Həmvətənlərimizin könül körpüsü: “Vətən” Cəmiyyəti

Həmvətənlərimizin könül körpüsü: <span style="color:red;">“Vətən” Cəmiyyəti
31 dekabr 2017
# 10:00

Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır ... hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır.

Heydər Əliyev

Vətən sevgisi - “Vətən” Cəmiyyəti

(“Vətən” Cəmiyyətinin yaranmasının 30 illiyi münasibəti ilə)

1986-cı ildən SSRİ-də cərəyan edən ictimai-siyasi proseslər Azərbaycan üzərində müstəqillik mehini yenidən əsdirdi. Milli azadlıq duyğusu oyandı, coşdu. Mənfur və nankor erməni qonşularımızın yeni torpaq iddiaları xalqın səbir kasasını daşdırdı və o meydanlara axışdı. Beləliklə, Sovet imperiyasının dayaqlarını sarsıdan, bütün dünyanın diqqətini çəkən Meydan hərəkatı başladı. 1988-ci ilin 17 noyabrdan Bakının Azadlıq meydanında başlayan fasiləsiz izdihamlı dinc mitinqlərin dekabrın 5-də vəhşicəsinə yatırılması, 1990-cı ilin Yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda Sovet qoşunlarının öz haqqını tələb edən əliyalın xalqı qırğına məruz qoyması çürüməkdə və çökməkdə olan imperiyanın ömrünü bir qədər də qısaltdı, ölkəmizin müstəqillik yolunu işıqlandırdı. Sovet İttifaqı rəhbərliyinin ikibaşlı, çirkin siyasəti, “şanlı Sovet Ordusu”nun mənfur əməlləri, Partiyanın “işıqlı kommunizm” qurmaq ideya və çağırışlarının puça çıxması xalqın Mərkəzə-Moskvaya inamını, ümidini birdəfəlik qırdı, onu xəyal qırıqlığına uğratdı.

Tarixin belə bir təbəddülatlı və dönüş nöqtəsində Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqə Cəmiyyətinin - “Vətən” Cəmiyyətinin təsis edilməsi zamanın tələbi idi. Cəmiyyətin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun qərarı ilə yaradılması da təsadüfi deyildi. Niyyət bu yolla xalqın gözündə qayğıkeş görünmək, onun problemlərinə biganə qalmadığını nümayiş etdirmək və bu vəsilə ilə də kükrəməkdə olan qəzəb dalğasının qarşısını almaq idi. Əlbəttə, bu məqsədi xalqın qabaqcıl ziyalıları yaxşı anlayırdı. Lakin bu tarixi fürsətdən yararlanmaq, Cəmiyyətin imkanlarından maksimum istifadə edərək Vətən həsrəti ilə yaşayan soydaşlarımızla səmərəli əlaqələr yaratmaq, onların da gücündən istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya yaymaq, eyni zamanda müstəqillik mücadiləsinə qoşulmaq, bu müqəddəs davaya töhfə vermək şansını dəyərləndirmək lazım idi. 1987-ci il dekabrın 28-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Cəmiyyətin təsis konfransı keçirildi. Tədbir başlamazdan əvvəl Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsindən - tələbəlik illərindən cəsarətli çıxışları, işıqlı fikirləri ilə tanıdığım prof. Abbas Zamanovun bir qrup ziyalının əhatəsində dediyi sözlər indiki kimi yadımdadır: “Moskvanın bu addımı da bizə nə qədər ögey münasibət bəslənildiyinə dəlalət edir. Hələ 1964-cü ildə Ermənistanda Xaricdə Yaşayan ermənilərlə əlaqələr üzrə Dövlət Komitəsi yaradılmışdır. Yerevanda beynəlxalq hava yolları fəaliyyət göstərir. Biz xaricə yalnız Moskvadan uça bilərik. Xaricdəki həmvətənlərlə mədəni əlaqələr üçün hələ indi bizə cəmiyyət təsis etməyə icazə verirlər. Əlbəttə, bu da bizə sevgidən deyil, xalqın könlünü almaq, imperiyanı xilas etmək üçün atılan addımlardandır.

Beləliklə, “Vətən” Cəmiyyəti yaradıldı. Təsis konfransında Xalq yazıçısı Elçin Cəmiyyətin Rəyasət heyətinin sədri, respublikanın 76 nəfər görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimi Cəmiyyətin Şurasına, 26 nəfər isə Rəyasət heyətinə üzv seçildi. “Vətən” Cəmiyyəti fəaliyyətə başladığı ilk gündən məlum oldu ki, bu təşkilat sovet rejiminin başına bəla olacaqdır, nə Kommunist Partiyasının direktiv göstərişləri, qərarları, senzuranın qaydaları, qadağaları onu öz yolundan- xaricdəki həmvətənləri, xüsusən Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin qürbətdəki mənəvi varislərini də cəlb etməklə müstəqilliyə xidmət missiyasından döndərə bilməyəcəkdir.

30 nəfərə yaxın əməkdaşın çalışdığı Cəmiyyətin bir neçə şöbəsi, üç əlifba ilə iki həftədən bir nəşr olunan tirajı 250- mindən çox olan “Odlar yurdu” qəzeti fəaliyyət göstərirdi. Azərbaycan sovet mətbuatı tarixində M.Ə. Rəsulzadə haqqında ilk məqalənin “Odlar yurdu” qəzetində dərc edilməsi (№17, sentyabr 1988) “Vətən” Cəmiyyətinin gələcək fəaliyyətinin istiqamətindən xəbər verirdi və bu, bir tərəfdən mövcud rejimə açıq-aşkar meydan sulamaq idisə, digər tərəfdən xalqı tariximizin şanlı səhifələri, azadlıq aşiqlərinin mücadilə yolu ilə tanış etmək məqsədini daşıyırdı. Bu yazıdan sonra qəzetdə Azərbaycan Xalq Cümhuriyyətinin digər liderlərinin həyat və fəaliyyəti, Şərqin ilk milli demokratik dövlətinin atributları, qısa zaman ərzində müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar işıqlandırılmağa, Azərbaycan tarixi və Azərbaycan dili ilə bağlı silsilə məqalələr davamlı şəkildə verilməyə başlanılmışdır. Cəmiyyətin sədri Elçin qəzetin fəaliyyətini istiqamətləndirir, ona qayğı göstərir, dövrü nəşrin daha məzmunlu və sanballı çıxmasına çalışır, nüfuzu, inadkarlığı, fədakarlığı hesabına qəzeti partokratların, senzuranın, xüsusi xidmət orqanlarının təzyiqindən, təsirindən, təhdidlərindən qoruyurdu. Qəzetin nüfuzlu və populyar olmasında Cəmiyyətlə yaxından əməkdaşlıq edən Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Xudu Məmmədov, Nurəddin Rzayev, Mövsüm Əliyev, Vilayət Quliyev, Vaqif Arzumanlı, Əzizə Cəfərzadə, Qəzənfər Paşayev... kimi qələm sahiblərinin, eləcə də Hurəddin Qərəvi, Əli Yavuz Akpinar, Yücel Feyzioğlu, Əhməd Mehribani və başqa soydaşlarımızın xidməti də böyük olmuşdur.

Gündən-günə fəaliyyət dairəsini genişləndirən “Vətən” Cəmiyyəti ölkənin görkəmli mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərini xarici ölkələrə ezam edir, onların vasitəsi ilə həm həmvətənlər, həm xarici ölkə ictimaiyyəti arasında Azərbaycanın qədim, zəngin tarixini, milli-mənəvi dəyərlərini tanıdır, təbliğ edir, ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, Dağlıq Qarabağ problemi haqqında, erməni seperatizmi və vəhşiliyi barədə obyektiv məlumatlar yayır, əsl həqiqətlər haqqında fikir formalaşdırırdılar. Bu qəbildən olan tədbirlər - çoxsaylı konfranslar, görüşlər SSRİ hökumətinin, Sovet İttifaqı Kommunist Partiyasının respublikamıza qarşı qərəzli, əslində qatı düşmənçilik, təcrid etmək, informasiya blokadasında saxlamaq siyasəti zamanında xüsusi ilə mühüm əhəmiyyət daşıyırdı. ”Vətən” Cəmiyyətinin xətti ilə xarici ölkələrə (Almaniya, Danimarka, Hollandiya, Türkiyə, İsveç, Norveç, Avstriya, Finlandiya, ABŞ və s.) ezam olunan onlarca tanınmış mədəniyyət, elm xadimi, incəsənət ustaları əslində o zamanlar xaricdə heç bir nümayəndəliyi, səfirliyi olmayan ölkəmizi təmsil edir, Vətənimizin ədalətli mövqeyini müdafiə edirdilər. Xaricdə yaşayan həmvətənlərin ünvanına hər il 10 minlərlə ədəd kitab, qəzet, albom, digər elmi-kütləvi nəşrlər göndərilirdi. Bu işdə Cəmiyyətə yaxından yardım edən yaşlı poçt işçisinin dedikləri əsl həqiqətdən xəbər verirdi: “-50 ildir ki, poçt xidmətində işləyirəm. Bu müddət ərzində bütövlükdə Azərbaycandan xaricə göndərilən məktub, bağlamadan bəlkə də 100 dəfədən çoxunu “Vətən” Cəmiyyəti bir gün ərzində yola salır”.

“Vətən” Cəmiyyəti yaradılması xəbərini xaricdə yaşayan soydaşlarımızın əksəriyyəti böyük ruh yüksəkliyi ilə qarşıladı. Onların bir qismi bu təşkilatla həvəslə əlaqə yaradır, əməkdaşlıq edir, onun fəaliyyətini təqdir edir, alqışlayırdı. Bir faktı demək kifayətdir ki, Cəmiyyət fəaliyyətə başladığı birinci il ərzində həmvətənlərdən müxtəlif mövzuda 1000-dən çox məktub alınmışdır. Cəmiyyətin fəaliyyətə başladığı 1988-ci il ərzində 18 nəfər həmvətənimiz, o cümlədən London Universitetinin professoru Turxan Gənceyi, “Ana dili” qəzetinin (Bonn) redaktoru Nurəddin Qərəvi, “Xəzər” jurnalının (İstanbul) baş redaktoru Həmid Turan, şöhrətli rəssam Əkbər Behkəlam (Berlin), tələbə Səid Rəfipur (Almaniya), Fransa Müqavimət Hərəkatının iştirakçısı İbadulla Əzimzadə “Vətən” Cəmiyyətinin dəvəti ilə Azərbaycanda olmuşlar. Sonrakı illər onlarca həmvətən, yaxud Azərbaycan xalqının, mədəniyyətinin dostu, o cümlədən İstanbuldakı Azərbaycan kültür və dayanışma dərnəyinin sədri Nihad Çətinqaya, Stokholmdakı Azərbaycan əncüməninin sədri Möhsün Kərimi, Almaniyada yaşayan həmvətənimiz dr. Hadi Amidi, Madriddə çıxan “Dədə Qorqud” jurnalının redaktoru Cəlal Erkin, Türkiyənin tanınmış jurnalisti, teleaparıcı Mehmet Ali Birand, dünya şöhrətli rəssamlar Əkbər Behkəlam və İbrahim Əhrari, “Amerikanın səsi” radiostansiyasının Azərbaycan bölməsinin rəhbəri Həsən Cavadi, həmin radionun əməkdaşı Bulud Mehmandarlı, ədəbiyyatşünas Məmmədəli Fərzanə “Vətən” Cəmiyyətinin qonağı olmuşdur. Buradaca bir məsələni xüsusi vurğulamaq lazım gəlir. Azərbaycan mühacirətinin özünəməxsus formalaşma tarixi, mərhələsi və coğrafiyası olduğu üçün “Vətən” Cəmiyyəti bir sıra ciddi problemlərlə qarşılaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xaricə üz tutan həmvətənlərin övladlarının, nəvələrinin, eləcə də İkinci Dünya Müharibəsindən sonra sərhədin o tayında qalan soydaşlarımızın qəlbində Vətən sevgisi olsa da, sovet xofu, qorxusu onların bəzilərində Azərbaycanla əlaqədə müəyyən tərəddüd və şübhələr yaradırdı. Məlum tarixi hadisələrə görə İrandan ötən əsrin 40-cı illərinin sonlarından, 80-ci illərindən qürbətə üz tutan soydaşlarımız tamamilə başqa mühitin, fərqli ideoloji şəraitin yetirmələri idi. Onların bir qismində Azərbaycan sevdası İrana məhəbbət dalğasında itib-batırdı. “Vətən” Cəmiyyəti hər bir həmvətənlə dil tapmağa, onda Azərbaycana münasibəti hər cür partiya, qrup, məzhəb mənafeyindən üstün tutmağı təşviq və təbliğ edirdi.

R. Mustafayev adına Dövlət İncəsənət muzeyində xarici ölkələrdə yaşayan həmvətən rəssamlarımızdan İbrahim Əhrari, Əkbər Behkəlam, Davud və Əyyub İmdadiyan qardaşları və digər sənətkarlara məxsus 90 tablodan ibarət sərgi açılmışdır. Böyük mütəfəkkir-yazıçı Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik yubileyi münasibəti ilə “Vətən” Cəmiyyətində xaricdən dəvət olunmuş elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilən görüş (31 oktyabr, 1988) həm miqyası, həm də məzmunu ilə tarixə düşmüşdür. “Vətən” Cəmiyyəti Rəyasət heyətinin sədri Elçinin açdığı və geniş nitq söylədiyi tədbirdə adlı-sanlı elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri xaricdən- İren Melikoff, Turxan Gənceyi, Əbdüllətif Bəndəroğlu, Sərvər Tanilli, Qulamrza Təbrizi, İlbər Ortaylı, Şapur Ənsari, Canpyero Bellinceri, Əli Yavuz Akpinar, Şirin Melikoff, İldırım Dağyeli, Yusif Gədikli, Əyyub və Davud İmdadian qardaşları, Rza Diqqəti, ölkəmizdən Bəxtiyar Vahabzadə, Anar, Vilayət Quliyev, Polad Bülbüloğlu, Lütfiyar İmanov, Fərhad Xəlilov, Nazim İbrahimov iştirak və çıxış etmişlər. Mirzə Fətəli Axundovun xatirəsinə ehtiram əlaməti olan bu irimiqyaslı tədbir, həm həmvətənlərlə əlaqə və əməkdaşlığın yeni səhifələrini açdı.

1990-cı il qanlı 20 Yanvar hadisəsi - Bakıya Sovet Ordusunun təcavüzü ilə bağlı əsl həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində “Vətən” Cəmiyyəti bütün qüvvəsini səfərbərliyə aldı: Bakıda fövqəladə vəziyyət, komendant saatı olmasına baxmayaraq, Sovet əsgərlərinin Bakının küçələrində törətdiyi cinayətlər, onların izləri video və fotolara köçürüldü, teleks və telefonlar vasitəsi ilə xarici KİV, həmvətənlər, onları birləşdirən mədəniyyət mərkəzləri məlumatlandırıldı. “Odlar yurdu” hərbi senzuranın qadağalarına baxmayaraq, 20 Yanvar faciəsini “Səhər” qəzeti ilə birlikdə ölkədə ilk dəfə bütün çılpaqlığı ilə öz səhifəsində işıqlandırdı. “Vətən” Cəmiyyəti yeganə mətbu orqandır ki, Azərbaycan SSR Ali Sovetinin yanvar ayının 21-də keçirilmiş fövqəladə sessiyası barədə məlumatı və onun “Bakı şəhərində Fövqəladə vəziyyətin ləğv olunması haqqında” qərarını dərc etmişdir. Sessiyanın keçirilməsində Elçinin xüsusi rolu olmuşdur. Cəmiyyətin sədri Elçin müsahibələrinin birində həmin dövrdə baş verən hadisələri xatırlayarkən demişdir: “O ağır günlərdə Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə getməsi və Bakıda törədilən vəhşiliyə görə SSRİ rəhbərliyini ittiham etməsi hər vasitə ilə ört-basdır edilirdi. Biz həmin hadisənin videokasetini əldə etdik və Heydər Əliyevin ittihamını, əlimizin altında nə qədər ünvan var idi, hamısına göndərdik. Şeyxülislam A.Paşazadənin də kəskin bəyanatı var idi, biz o bəyanatı da bir çox ölkələrin rəhbərliyinə göndərdik və Pakistanın o vaxtkı Baş naziri B.Bhutto bizim teleksə istinad edərək, Politbüroya etiraz notu göndərmişdi. Hörmətli şeyximiz bütün bunları yaxşı bilir. «Vətən» diaspor ilə Azərbaycan arasında mənəvi körpü yaratmışdı və bu körpü ikitərəfli hərəkata malik idi: Azərbaycan - diaspor, diaspor - Azərbaycan. Biz gəmidə oturub, gəmiçi ilə dava edirdik. O zaman - 80-ci illərin sonu, 90-ın əvvəlləri - mən Azərbaycan SSR Ali Sovetinin deputatı idim və bu status «Vətən»in hər gün rastlaşdığı çətinlikləri aradan qaldırmaqda mənə çox kömək edirdi.

...Bütün bunları tədqiq etmək, «Vətən» Cəmiyyətinin xalqın milli oyanışında, siyasi yaddaşının bərpa edilməsində, Azərbaycanın müstəqil bir dövlətə çevrilməsində oynadığı rolu müəyyənləşdirmək gələcək tarixçilərin işidir və mən qətiyyən şübhə etmirəm ki, onlar bu işi görəcəklər” ( Yaşarın Xalq yazıçısı Elçinlə söhbəti. "525-ci qəzet", 19 noyabr-20 yanvar 2011) .

Ən ağır dövrlərdə “Vətən” Cəmiyyəti Ulu öndər Heydər Əliyevlə daim əlaqə saxlamışdır.

Şəkildə soldan ayaqüstə duranlar: Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, “Vətən” Cəmiyyətinin əməkdaşı Hüseyn Heydərov, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə, Xalq yazıçısı, “Vətən” Cəmiyyəti Rəyasət Heyətinin sədri Elçin, “Vətən” Cəmiyyətinin əməkdaşı Elxan Ələsgərov, “Dağyeli-Ferlaq” nəşriyyatının (Almaniya) direktoru İldırım Dağyeli, “Odlar yurdu” qəzetinin məsul katibi Abid Tahirli, Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri Nazim İbrahimov, Xalq şairi Bəxtiyar Vahabzadə, prof. İren Məlikova (Fransa); əyləşənlər (soldan): prof. Sərvər Tanilli (Fransa), Topqapı muzeyinin (İstanbul) direktoru İlbər Ortaylı.

Yazıçı-publisist, “Vətən” Cəmiyyətinin şöbə müdiri Əkrəm Qaflanoğlu xatırlayır:

- Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdığı ağır günlər idi. Elçin müəllimin tapşırığı ilə Stokholmdakı “Azərbaycanın səsi” radiosunun rəhbəri Əlirza Ərdəbili ilə Naxçıvana uçduq. Məqsəd Heydər Əliyevlə görüşmək, ondan müsahibə götürmək idi. Heydər Əliyev bizim gəlişimizdən məmnun olduğunu dilə gətirdi, Elçinin bu cəsarətli addımını təqdir etdi, Xalq yazıçısı İlyas Əfəndiyevlə bağlı unudulmaz görüşləri xatırladı . Müxbirə həvəslə müsahibə verdi, birgə şəkillər çəkdirdik. Mən bu barədə sonralar mətbuatda çıxışlar etmişəm. Heydər Əliyev söhbət əsnasında ətraf aləmdən tam təcrid edildiyini, hətta qəzet və jurnallar almadığını dedi. Mən Bakıya qayıtdıqdan sonra Elçin müəllimə bu barədə danışdım. O, mənə hər gün Heydər Əliyevə “Vətən” Cəmiyyəti adından qəzet göndərməyi, ünvana çatıb-çatmadığına nəzarət etməyi tapşırdı. Həmin gündən Heydər Əliyev Ali Sovetə sədr seçilənədək mən bu işlə ciddi məşğul oldum.

Cəmiyyət Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı mütəmadi informasiyalar yayır, erməni vəhşiliyinə qarşı xalqımızın qəzəb və nifrətini ifadə edərək həmvətənlərimizi ermənilərin və onların havadarlarının fitnəkar planlarını ifşa etməyə, həqiqəti dünya ictimaiyyətinə çatdırmağa, Azərbaycanın ərazi bütövlüyü və azadlığı naminə öz haqq səslərini ucaltmağa çağırırdı. “Vətən” Cəmiyyətinin sədri Elçin, Cəmiyyətin bütün əməkdaşları, o cümlədən Heydər Məmmədəliyev, Əkrəm Qaflanoğlu, Faiq Bağırov, Elxan Ələsgərov, Ramiz Əsgər, İradə Cabbarova, Şəhla Abbasova, Kərim Güləndam, Sabir İslam, Hüseyn Heydərov və digərləri gecə-gündüz demədən Moskva tərəfindən informasiya blokadasına alınmış respublikamız haqqında həqiqətlərin yayılmasına çalışır və buna çətinliklə də olsa, nail olurdular.

“Vətən” Cəmiyyəti Ermənistandan, Dağlıq Qarabağdan qaçqın, köçkün düşənlərin problemləri ilə yaxından maraqlanır, imkan daxilində onlara maddi, mənəvi yardım edirdi. Cəmiyyət Bakı Dövlət Universitetinin tələbələrinə və Bülbül adına musiqi məktəbinin şagirdləri üçün Əhməd bəy Ağaoğlu və Xan Şuşinskinin adına təqaüdlər təsis etmişdir.

Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin baş katibi Məhəmməd Kəngərli ilk siyasi mühacir lideri kimi Azərbaycana səfər etmişdir. Əlbəttə, indi bu fakt bəlkə də adi hadisə kimi qəbul edilə bilər. Amma dəmir pərdənin, rejimin, KQB-nin mövcud olduğu vaxtlarda bu düşünmək, bu təşəbbüsdə bulunmaq belə böyük risk idi. “Vətən” Cəmiyyəti İstanbuldakı Azərbaycan türkləri kültür və dayanışma dərnəyinin təşkilatçılığı ilə 1989-cu il noyabrın 3-6-da keçirilən Azərbaycan Mədəniyyət Mərkəzlərinin I Beynəlxalq qurultayının işində fəal iştirak etmişdir.

1990-cı il noyabrın 26-da “Vətən” Cəmiyyətinin dəvəti ilə ölkəmizə gələn ABŞ konqresinin üzvü, Demokratlar Partiyasının liderlərindən biri, tanınmış siyasi xadim Cim Mudi və onu müşayiət edən nümayəndə heyəti ilə geniş tərkibli görüş keçirilmiş, ABŞ konqresmeninə Azərbaycanda baş verən ictimai-siyasi proseslər, erməni təcavüzü ilə bağlı hərtərəfli, geniş məlumat verilmişdir. Cim Mudinin timsalında ilk dəfə Şəhidlər Xiyabanı rəsmi ziyarət edilmiş, məzarlar üzərinə əklillər qoyulmışdur.

1991-ci il yanvarın 22-də “Vətən” Cəmiyyətində Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin baş katibi Əhməd Qaraca, həmin cəmiyyətin məsul üzvü Yəhya Daşdələn, “Türkiyə” qəzetinin Vaşinqton təmsilçisi Əhməd Əli Arslan, Stokholmdakı “Azərbaycanın səsi” radiosunun rəhbəri Əlirza Ərdəbili və digər həmvətənlərlə respublikanın tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimlərinin görüşü keçirilmişdir. Yenə həmin il “Vətən” Cəmiyyəti Bakıda Azərbaycan mühacirət ədəbiyyatına həsr olunmuş Beynəlxalq elmi simpoziumun keçirilməsində fəal iştirak etmişdir. Tədbirin iştirakçıları ilə Cəmiyyətdə maraqlı görüş təşkil olunmuşdur.

“Vətən” Cəmiyyəti haqqında danışarkən bir məsələni də vurğulamaq lazımdır. Bu, Cəmiyyətin fəaliyyətə başlaması ölkəmizdə mühacirətşünaslıq elminin yaranmasına da zəmin olmuşdur. Məhz bundan sonra mühacirət problemi, onun tarixi, ədəbiyyatı, mətbuatı elmi-tədqiqat obyekti kimi öyrənilməyə başlanılmışdır.

“Vətən” Cəmiyyətinin ümummilli maraqlara, müstəqilliyə xidmət edən çoxşaxəli, səmərəli və şəffaf fəaliyyəti xaricdə və daxildə müəyyən dairələri təmin etmədiyindən onlar müxtəlif üsullarla Cəmiyyətin işinə kölgə salmağa, böhtan, yalan və şayiələrlə onun fəaliyyətini gözdən salmağa cəhd göstərmişlər. İş o həddə çatmışdır ki, “Vətən” Cəmiyyətinin fəaliyyəti Sov.İKP MK-nın Politbüro iclasında müzakirə edilmiş, o zaman SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən keçmiş xarici işlər naziri Andrey Qromıko “Vətən” Cəmiyyətinin əleyhinə kəskin çıxış etmişdir. Bu qərəzli, bəzi hallarda düşmən münasibətdən çəkinməyən və sarsılmayan Cəmiyyətin ən böyük müttəfiqi ədalət və həqiqət olmuşdur ki, bu da ona xalqın yaddaşında- tarixində həmişəyaşarlıq haqqını qazandırmışdır.

“Vətən” Cəmiyyəti fəaliyyət göstərdiyi dövrün tarixinə, ictimai- siyasi proseslərə, milli- azadlıq hərəkatının daha geniş vüsət almasına, erməni seperatiminin və erməni vəhşiliyinin ifşasına, demokratik dəyərlərin, xüsusən söz azadlığının, yeni dövr müstəqil mətbuatın formalaşmasına, ədəbi-mədəni həyata, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, mühacirlərlə səmərəli münasibətlərin qurulmasına misilsiz töhfələr vermişdir. Ayrı-ayrı məqalə, müsahibə, məruzə və çıxışlardan gətirilən sitatlar fikrimizi bir daha təsdiqləyir.

Xalq yazıçısı Elçin:

- Sovet İttifaqı qapalı bir ölkə idi və o qapalı ölkədə «Vətən» Cəmiyyəti xarici dünyaya açılan bir gözlük idi. ...Biz Sistemin unutdurmağa çalışdığı və heç vəchlə yaxına buraxmaq istəmədiyi Əli bəy Hüseynzadə,Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Xan Xoyski, Yusif bəy Nəsibbəyli və b. kimi siyasi-ictimai xadimləri yenidən xalqa təqdim etdik, Məmməd Kəngərli kimi bir sıra siyasi mühacirləri ilk dəfə Azərbaycana dəvət etdik və onları sovet KQB-sinin hər cürə təxribatlarından qoruduq.

1990-cı ilin 20 yanvar qətliamından sonra Azərbaycanın xarici aləmlə yeganə əlaqəsi «Vətən» Cəmiyyətinin teleksi idi. O ağır günlərdə biz gecə-gündüz Bakıda sovet qoşunlarının törətdiyi vəhşiliklər haqqında materiallar hazırlayıb, həmin telekslə yalnız həmvətənlərimizə yox, xarici ölkələrin informasiya agentliklərinə, məşhur qəzet redaksiyalarına, görkəmli dövlət xadimlərinə, Oljas Süleymenovdan tutmuş Çingiz Aytmatova, Yevgeni Yevtuşenkoya, Andrey Voznesenskiyə, Mahmud Esenbayevə və bir çox başqa tanınmış sənət adamlarınacan göndərirdik.
“Vətən” Cəmiyyəti dünya informasiya vasitələrinin diqqətini Azərbaycana cəlb etmək, bizdəki xalq hərəkatının mahiyyətini haqda dünya ictimai dairələrinə obyektiv məlumat vermək baxımından çox işlər gördü.

Diplomat, prof. Vilayət Quliyev -1987-ci ildə “Vətən” cəmiyyətinin qurulması, ölkədə və onun hüdudlarından kənarda yaxşı tanınan görkəmli ziyalı və ictimai xadim, xalq yazıçısı Elçinin bu quruma rəhbər təyin edilməsi tarixi zərurətdən doğmuşdu. Mirzə Cəlil təbiri ilə desək, “Vətən” cəmiyyətinin təbiət özü yaratmışdı, zəmanə özü yaratmışdı. Çünki artıq elə bir dövr gəlmişdir ki, Azərbaycan dünyaya açılmalı idi. Bir tərəfdən vətənimiz, onun tarixi, mədəniyyəti, uğur və problemləri ilə bağlı həqiqətləri yaymaq, o biri tərəfdən isə dünyanın onlarla ölkəsinə səpələnmiş on minlərlə soydaşımızın diqqətini Ana Vətənə çəkmək lazım idi. Normal fəaliyyət göstərən Xarici işlər nazirliyimizin, xaricdə diplomatik təmsilçiliklərimizin və formalaşmış diaspora hərəkatının olmadığı bir dövrdə bu çətin vəzifələrin icrası tezliklə xalq arasında böyük populyarlıq qazana “Vətən” cəmiyyətinin üzərinə düşdü. Və cəmiyyət bu işlərin öhdəsindən uğurla gəldi. 1990-cı ilin Qara yanvarında səsimiz dünyaya buradan yayıldı. Kiçik formatlı “Odlar yurdu” qəzeti xalqı öz gerçək tarixi və gizlədilmiş həqiqətlərlə tanış etmək baxımından qeyri-adi iş gördü. “Vətən” cəmiyyəti sayəsində onlarla soydaşımız uzun illərin həsrət və intizarından sonra vətənə qovuşdular.

Vətən intəhasızdır. Vətənə xidməti amalına çevirən bu Cəmiyyət tariximizin mühüm və məsul dövründə milli-mədəni həyatımıza misilsiz töhfələr vermişdir.

Azərbaycanşünas alim, prof.dr. Əli Yavuz Akpinar:

- Vatan Cemiyeti bence zamanında çok önemli bir rol oynadı.Sovyet Döneminde sizlerin de çok iyi bildiği gibi Azerbaycan da diğer ülkeler gibi "demir perde" ardında kalmış, dünya ile irtibatı kesilmişti. Her şey Moskova kanalıyla idare ediliyordu.Vatan cemiyyeti, sanırım yine belli ölçüde KGB'nin kontrolü altında idi. Böyle olmasına rağmen bu cemiyet Azerbaycanı dışarıya açtı, onun Sovyet yönetimi altında da olsa, kendi şahsiyetini, kendi medeniyetini muhafaza ettiğini dünyaya gösterdi.

Diğer ülkellerle ilişkiler ne idi bilemiyorum ama Türkiye, İran ve Almanya gibi ülkelerdeki Azerbaycan Türkleriyle irtibaat kurmada, onlara çağdaş Azerbaycanı tanıtmada bu cemiyet büyük rol oynadı. Özellikle belirtmeliyim ki, Vatan Cemiyyeti siyasi şartlar itibarıyla daha yumuşak bir zamanda kurulmuştu ve başında bulunan Elçin Efendiyev Bey, çok daha faal hizmet gösterebiliyor, hatta xariçteki Azerbaycan siyasi muhacirlerini bile arayıp buluyor, onlarla ve ya onların aileleriyle ilişkiler kuruyor, onların bir kısmını Azerbaycana davet ediyor ve ya onlardan bulunan bazı kitap ve ya belgelerin Bakuya getirilmesini sağlıyordu. O yıllarda böyle cesarete isteyen işleri yapmak pek kolay değildi. Bunda şüphesiz muhterem Elçin Beyin vatanseverliği, ziyalı cesareti ve mesuliyeti büyük rol oynamıştır ve ben onun bu cesaretine, şuurlu davranışına hayran olduğumu bir kere daha açıkça ifade etmek isterim.

Dünya şöhrətli yazıçı Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva) (Paris): -... 70 il əvvəl tərk etdiyim ana Vətənim Azərbaycanı bir anlığa da olsun unutmamışam. Həmişə onun mehriban qucağını, gözəl təbiətini, mərd insanlarını xatırlamışam. Əsərlərimdə bu duyğuları ifadə etməyə çalışmışam.... “Odlar yurdu”nda, “Azərbaycan”da, “Gənclik” jurnallarında haqqımda çıxan yazılardan, əsərlərimin çapından, eləcə də son günlərdə Elçinin mənim haqqında dərc etdirdiyi essedən sonra Bakıdan, respublikanın digər yerlərindən, ümumiyyətlə Sovet ittifaqından ünvanıma saysız- hesabsız məktublar gəlir. Ədəbiyyatşünas və tənqidçi alimlər, müəllim və tələbələr, fəhlə və kəndlilər, qohumlarım mənə məktub yazırlar.

ABŞ konqresmeni Cim Mudi:

- Hadisələr ( Xalq hərəkatı nəzərdə tutulu- T.A) başlayanda məndə Bakıya gəlmək fikri yaranmışdı. Lakin o vaxt Bakı, Azərbaycan, ümumiyyətlə Zaqafqaziya xaricilər üçün, hətta jurnalistlər üçün bağlı və təhlükəli rayon idi. Bir neçə ay bundan əvvəl “Vətən” Cəmiyyətinin sədri cənab Elçindən dəvət aldıq. Bu, bizi çox sevindirdi.... Dəvətdən məmnuniyyətlə istifadə etdik. Dəvət və qonaqpərvərlik üçün “Vətən” Cəmiyyətinə, şəxsən Elçinə təşəkkürümü özümə borc bilirəm. Mən Azərbaycana səfərimdən çox məmnun oldum. Gəlib hər şeyi öz gözlərimlə gördüm, ilk mənbələrdən məlumat aldım. Vətənə qayıtdıqdan sonra Amerika Birləşmiş Ştatlarının konqresində çıxış edəcəyəm, mətbuat konfransları keçirəcəyəm, əsil həqiqətin ABŞ ictimaiyyətinə çatdırılmasına çalışacağam.

Mahir qarmonçalan Rəhman Əsədullahi (Almaniya):

- Qan qardaşlarım, əziz sirdaşlarım, ay Vətənimin şərəfli qızları, oğulları! Özünüz bilirsiniz ki, tarix boyu biz azərbaycanlılara nə qədər zülmlər olub. Hətta öz dilimizdə danışmağa, yazmağa imkan verilməyib ki, kökümüzdən xəbərimiz olsun... “Vətən” Cəmiyyəti yarananda qürbətdəki həmvətənlərimiz kimi mən də çox bəxtiyar oldum. Gəlib Cəmiyyətin işçilərini, fəaliyyətlərini görmək məni feyziyab elədi. Sağ olsunlar!

Avropanın məşhur rəssamlarından İbrahim Əhrari (Almaniya):

-“Vətən” cəmiyyəti bizlərin gözünə nur, dizinə qüvvət, beyninə qida verdi.

İstedadlı və tanınmış rəssam Əyyub İmdadian ( Paris):

- ... körpə şirin yuxudan ayrılmaq istəmədiyi kimi, mənə də Bakıdan getmək çətindir. “Vətən” Cəmiyyəti xaricdə yaşayan azərbaycanlı rəssamların sərgisini təşkil etməyi planlaşdırmışdır. Təsəllim odur ki, yenə Azərbaycana gələcək, yenə görüşəcəyik.

Tanınmış naşir, redaktor, publisist Həmid Turan (Türkiyə):

- “Vətən” Cəmiyyətinin yaranmasını Azərbaycandan uzaqda yaşayan böyük sevinclə qarşıladılar. Biz inanırıq ki. “Vətən” Cəmiyyəti öz fəaliyyəti ilə qəlbimizdəki həsrətə, nisgil oduna su səpəcək.

Adlı-sanlı fotoqraf Rza Diqqəti (Paris):

- Heç yuxuma da girməzdi ki, nə vaxtsa Bakıya, Azərbaycana gəlib Vətənin bir parçasını öz gözümlə görəcəyəm, can bir, qan bir qardaşlarımla görüşəcəyəm. Buna görə “Vətən” Cəmiyyətinə, bizim bura gəlişimizi təşkil edən qardaşlarımıza öz minnətdarlığımı bildirirəm.

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov (Qırğızıstan):

- “Vətən” Cəmiyyətinin xaricdəki həmvətənlərlə mədəni əlaqələr yaratmaqda rolu böyükdür. Tarixi şərait üzündən eyni qandan, eyni candan olan adamlar ayrı düşüb. Gərək onlar heç vaxt bir-birilərini gözdən itirməsinlər. Bu insanlar arasında onları birləşdirən daimi ünsiyyət körpüsü olmalıdır. “Vətən” Cəmiyyəti məhz bu körpü rolunu bacarıqla yerinə yetirməlidir. “Odlar yurdu” qəzetinin oxucularına, uzaq yerlərdə yaşayan türkdilli qardaş ellərə xoşbəxtlik arzulayıram

Tanınmış yazıçı, ədəbiyyatşünas, professor Əzizə Cəfərzadə:

- “Vətən” Cəmiyyəti qürbət xəstəliyinə tutulmuş həmvətənlərimizə yardım əli uzatmaq üçün yaranmışdır.

Xalq şairi Sabir Rüstəmxanlı:

- Dünyanın hansı ölkəsində olmuşamsa, “Odlar yurdu”nun necə yayıldığının, necə oxunduğunun şahidi olmuşam.... Biz bu gün tam dərk etməsək də, “Odlar yurdu” böyük tarixi yük daşıyır, onun əməkdaşları xoşbəxtdirlər ki, bu böyük əqidəyə xidmət edirlər.

Prof. Tehran Əlişanoğlu:

- Elçinin 1987-ci ildən “Vətən” cəmiyyəti xətti ilə başlatdığı son dərəcə vacib və əhəmiyyətli işlər nəinki mühacirətşünaslığın gəlişməsinə start vermiş, habelə bu sahədə gələcək kadrların yetişməsinə də təkan olmuşdur.

Böyük Millət Məclisinin sabiq millət vəkili Səbri Aras (Türkiyə):

- “Odlar yurdu” ən çox sevdiyim, ən çox oxuduğum qəzetlərdəndir.“Odlar yurdu”nu təkcə oxumuram, həm də onun qızğın təbliğatçısıyam. Hər dəfə parlament poçtumdan bu qəzeti alır, oxuyur, sonra dostlarıma verirəm. Qəzetin əməkdaşlarına, ümumiyyətlə “Vətən” cəmiyyətinin fəallarına daha böyük uğurlar arzulayıram.

“Amerikanın səsi” radiosunun əməkdaşı Bulud Mehmandarlı (ABŞ):

- Mən “Vətən “ Cəmiyyətinin qonağıyam. Bakıya gəlməkdə iki əsas məqsədim var: birincisi təbii ki, Azərbaycanı görmək, qardaşlarımızla daha yaxından tanış olmaq, buradakı vəziyyəti öyrənmək, ikincisi isə peşəmlə bağlı müəyyən niyyətlərimi həyata keçirməkdir.

Yazıçı-publisist, ədəbiyyatşünas alim Məhəmmədəli Fərzanə (Təbriz):

- Ömrümün 60 ilini Bakını görmək arzusu ilə yaşamışam. Şükürlər olsun ki, gec də olsa, arzuma çatdım.

Yeri gəlmişkən xüsusi vurğulanmalıdır ki, “Vətən” Cəmiyyətinin, onun orqanı “Odlar yurdu” qəzetinin vasitəsi ilə illərlə bir-birinə həsrət qalmış onlarca qardaş-bacı, qohumlar bir-birinə qovuşmuşlar.

“Vətən” Cəmiyyəti Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi səviyyəsində razılıqla təsis olunsa da, çar hökumətinin icazəsindən sonra nəşrə başlayan “Əkinçi”, “Molla Nəsrəddin” kimi Azərbaycanın tarixində əbədi iz buraxdı və ölkəmizin müstəqilliyin bərpa edilməsi ərəfəsində mühüm rol oynadı. Bu qənatə gəlmək üçün “Vətən” Cəmiyyətinin fəaliyyəti aşağıdakı aspektlərdə və istiqamətlərdə təhlil olunmalı və dəyərləndirilməlidir. “Vətən” Cəmiyyəti və xaricdəki həmvətənlər problemi (məskunlaşdığı ölkələr, fəaliyyət dairələri, sosial tərkibi, təşkilatlanması, təhsili, siyasi baxışları, həyat və təfəkkür tərzləri, həmvətənlərlə əlaqə vasitələri, onların mətbu və digər nəşrlərlə təmin edilməsi, həmvətənlərin mətbu orqanları, mədəniyyət mərkəzləri, ocaq və əncümənləri, ana dili kursları, yerli xalqlarla əlaqə və münasibətləri, və s. v. i.) ;

- Azərbaycan Xalq Cümhuriyyəti haqqında həqiqətlər;

- Milli azadlıq hərəkatında onun yeri, rolu;

- 20 Yanvar faciəsi haqqında həmvətənlərin, beynəlxalq ictimaiyyətin məlumatlandırılması;

- Ölkəmizin ərazi bütövlüyü və Dağlıq Qarabağ problemi;

- “Odlar yurdu” qəzeti;

- Mühacirətşünalıq məsələləri;

- Milli-mənəvi dəyərlər, adət, ənənələr və onların təbliği;

- Azərbaycan dili və tarixinin, ədəbiyyatı və mədəni irsinin xaricdəki həmvətənlər arasında təbliği, tanıdılması problemi;

- Müxtəlif tarixi hadisələr zamanı itkin düşən həmvətənlərin axtarışı, onların Ana Vətəndəki qohumları ilə görüşü və s.

Bütün sadalanan bu məsələlər kompleks şəkildə araşdırıldığı və obyektiv dəyərləndirildiyi zaman “Vətən” Cəmiyyətinin Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şərəfli yeri və tarixi rolu bariz şəkildə üzə çıxacaqdır.

Abid Tahirli

30.11.2017.

# 2613 dəfə oxunub

Müəllifin son yazıları

# # #