә, işgәncәlәrә mәruz qalaraq mәhv edilib. İnsan cәmiyyәtini sarsıdıb silkәlәyәn, onun tarixi yaddaşında qanlı iz qoyan, bir tәrәfdәn şәxsiyyәtә pәrәstişi tәbliğ edәn, digәr tәrәfdәn isә şәxsiyyәtlәrin alçaldılmasını adi hәyat norması kimi mәnimsәyәn sovet totalitarizminin ötәn әsrin 30-cu illәrindә hәqiqi siyasi mahiyyәti bu idi. Belәliklә, X.Mәlikaslanov da heç bir günah işlәtmәdәn Stalin dövrü repressiyalarının qurbanlarından birinә çevrilib.

Xoş siması, kübar görkәmi, ağıllı baxışları ilә diqqәti cәlb edәn Xudadat bәy daim qorxu kabusunun tәsiri altında narahat ömür yaşayıb. O zaman Leninin kommunizm idealları gerçәklәşib xalqlara firavanlıq gәtirmәliydi. Amma bu «firavanlıq» ilk günlәrdәn minlәrlә, bәlkә dә yüz minlәrlә insanın hәbsxanalarda çürümәsinә sәbәb oldu, dövrün mütərәqqi ruhlu ziyalıları güllәlәnmә ilә, sürgünlәrlә «mükafatlandırıldı». Müxtәlif ensiklopediyalarda X.Mәlikaslanovun cümhuriyyәt dövründә rәhbәr vәzifәlәrdә çalışdığı, parlament üzvü olduğu göstәrilir. Bütün bunlardan öncә isә Xudadat bәy dәrin biliyә vә savada malik nadir mütәxәssis, ixtiraçı-mühәndis vә alim idi. Xüsusilә dәmiryol nәqliyyatı sahәsindә ixtisaslaşmışdı. Texnika elmlәri üzrә azәrbaycanlılar arasında ilk professor adını alanlardan idi.

Xudadat bәy Ağa oğlu Mәlikaslanov 1879-cu ilin aprel ayında Şuşanın Tuğ kәndindә anadan olmuşdu. 1899-cu ildә Şuşa realnı mәktәbini bitirdikdәn sonra Peterburq Yol Mühәndisliyi İnstitutuna qәbul edilmişdi. Beş il sonra hәmin ali mәktәbi birinci dәrәcәli diplomla başa vurmuşdu. 1901-1904-cü illәrdә Rusiya Sosial-Demokrat Fәhlә Partiyasının üzvü olan vә partiyanın Peterburq komitәsindә çalışan Xudadat bәy Mәlikaslanov Xudadat bәy bir müddәtdәn sonra hәmişәlik bitәrәf qalır. Yәni ömrünün sonunadәk heç bir partiyaya üzv olmur. Xaricdә tәhsil alması onun taleyini xeyli dәrәcәdә müәyyәnlәşdirir. Belә ki, tәhsilini başa vurandan sonra uzun illәr Azәrbaycandan, doğma Şuşadan kәnarda yaşayıb işlәyir. İnsti tutu bitirәn gәnc mühәndis yarım il Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dәmir Yolunun Çәkilişi İdarәsindә çalışır. Peşәkarlığı ilә hamını heyran qoyur. 1905-ci ildә Tiflisә köçәrәk әmәk fәaliyyәtini yenә dә hәmin sistemlә bağlayır. Zaqafqaziya Dәmir Yolunda işlәyir.

Əvvәlcә mühәndis, stansiya rәisinin kömәkçisi olur. Sonra Zaqafqaziya Dәmir Yolunun Suram aşırımı keçidindә yol xidmәti rәisi kömәkçisi vәzifәsinә keçir. Tapşırılan bütün vәzifәlәrdә etimadı doğrultduğuna görә onu buraya rәis tәyin edirlәr. X.Mәlikaslanov geniş günyagörüşә malik, hәrtәrәfli inkişaf etmiş insan idi. O, istәr Peterburqda yaşadığı, istәrsә dә sonrakı illәrdә hәmin şәhәrdә çıxan jurnallarda elmi mәqalәlәrini dәrc etdirirdi. Qazandığı nәzәri biliklәri istehsalatla sıx әlaqәlәndirmәyi bacarırdı. Dәmiryol texnikasına aid yeni ixtiralar etmişdi. Bütün bunlar cavan mühәndisin tezliklә tanınmasına, ad-san qazanmasına sәbәb olmuşdu. 1917-ci ilin fevral inqilabından az sonra – mart ayında Xudadat bәy Mәlikaslanov Müvәqqәti hökumәtin sәrәncamı ilә Xüsusi Zaqafqaziya Komitәsindә dәmir yolu üzrә müvәkkil tәyin edilir. Onun vәzifәsi tez-tez dәyişir, bacarığı, idarәetmә qabiliyyәti ilә hamının rәğbәtini qazanır, eyni zamanda, yüksәliş pillәlәri ilә dә sürәtlә irәlilәyir. Heç bir il keçmir ki, ona Zaqafqaziya komissarlığında Dәmiryol Nәqliyyatı Nazirliyi üzrә komissar vәzifәsi tapşırılır. Bir neçә ay sonra isә tәzәcә yaradılmış müstәqil Zaqafqaziya Federativ Respublikası hökumәtinin dәmiryol naziri tәyin edilir. 1918-ci ildә Mәlikaslanovun ilk kitabı işıq üzü görür.

Müәllif Tiflis dәmiryol nәqliyyatının tarixi barәdә bilgilәrini qәlәmә alaraq rus dilindә oxuculara tәqdim edir. 1919-cu ildә Xudadat bәyin tәşәbbüsü ilә Bakıda dәrslәrin ana dilindә keçirildiyi ilk dәmiryol nәqliyyatı mәktәbi açılır. Azәrbaycanın dәmir yollarında tәmir işlәrinin aparılması da bu dövrdә onun tәklifi, iştirakı vә rәhbәrliyi ilә hәyata keçirilәn tәdbirlәrdәn biri olur. Bütün bunlar nәqliyyatın ahәngdar işlәmәsinә imkan verir vә yollarda qayda-qanun yaranırdı. Xudadat bәyin fәaliyyәti bununla bitmirdi. 1919-cu ilin aprelindә latın әlifbasına keçmәk üçün yaradılan xüsusi komissiyaya rәhbәrlik etmәyi Nazirlәr Şurası mәhz X.Mәlikaslanova tapşırır. Komissiya o zaman Azәrbaycan parlamentinә layihә dә tәqdim edir. Lakin onun müzakirәsi yarımçıq qalır.

Azәrbaycan Xalq Cümhuriyyәti elan olunduqdan sonra o, daha böyük hәvәslә çalışır, özünü oda-közә vurur, gücü vә bacarığı nәyә çatırsa, onu da yerinә yetirir. Xudadat bәyin mәslәkdaşları vә silahdaşları çox idi. Onları sanki zamanın özü yetirmişdi. Şәrqin ilk demokratik respublikasında, heç bir tәcrübәsi olmayan cümhuriyyәtdә mәsul vәzifәlәrә irәli çәkilir vә layiqincә işlәyә bilir, inamı vә etibarı doğruldurdular. Əksәriyyәtinin heç yaşı da çox deyildi. 30-35 yaşlarında idilәr, hәtta 25 yaşında olanlar da vardı. Onların üstün cәhәti ondaydı ki, bu insanların әksәriyyәti tәhsillәrini Avropanın nüfuzlu universitetlәrindә almışdı, siyasi proseslәrdә bişmiş mütәrәqqi ruhlu ziyalılar idilәr. X.Mәlikaslanov da cümhuriyyәtdә ilk dәfә nazir tәyin olunanda 40 yaşı yox idi. Amma zәngin tәcrübә toplamışdı. Dәrin biliyә, idarәçilik qabiliyyәtinә vә tәşkilatçılıq bacarığına malik idi. Cümhuriyyәt hökumәtinin qәrarı ilә 1918-ci il iyunun 1-dәn ölkә әrazisindәki bütün dәmiryol xәtlәri müstәqil Azәrbaycan dәmir yoluna çevrilmişdi. Dәmir Yolu İdarәsi yaradılmışdı.

Bu dövrdә Azәrbaycan dәmir yollarının ümumi uzunluğu 954,2 kilometr idi. Az sonra Yollar Nazirliyi yaradıldı. Nazir vәzifәsini isә bütün hökumәt kabinetlәrindә Xudadat bәy Mәlikaslanov icra edirdi. Gәnc respublikanın gәnc yollar naziri öz hәmkarları vә mәslәk daşları ilә әl-әlә verәrәk mәqsәdyönlu tәdbirlәr hәyata keçirirdi. Onlar hәm yolların şәbәkәsinin genişlәndirilmәsinә vә rahatlığının tәmin olunmasına, hәm dә bu yollarda hәrәkәt edәn texnikanın sazlığına vә çoxaldılmasına böyük әhәmiyyәt verirdilәr. Ən vacib mәsәlәlәrdәn biri dә yollarda, xüsusilә digәr respublikalara gediş-gәliş yollarında tәhlükәsizliyin tәmin olunması idi.

Bu mәqsәdlә 1918-ci il iyunun 4-dә Batumda Azәrbaycan, Osmanlı, Gürcüstan vә Ermәnistan hökumәtlәri arasında Cәnubi Qafqaz dәmir yollarının va qon-parovoz parkını bölüşdürmәk barәdә saziş bağlandı. Azәrbaycan tәrәfindәn sәnәdi Mәhәmmәd Əmin Rәsulzadә vә Mәmmәd Hәsәn Hacınski imzaladılar.

Lakin hәmin illәrdә bütün işlәr heç dә rәvan getmirdi. Cәnubi Qafqaz respublikaları arasında әrazi mübahisәlәri olduğuna görә sazişin müddәaları reallaşmadı. Hәr dәfә belә problemli mәqam vә şәrait yarananda vәziyyәtdәn çıxış yolu tapmaq, işi düzgün istiqamәtdә aparmaq çox çәtin idi. Bununla belә, gәnc respublikanın nәqliyyat sahәsindә artıq ixtisaslaşmış vә püxtәlәşmiş yollar naziri müvafiq qәrarlar qәbul etmәyә qadir idi. 1918-ci il dekabrın 26-da Azәrbaycan Xalq Cümhuriyyәti Gürcüstanla ayrıca müqavilә imzaladı. 1919-cu il martın 18-dә Azәrbaycanla Gürcüstan arasında dәmiryol rabitәsi haqqında daha bir saziş imzalandı. 1919-cu il aprelin 17-dә Azәrbaycan Dәmir Yolu İdarәsi Batumda öz ticarәt agentliyini tәşkil etdi. 1918-1920-ci illәrdә dәmiryol xәtlәrinin, hәrәkәt vasitәlәrinin tәmiri qaydaya salındı. Dәmiryolçuların mәvacibi artırıldı. Artıq 1920-ci ilin yazında Azәrbaycana mәxsus dәmir yolunda çalışanların ümumi sayı 11 minә çatırdı. Ölkә daxilindә vә xaricә hәrәkәt yalnız dәmir yolu ilә bitmirdi.

Bu dövrdә Bakıdan Xәzәr vasitәsilә Salyan, Lәnkәran, Ənzәli, Port Petrovsk (Mahaçqala), Hәştәrxan istiqamәtlәrindә әsas su yolları fәaliyyәt göstәrirdi. Xәzәr ticarәt donanmasında 17 böyük buxar gәmisi vardı. Belәliklә, o dövrdә X.Mәlikaslanovun rәhbәrlik etdiyi nazirliyin xәttilә görülәn işlәr tarixin yaddaşında bu cür qalıb: 1919- cu il iyulun 15-dәn Bakı–Batum istiqamәtindә 4 cüt qatarın, ilin sonunda isә Bakı–Port–Petrovsk istiqamәtindә dә ciddi qrafik üzrә gündә 4 cüt qatarın hәrәkәti tәmin edildi. 1918-ci il oktyabrın 30-da Bakı Ticarәt Limanı İdarәsinin fәaliyyәti bәrpa olundu. Ticarәt gәmilәri ilә Bakı–Mahaçqala, Salyan, Lәnkәran limanları arasında sәrnişin vә yük daşınması tәşkil edildi. Hökumәtin ciddi sәylәri vә nazirliyin gәrgin zәhmәti nәticәsindә 1919-cu ildә Bakı–Batum neft kәmәri dә bәrpa edilib istifadәyә verildi.

1919-cu ilin avqust ayında ingilis qoşunları Azәrbaycandan çıxdıqdan sonra Bakı limanı vә ticarәt donanması da cümhuriyyәt hökumәtinin sәrәncamına keçdi. Ölkәnin ticarәt gәmilәri Azәrbaycan Xalq Cümhuriyyәtinin bayrağı altında üzmәyә başladı. Hökumәtin şose yollarının bәrpası üçün 1919-cu il fevralın 17-dә nazirliyә ayırdığı 1 milyon manat kredit Xudadat bәyin sәriştәsi sayәsindә sәmәrәli istifadә olunurdu. Hәmin il aprelin 24-dә isә bilavasitә Yevlax–Şәki şose yolunun tәmiri vә seldәn qorunması üçün bәnd tikintisinә 210 000 manat vәsait verildi. Nәqliyyat vasitәlәrinin tәmiri vә normal istismarı mәsәlәlәri daim diqqәt mәrkәzindә saxlanılırdı. 1919-cu il aprelin 28-dә Bakıda avtomobillәrin ilkin tәmiri vә avtomobil zavodunun saxlanması üçün 175 000 manat vәsait ayrıldı.

Nazir X.Mәlikaslanovun rәhbәrliyi ilә yollarda hәlә çox yeniliklәrin olacağı şübhәsiz idi. Lakin 1920-ci ilin aprel işğalı bu planları yarımçıq qoydu. Azәrbaycan Xalq Cümhuriyyәtinin görkәmli dövlәt xadimi X.Mәlikaslanov bu illәr әrzindә hәm siyasi proseslәrin önündә olmuş, hәm dә böyük quruculuq fәaliyyәti göstәrmişdi.

Zaqafqaziya Seyminin, Azәrbaycan Milli Şurasının üzvü olan X.Mәlikaslanov cümhuriyyәtin birinci vә ikinci hökumәt kabinetlәrindә yollar vә poçt-teleqraf naziri, üçüncü, dördüncü vә beşinci kabinetlәrdә yollar naziri idi. Beşinci hökumәt kabinetindә 1920-ci il fevralın 18-dәk müvәqqәti olaraq hәm dә ticarәt, sәnaye vә әrzaq nazirinin sәlahiyyәtlәrini icra etmişdi.

Onun haqqında yazılmış mәqalәlәrin birindә deyilir: «X.Mәlikaslanov dekabrın 7-dә (1918-ci il) Bakıda açılmış Azәrbaycan parlamentinin üzvü seçilmişdir. O, Nazirlәr Şurasının sәdri Nәsib bәy Yusifbәylinin tәşkil etdiyi birinci vә ikinci kabinetdә dә hәmin vәzifәni icra etmişdir. X.Mәlikaslanov tәşkilatçılıq qabiliyyәtinә görә N.Yusifbәylinin birinci müavini tәyin olunmuşdu. Bundan başqa, o, 1919-cu il iyunun 11-dә yaradılmış respublika Dövlәt Müdafiә Komitәsi sәdrinin birinci müavini idi». 1920-ci ilin aprel ayında Azәrbaycanda Sovet hakimiyyәti qurulduqdan sonra X.Mәlikaslanov bir sıra rәhbәr vәzifәlәrdә çalışır. 1921-ci ilin әvvәlindә Dövlәt Tikinti Komitәsindә şöbә müdiri işlәyir, daha sonra hәmin komitәnin sәdri olur.

O, Azәrbaycan Ali Xalq Tәsәrrüfatı Şurası yanında Dәmiryol Tikintisi İdarәsinin rәisi vә şuranın mәslәhәtçisi vәzifәlәrini icra edir. Sovetlәr X.Mәlikaslanovun nәyә qadir olduğunu yaxşı bilirdi. Başa düşürdü ki, o, yüksәk ixtisaslı mütәxәssis, tәcrübәli tәşkilatçı vә vәtәnini sevәn ziyalıdır. Bunun üçün dә ona әn mәsul vәzifәlәri tapşırmaqdan belә çәkinmirdilәr. Əlbәttә, onlar bunu X.Mәlikaslanova olan hörmәt vә etimada görә deyil, öz mәnafelәri naminә edirdilәr.

Odur ki, Xudadat bәyә 1923- 1925-ci illәrdә Azәrbaycan Dövlәt Plan Komitәsinin Sәnaye nәqliyyat-tikinti bölmәsinin müdiri vәzifәsini tapşırırlar. 1922-1924-cü illәrdә Zaqafqaziya Dәmir Yolu İdarәsinin üzvü seçilir. 10 ilә yaxın (1921-1930) Azәrbaycan Politexnik İnstitu tunun İnşaat fakültәsindә yol, sәnaye, nәqliyyat vә tikinti bölmәsinin sәdri işlәyir, bunlardan 6 ilini (1924-1930) hәmin fakültәnin dekanı olur. 1928-ci ildә Azәrbaycan SSR Ali Texnika Komitәsinin sәdr müavini, 1921-1930-cu illәrdә RSFSR vә Azәrbaycanın bir sıra elmi-texniki mәdәni-maarif tәşkilatlarının üzvü, üç il (1927- 1930-cu illәr) SSRİ Xalq Tәsәrrüfatı Şurasının Elmi-texniki kollegiyasının üzvü kimi dә fәaliyyәt göstәrir.

1926-1930-cu illәrdә o, hәm Azәrbaycan SSR Mәrkәzi İcraiyyә Komitәsinin, hәm dә Zaqafqaziya MİK-in üzvü idi. Belәliklә, Xudadat bәyә getdikcә daha mәsul tapşırıqlar verilir, әn çәtin vәzifәlәr etibar olunurdu. Onu bir vәzifәdәn götürüb digәrinә tәyin edirdilәr. Çünki hara getsә, oranı dirçәldә bilirdi, nizam-intizam, qayda-qanun yaratmağı, işlәri tәşkil etmәyi bacarırdı. X.Mәlikaslanov hәtta müxtәlif illәrdә paralel olaraq bir neçә vәzifәni icra edib. 1929-cu ildә Azәrbaycan SSR MİK-in qәrarı ilә Azәrbaycan Dövlәt Elmi-Tәdqiqat İnstitutuna hәqiqi üzv seçilmәsi vә növbәti, 1930-cu ildә Azәrbaycan Neft İnstitutunun Nәqliyyat fakültәsinә rәhbәrlik etmәsi deyilәnlәrә sübutdur. Bütün bunlarla yanaşı, X.Mәlikaslanov elmi yaradıcılıqla da mәşğul olmuş, bir çox mәqalәlәri Moskvada nәşr edilәn jurnal larda işıq üzü görmüşdür.

Uzun illәr dәmiryol işi ilә bağlı topladığı bilik vә tәcrübәni sonralar yazdığı kitablarda ümumilәşdirmişdir. Belә ki, 1927-ci ildә Politexnik İnstitutunun nәşriyyatında, iki il sonra isә Azәrbaycan Dövlәt Nәşriyyatında dәmiryol texnikasına aid iki kitab nәşr etdirmişdir. Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından öz mәnafeyi naminә istifadә etsә dә, onları hәmişә düşmәn gözündә görürdü. Onları izlәyir, şәrlәyir, cәzaya mәhkum edirdilәr. Əslindә, bolşeviklәrin әsas siyasi opponentlәri müsavatçılar idi. Onlarla haqq-hesabı çürütmәk hәmişә gündәmdә qalırdı. Lakin yeni hökumәtin vәzifәli şәxslәri buna mübahisә, diskussiya vә s. vasitәsilә nail olmağı düşünmürdülәr. Çünki müsavatçıların intellekti, dünyagörüşü, inkişaf sәviyyәlәri düşünüb hazırlaşmadan, necә gәldi «dünya inqilabı»na doğru gedәnlәrdәn xeyli yüksәk idi.

Respublikanın yeni rәhbәrlәrinin vәzifәsi, mәqsәdi bir idi: mane olanları aradan götürmәk, onlardan yaxşı düşünәnlәri, mütәrәqqi fikirlilәri tәklәyib mәhv etmәk. O zaman – Rusiyada Sovet hakimiyyәti qurulduqdan sonra Leninin vә Trotskinin sәrәncamı ilә Solovetsk adalarında (Ağ dәniz), Suzdal, Yaroslavl vә başqa yerlәrdә hәbs düşәrgәlәri yaradılırdı. Minlәrlә «inqilab düşmәni» hәmin düşәrgәlәrin ilk sakini oldu. Düşmәn adlandırılanlar kimlәr idi? Rusiya zadәganları, başqa millәtlәrdәn olan görkәmli şәxsiyyәtlәr, Avropanın müxtәlif ölkәlәrindә tәhsil almış ziyalılar, Sovet hakimiyyәtinin qurulması uğrunda mübarizә aparan, ona inanan bütün adamlar, bir dә yaxşı yaşadıqlarına görә tәqsirlәndirilәn minlәrlә günahsız kәndli. Mәhbuslar arasında Azәrbaycan xalqının әn yaxşı oğulları da vardı.

