Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın

Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13 avqust 2020
# 13:19

Kulis.az bir çox məşhur mahnıların müəllifi, bəstəkar Bəhram Nəsibov haqqında maraqlı faktları təqdim edir.

Bəhram Nəsibov 1942-ci il iyunun 22-də Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub.

***

Atası və əmisi tarzən olub. Təəssüf ki, Bəhram onların hər ikisini erkən yaşda itirib. Orta məktəbi bitirəndən sonra Bəhram Bakıya gəlir və Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alır.

***

Ən böyük arzularından biri isə Musiqili Komediya teatrında aktyor kimi fəaliyyət göstərmək olur.

Gallery

İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. O vaxtlar yazdığı ilk mahnısı "Qarabağ" dillər əzbəridir. Bundan sonra bir-birinin ardınca "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Ay qız", "Xatirəsən", "Gəl inad etmə" və digər mahnılarını yazıb.

***

İnstitutda təhsil alarkən Bəhram yataqxanada qalır. Yataqxananın komendantı isə erməni olur. Bir gün Bəhram yataqxananın dəhlizində ilk mahnısı olan “Qarabağ”ı ifa edir. Komendant ona yaxınlaşıb mahnıya erməni qəhrəmanlarının da adlarını daxil etməyi tapşırır. Bəhram isə sərt şəkildə deyir: “Qarabağa aid mahnıda niyə erməni qəhrəmanın adı olmalıdır?” Bu sözlərdən əsəbiləşən komendant ona bir də mahnı oxumamağı tapşırır və onu yataqxanadan qovur. Bəhram Arif Babayevlə kirayə ev tutub orda yaşamağa başlayır.

Gallery

İnstitutun sonuncu kursunda Bəhram yaşadığı bir münaqişəyə görə kursdan uzaqlaşdırılır.

***

1970-ci ildə Şahnaz ansamblının yaradaraq bədii rəhbər kimi fəaliyyət göstərir. Fortepiano, tar və gitarada yaxşı ifa etməyi bacaran bəstəkar ömrünün sonuna qədər 300-ə qədər mahnının müəllifi olur. Bu mahnılarının əksəriyyətinin sözləri isə onun özünə aid olub.

***

Bəhram Nəsibovun mahnıları uzun illər dillər əzbəri olsa da heç kim bu mahnıların yaradıcısının o olduğunu bilməyib. Çünki onun musiqi təhsili yox idi və o dövrdə musiqi təhsili olmayan şəxsin öz adını bəstəkar kimi çəkməsinə icazə verilmirdi.

Gallery

1975-ci ildə o, çətinliklə də olsa, beş mahnısını qeydiyyata saldıra bilir. Mahnılarını dövrün ən məşhur müğənniləri ifa etsələr də, bəstəkar heç bir fəxri ad almayıb.

***

Bəstəkarın dostu Rafiq Səməndər onun haqqında yazdığı xatirəsində Bəhramın ona gileylənməsini qeyd edərək yazır: - Ə Rafiq, mənim bəxtim belədir. Mahnı bəstələyirəm, deyirlər Bəhramın deyil, xalq mahnısıdır. Yazı yazıram, deyirlər, sənin deyil. Mahnıya şeir qoşuram, deyirlər, kimsə eləyib sənin üçün. Ə köpəyüşağı, bəsdirin də...

Gallery

Dörd övladı olan Bəhram Nəsibov 1993-cü ildə Füzulinin işğalından sonra bərk sarsılır və beyin qan sızması keçirərək 52 yaşında yatağa düşür. Beş il yataq xəstəsi olan bəstəkar Bəhram Nəsibov 1998-ci ildə vəfat edib.

***

Ölümündən sonra onun qeydiyyatdan keçməyən bir çox mahnısına bir çox məşhur isimlər iddia ediblər.

***

Bir neçə il əvvəl isə bəstəkarın qızı Güldəstə Nəsibova atasının müəllifi olduğu mahnının Şahid Əbdülkərimovun adı ilə təqdim olunması ilə bağlı Müəllif Hüquqları Agentliyinə müraciət edərək xanəndə Könül Xasıyevadan şikayətçi olduğunu bildirib: “Könül Xasıyeva bir dəfə Bəhram Nəsibovun müəllifi olduğu “Gecələr” mahnısını Şahid Əbdülkərimovun bəstəsi kimi təqdim etmişdi. O zaman Könül Xasıyeva ilə danışdım və o, musiqinin atama məxsus olmasından xəbərsizliyini bildirdi. Məni dinlədi, bundan sonra müəllifin Bəhram Nəsibov olduğunu qeyd edəcəyini söylədi. Sonradan isə Könül Xasıyeva mahnının sözlərinin müəllifi Bəxtiyar Vahabzadə, musiqisinin müəllifi isə Şahid Əbdülkərimov kimi təqdim etdi. Bir müddət əvvəl Niyaməddin Musayev də bu mahnıya iddialı idi. Ancaq işin məhkəməyə gedib çıxmasına az qalmış Niyaməddin Musayev iddiasını geri götürdü”.

Gallery

Həyat yoldaşı isə müsahibələrinin birində deyir: O xəstə olan vaxtlar müəllifliyinə inandığımız bütün mahnıları oğlumuz Adil müxtəlif yerlərdən yığıb audiokasetlərə yazdırırdı. O, da mahnılara qulaq asandan sonra başı ilə onun mahnıları olduğunu təsdiq edirdi. Dörd kaset hazır olandan sonra onun halı tamamilə pisləşdi. Gözləyirdik, yenə əvvəlki halına qayıdacaq, kasetləri dinləyib heç olmasa başı ilə öz mahnılarını təsdiq edəcək. Amma bu olmadı və bir gün mənə dedi ki, Rəfiqə, mən sizi çox incitdim, bağışlayın məni. Bundan sonra gördük ki, gözləri iri açılıb. Komaya düşdü və bir neçə gün sonra keçindi.

***

Deyilənə görə tarzən kimi fəaliyyət göstərsə də, yalnız ac qalmamaq üçün dostu Rəmişin məsləhəti ilə tardan gitaraya keçib, pul xatirinə toylara getməyə başlayıb.

# 23853 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #