Xəbər verdiyimiz kimi, tədqiqatçı Nazir Əhmədlinin “Haqq-nahaq seçilər haqq divanında” kitabında Aşıq Ələsgərin 105 yox, 75 il yaşadığı ilə bağlı yazılanlar geniş narazılığa səbəb olub.
Mövzu ilə bağlı ustad aşıq Əli Quliyev də Kulis.aza açıqlama verərək kəskin etirazını bildirib: “Səhv eləyirlər, özü də kökündən! Gedib Ermənistandan tapdıqları sənəd-sünəd də boş-boş şeylədir. Sizdən soruşuram, adamın yaşını oğlu, nəvələri, onun müasiri olan insanlar yaxşı bilər, yoxsa haranınsa buraxma bir dəftərxana işçisi?”
Aşıq Əli daha sonra əlavə edib: “Mən Göyçədə, Ağkilsə kəndində Aşıq Ələsgər ocağında olmuşam, ağsaqqallarla, onun oğlu Aşıq Talıbla, nəvələriylə görüşmüşəm. Ələsgər elə qədim tarix deyil axı. Onu görən adamlardan sağ olanlar var hələ. Özü də yaşını dəqiq bilirdi. Ölənə yaxın demişdi ki, gördüyüm zülüm-zillətlər olmasaydı, 105 il yox, 120 il yaşayardım. Bunun şahidləri var. Bu sözləri öz qulağı ilə eşidənlər var”
Tanınmış sənətkar Aşıq Ələsgərin yaradıcılığının da bu cür təhriflərlə üzləşdiyini qeyd edərək sonda bu sözləri söyləyib: “Ona toxunmayın. Qoyun öz böyüklüyündə qalsın.”