Tәkcә «Müsavat» partiyasının yüzlәrlә üzvü dәfәlәrlә belә düşәrgәlәrә sürgün edilmişdi. Bir faktı da qeyd edәk ki, Azәrbaycanda Sovet hakimiyyәti qurulan kimi XI ordunun Xüsusi şöbәsi ziyalılara, mövcud partiyaların üzvlәrinә, hәtta liberal әhvali-ruhiyyәli adamlara belә amansız divan tutmağa başladı. On nәfәrdәn çox azәrbaycanlı general mәhkәmәsiz vә istintaqsız güllәlәndi. Halbuki Azәrbaycan Ordusu qırmızı orduya qarşı vuruşmamışdı vә mövcud razılaşmaya әsasәn, generallar tәqib olunmamalı idilәr. Tәkcә iki general – Sәmәd bәy Mehmandarov vә Əliağa Şıxlinski Nәriman Nәrimanovun sayәsindә sağ qalmışdılar. Belәliklә, 1920-ci ilin axırlarından başlanan hәbslәr, istintaqlar, dindirmәlәr 1930-cu illәrdә dәhşәtli bir vәziyyәt aldı. Əvvәllәr Fövqәladә Komissiya müsavatçılar arasında say-seçmә hәbslәr aparırdı. İki-üç ay çәkәn istintaqdan sonra mәhbuslar buraxılırdılar. Hәmin mәhbusların әksәriyyәti dә sovet platformasında işlәmәyә, bütün qüvvәlәrini yeni hakimiyyәtә sәrf etmәyә hazır olduqlarını bildirirdilәr. Hәtta partiyanın sol qanadını tәşkil edәnlәr «Müsavat»ın fәaliyyәtinin dayandırıldığı barәdә xüsusi bәyanat da vermişdilәr. Onlar güman edirdilәr ki, gizli fәaliyyәtdәn çıxdıqdan sonra tәqib olunmayacaq, respublikanın bütün vәtәndaşları kimi azad surәtdә yaşayıb işlәyәcәklәr. Lakin müsavatçıların tәqibi dayandırılmadı, әksinә, sürәtlәndi. Bәyannamә dәrc olunan günün ertәsi leqal «Müsavat» partiyasının bütün üzvlәrini müәyyәn bәhanә ilә tutmağa, istintaq edib Baş Dövlәt Siyasi İdarәsi Kollegiyasının Xüsusi müşavirәsinin qәrarına әsasәn hәbs düşәrgәlәrinә göndәrmәyә başladılar.

X.Mәlikaslanovu da belә bir tale gözlәyirdi. 1930-cu ilin әvvәlindә Azәrbaycan SSR XDİK-in Siyasi İdarәsi tәrәfindәn «Azәrbaycan Milli Mәrkәzinin işi» üzrә ittiham olunaraq hәbs edildi. 1933-cü ilin ortalarında azadlığa buraxıldı. Bundan sonra sovet hakimiyyәti yenidәn X.Mәlikaslanovun istedad, bilik vә bacarığından istifadә edәrәk ona mәsul vәzifәlәr tapşırdı. 1933-cü il sentyabrın 1-dәn, yәni hәbsdәn azad olunandan bir-iki ay sonra Azәrbaycan Nәqliyyat İnstitutunda Dәmir yolu vә Azәrbaycan İnşaat İnstitutunda İnşaat işinin tәşkili kafedralarına rәhbәrlik etdi. Ovaxtkı rejim Xudadat bәyin qol-qanadını dәfәlәrlә sındırmış, onu yersiz alçaltmış, nahaq yerә incitmiş, hәbs etmişdi. Amma bu insanın iradәsi sınmamış, gücdәn düşmәmişdi. Bütün bunlardan sonra da o, Azәrbaycanda magistral dәmiryol şәbәkәsinin inkişaf planının işlәnib hәyata keçirilmәsinә böyük töhfә vermişdi. Onun hәllinә çalışdığı problemlәrdәn biri dә şәhәrdaxili nәqliyyat mәsәlәlәri idi.

Bütün bu illәr әrzindә Xudadat bәy qәlәmini dә yerә qoymamışdı. O, çalışdığı sahәlәrә aid 70-dәn çox әsәr yazmışdı. Bunların arasında dәmiryol nәqliyyatına aid 3 monoqrafiya da var idi. Lakin Xudadat bәyin başı üzәrindә daim qara qüvvә, tәhlükә, kabus dolaşmaqda idi. Başqa sözlә, Stalin üsuli-idarәsi onu elә «nişan almışdı» ki, hәmin tәhlükәdәn sovuşmaq mümkün deyildi. Odur ki, 1934-cü ilin avqust ayında yenidәn hәbs olunur. Tәbii ki, yenә dә әsassız ittihamlarla: әksinqilabi millәtçi tәşkilatın üzvü olduğu, ideoloji cәbhәdә rәhbәr vәzifәlәri zәbt etmәk niyyәti daşıdığı vә xalq tәsәrrüfatının әsas sahәlәrindә (neft, nәqliyyat, poçt-teleqraf) «ziyankarlıq» apardığı üçün.

Ona «trotskiçi», «әksinqilabi-millәtçi» vә daha nә adlar qoymamışdılar?! X.Mәlikaslanovun işi üzrә ittiham - namәdә oxuyuruq: «...Antisovet tәşkilatında iştirakına, Azәr - baycan K(b)P MK rәhbәrliyini hörmәtdәn salmaq üçün millәtçi söhbәtlәrdә iştirak etdiyinә vә әksinqilabi iş apardığına görә Azәrbaycan SSR CM-in 72 vә 73-cü maddәlәri ilә cinayәt mәsuliyyәti daşıyır». Xüsusi müşavirәnin gündәliyini Azәrbaycan SSR Xalq Daxili İşlәr Komissarını әvәz edәn baş leytenant Xoren Markaryan tәrtib edir. Hәyat yolları onu ömrünün sonunda da gәncliyinin keçdiyi Rusiyaya aparır. Hәbs düşәrgәsindә amansız işgәncәlәr, ağrı acılar onu hәm mәnәvi, hәm dә fiziki cәhәtdәn mәhv edirdi. Hәr gün ona nә vaxt divan tutulacağını gözlәyirdi. Bütün bunlar – insan amilini üstәlәyәn ideoloji zorakılıq, siyasi mәntiqsizlik, güllәlәnmә, sürgünlük şәxsiyyәtә pәrәstiş üzәrindә qәrar tutan siyasi sistemin tükürpәdәn reallıqları idi. Belәcә, 1935-ci il iyulun 23-dә Xudadat bәy Mәlikaslanov elә hәbs düşәrgәsindә dünyasını dәyişir.

İllәr keçdi, çox bulanıq sular axıb duruldu. 1959-cu ildә X.Mәlikaslanov da bәraәt aldı. Axı heç bir günah işlәtmәmiş, heç bir sәhvә yol vermәmiş, heç bir cinayәt törәtmәmişdi! Öz әqidәsinin, istiqlal tәşnәsinin, bәlkә dә istedadının, biliyinin, gücünün (!) qurbanı olmuşdu. Bәdxahların, gözü götürmәyәnlәrin, vәzifә kürsülәrini özlәrindәn güclülәrә qısqananların qәzәbinә tuş gәlmişdi.

Deyirlәr, insan var evdәn gedәr, insan var eldәn gedәr. Hәr bir halda Xudadat bәy cәllad әli ilә xalqının, vәtәninin әlindәn alınmış bir ziyalı idi. Bu gün onun hәyatını, fәaliyyәtini öyrәnәnlәr bilirlәr ki, Xudadat bәy Mәlikaslanov dövlәtinә, xalqına hәlә çox fayda verә bilәrdi. Min tәәssüf! Amma hәr halda o, hәm insan vә vәtәndaş, hәm dә mütәxәssis vә vәzifә sahibi kimi milyonlarla insana nümunә olan bir ömür yaşadı. Əqidәsindәn, amalından, tutduğu yoldan dönmәdi!

# 168 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər